16:11 / 11-12-2017
Yeni ilin ilk ayı – Dekabr
“Rəqəmsal uçurum” aradan qalxacaq
Tarix: 23-09-2017 14:23 | Bölmə: Layihə
“Rəqəmsal uçurum” aradan qalxacaq

Azərbaycanın təşəbbüskarı olduğu TASİM layihəsi regionda bağlantının sürətləndirilməsi və internet xidmətlərinin inkişafını dəstəkləməklə iqtisadi yüksəlişə təkan verəcək


Ölkəmizdə informasiya və kommunikasiya texnologiyalarının (İKT) inkişaf etdirilməsi, bu sahədəki yeniliklərdən yararlanaraq iqtisadiyyatın daha da gücləndirilməsi yönündə mühüm addımlar atılır. Ölkənin rabitə və yüksək texnologiyalar sahəsində yürüdülən siyasətin yüksələn xətt üzrə inkişafı dövlətin əsas məqsədlərindən biridir.

Azərbaycanın artıq beynəlxal səviyyəli, əhatə dairəsi böyük, eyni zamanda, iqtisadi cəhətdən səmərəli layihələrin icrasına başlaması əhəmiyyətli hadisədir. Bu sahədə önəmli layihələrdən biri də “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsidir.

Məlumat üçün bildirək ki, “Trans-Avrasiya Super İnformasiya Magistralı” layihəsi vacib regional təşəbbüsdür və onun məqsədi əsasən Qərbi Avropadan Şərqi Asiyaya qədər Avrasiya ölkələrini əhatə edən transmilli fiber-optik xəttin çəkilməsidir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (NRYTN) verilən məlumata görə, bu, uzunmüddətli təşəbbüsün reallaşması iki mərhələdən ibarət olacaq:

Birinci mərhələdə aparıcı region ölkələri və operatorlar Qərbi və Şərqi birləşdirən əsas internet şəbəkəsini yaradacaqlar. Bu şəbəkə TASİM-ə kommersiya baxımından əlverişli və sürətlə artan beynəlxalq İP tranzit bazarının tələbatlarına cavab verən layihə olmasına imkan yaradacaqdır.

İkinci mərhələdə TASİM qurulan tranzit infrastrukturundan istifadə edərək Mərkəzi Asiya olmaqla, açıq dənizə çıxışı olmayan Avrasiya ölkələrini münasib qiymətli bağlantı ilə təmin edəcəkdir.

Bununla yanaşı, Milli telekom infrastrukturu inkişafı planlarına uyğun olaraq yeni fiber-optik xətlər yaradılacaq, mövcud xətlər isə texnoloji baxımdan təkmilləşdirilərək TASİM-ə birləşdiriləcəkdir.

TASİM layihəsinin reallaşdırılması region üçün aşağıdakı əsas faydaları verəcəkdir:

Təkmilləşdirilmiş regional və qlobal bağlantı;

Telekommunikasiya tranzit marşrutunun diversifikasiyası;

Təkmilləşdirilmiş qəza bərpa çevikliyi;

Rəqəmsal uçurumun azaldılması və Davamlı İnkişaf Məqsədlərinə töhfə;

Regional innovasiya və müasirləşməyə töhfə.


Layihənin məqsədi, fəaliyyət istiqaməti və perspektivi barədə fikirlərini “Reytinq“lə bölüşən İKT izrə ekspert, iqtisadçı-kibernetik Həsən Babayev deyib ki, TASİM layihəsi Frankfurtdan Honkonqa istiqamətlən ən əsas tranzit xəttinin qurulmasını nəzərdə tutur. H.Babayevin sözlərinə görə, bu xətt Avropanın və Asiyanın ən böyük informasiya mübadiləsi mərkəzlərini birləşdirəcəkdir:

“İlk olaraq qeyd edim ki, “Trans-Avrasiya Super İnformasiya Magistralı” çox mühüm beynəlxalq layihədir. Azərbaycanın təşəbbüskarı olduğu TASİM Avrasiya regionunda “rəqəmsal uçurum”un aradan qaldırılması üçün müvafiq telekommunikasiya infrastrukturunun inkişaf etdirilməsini nəzərdə tutur. 2012-ci ilin dekabr ayının 21-də BMT-nin Baş Assembleyası Azərbaycanın təşəbbüskarı olduğu “Trans-Avrasiya Super İnformasiya Magistralı vasitəsilə rabitəliliyin yaradılması” adlı qətnaməni yekdilliklə qəbul edib”.

Ekspert qeyd edib ki, tranzit xətti Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyədən keçərək Almaniyaya qədər uzanacaq. Ehtiyat Şimal tranzit xətti Rusiya, Ukrayna və Polşadan keçəcəkdir. Onun sözlərinə görə, layihə təşəbbüsü 2008-ci ilin noyabr ayında XIV “Bakutel” Beynəlxalq Rabitə və İnformasiya Texnologiyaları sərgi-konfransı çərçivəsində Bakıda keçirilmiş nazirlərin görüşü zamanı Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (indiki Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi) tərəfindən irəli sürülüb, həmin ayın 11-də TASİM layihəsinin yaradılmasına dair xüsusi Bakı Bəyannaməsi imzalanıb:

“2009-cu ilin 21 dekabrında BMT Baş Assambleyasının 64-cü sessiyasında layihəyə dair qətnamə (A/Res/64/186) qəbul edilib. 30 ölkə tərəfindən həmmüəllif qismində dəstəklənən və konsensusla qəbul edilən bu qətnamədə TASİM-in əlaqələndirilməsində Azərbaycan Respublikasının xüsusi rolu qeyd olunub. 2010-cu ilin aprelindən etibarən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi TASİM layihəsinin İdarəetmə Qrupunu yaradıb və maliyyələşdirməkdə davam edir. İdarəetmə Qrupu beynəlxalq məsləhətçi şirkət (Booz&Co) ilə əməkdaşlıq edərək layihənin ilkin biznes konsepsiyasını hazırlayaraq, aparıcı regional dövlətlər və operatorlarla birgə TASİM konsorsiumunun yaradılmasını müzakirə edib”.

H.Babayev diqqətə çatdırıb ki, 2011-ci ilin iyulunda Qəbələ şəhərində hazırlıq işi nəticəsində Azərbaycan tərəfi aparıcı telekommunikasiya şirkətləri - Çin (Chinatelecom), Qazaxıstan (Kaztranscom), Rusiya (Rostelecom), Türkiyə (Turktelekom) və Avropa İttifaqının (Pantel) iştirakı ilə TASİM üzrə 1-ci Beynəlxalq seminarı keçirib. Tədbir nəticəsində layihənin Katibliyi yaradılıb və operatorlar TASİM konsorsiumunun yaradılmasına dair təfsilatlı Anlaşma Memorandumu üzərində işləməyə razılaşıblar:

“TASİM layihəsi üzrə telekom operatorların növbəti görüşləri 2011-ci ilin 2-3 oktyabr tarixində İstanbulda və 2012-ci ilin 8-9 mart tarixində isə Budapeştdə keçirilib. Müvafiq olaraq, konsorsiumun idarə olunması, şərtləri və qaydaları üzrə danışıqlar davam etdirilib, tərəflər arasında Məxfilik Anlaşması imzalanıb.

2012-ci il dekabrın 21-də BMT-nin Baş Assambleyasında TASİM layihəsi üzrə yeni qətnamə (A/Res/67/194) yekdilliklə qəbul edilib. Layihənin reallaşdırılmasına dəstək məqsədilə regional telekommunikasiya tranzit marşrutunun genişləndirilməsinin inkişafı istiqamətində özəl sektor, vətəndaş cəmiyyəti, elmi və beynəlxalq inkişaf institutları və hökumətlər arasında əməkdaşlığın yaradılması üçün Beynəlxalq Telekommunikasiya İnstitutu ilə Avrasiya Rabitə Alyansının (EuraCA) yaradılması təklifi bu qətnamədə öz əksini tapıb. Avrasiya regionunda TASİM kimi telekommunikasiya tranzit marşrutları üzrə siyasi dialoqun təşviqi, regional tərəfdaşlıq və əməkdaşlığın dəstəklənməsi, maarifləndirmənin artırılması, təcrübə və bilik mübadiləsi üçün imkanların yaradılmasına xidmət edəcək “EuraCA”-nın yaradılması üçün BMT-nin növbəti siyasi dəstəyi Baş Assambleyanın 2013-cü il sentyabr ayının 4-də keçirilən 67-ci sessiyasında səsverməyə çıxarılmadan qəbul edilən qətnamə (A/Res/67/298) ilə bir daha yenilənib”.

Müsahibimiz qeyd edib ki, TASİM-in Katibliyi yarandığı ildən etibarən müxtəlif nüfuzlu beynəlxalq təşkilat və qruplarla sıx əlaqələr qurur. Belə ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası və BMT-nin İqtisadi və Sosial Əlaqələr Departamentindən (UN DESA) başqa, Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU), BMT-nin Asiya və Sakit Okeanı üzrə İqtisadi və Sosial Komissiyası (UN ESCAP), BMT-nin Avropa üzrə İqtisadi Komissiyası (UN ECE), BMT-nin İnkişaf Proqramı (UNDP) və Mərkəzi Asiya İqtisadiyyatları üçün Xüsusi Proqram (SPECA) kimi qurumlar TASİM layihəsinə öz dəstəklərini ifadə ediblər. Bunlarla yanaşı, Katiblik Dünya Bankı və Asiya İnkişaf Bankı kimi beynəlxalq maliyyə institutları ilə əməkdaşlığa başlayıb.

Həmsöhbətimizin sözlərinə görə, bu baxımdan, “UN ESCAP” tərəfindən 2013-cü ilin 24-25 sentyabr tarixində Manilada, 3-4 dekabr tarixində isə Bakıda İnformasiya Super Magistralı və Regional Bağlantı mövzusunda təşkil edilən ekspert məsləhətləşməsi adlı tədbirlərdə TASİM və EuraCA layihələrinin təqdimatı keçirilib: “Nəticədə, regional əhəmiyyətli hər iki tədbirin yekun sənədlərində TASİM layihəsi Avropa və Asiyanı birləşdirən trans-sərhəd yerüstü bağlantının vacib regional nümunəsi olmaqla yanaşı, Asiya İnformasiya Super Magistralı təşəbbüsünün əsas hissəsi kimi əks olunmuş Manila Ekspert Məsləhətləşməsinin yekun tövsiyələrində BMT-nin EuraCA təşəbbüsünə dəstəyini ifadə edən qətnaməsi öz əksini tapıb.

Ekspert, 2014-cü ilin 2-3 iyun tarixlərində Almatı şəhərində “UN ESCAP” və Dünya Bankının birgə təşkilatçılığı ilə baş tutmuş Mərkəzi Asiyada Telekommunikasiya Sahəsində Yüksək Səviyyəli Regional Dəyirmi Masada EuraCA və TASİM layihələri haqqında növbəti ətraflı təqdimat keçirildiyini də xatırladıb. Təqdimatda Avrasiya məkanı və qlobal səviyyədə rabitənin təminatı məsələlərində böyük əhəmiyyət kəsb edən, Azərbaycan Hökuməti tərəfindən irəli sürülən və BMT-nin A/Res/67/194 və A/Res/67/298 qətnamələri ilə dəstəklənmiş EuraCA-nın əsas məqsədləri ekspertlərin diqqətinə çatdırılıb.

Belə ki, rabitə sahəsində mövcud və perspektiv irimiqyaslı layihələrin (genişzolaqlı bağlantı, peyk bağlantısı və s.) müzakirəsi üçün platformanın yaradılması, bu sahədə problemlərin həlli və uğurlu təcrübələrin bölüşməsi, rəqabətə davamlı biznes telekom mühitinin formalaşması, İKT ekosistemlərinin inkişafı, dövlət özəl tərəfdaşlığını (public-private partnership - PPP) nəzərdə tutan trans-regional layihələrin təşviqi məsələləri xüsusilə qeyd olunub. Təqdimatda həmçinin, TASİM-in yaranması, məqsədləri, mövcud biznes modeli, layihənin Mərkəzi Asiyada genişzolaqlı internet bağlantısının inkişafında rolu və layihənin reallaşmasında atılan son addımlar haqqında məlumat verilib.

Tədbirin sonunda qəbul olunmuş “Təkmilləşdirilmiş Telekommunikasiya İnfrastrukturu Vasitəsilə Mərkəzi Asiya Bağlantısının Gücləndirilməsi” adlı Almatı Bəyannaməsinə Azərbaycan nümayəndə heyətinin təklifi və səyləri nəticəsində EuraCA-nın vacibliyini əks etdirən üç yeni bənd daxil edilib. 11 iyun 2014-cü il tarixində isə “SPECA”-nın Aşqabadda təşkil edilmiş Bilik Əsaslı İnkişaf üzrə Layihə İşçi Qrupunun elm, texnologiya və innovasiyalar üzrə yüksəksəviyyəli iclasının yekun qərarı ilə “SPECA” ölkələrinin EuraCA-da iştirakı dəstəklənib.

H.Babayev onu da bildirib ki, TASİM layihəsi ilə əlaqədar işlərin davamı və nəzərdə tutulan konsorsiumun yaradılması məqsədi ilə 2013-cü ilin 3 dekabr tarixində Bakıda keçirilən 19-cu “Bakutel” beynəlxalq sərgi və konfransı zamanı Azərbaycan, Rusiya, Çin, Qazaxıstan və Türkiyənin müvafiq hüquqi təsisatlarının iştirakı ilə Anlaşma Memorandumu imzalanıb, tərəflərin iştirakı ilə 4 (dörd) məsələ (Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzi – maliyyə, “Rostelecom” OJSC və “China Telcom Global Limited” - texniki, “Kaztranscom” JSC - hüquqi və tənzimləmə, “Türk Telekomünikasyon” A.Ş - kommersiya) üzrə müvafiq İşçi Qrupu yaradılıb:

“Onu da qeyd edim ki, region ölkələri telekom sektorunun inkişafı və bazar tələbatı baxımından fərqlidir. Daha çox inkişaf etmiş ölkələrdə “latency” (gecikmə) və yüksəksəviyyəli İP şəbəkə xidmətləri vacib hesab olunur. Az inkişaf etmiş ölkələrdə elementar bağlantı və beynəlxalq internet xidmətlərinə çıxış daha çox prioritet təşkil edir. Bu baxımdan, yaranmış “rəqəmsal fərq”in aradan qaldırılmasında EuraCA və TASİM layihələri xüsusi əhəmiyyətə malikdir. Beləliklə, EuraCA regionda siyasi dialoqun təşviqi, maarifləndirmə, təcrübə və bilik mübadiləsi, o cümlədən beynəlxalq əməkdaşlığın (hökumətlər, BMT sistemi təşkilatları, beynəlxalq maliyyə institutları, regional qruplar) təşviqi, TASİM isə informasiya cəmiyyətinin yaradılması, bağlantının sürətləndirilməsi və internet xidmətlərinin inkişafını dəstəkləməklə iqtisadi inkişafa, iqtisadiyyatların diversifikasiyasına və rəqabətin artırılmasına səbəb olacaqdır”.

Z.MƏMMƏDLİ
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə "İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində hazırlanıb.




Bölməyə aid digər xəbərlər
13-07-2017, 16:54 Xidmətlər asanlaşır