"Elektron səhiyyə" sistemi genişlənir
Tarix: 28-06-2017 13:45 | Bölmə: Layihə


Azərbaycanın tibb müəssisələrində müasir texnologiyaların tətbiqi, umumilikdə bu sistemin elektronlaşdırılması xeyli müddətdir başlayıb. Hazırda bu sahədə kifayət qədər irəliləyişlərə nail olunub.

İnformasiya və kommunikasiya texnologiyaları (İKT) üzrə mütəxəssis, araşdırmaçı Həsən Babayev "Reytinq"ə deyib ki, Dünya Səhiyyə Təşkilatı tibb müəssisələrində İKT-dən istifadəyə geniş yer verir.

H.Babayevin sözlərinə görə, tibbi-sanitar xidmətin ən dinamik inkişaf edən istiqaməti olaraq, "Elektron səhiyyə" ölkələrin səhiyyə sistemində olan bərabərsizliyi aradan götürən amillərdən biridir.

Ekspert bildirib ki, "Elektron səhiyyə" tibbi-sanitar xidmətin istiqamətlərini əhatə edir:

"Bu sistem insanların məlumatlarının saxlanılmasını, işlənilməsini və ötürülməsini, müxtəlif kliniki, administrativ və maliyyə məlumatlarının idarə olunmasını, diaqnostika və müalicə mexanizmlərinin tibb mütəxəssislərinə çatdırılmasını, tibb işçiləri və tibb fakültələrinin tələbələri üçün fasiləsiz və interaktiv tibbi-sanitar kursların keçirilməsini, çətin biotibbi muayinələrini əhatə edir".

Ekspert qeyd edib ki, "Elektron səhiyyə"nin əsasını səhiyyə müəssisələrində İKT texnologiyalarının istifadə olunması mexanizmləri təşkil edir. Bura, əlverişli elektron səhiyyə siyasəti, infrastrukturun əsaslanmış inkişafına diqqət, təminat və təchizat problemlərinə iqtisadı cəhətdən effektivli yanaşma, ölkənin məqsədlərinə uyğun düzgün məliyyələşdirmə və səhiyyə mütəxəssislərinin tədrisi daxildir.

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2005-ci il tarixli 1055 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı"nın (Elektron Azərbaycan)" yerinə yetirilməsi üzrə Tədbirlər Planının 7.3.12-ci bəndinə əsasən, səhiyyə müəssisələrinin fəaliyyətini təmin edən nümunəvi tibbi-informasiya sisteminin hazırlanması və tətbiqinə 2007-ci ildən başlanıb. Ќazirlikdən verilən məlumata görə, səhiyyə müəssisələrinin fəaliyyətini təmin edən nümunəvi tibbi-informasiya sisteminin (NTİS) tətbiqi məqsədilə müxtəlif xəstəxana informasiya sistemləri təhlil edilib. Təhlillər və analizlər nəticəsində ən müasir tələblərə uyğun və tibbi informasiya sahəsində tətbiq edilmiş bütün standartlara cavab verən Türkiyə Respublikasında çoxsaylı uğurlu tətbiqləri və 15 illik təcrübəsi olan "Akgün Yazılım" şirkətinin tibbi informasiya sistemi seçilib. Bu Sistem tibb müəssisələrinin tibbi, inzibati, təsərrüfat və digər fəaliyyətini əhatə edən proseslərin və proseduraların kağız daşıyıcılardan elektron informasiya sisteminə keçirilmə vasitəsi ilə daha dəqiq təqib olunması, analitik və hesabat məlumatlarının operativ əldə olunması, uzun müddət ərzində toplanan məlumatların arxivləşdirilməsi, istənilən zaman vətəndaşların tibbi müayinə və müalicə məlumatlarının operativ şəkildə əldə olunmasına imkan yaradır.

Həsən Babayev deyib ki, sistemin məqsədi vətəndaşların sağlamlığı üçün aparılan müəyyən tibbi proseslərin nəticələri üzrə vahid mərkəzləşdirilmiş və lokal məlumat bazalarının yaradılması, proseslərdə iştirak edən qurumlar arasında məlumat mübadiləsinin səmərəliliyinin artırılması, vətəndaşlara daha keyfiyyətli və müasir tibbi xidmət göstərilməsidir. Onun sözlərinə görə, sistem bir sıta tibb müəssisələrində tətbiq oluna bilər:

"Bu sistem, doğuşayardım tibb müəssisələrində, çoxprofilli və ixtisaslaşdırılmış tibb müəssisələrində və kliniki xəstəxanalarda, ambulator-poliklinik tibb müəssisələrində tətbiq oluna bilər. Eyni zamanda tibb sahəsində istifadə olunan ən yeni digər altsistemlərin tətbiqi NTİS-i çərçivəsində həyata keçirilir. Belə ki, dünya standartı (DİCOM) protokolunu istifadə edən görüntülərin arxivləşməsi və ötürülməsi sistemi (PACS), Labotaror müayinələrin avtomatlaşdırılması sistemi (LİS) və digərlərini burada qeyd etmək olar. Ümumiyyətlə, NTİS 22 proqram təminatı modulundan və 2 altsistemdən ibarətdir.

Onu da deyim ki, nümunəvi Tibbi-İnformasiya Sisteminin tətbiqi 2008-ci ildə Səhiyyə Ќazirliyi Kliniki Tibbi Mərkəzində başlayaraq 2 il ərzində daha 4 tibb müəssisəsində qurulub".

Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 11 avqust 2010-cu il tarixli 1056 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı"nın (Elektron Azərbaycan)" 7.2.3.6-cı bəndinə əsasən Səhiyyə Nazirliyi tərəfindən 2011-2012-ci illərdə NTİS-nin 10 yeni tibb müəssisəsində tətbiqi nəzərdə tutulur.

Nazirlikdən verilən məlumata görə, Kliniki Tibbi Mərkəzdə İT infrastrukturun qurulması işlərinə 2008-ci ildə təmir-tikinti işləri zamanı başlanıb. Bu mərkəz Cənubi Qafqazda ən böyük xəstəxana olduğundan burada miqyas etibarilə ən böyük kompüter-şəbəkə sistemi qurulub. Mərkəzin 9 korpusu fiberoptik kabel vasitəsilə əlaqələndirilib, hər korpusda idarəolunan çoxportlu komutatorlar (switch) var. Quraşdırılmış şəbəkə sistemi bir domen altında 160 kompüteri əhatə edir.

Mərkəzdə səhiyyə müəssisələrinin fəaliyyətini təmin edən "Nümunəvi Tibbi İnformasiya Sistemi" də qurulub. Bu sistemin qurulması böyük İT infrastrukturunun yaradılmasını tələb etdiyindən müəssisədə aşağıdakı mərkəzi server sistemi, əməliyyat sistemləri qurulub, müxtəlif sistem və altsistemlər yaradılıb. Kompüter şəbəkəsində olan kompüterlərin və istifadəçilərin vahid bazasını yaratmaq, onlara nəzarəti bir yerdən həyata keçirmək məqsədilə domen sistemi yaradılıb. İnternetin paylanmasına, internet təhlükəsizliyinə və şəbəkəyə kənar müdaxilələrin qarşısını almaq məqsədilə proksi və firewall server quraşdırılıb. Oracle 10g üzərində qurulmuş məlumat bazası, 2 ədəd məlumat bazası serverləri ЌTİS-in proqram təminatının bazasının yaradılması məqsədilə qurulub. Bu 2 ədəd server klaster texnologiyası ilə birləşdirilərək sistemin fasiləsiz və davamlı fəaliyyətini təmin edir. Radioloji avadanlıqların sistemlə inteqrasiyası məqsədilə Picture Archiving and Communications Sistem (PACS) altsistemi də qurulub. Bu sistemin fəaliyyəti üçün PACS server qurulub. 3 ədəd PACS serverlər əməliyyat sistemi Linux Suse 9 üzərindədir. PACS server rentgen, angioqrafiya, kompüter tomoqrafiyası, maqnit rezonansı tomoqrafiyası çəkilişlərinin görüntülərini elektron arxiv formatda saxlamağa imkan verir. Görüntülərin elektron arxivdə saxlanması vaxt itkisinə yol vermədən istənilən zaman şəbəkə daxilində və internetdən daxil olmaqla radioloji görüntülərə baxmaq və tədqiq etməyə imkan verir. KT, MRT, rentgen şəkillərinin sürətli çapı məqsədilə DİCOM 3.0 protokolu ilə işləyən xüsusi DİCOM PRİNTER quraşdırılıb. Əməliyyatın gedişatı zamanı xəstənin radioloji (PACS) görüntülərini əldə etmək məqsədilə əməliyyat zalının birində divara yerləşdirilmiş xüsusi PC(monitor) quraşdırılıb. NTGS-in Laborator Müayinələrinin Avtomatlaşdırılması Altsistemi (LİS) müəssisədə qurulub ki, bu sistem laboratoriyanın fəaliyyətini avtomatlaşdırmağa imkan verir. Burada bütün avtomat rejimdə işləyən avadanlıqlar sistemə inteqrasiya olunur. Stasionar və ambulator şöbələrdən edilən analiz istəklərinə cavab avtomatik olaraq sistemə transfer edilir. Hesabatın sənəd formasında çıxarılma prosesi isə sadələşdirilir.

Mühüm məqamlardan biri də odur ki, informasiyanın bir yerdə saxlanması və arxivləşdirilməsi məqsədilə KTM-də xüsusi server (Storage Server) qurulub. Bütün serverlər tərəfindən istifadədə olan fayllar və mübadilə prosesində iştirak edən informasiya bu serverdə toplanır. Digər serverlər ilə bu server arasındakı sürətli bağlantı isə çox böyük həcmli faylların (video, radioloji görüntülər) sürətli mübadiləsini təmin edir. Serverlərdə toplanan informasiyanın təhlükəsizliyinin təmin edilməsi üçün onların ehtiyat surətinin çıxarılması təmin edilib. Mütəmadi olaraq məlumatların ehtiyat sürətləri kaset və ya storage serverdə toplanılır. Xəstəxanaya müraciət edən xəstələrin yaxınlarına xəstələri haqqında operativ məlumat əldə etmək imkanı yaratmaq üçün "İnformasiya köşkləri" də quraşdırılıb və sistemə qoşulub. Bu köşklər NTİS-in Kiosk cihazı modulu vasitəsi ilə fəaliyyət göstərir.

Teletibb texnologiyasının tətbiqi sahəsində Kliniki Tibbi Mərkəzdə də bir sıra işlər görülüb. Tədris korpusunda əməliyyat prosesini birbaşa izləmək məqsədi ilə tədris otaqları və Cərrahiyə korpusunun əməliyyat zalları arasında genişzolaqlı kompüter şəbəkəsi yaradılıb, tədris otaqlarında böyük ekran və əməliyyat zallarında xüsusi kameralar quraşdırılıb. İstənilən zaman bu və digər tibbi görüntüləri internet üzərindən uzaqdan izləmək imkanı yaradılıb.

KTM-də NTİS-in qurulması ilə əlaqədar 240 nəfər tibb personalına ümumi kompüter biliklərinin artırılması və sistemlə işləmək üçün genişmiqyaslı təlimlər keçirilib. Hazırda KTM-də Sistem artıq tam fəaliyyət göstərir və digər müəssisələrdə qurulmaq üçün nümunə rolunu oynayır. 

Respublika Kliniki Uroloji Xəstəxanasında iri şəbəkə infrastrukturu qurulub. Burada 48 fərdi kompüter şəbəkəyə qoşulub və bir domen altında sistemə inteqrasiya edilib. NTİS-in qurulmasına 2010-cu ilin aprel ayında başlanıb. 116 nəfər tibbi heyət üçün təlimlər keçirilib. Hazırda sistemə 1000-dən çox xəstə haqqında məlumat daxil edilib. Sistemdə vaxtaşırı yenilənmələr həyata keçirilir ki, bu da sistem istifadəçilərinin işinin sürətləndirilməsi və effektivliyinin artırılmasına xidmət edir. Burada qurulmuş server, əməliyyat sistemləri və müxtəlif xidmətlər standart olaraq Kliniki Tibbi Mərkəzdə qurulan sistemlə eynidir. Xəstəxana daxilində mərkəzləşdirilmiş kompüter şəbəkəsi quraşdırılıb.

Respublika Talassemiya Mərkəzində mərkəzləşdirilmiş kompüter şəbəkəsi infrastrukturu qurulub. Eyni zamanda 26 fərdi kompüter bir domen altında şəbəkəyə qoşulub. 18 nəfərdən ibarət tibbi heyətə treninqlər keçirilib. 500-dən çox talassemiyalı xəstənin ilkin məlumatları bazaya daxil edilib. Dövri olaraq qanköçürmə və müayinəyə gələn xəstələrin müayinə nəticələri, qanköçürmə haqqında məlumatlar və digər tibbi sərflərlə bağlı məlumatlar gündəlik olaraq bazaya daxil edilir.

Respublika Perinatal Mərkəzində 36 fərdi kompüter bir domen altında şəbəkəyə qoşulub və hər birinə NTİS-in proqram təminatı yazılıb. 249 nəfərdən ibarət tibbi heyətə treninq keçirilib. Sistemə çox sayda xəstə haqqında məlumat və əməliyyatlar daxil edilib. Perinatal xəstəliklər və perinatal ölüm hallarının statistikasının aparılması üçün lazımi hesabat və statistik formalar sistemə daxil edilib və istənilən vaxtda çap edilərək sistemdən çıxarılması təmin edilib. Burada qurulmuş server, əməliyyat sistemləri və müxtəlif servislər standart olaraq Kliniki Tibbi Mərkəzdə qurulan sistemlə eynidir. Xəstəxana daxilində mərkəzləşdirilmiş kompüter şəbəkəsi quraşdırılıb.

M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzdə 60-a yaxın fərdi kompüter bir domen altında şəbəkəyə qoşulub və hər birinə NTİS-in proqram təminatı yazılıb. Mərkəz haqqında ilkin məlumatlar bazaya daxil edilib. Tibbi heyətə treninqlərin keçirilməsi davam etdirilir. Burada qurulmuş server, əməliyyat sistemləri və müxtəlif servislər standart olaraq Kliniki Tibbi Mərkəzdə qurulan sistemlə eynidir. Xəstəxana daxilində mərkəzləşdirilmiş kompüter şəbəkəsi quraşdırılıb. NTİS-in modulları müəssisədə qurulur. Mərkəzdə PACS altsisteminin qurulması planlaşdırılır.

Ekspert, analoji sistemlərin bir sıra digər tibb müəssisələrinə də quraşdırıldığını qeyd edib. Onun sözlərinə görə, tibb müəssisələrində müsir texnologiyaların təqbiqi müsbət irəliləyişlərə gətirib çıxarıb. Ekspert hesab edir ki, texnologiya günü-gündən inkişaf edir və bu səbəbdən də tibb müəssisələrinin yeni texnologiyaya inteqrasiya etməsi vacibdir.

Z.MƏMMƏDLİ

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə "İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində hazırlanıb.





Bölməyə aid digər xəbərlər
8-12-2018, 23:15 50-dən artıq startap...

{sape_links}{sape_article}