"Elektron notariat” sistemi bürokratik əngəlləri aradan qaldırır
Tarix: 26-07-2017 14:00 | Bölmə: Layihə


Dövlət qurumlarında elektron xidmətlərin daha da təkmiləşdirilməsi yönündə atılan addımlar müsbət nəticələr verir. Belə demək mümkündürsə, artıq elektron xidmət növləri olmayan hər hansı bir dövlət qurumu qalmayıb.

Təbii ki, bütün bunlar dövlət başçısı İlham Əliyevin bir başa diqqəti nəticəsində həyata keçirilir. Məlumat üçün bildirək ki, prezident İlham Əliyev 23 may 2011-ci il tarixdə "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərman imzalayıb. Fərmanda qeyd olunur ki, Azərbaycanın davamlı və dayanıqlı sosial-iqtisadi inkişafının təmin edilməsi, dövlət idarəçiliyinin müasir prinsiplər əsasında həyata keçirilməsi məqsədi ilə informasiya və kommunikasiya texnologiyalarından (İKT) istifadə olunması dövlət siyasətinin prioritetlərindən birinə çevrilib və bu sahədə mühüm tədbirlər görülüb. "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)”, eləcə də informasiya və kommunikasiya texnologiyalarının inkişafı ilə bağlı qəbul edilən digər normativ hüquqi aktlar əsasında dövlət orqanlarının əhaliyə beynəlxalq standartlara uyğun elektron xidmətlər göstərməsi sahəsində hüquqi baza formalaşıb.

Modern və çevik idarəetmənin təmin edilməsi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması üçün əhaliyə elektron xidmətlərin göstərilməsi zəruridir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, elektron xidmətlərin təşkili və elektron imzanın tətbiqi prosesinin sürətləndirilməsi məqsədi ilə qərara alınıb:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti iki ay müddətində mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi qaydalarını və xidmət növlərini müəyyən etsin.

2. Mərkəzi icra hakimiyyəti orqanları üç ay müddətində elektron xidmətin təşkili üçün aşağıdakı tədbirləri həyata keçirsinlər:

2.1. səlahiyyətlərinə uyğun olaraq elektron xidmətlər göstərilməsi üçün rəsmi internet informasiya ehtiyatlarında xüsusi elektron xidmət bölməsinin yaradılması;

2.2. elektron xidmət bölməsində aidiyyəti üzrə göstərilən xidmətin adının, bu xidmətin göstərilməsi üçün tələb olunan sənədlərin dəqiq siyahısının, müvafiq sənədlərin (ərizə, blank və digər) elektron formasının yerləşdirilməsi, şəxslərin bu bölmədən maneəsiz, sərbəst istifadəsinin təmin edilməsi;

2.3. elektron xidmət bölməsinə müraciət edən şəxslər tərəfindən müəyyən edilmiş qaydada doldurulmuş ərizə və tələb olunan sənədlərin skan edilmiş surətlərinin elektron formada qəbul edilməsinin, bu barədə göndərən şəxsə təsdiqetmə bildirişinin göndərilməsinin və həmin sənədlərə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə baxılmasının təmin edilməsi;

2.4. müvafiq sənədlər barədə informasiya əldə edilməsi üçün dövlət orqanları tərəfindən aparılan elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər vədigər informasiya resursları) istifadə edilməsi, bu mümkün olmadığı hallarda şəxslərdən həmin sənədlərin əslinin tələb edilməsi;

2.5. göstərilən xidmətlərə görə nəzərdə tutulan rüsumların və digər ödənişlərin real vaxt rejimində elektron formada ödənilməsinin təmin edilməsi və elektron xidmət bölməsi vasitəsilə aparılan əməliyyatların və fərdi məlumatların təhlükəsizliyini təmin etmək məqsədi ilə zəruri texniki təhlükəsizlik tədbirlərinin görülməsi.

2-1. Mərkəzi icra hakimiyyəti orqanları göstərdikləri hər bir elektron xidmət üzrə ayrıca inzibati reqlamenti iki ay müddətində müəyyən etsinlər.

3. Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə tapşırılsın ki, üç ay müddətində:

3.1. elektron xidmətin təkmilləşdirilməsi məqsədi ilə dövlət orqanlarının, eləcə də elektron imza xidmətindən istifadə məqsədi ilə müraciət edən hüquqi və fiziki şəxslərin elektron imza ilə təmin edilməsi işini təşkil etsin;

3.2. dövlət orqanlarının informasiya sistemləri arasında informasiya mübadiləsinin aparılmasının təmin edilməsi məqsədi ilə zəruri tədbirləri həyata keçirsin;

3.3. dövlət orqanlarının elektron xidmətlərindən "bir pəncərə” prinsipi əsasında istifadənin təşkili məqsədilə "Elektron hökumət” portalının yaradılmasını təmin etsin;

3.4. mərkəzi icra hakimiyyəti orqanlarına elektron xidmətin təşkili üçün metodiki dəstəyi təmin etsin;

3.5. dövlət qulluqçularının informasiya texnologiyalarından istifadəsahəsində hazırlıq səviyyələrinin artırılması məqsədi ilə tədris kurslarının təşkili istiqamətində zəruri tədbirləri həyata keçirsin;

3.6. bu Fərmanın 3-cü bəndində nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi barədə ayda bir dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat təqdim etsin.

4. Mərkəzi icra hakimiyyəti orqanları bu Fərmanın 2-ci bəndində nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi barədə ayda bir dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat təqdim etsinlər.

5. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:

5.1. Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birlikdə bu Fərmanda nəzərdə tutulmuş işlərin həyata keçirilməsi ilə bağlı tələb olunan vəsaitin cari ildə və növbəti illərin dövlət büdcəsində nəzərə alınması üçün müvafiq tədbirlər görsün;

5.2. bu Fərmanın 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi ilə əlaqədar görülən işlərin vəziyyətini təhlil etsin və bu barədə üç ayda bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat təqdim etsin.

Prezidentin imzladığı bu fərmandan irəli gələn bütün tələblər ötən dövr ərzində həyata keçirilib. Görülən işlər, yaradılan şərait, texnologiyanın tətbiqi, dövlət qurumlarının elektronlaşdırılması prosesi davam etməkdədir.

Bu günlərdə Nazirlər Kabineti "Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da dəyişikliklər edib. Qərara əsasən "Kredit büroları haqqında” qanununda nəzərdə tutulmuş neqativ məlumatlar notariusların fəaliyyətlərinə aid olan hissədə Ədliyyə Nazirliyi vasitəsilə "Elektron hökumət” portalında yerləşdiriləcək. Burada söhbət borcun ilkin məbləği, cari borc məbləği, borcun məqsədi, müqavilə üzrə borcun yaranması və ödənilməsi (əsas borcun və faizlərin) tarixləri, borc üzrə aparılmış ödənişlər, vaxtı keçmiş borc məbləği (əsas borc və/və ya faizlərin tam və ya bir hissəsinin ödənilməsi müqavilədə nəzərdə tutulmuş müddətdən 30 təqvim gündən artıq gecikdirilmiş borc), borcun ödənilməsi müddətinin uzadılması, borc öhdəliyinin təminatı, borcun təminat hesabına ödənilməsi, balansdan silinmiş ümidsiz borc, ödənilməli olan cərimənin və digər sanksiyanın, alimentin, vergilərin və sosial sığorta haqlarının, digər icbari ödənişlərin, dəbbə pulunun, sığorta haqqının, notariat qaydada təsdiq olunmuş borc müqavilələrdən irəli gələn borcun, kommunal borcların məbləği və onun ödənilmə müddəti və kredit tarixçəsi subyektinin ödəmə qabiliyyətinin və borc öhdəliklərinin icra intizamının qiymətləndirilməsinə təsir edən hər hansı digər məlumatdan gedir.

Bundan sonra kredit tarixçəsinin subyekti öz kredit hesabatını təşkil edən məlumatın yanlış olmasını aşkar etdikdə, həmin məlumatın aradan qaldırılması üçün "Kredit büroları haqqında” qanunda nəzərdə tutulmuş qaydada ərizə ilə məlumatı yerləşdirən notariusa müraciət edə bilər. Müraciətə məlumatın düzgün olmamasını təsdiq edən sənədlərin surətləri də əlavə edilməlidir. Ərizə kredit tarixçəsinin subyekti tərəfindən bilavasitə təqdim edilmədikdə və ya onun etibarnamə üzrə nümayəndəsi tərəfindən notariat kontorunda yazılmadıqda, ərizədəki imzanın həqiqiliyi notariat qaydasında təsdiq edilməlidir. Notarius yanlış məlumatın aradan qaldırılması barədə müraciəti "Elektron notariat” informasiya sistemi vasitəsilə kredit bürosuna göndərəcək. Kredit bürosu, kredit tarixçələrinin məlumat bazasının müvafiq hissəsinə "dəqiqləşdirilir” qeydini daxil etdikdən sonra məlumatın düzgünlüyünün yoxlanılması üçün "Elektron notariat” informasiya sistemi vasitəsilə notariusa sorğu göndərəcək. Notarius sorğunu aldığı gündən 3 iş günü müddətində kredit tarixçəsinin subyekti haqqında kredit bürosuna verdiyi məlumatın düzgünlüyünü yoxlayır, məlumatın düzgün olması vəya aşkar edilmiş səhvin aradan qaldırılması barədə "Elektron notariat” informasiya sistemi vasitəsilə kredit bürosuna müvafiq məlumat göndərəcək. Şikayətin araşdırılması nəticəsində notarius kredit bürosuna verdiyi məlumatın düzgün olduğunu müəyyən edərsə və kredit tarixçəsinin subyekti bu nəticə ilə razılaşarsa, kredit tarixçəsində heç bir dəyişiklik edilməyəcək. Notariuslar borc müqavilələrinin, vəsiyyətnamələrin təsdiqi və vərəsəlik şəhadətnaməsinin verilməsi zamanı müqavilə tərəflərinin hüquqlarının qorunması, hüquqi məlumatsızlığın onlara vura biləcək ziyanın qarşısının alınması və vərəsələrin kreditorlar qarşısında məsuliyyətinin izah olunması məqsədi ilə kredit bürosunun məlumatlarından istifadə edəcəklər. Bu zaman notarius notariat hərəkəti aparılan şəxslər barədə kredit bürosunda mövcud olan məlumatı informasiya sistemi vasitəsilə yoxlayacaq. Bu məlumatların pozitiv və ya neqativ olmasından asılı olmayaraq, tərəflər notariat hərəkətinin rəsmiləşdirilməsini tələb edərlərsə və bu hal mülki qanunvericilik və "Notariat haqqında” qanun ilə ziddiyyət təşkil etmirsə, notarius onların notariat qaydasında təsdiqlənmiş müvafiq ərizəsini alacaq, eləcə də çap edilmiş məlumatı onlara verəcək. Həmçinin, informasiya sistemində olan məlumatı çap edərək notariat işinə əlavə edəcək. İcra qeydinin aparılması ilə əlaqədar notariusa müraciət edildikdə, notarius icra qeydinin aparıldığı əqd üzrə öhdəliklərin icra intizamını mənfi xarakterizə edən neqativ məlumatı "Elektron notariat” informasiya sisteminə daxil edəcək.

Məlumat üçün onu da qeyd edək ki, Ədliyyə sahəsində yeni layihələr həyata keçirilir. Dünya Bankı ölkəmizə maliyyə dəstəyinin göstərilməsinə dair təşəbbüs irəli sürüb və hazırda "Ədliyyə sisteminin müasirləşdirilməsi” birgə layihəsi icra edilir. Layihəyə əsasən müasir məhkəmə infrastrukturunun yaradılması, qabaqcıl informasiya vəkommunikasiya texnologiyalarının geniş tətbiqi, məhkəmə qərarlarının icrası işinin və hüquqi yardım sisteminin təkmilləşdirilməsi, Ədliyyə Akademiyasının və Vəkillər Kollegiyası potensialının gücləndirilməsi, ədliyyə işçiləri və hakimlərin peşəkarlığının artırılması və digər tədbirlər həyata keçirilir. Artıq layihə çərçivəsində Məhkəmə-Hüquq Şurası, Hakimlərin Seçki Komitəsi, Konstitusiya və Ali məhkəmələr, Ədliyyə Nazirliyinin qeydiyyat qurumları ən müasir İKT-lərlə təchiz olunub, "Qeyri-kommersiya hüquqi şəxslər” üçün avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi, Bakıda və bölgələrdə hüquqi məsləhət mərkəzləri yaradılıb, bütün məhkəmələri əhatə edən vahid veb-portal istifadəyə verilib. Elektron idarəetmənin təşviqi məqsədi ilə vahid informasiya şəbəkəsinin, habelə elektron notariat sisteminin yaradılmasına dair işlər intensiv davam etdirilir.

Eyni zamanda vahid konsepsiya əsasında Azərbaycanda xüsusi işlənilmiş və dünyada analoqu olmayan unikal proqram təminatı vasitəsi ilə30-dək məhkəmənin yerləşəcəyi müasir bina və komplekslərin layihələri hazırlanıb, respublikamızın müxtəlif bölgələrində, o cümlədən Bakı şəhəri Yasamal, Gəncə şəhəri Nizami, Gədəbəy və Oğuz rayonlarında ən müasir məhkəmə binaları inşa olunub. Prezident İlham Əliyevin məhkəmə binalarının açılışında şəxsən iştirak etməsi məhkəmə hakimiyyətinin müasirləşdirilməsinə verilən böyük önəmin növbəti təzahürü olub. Dünya Bankının nəzarət missiyaları ölkəmizə dəfələrlə səfərlər edərək layihə çərçivəsində görülən tədbirləri yerindəcə izləyib, işlərin intensiv, mütəşəkkil və yüksək keyfiyyətlə yerinə yetirilməsində Ədliyyə Nazirliyinin və layihənin icra qrupunun peşəkar fəaliyyətini təqdir edib, layihənin icra vəziyyəti nümunəvi qiymətləndirilib. Bunun nəticəsi olaraq Dünya Bankı qarşılıqlı fəaliyyətin davam etdirilməsi üçün əlavə vəsaitin ayrılması qərarına gələrək Ədliyyə Nazirliyi ilə yeni saziş imzalayıb.

Azərbaycan Hökuməti və Dünya Bankı ilə əməkdaşlığın genişləndiyi dövrdə "Ədliyyə sisteminin müasirləşdirilməsi” layihəsi ən uğurlu və mükəmməl layihələrindən hesab olunmaqla "Azərbaycan Respublikası vətəndaşlarına yüksək səviyyəli xidmətlərin göstərilməsi məqsədi ilə müasir infrastrukturun yaradılması” nominasiyasında qalib gəlib. Layihə çərçivəsində müasir ədliyyə və məhkəmə sisteminin və infrastrukturunun yaradılması üzrə tədbirlər bundan sonra da səmərəli davam olunur.

Z.MƏMMƏDLİ

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə "İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində hazırlanıb.






Bölməyə aid digər xəbərlər
8-12-2018, 23:15 50-dən artıq startap...

{sape_links}{sape_article}