İnternetdə informasiya mübadiləsinin nizamlanması vacib şərtdir
Tarix: 28-09-2017 14:02 | Bölmə: Layihə
İnternetdə informasiya mübadiləsinin nizamlanması vacib şərtdir

Hüquqşünas deyir ki, informasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi sistemli şəkildə həyata keçirilsə, hər hansı problem yaranmaz

Azərbaycanda uzun illərdir ki, internet məkanında sərbəst fəaliyyət imkanı yaradılıb. Amma hər bir ölkədə olduğu kimi, Azərbaycanda da bu sərbəstlik müəyyən fəsadlara yol açıb. Həm sosial şəbəkələrdə, həm də elektron mediada neqativ hallar müşahidə olunur. Bzən təhqirlərə, qanun pozuntularına da yol verilir. Bu səbəbdən də internet üzərindən həyata keçirilən informasiya mübadiləsinin nizamlanmasına ehtiyac yaranıb. Artıq bununla bağlı müvafiq qanunvericik bazası yaradılıb.

Məlumata görə, artıq neçə müddətdir ki, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunda dəyişikliklərlər Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

Prezident İlham Əliyevin imzaladığı sərəncamla, Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq müvafiq dəyişikliklərin edilməsi barədə qərar qəbul olunub.

Sərəncama görə, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 6, maddə 364; 2005, № 6, maddə 466; 2006, № 12, maddə 1005; 2007, № 10, maddə 938; 2011, № 3, maddə 162; 2012, № 11, maddə 1051) aşağıdakı dəyişikliklər edilib.

2-ci maddədə doqquzuncu - on beşinci bəndlər müvafiq olaraq on yeddinci - iyirmi üçüncü bəndlər hesab edilsin və aşağıdakı məzmunda doqquzuncu - on altıncı bəndlər əlavə edilsin:

- “internet informasiya ehtiyatı - internet şəbəkəsində yaradılan, informasiyanın yayılması üçün istifadə olunan, müraciət edilməsi üçün domen adına və sahibi tərəfindən müəyyənləşdirilmiş digər işarələnməyə malik olan informasiya ehtiyatı;

-internet informasiya ehtiyatının sahibi - internet informasiya ehtiyatından istifadə edilməsi, o cümlədən burada informasiya yerləşdirilməsi qaydalarını sərbəst olaraq müəyyən edən, internet informasiya ehtiyatına sahiblik və istifadə hüquqlarına malik olan şəxs;

-domen adı - internet şəbəkəsində yerləşdirilən informasiya ehtiyatına müraciətin təmin olunması üçün verilən unikal simvol düzülüşü, domen adının sahibi - müqaviləyə əsasən domen adına müddətli sahiblik edən şəxs;

-internet provayder - internet şəbəkəsinə telekommunikasiya vasitələri ilə qoşulmaq üçün texniki imkanı təmin edən təchizatçı;

-host provayder - internet informasiya ehtiyatının istifadəsinin təmin edilməsi üçün öz informasiya sistemlərində yerləşdirilməsi xidmətini göstərən təchizatçı;

-domen adlarının milli inzibatçısı - “az” ölkə kodlu yüksək səviyyəli domen zonasında domen adlarının inzibatçılığını həyata keçirən səlahiyyətli şəxs;

-domen adlarının qeydiyyatçısı - domen adların milli inzibatçısı ilə bağlanılmış müqaviləyə əsasən “az” ölkə kodlu yüksək səviyyəli domen zonasında domenlərin qeydiyyatı üzrə xidmət göstərən şəxs;”.


Məlumat üçün bildirək ki, internet informasiya ehtiyatı üçün domen adı “az” ölkə kodlu yüksək səviyyəli domen zonasında və ya digər domen adları zonalarında seçilə bilər. “az” ölkə kodlu yüksək səviyyəli domen adlarının qeydiyyatı domen adlarının milli inzibatçısı və qeydiyyatçıları tərəfindən həyata keçirilir. Domen adlarının milli inzibatçısı qeydiyyatdan keçmiş domen adlarının reyestrini aparır və reyestr məlumatlarından sorğu əsasında istifadəni təmin edir. “az” ölkə kodlu yüksək səviyyəli domen adlarının qeydiyyatı və istifadə qaydaları, habelə domen adlarının reyestrinə daxil edilən məlumatlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Sözügedən qanunun müddəalarını şərh edən hüquqşünas Elşad Məmmədli “Reytinq”ə deyib ki, yeni qanun internet məkanında nizamsızlığı aradan qaldıracaq. Onun sözlərinə görə, informasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi sistemli şəkildə həyata keçirilsə, o zaman hər hansı problem yaranmaz.

Hüquqşünas nəzərə çatdırıb ki, internet informasiya ehtiyatında informasiyanın yayılması qanunvericiliklə müvafiq qaydalara əsasən reallaşdırılır:

“İnternet informasiya ehtiyatının sahibi həmin informasiya ehtiyatında yerləşdirilən informasiyanın tərkibi və onun yerləşdirilmə qaydasının müəyyən edilməsində müstəqildir. İnternet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatının qanunauyğun fəaliyyətini təmin etməlidir və buna görə şəxsən məsuliyyət daşıyır. İnternet informasiya ehtiyatının və onun domen adının sahibi hüquqi şəxsdirsə, adı, təşkilati-hüquqi forması, elektron poçt ünvanı, fiziki şəxsdirsə, adı, soyadı, atasının adı və elektron poçt ünvanı həmin saytda aydın oxuna bilən yerdə və formada yerləşdirməlidir. İnternet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatında bir sıra məqamların yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verməməlidir. Onlar terrorçuluğun təbliği və maliyyələşdirilməsi, terrorçuluğun həyata keçirilməsinin üsul və vasitələri, terrorçuluq məqsədi ilə təlim təşkil etmə və ya keçirmə barədə məlumatlar, habelə terrorçuluğa açıq çağırışlardır. Bundan əlavə, zorakılığın və dini ekstremizmin təbliğinə dair məlumatlar, milli, irqi, dini nifrət və düşmənçiliyin salınmasına, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, hakimiyyətin zorla ələ keçirilməsinə və ya saxlanmasına, kütləvi iğtişaşların təşkil edilməsinə yönələn açıq çağırışlar və dövlət sirri təşkil edən məlumatlardır. Eyni zamanda, odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların hazırlanma qaydası və ya üsulları barədə məlumatlar, .3.5. narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının hazırlanma və ya istifadə üsulları və qaydası, onların qanunsuz əldə edilmə yerləri, habelə tərkibində narkotik maddələr olan bitkilərin kultivasiya yerləri və ya üsulları barədə məlumatları da yaymaq olmaz”.

Hüquqşünas qeyd edib ki, pornoqrafiyaya, o cümlədən uşaq pornoqrafiyasına aid məlumatlar, qumar və digər qanunsuz mərc oyunlarının təşkili, həmin oyunlarda iştiraka təhrik edən məlumatlar, intiharı problemlərin həlli üsulu qismində təbliğ edən, intihara bəraət qazandıran, onu əsaslandıran və ya törədilməsinə təhrik edən, intiharın törədilməsi üsullarını izah edən və ya qrup şəklində bir neçə şəxsin intihar etməsini təşkil etmək məqsədi ilə yayılan məlumatlar da qadağandır.

E.Məmmədov vurğulayıb ki, təhqir və ya böhtan xarakteri daşıyan, habelə şəxsi həyatın toxunulmazlığını pozan məlumatların yayılması ilə bağlı da qanunda məqamlar var. Əqli mülkiyyət hüquqlarını pozan məlumatlar, eləcə də Azərbaycan Respublikasının qanunları ilə yayılması qadağan edilən digər informasiyaları yaymaq olmaz:

“İnternet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın olduğunu aşkar etdikdə və ya bu barədə ona müraciət daxil olduqda, belə informasiyanın informasiya ehtiyatından götürülməsini təmin etməlidir.

Qeyd edim ki, host provayder öz informasiya sistemlərində yerləşdirilmiş internet informasiya ehtiyatlarında yayılması qadağan edilən informasiya aşkar etdikdə və ya ona bu barədə məlumat daxil olduqda, dərhal onun informasiya ehtiyatının sahibi tərəfindən götürülməsi üçün tədbirlər görür”.

Hüquqşünasın fikrincə, internet informasiya ehtiyatlarında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinin qarşısının alınması ilə bağlı da qanunda müvafiq maddələr var. Onun sözlərinə görə, müvafiq icra hakimiyyəti orqanı yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatında yerləşdirilmə hallarını bilavasitə aşkar etdikdə və ya fiziki, hüquqi şəxslərdən, yaxud dövlət qurumlarından daxil olmuş əsaslandırılmış məlumatlar əsasında müəyyən etdikdə, bu barədə internet informasiya ehtiyatının və onun domen adının sahibinə və host provayderə yazılı xəbərdarlıq edir:

“Xəbərdarlıq edildiyi vaxtdan 8 saat ərzində yayılması qadağan edilən informasiya internet informasiya ehtiyatından götürülmədikdə müvafiq icra hakimiyyəti orqanı həmin orqanın yerləşdiyi yer üzrə rayon (şəhər) məhkəməsinə internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə müraciət edir. Dövlətin və cəmiyyətin qanunla qorunan maraqlarına təhdid yarandığı və ya insanların həyat və sağlamlığı üçün real təhlükə olduğu təxirəsalınmaz hallarda internet informasiya ehtiyatına müraciət müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvəqqəti olaraq məhdudlaşdırılır. Müvafiq icra hakimiyyəti orqanı bu Qanunun 13-3.3-cü maddəsində nəzərdə tutulmuş qərarı qəbul etdikdə, eyni zamanda, internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə məhkəməyə müraciət edir. İnformasiya ehtiyatına müraciətin müvəqqəti məhdudlaşdırılması barədə qərar məhkəmə tərəfindən internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə müraciətə baxılanadək və ya həmin qərar ləğv edilənədək qüvvədə qalır”.

E.Məmmədov onu da qeyd edib ki, məhkəmə internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə müraciətə 5 günədək müddətdə baxır və qərar qəbul edir. Onun fikrincə, qərar qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qərardan şikayətin verilməsi onun icrasını dayandırmır:

“Məhkəmə internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması haqqında, müvafiq icra hakimiyyəti orqanı isə internet informasiya ehtiyatına müraciətin müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul etdikdə, müvafiq icra hakimiyyəti orqanı həmin informasiya ehtiyatını “Yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi informasiya ehtiyatlarının Siyahısı”na daxil edir. Siyahıdakı məlumatların tərkibi, siyahının tərtibi, tətbiqinə nəzarət edilməsi və host və internet provayderlərlə qarşılıqlı əlaqənin təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

İnternet informasiya ehtiyatı “Yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi informasiya ehtiyatlarının Siyahısı”na daxil edildikdən dərhal sonra host provayder və internet provayderlər internet informasiya ehtiyatına müraciəti məhdudlaşdırmalı və bu barədə internet informasiya ehtiyatının sahibinə məlumat verməlidirlər. İnternet informasiya ehtiyatının sahibi məlumatın götürülməsini bu Qanunun 13-2.4-cü maddəsində nəzərdə tutulmuş qaydada təmin etmədikdə və informasiyanın internet informasiya ehtiyatında yayılmasının qadağan edilməsi ilə əlaqədar qüvvəyə minmiş məhkəmə qərarı mövcud olduqda, müvafiq icra hakimiyyəti orqanı həmin informasiya ehtiyatını şəxsin müraciəti əsasında “Yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi informasiya ehtiyatlarının Siyahısı”na daxil edir. Həmin internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması üçün bu Qanunun 13-3.7-ci maddəsində nəzərdə tutulmuş tədbirlər həyata keçirilir”.

Sonda müsahibimiz onu da xüsusi vurğulayıb ki, qanunda internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi ilə əlaqədar məsuliyyət var. Yəni, yuxarıda qeyd olunanların pozulmasına görə internet informasiya ehtiyatının sahibi, domen adının sahibi, host və internet provayderlər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Z.MƏMMƏDLİ
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə "İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində hazırlanıb.




Bölməyə aid digər xəbərlər
8-12-2018, 23:15 50-dən artıq startap...

{sape_links}{sape_article}