11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
Yeni texnologiyalar tədrisin keyfiyyətini artırır
Tarix: 12-08-2017 18:39 | Bölmə: Layihə


Təlimçi deyir ki, informasiya texnologiyalarının təhsildə tətbiqi dərs zamanı mühiti müsbətə doğru dəyişdirir

Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarının (İKT) təhsilə inteqrasiyası istiqamətində mühüm addımlar atılır. Artıq ölkəmizdə bu istiqamətdə əhəmiyyətli nailiyyətlər əldə olunmaqdadır.

Dəfələrlə ölkə başcısı cənab İlham Əliyev də çıxışında bildirib ki, hazırda dünyanın qabaqcıl təhsil sistemlərində gedən əsas tendensiyalardan biri İKT-nin bu sahəyə cəlb edilməsi və onun təhsilin hər pilləsində tətbiqidir.

Bu gün məktəblərdə İKT-nin tətbiqi ilə bağlı müəllimlərin də fikirləri önəmlidir.

Bakı şəhər 271 saylı məktəbin ibtidai sinif müəllimi, "Edumediya Azərbaycan” şirkətinin Prometan İnteraktiv lövhələrin tədris prosesində istifadəsi üzrə təlimçi Təranə Məhəmmədova "Reytinq”ə deyib ki, artıq dərs prosesində İKT-nin tətbiqi zərurətə çevrilib.

T.Məhəmmədovanın fikrincə, informasiya texnologiyalarının təhsildə tətbiqi mühiti dəyişdirir, dərs prosesinin yeni mərhələyə qalxmasına imkan yaradır:

"Ölkə başçısının sərəncamı ilə təsdiq edilmiş "Ümumtəhsil məktəblərinin İKT ilə təminatı Proqramı” bu istiqamətdə atılmış ən əhəmiyyətli addımlardandır. Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2013-cü il "İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilmişdir. Həmçinin "1 şagird: 1 kompüter” layihəsinin həyata keçirilməsi, məktəblərin internetlə təmin olunması, müəllimlərin təlimlərdən keçməsi, dərslərin interaktiv yolla keçirilməsi artıq öz bəhrəsini verir”.

Müsahibimiz qeyd edib ki, bütün dünyada davam edən qloballaşma həyatın bir çox sahələrinə təsir göstərir:

"Hazırda cəmiyyətdə kompüterləşmə və informasiyalaşdırma prosesi geniş vüsət alıb. Bu, ictimai həyatda informasiya mübadiləsinin zəruri amilə çevrilməsi və insan fəaliyyətinin bütün sahələrində yeni informasiya texnologiyalarının tətbiqi ilə bağlıdır. İnformasiya texnologiyaları dedikdə hər hansı məlumatın kompüter və internet vasitəsilə qəbulunu, saxlanılmasını və ötürülməsini təmin edən vasitələr nəzərdə tutulur.

"İnformasiya texnologiyası” terminini müasir mənada ilk dəfə 1958-ci ildə Harvard Universitetinin müəllimləri - Harold Leavit və Tomas Visler işlədiblər. Onların fikrincə, bu termin üç kateqoriyadan ibarətdir:

İnformasiyanın emalı üçün tətbiq olunan metodlar;

Qərar qəbulu üçün tətbiq olunan statistik və riyazi metodlar;

Kompüter proqramları vasitəsilə informasiyanın mübadiləsi üçün tətbiq olunan metodlar.

Danılmaz faktdır ki, istər indiki, istərsə də gələcək dövr öncə təhsillə, elmlə bağlıdır. Təhsili, elmi güclü olan dövlətin gələcəyi də parlaqdır”.

Onu da nəzərə çatdıraq ki, son illər ölkəmizdə həyata keçirilən təhsil islahatı, xüsusən də təhsilin məzmununun yenilənməsi, təkmilləşdirilməsi yolunda aparılan işlər son dərəcə çoxdur. Bütün bu işlərin məqsədi, təlim-tərbiyə prosesinin yüksək səmərəliliyini təmin etməkdir.

T.Məhəmmədova qeyd edib ki, təlim zamanı şagirdlərin müxtəlif maraq və tələbatlarını nəzərə almaq lazımdır. Onun sözlərinə görə, bu zaman müəllimlərin köməyinə İKT çatır. Çünki İKT-nin tətbiqi təhsilin keyfiyyətinə, müasir dünyada tələb olunan bilik və bacarıqlara malik olan vətəndaşların formalaşmasına birbaşa təsir edir. Bu səbəbdən də, təhsil sahəsinin informasiyalaşdırılması keçici bir mərhələ sayılmır, inkişafın tələbi kimi xarakterizə olunur.

Müsahibimiz bildirib ki, informasiyalaşmış cəmiyyət hər bir insana həyatı boyu keyfiyyətli təhsil almaq imkanı verir:

"Dövlətimizin təhsilə olan qayğısı nəticəsində artıq hər bir elm ocağı müasir tələblərə cavab verən kompüterlərlə təmin olunub. Hətta ölkəmizin ən ucqar kəndləri belə. Biz müəllimlərin üzərinə isə yalnız bir vəzifə düşür: öz üzərimizdə işləmək və biliyimizi inkişaf etdirmək. Çünki tədris prosesinin əsasını kompüterlər yox, kompüter texnologiyalarından istifadə metodikası ilə silahlanmış müəllimlər təşkil edir. Tədris prosesində kompüter texnologiyaları tədrisin səmərələliyinin artırılması və şagirdlərin inkişafı üçün istifadə olunur”.

T.Məhəmmədovanın fikrincə, bəzi proqram və vəsaitlər ənənəvi metodlardan fərqli olaraq, şagirdlərə ümumtəhsil və xüsusi vərdişləri, yüksək səviyyəli məntiqi təfəkkürü daha tez inkişaf etdirməyə kömək göstərə bilər:

"Müasir dövr biz müəllimlərə kompüter texnologiyalarından effektiv istifadə üçün nəzəri yox, ilk növbədə praktik hazırlıq tələb edir. Məhz bu tələbləri nəzərə alaraq biz müəllimlər nə qədər İKT bacarıqlarına malik olsaq belə, yenə də İKT ilə bağlı bacarıqlarımızı inkişaf etdirməliyik. Çünki sürətlə dəyişən informasiya cəmiyyətinin tələbinə uyğun olaraq, informasiya texnologiyalarının təhsildə səmərəli tətbiqində biz müəllimlərin rolu həlledicidir.

İKT-dən istifadə edən müəllim daimi yeni təlim və informasiya texnologiyalarını öyrənmək üçün beynəlxalq təcrübələrdən yararlanır və əldə etdiyi təcrübələri onlarda İKT ilə bağlı müəyyən bacarıqların formalaşmasına səbəb olur. Mən də bir müəllim kimi daim öz üzərimdə çalışır, İKT ilə bağlı yeni kurslarda iştirak edir, öyrəndiyim bilikləri öz dərslərimdə həyata keçirərək yüksək nəticələr əldə edirəm”.

Müəllimin gündəlik fəaliyyətində İKT-dən istifadə bacarıqlarına gəlincə, bunlar aşağıdakılardır:

Təqdimat hazırlamaq üçün proqramlardan istifadə;

Multimedia texnologiyalarından (videofilmlər, animasiyalar vəs.) istifadə;

Dərs prosesində müxtəlif izahatlar üçün İKT-dən effektiv istifadə;

Şagirdlərin bilik və bacarıq səviyyəsinin İKT-dən istifadə etməklə monitorinqi;

Əlavə material və tapşırıqların çap olunması;

İnternetdə informasiya axtarışı;

Elektron testlərdən istifadə;

Öyrədici proqramlardan istifadə;

Rəqəmli ensiklopediya və sözlüklər;

Öyrədici oyunlar;

İnteraktiv lövhələrdən istifadə.

İnformasiya texnologiyalarının təhsildə sistemli tətbiqi zamanı əldə edilən nəticələr göstərir ki, bu texnologiyalar təhsildə mühiti tam dəyişdirir, dərs prosesinin yeni mərhələyə qalxmasına imkan yaradır.

Dərs zamanı İKT-dən istifadənin böyük üstünlükləri var və bunlar aşağıdakılardır:

rsin effektivliyini vəbiliklərin keyfiyyətini yaxşılaşdırmaq;

Müasir tədris məqsədlərinə yönlənmək;

Şagirdlərdə motivasiyanı artırmaq;

Dərsləri emosional və yaddaqalan etmək;

Tədrisdə individual yanaşmanı həyata keçirmək.

Təlimçi onu da nəzərə çatdırıb ki, müasir texnologiyanın tətbiq olunduğu təhsil sahəsində müəllimin vəzifələrində dəyişikliklər özünü biruzə verir: "Həmin vəzifələrə İKT vasitələri, internetin imkanları artırılaraq, müəllimin informasiya, bilik mənbəyi kimi görünən obrazına texnoloq funksiyası da əlavə olunur. İKT-dən istifadənin yeni imkanları özünü faydalı şəkildə göstərir. Tədris prosesində interaktiv lövhədən istifadə edilməsi dərsin əsas prinsiplərindən birini, onun əyaniliyini təmin edir. Elektron lövhənin sensorlu, yəni hissiyyatlı səthinə xüsusi qələmlə və ya barmaqla yavaşca toxunmaqla onun üzərində kompüterdə mümkün olan bütün əməliyyatları interaktiv rejimdə aparmaq olar. "Ağıllı” lövhə, həmçinin kompüterə qoşulan mikroskop, skaner, pəqəmli fotoaparat, videokamera və s. qurğulardan alınan təsvirləri də proyektor vasitəsilə qəbul edə bilir ki, bu da məktəblərdə virtual laboratoriyaların təşkilində mühüm əhəmiyyətə malikdir. Şagirdlər istənilən kimyəvi reaksiyanın, fiziki, bioloji, coğrafi proseslərin izahını və videogörüntülərini, müxtəlif cihazların, qurğuların, texniki vasitələrin işləmə prinsiplərini "möcüzəli” ekranda izləyə bilərlər. Bu isə şagirdlərin nəzəri-metodoloji biliklərini, praktik bacarıq və təcrübələrini inteqrasiya etməklə tədrisi xeyli canlandırır, uşaqlarda yaradıcı yanaşma, düşünmə, təşəbbüskarlıq, tədris materialını dərindən dərk etmə qabiliyyətini daha da artırır”.

"Ağıllı” lövhənin bir üstün cəhətini də xüsusi qeyd edən müsahibimiz deyib ki, onun üzərində aparılan bütün əməliyyatları, dərsin gedişini, hazırlanmış şablonları, modelləri kompüterin daimi yaddaşında saxlamaq və dəfələrlə istifadə etmək olar: "Belə imkanlar müxtəlif səbəbdən dərsləri buraxan şagirdlər və ya təlimdən geri qalan uşaqlar üçün xüsusi əhəmiyyətə malikdir. Belə ki, şagirdlər iştirak edə bilmədikləri dərsin elektron variantı ilə sonradan tanış ola və ya təlimdən geri qalanlar həmin materialı tam qavrayana kimi təkrar-təkrar kompüterdə izləyə bilərlər”.

T.Məhəmmədovanın sözlərinə görə, İKT-nin imkanlarından tədrisdə uğurla istifadə edən müəllimlər qeyd edirlər ki, interaktiv rejimdə keçilən dərslərdə şagirdlərin mərkəzi fiqur olması təmin edilir. Müəllim, əsasən, şagirdin konsultantı, onun fərasətini və orijinal bacarığını qiymətləndirən, şagirdi aktivliyə, müstəqilliyə, təşəbbüskarlığa həvəsləndirən rolunda çıxış edir. "Elektron tədrisdə uşaqların hamısı lövhəyə çıxıb müəllimin bütün tapşırıqlarını yerinə yetirməkdə həvəsli olurlar. İnteraktiv rejimdə keçilən dərslər bütün uşaqların, o cümlədən passiv, utancaq, müəyyən fiziki və ya psixoloji qüsuru olan şagirdlərin dərs prosesinə aktiv qoşulmasına şərait yaradır. Bəzən olur ki, adi dərslərdə suala səhv cavab verən şagird digər uşaqların yanında müəllimin ona etdiyi məzəmmətə ağrılı reaksiya verir və sıxıntı keçirir. İnteraktiv rejimdə isə müəllim şagirdin etdiyi səhvləri bütün sinifə deyil, onun özünə fərdi qaydada göstərməklə səhvlərin nədən ibarət olduğunu və onları necə düzəltməyi çox aydın başa sala bilər. Belə tədris uşağın özünə inamını artırmaqla bərabər, həm də onda olan psixoloji maneələri və fənn qarşısındakı qorxunu yox edir.

Məlumdur ki, birdən-birə ev şəraitindən məktəb mühitinə düşən uşaqların ilk vaxtlar yüksək emosiya dərəcələri ciddi təhsil prosesləri çərçivəsində boğulur. İnteraktiv dərslər isə belə emosiyaların boşalmasına xidmət etməklə təhsilin motivasiyasını daha da yüksəldir”,- deyən ekspertimiz qeyd edib ki,1-4-cü sinif şagirdlərinin güclü əyani, bədii, canlı təfəkkürə malik olduğunu nəzərə alsaq, onlar üçün keçilən dərslərdə uşaqların görmə, eşitmə duyğularını, emosiya və təsəvvürlərini cəlb edən metodların istifadəsi olduqca əhəmiyyətlidir. Dərslərin interaktiv rejimdə deyilməsi isə bu işdə çox faydalı olur:

"İbtidai siniflərdə sosial servislərdən istifadə dərsə marağı artırır, tədrisdə, davamiyyətdə böyük dönüş yaradır.

Pro Profs - onlayn yoxlama sualları hazırlamaq üçün onlayn alətdir. Mən bu alətdən istifadə edərkən onlayn suallar tərtib etdim. Bu alət həm də müəllimin işini yüngülləşdirir. Belə ki, bəzən şagird savadlı olsa da, müəllimin önündə suala cavab verməkdə çətinlik çəkir. Amma bu alətin köməyi ilə şagird artıq sualları onlayn cavablandırır. Alət özü onun cavablarının səhv və ya doğru olduğunu avtomatik analiz edır.

Learningapps org – alətin köməyi ilə də maraqlı dərs qurmaq olur. Bu alətlə müxtəlif testlər, krassvordlar, pazllar, intellektual oyunlar tərtib etmək olur. Bu isə şagirdin diqqətini daha çox cəlb edir. Şagird pazlları quraraq həm əylənir, həm də savad, bilik artırır.

Milyonçu oyunu keçırdım. Şagird özünü dərsdə deyil, sanki intellektual oyunda hiss edirdi. Mən bu oyun sayəsində bütün sinifin diqqətini dərsə cəmləşdirə bildim. Onlar qoyulan sualları tapmaq üçün can atır, araşdırma aparırlar. Beləcə, həm yorulmur, əylənir, həm də özləri də hiss etmədən yeni dərsi yerindəcə qavrayırdılar”.

Müsahibimiz sonda qeyd edib ki, inkişaf etmiş ölkələrdə olduğu kimi, son zamanlar respublikamızda da təhsil sahəsində İKT-ni tətbiq etməklə təhsildə innovativ texnologiyanın, keyfiyyətin artırılmasına xüsusi yer verilir:

"Təhsilin informasiyalaşdırılmasına dair hüquqi baza yaradılıb, məktəblərə kompüter, noutbuk və elektron lövhələr verilir, təhsil müəssisələri İKT avadanlıqları ilətəmin edilir. Kompüterin təhsilə verdiyi imkanlar əvəzolunmazdır. Bütün fənlərin tədrisinin uğurlu alınmasında kompüter, proyektor, elektron lövhəylə təchiz olunmuş sinif otağında müəllimin qabaqcadan hazırladığı fəal dərs mərhələlərinin elektron versiyasının açıq dərsdə ənənəvi informasiya daşıyıcıları olan kitab, jurnal, qəzet vasitələrinin internet üzərindən pulsuz elektron versiyalarını əldə edə bilmək imkanın yaranması, bir yerdən başqa yerə daşıma əziyyəti çəkmədən müxtəlif web proqram (google drive, portfoliobox) vasitələrindən istifadə edərək, istədiyimiz yerdə, istənilən anda rahatlıqla istifadə edib, yararlana bilməmiz kimi müsbət xüsusiyyətlər İKT-nın bizə bəxş etdiyi ən yaxşı imkanlardandır”.

Z.MƏMMƏDLİ

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə "İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində hazırlanıb.

 






Bölməyə aid digər xəbərlər
8-12-2018, 23:15 50-dən artıq startap...

{sape_links}{sape_article}