17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Əmlak Komitəsi yeni xidmətlər tətbiq edir
Tarix: 07-10-2017 12:33 | Bölmə: Layihə
Əmlak Komitəsi yeni xidmətlər tətbiq edir

Daşınmaz əmlak üzərindəki elektronlaşma vətəndaşların işini asanlaşdıracaq

Daşınmaz əmlakla bağlı bir sıra hərəkətlərin elektronlaşdırılması müsbət addımdır. Çünki ən çox əyintilər məhz bu sahədə baş verirdi. Artıq demək olar ki, bu sahədə bütün prosedurlar elektronlaşdırılıb. Sözsüz ki, bu yeniliklər nəticəsində vətəndaşların həm vaxt itkisinin qarşısı alınır, həm də bürokratik əngəllər, məmur özbaşınalığı ilə qarşılaşmırlar.

Maraqlı məqamlardan biri də odur ki, Azərbaycanda yeni tikilən binalardan mənzil alanlar həmin binanın sənədlərinin qaydasında olub-olmadığını və aldıqları mənzillərə Çıxarış verilib-verilməyəcəyini əvvəlcədən elektron qaydada öyrənə biləcəklər. “Reytinq”in xəbərinə görə, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) "Daşınmaz əmlakın qeydiyyatında yeni elektron xidmətlər: vətəndaş məmnunluğunun artırılmasına yönəlmiş addımlar" mövzusunda keçirilən ictimai təqdimatda məlumat verilib.

Tədbirdə bildirilib ki, vətəndaşlar aldıqları mənzillərin qiymətini əvvəlcədən bazar dəyərinə uyğun müəyyənləşdirəcəklər. Bunun üçün Komitə tərəfindən "Çoxmərtəbəli yaşayış binasında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış almış mənzillərin mövcudluğu barədə məlumatların verilməsi" və "Mənzillərin alqı-satqı müqavilələri üzrə satış qiymətləri barədə məlumatların verilməsi" elektron xidmətləri istifadəyə verilib və “Elektron hökumət” portalına inteqrasiya olunub.

Tədbirdə qeyd olunub ki, vətəndaşlar mənzil alarkən mənzillərin gələcəkdə sənədləşmə vəziyyəti, habelə alqı-satqı əməliyyatlarında mənzillərin bazar qiyməti haqqında real və etibarlı məlumatlara ehtiyac hiss edirlər. Yeni xidmətlər də məhz vətəndaşların işini asanlaşdıracaq. Bu xidmətlərdən əmlak sahibi olmaq istəyən vətəndaşlar, tikinti və rieltor şirkətləri, hüquqşünaslar, bank nümayəndələri, qiymətləndirmə şirkətləri istifadə edə bilərlər.

Qeyd edək ki, bu istiqamətdə kifayət qədər iş görülüb. Azərbaycan Respublikasının Prezidenti tərəfindən şəffaflıq və operativlik, korrupsiya ilə mübarizə, ictimai agahlıq və aşkarlıq, sosial məmnunluq kimi prinsiplər ölkəmizin sosial-iqtisadi inkişafının prioritetləri elan edilib. Əmlak Məsələləri Dövlət Komitəsi də informasiya-kommunikasiya texnologiyalarının (İKT), sosial xidmətlərdə innovativ və operativ üsulların tətbiqi, bu xidmətlərin əhaliyə rahat şəkildə çatdırılması, bürokratik meyllərin və hüquqi maneələrin tamamilə aradan qaldırılması, xidmətlərdə vaxt aparan prosedurların maksimum sadələşdirilməsi kimi məsələlərə xüsusi önəm verir. Göstərilən xidmətlərdə şəffaflıq, rahatlıq, əlçatanlıq, vətəndaş məmnunluğu, ictimai agahlıq və maarifləndirmə kimi məsələlər komitənin fəaliyyətində mühüm prinsiplər kimi daim önə çəkilir.

Daşınmaz əmlakın qeydiyyatı sahəsində prosedurların sadələşməsi, optimallığın artırılması prioritet məsələlərdəndir. Bu məqsədlə komitə fəaliyyət sahələrində müasir çağırışlara uyğun olaraq yenikliklər tətbiq edir. Yeniliklərdən biri daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların əhaliyə elektron formatda təqdim edilməsidir. Bununla vətəndaşlar daşınmaz əmlaklarına dair sənədi öz arzusuna görə elektron və ya kağız formasında əldə edə bilir. Belə ki, əmlak sahibi müvafiq idarəyə gəlmədən, “Elektron hökumət” portalında yaradılacaq şəxsi kabinetindən elektron formada Çıxarışını ala bilir. Odur ki, müasir yanaşmaların tətbiq edildiyi bu sistem vasitəsilə vətəndaş daha operativ şəkildə Çıxarışına sahib olur.

Əmlak Komitəsi yeni xidmətlər tətbiq edir

Bu barədə fikirlərini “Reytinq”lə bölüşən hüquqşünas Mehman Muradlı deyib ki, yeniliyə əsasən qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron imza ilə təsdiqlənən Çıxarış “Elektron hökumət” portalında yerləşdirilir və portal vasitəsilə hüquq sahibi tərəfindən elektron üsulla əldə edilir.

Onun sözlərinə görə, daşınmaz əmlakın dövlət reyestrindən kağız formada təqdim olunan Çıxarışda göstərilən bütün məlumatlar Elektron Çıxarışda da əks olunur:

“Elektron qaydada əmlaka dair Çıxarış əldə etmiş şəxs öz Elektron Çıxarışını bütün dövlət orqanlarında, o cümlədən notariat kontorlarında tam istifadə edə bilir. Bundan əlavə, kağız Çıxarışın itirilməsi, yararsız hala düşməsi ilə bağlı problemlər ortadan qalxır. Kağız Çıxarışın başqa insanlar tərəfindən saxtalaşdırılması və qanunsuz istifadə edilməsi halı tam istisna edilir.

Ən maraqlı və mühüm yenilik odur ki, artıq çıxarışları, eləcə də digər arayışları hətta xarici ölkələrdə olduqda da almaq mümkün olacaq. Bu proses rahatlıqla yanaşı, vətəndaşın vaxtını daha səmərəli planlaşdırmağa imkan verir. Həmçinin, çıxarışların elektron müstəviyə keçməsi ayrı-ayrı dövlət qurumları tərəfindən verilən aidiyyəti sorğuların cavablandırılması, əhalinin əmlakları üzərində iqtisadi əməliyyatların aparılması işini daha da yüngülləşdirir və optimallaşdırır”.

M.Muradlı bildirib ki, daşınmaz əmlakın elektron qeydiyyatı üçün ən vacib şərtlərdən biri elektron arxivin və rəqəmsal elektron məlumat bazasının yaradılmasıdır. Bu isə daşınmaz əmlakın qeydiyyatı və bununla bağlı digər xidmətlərin göstərilməsində vaxt itkisini aradan qaldırmağa, operativliyi dəfələrlə artırmağa imkan verir: “Bununla əlaqədar olaraq Komitə tərəfindən elektron arxivin yaradılması istiqamətində də mühüm addımlar atılıb. Belə ki, Komitənin regional ofislərində daşınmaz əmlaklar üzərində əvvəllər yaranmış hüquqlar üzrə 1.5 milyondan artıq əmlaka dair kağız formada olan sənədlər və texniki sənədlərdə olan mətn məlumatları elektronlaşdırılaraq Milli Qeydiyyat Sisteminin elektron məlumat bazasına daxil edilib”.

Onu da nəzərə çatdıraq ki, daşınmaz əmlakın qeydiyyatı sahəsində şəffaflıq və vətəndaş məmnunluğunu təmin etmək məqsədilə Komitə tərəfindən Əmlakın Qeydiyyatı Kalkulyatoru istifadəyə verilib. Əmlakın qeydiyyatı kalkulyatoru sayəsində vətəndaşlar onlara məxsus daşınmaz əmlakların sənədləşdirilməsi prosesində dövlət rüsumu və xidmət haqqı barədə elektron qaydada, əvvəlcədən məlumat ala bilirlər. Bura mənzilin, fərdi evin, torpaq sahələrinin qeydiyyatı ilə bağlı çıxarışın alınması, texniki pasportun əldə edilməsi, əmlakla bağlı sadə və məhdudlaşdırıcı arayışlar, əmlakın qabaqcadan qeydiyyatı, yüklülükdən azad etmə, daşınmaz əmlaka ünvan təyin edilməsi, ünvan məlumatlarının verilməsi xidmətləri aiddir.

Komitədən verilən məlumata görə, istifadəçilərin böyük əksəriyyəti daşınmaz əmlakın qeydiyyatı ilə bağlı elektron xidmətlərə müraciət edir. Belə ki, ümumilikdə daşınmaz əmlakın qeydiyyatı üzrə 22 elektron xidmətdən istifadə edənlərin sayı 130 minə yaxındır. Komitənin www.e-gov.az portalı üzərindən ən çox istifadə olunan elektron xidməti ipoteka əməliyyatlarının dövlət qeydiyyatı və ləğvi ilə bağlı xidmətlərdir. Bu xidmətlərdən istifadə edənlərin sayı bütövlükdə 90 minə yaxındır.

Daha çox istifadə olunan xidmətlərdən biri də dövlət reyestrindən məlumatın verilməsi barədə elektron xidmətdir. İndiyədək müraciət edənlərin sayı 20 minə yaxın olub. Cari il ərzində Komitənin göstərdiyi elektron xidmətlərdən istifadə edənlərin əksəriyyəti - 70 minə yaxını daşınmaz əmlakın hüquqi vəziyyəti ilə bağlı arayışların - “Forma-1”-in alınmasına aiddir.

Komitə tərəfindən tətbiq olunaraq geniş yayılan, əhali arasında müsbət qarşılanan sosial layihələrdən biri də «Kütləvi Çıxarış» kampaniyasıdır. Kampaniya Komitənin qeydiyyat xidmətlərini əhalinin birbaşa ünvanlarında, iş yerlərində, kəndli və fermerin əkin sahələrində çatdıraraq onlara vaxt itkisi olmadan, operativ şəkildə Çıxarış əldə etməsinə imkan yaradır. Cari ilin ilk 6 ayında keçirilmiş 14 kampaniyanın 2-si paytaxt rayonlarında, 12-si isə respublikanın müxtəlif şəhər və rayonlarında baş tutub.

M.Muradlı onu da bildirib ki, ƏMDK-nin mobil ofis xidmətləri də gündəlik olaraq respublikanın müxtəlif ərazilərinə gedərək fərqli növlərdə qeydiyyat xidmətləri göstərir. Onun sözlərinə görə, bu xidmətlərin həyata keçirilməsində başlıca məqsəd daşınmaz əmlakın qeydiyyatı ilə bağlı qanunvericilik və prosedurlar barədə vətəndaşları maarifləndirmək və göstərilən xidmətləri daha da sadələşdirməkdir:

“Mobil ofis xidmətindən bu günə qədər 200 mindən artıq vətəndaş faydalanıb. Komitə tərəfindən ilk dəfə olaraq “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikası Qanunu ilə torpaq payı almaq hüququna malik olan, ancaq bu hüquqdan yararlana bilməyən şəxslərə pay torpaqları ayrılıb. Ayrılan torpaqlara isə çıxarışlar verilib.

Xaçmaz rayonun Müqtədir qəsəbəsində torpaq payı almış vətəndaşlara mülkiyyət hüququnu təsdiq edən sənədlər təqdim edilib.

Əmlak Məsələlər Dövlət Komitəsi tərəfindən daşınmaz əmlak idarəçiliyi, daşınmaz əmlakın qeydiyyatı sahəsində müasir çağırışlara əsaslanan yeni mexanizmlər tətbiq olunur. Bunlardan biri də daşınmaz əmlakın qeydiyyatının səmərəsinin və əhaliyə verdiyi faydanın artırılması məqsədilə tətbiq olunan qabaqcadan qeydiyyat mexanizmidir. Qabaqcadan qeydiyyat - əmlakın tikintisinin hələ başa çatmadığı halda, müvafiq sənədlər əsasında həmin tikilinin qeydiyyata alınmasıdır. Qabaqcadan qeydiyyat vasitəsilə inşa edilmiş çoxmərtəbəli binada yerləşən bir mənzil və ya qeyri-yaşayış sahəsi artıq bir neçə şəxsə satılmır. Eyni zamanda qabaqcadan qeydiyyat mənzilin əldə edilməsi üçün vətəndaşın mənzil tikinti şirkətlərinə ödədiyi məbləğlə bağlı rəsmi hesablaşmaların aparılmasını təmin edir, bu sahədə vergidən yayınmaq üçün edilən - evin məbləğinin bilərəkdən az göstərilməsi kimi hallar aradan qaldırılır. Bundan başqa, mexanizm tətbiqi vətəndaşlara ipoteka ilə mənzil sahibi olmaq imkanı yaradır.

Daşınmaz əmlakın qeydiyyatı sahəsində prosedurların sadələşməsi istiqamətində də işlər aparılır. Daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə Çıxarışın verilmə müddəti 10 iş gününə endirilib. İpoteka qeydiyyatı 3-5 gün ərzində həyata keçirilir”.

Xüsusi olaraq qeyd edək ki, daşınmaz əmlakın qeydiyyatı sahəsində şəffaflıq və vətəndaş məmnunluğunu təmin etmək məqsədilə Komitə tərəfindən yaradılan Əmlakın Qeydiyyatı Kalkulyatoru sayəsində vətəndaşlar onlara məxsus daşınmaz əmlakların sənədləşdirilməsi prosesində dövlət rüsumu və xidmət haqqı barədə elektron qaydada, əvvəlcədən məlumat ala bilirlər. Bura mənzilin, fərdi evin, torpaq sahələrinin qeydiyyatı ilə bağlı Çıxarışın alınması, texniki pasportun əldə edilməsi, əmlakla bağlı sadə və məhdudlaşdırıcı arayışlar, əmlakın qabaqcadan qeydiyyatı, yüklülükdən azad etmə, daşınmaz əmlaka ünvan təyin edilməsi, ünvan məlumatlarının verilməsi xidmətləri aiddir.

Musahibimiz vurğulayıb ki, qeyd olunanlar daşınmaz əmlakın dövlət qeydiyyatı sahəsində göstərilən xidmətlərin daha da sadələşməsi deməkdir. M.Muradlı hesab edir ki, vətəndaşlar sənədləşdirmə üçün zəruri rüsum və xidmət haqqını öncədən öyrənməklə vaxtlarına qənaət edəcək. “Məbləğin əvvəlcədən dəqiq bilinməsi istifadəçilərə özləri üçün ən optimal variantı seçməsini və sənədləşdirməyə başlayıb-başlamamaqla bağlı istədiyi qərarı verməsini təmin edir. Bu yenilik vətəndaşa rahat və operativ qaydada əmlakına Çıxarış almağa, habelə əmlakla bağlı digər hüquqi əməliyyatları aparmağa daha rasional imkanlar yaradır. Qısa müddətdə kalkulyatordan istifadə edənlərin sayı 20 minə yaxın olub. Qeyd edilməlidir ki, ümumilikdə 2017-ci il ərzində ölkə üzrə 93 min 302 daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb, bu göstəricinin 28 min 348-i ilkin, 64 min 954-ü isə təkrar qeydiyyata aid olub.

Daşınmaz əmlakın qeydiyyatı sisteminə, qeydiyyatda müddət və rüsumların optimallığına görə Azərbaycan dünyada da qabaqcıl ölkələr sırasındadır. Bütün bunlar bir daha sübut edir ki, sistemin elektronlaşdırılmasının müsbət nəticələri var. Hesab edirəm ki, bütün sistemlərdə elektronlaşmanın daha da təkmilləşdirilməsinə ehtiyac yaranıb”, - deyə hüquqşünas fikrini tamamlayıb.

Z.MƏMMƏDLİ

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə "İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində hazırlanıb.




Bölməyə aid digər xəbərlər
8-12-2018, 23:15 50-dən artıq startap...

{sape_links}{sape_article}