07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Vətəndaşlardan elektron fəallıq tələb olunur
Tarix: 12-10-2017 16:43 | Bölmə: Layihə
Vətəndaşlardan elektron fəallıq tələb olunur

Azərbaycanda informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində xeyli irəliləyişlər əldə olunub. Artıq 10 il əvvəlki vəziyyətdən fərqli bir ölkədə yaşadığımızı qəbul etməliyik. Demək olar ki, əksəriyyət internetdən bu və ya digər formada istifadə edir.

Əgər bir neçə il öncə insanlar yalnız müəyyən məqamlarda internetdən istifadə edirdilərsə, hazırda ölkə əhalisinin böyük əksəriyyəti gündəlik həyatında elektronlaşmanı hiss edir. Təbii ki, bütün bunlar informasiyalı cəmiyyətin əsasını formalaşdırır.

İnformasiya cəmiyyəti elə bir cəmiyyətdir ki, burada əhalinin böyük hissəsi müasir informasiya texnologiyalarından istifadə etməklə informasiyanın, ən əsası isə onun ali forması olan biliyin istehsalı, saxlanması, emalı və ötürülməsi ilə məşğul olur. Son dövrlər Azərbaycanda informasiya texnologiyalarının kütləviləşməsi, bu sahənin inkişafı üçün nəzərəçarpacaq addımlar atılıb, dövlətin ciddi dəstək və qayğısı nəticəsində uğurlar əldə olunub.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi saytında qeyd olunur ki, ölkəmizdə İKT-nin inkişafı yeni mərhələyə qədəm qoyub.

Son zamanlar ölkəmizdə dövlət orqanları, biznes qurumları və vətəndaşların qarşılıqlı fəaliyyətində İKT-nin imkanlarından geniş istifadə olunur. İKT sektoru neftdən sonra ölkə iqtisadiyyatında ikinci prioritet sahə hesab olunur. Təsadüfi deyil ki, İKT-nin ölkə iqtisadiyyatı üçün nə qədər əhəmiyyətli olduğunu ölkə başçısı İlham Əliyev də dəfələrlə bəyan edib.

Hazırda ictimai şüurda İKT-dən biznesdə, siyasətdə, idarəetmədə, səhiyyədə, mədəniyyətdə, elmdə, təhsildə, sənayedə və digər sahələrdə istifadə məsələlərinin aktuallığı və zəruriliyi tam qəbul olunub. Müasir dövrdə məlumat almaq imkanı güclü olan vətəndaş cəmiyyətinin qurulması gələcək bəşər sivilizasiyasına doğru mühüm addımdır.

Hazırda İKT-dən geniş istifadə hər bir ölkənin sosial-iqtisadi inkişafına kömək edir və yoxsulluğun azaldılmasında səmərəli vasitə rolunu oynayır. Azərbaycanda informasiyalaşmış cəmiyyətin əsas xüsusiyyətlərinə qlobal informasiya mühitinin yaradılması, social-iqtisadi fəaliyyətin yeni formalarının (distant təhsil, elektron ticarət, tele iş, elektron demokratiya, elektron hökumət və s.) meydana gəlməsi, informasiya və bilik bazarının yaradılması, müxtəlif səviyyədə informasiya mübadiləsi sistemlərinin inkişafı, vətəndaş və təşkilatların istənilən məlumatı almaq, onu yaymaq və ondan istifadə etmək kimi hüquqlarının tam təmin edilməsi və s. aiddir. Cəmiyyətin informasiyalaşdırılması ölkə iqtisadiyyatının bütün sahələrində səmərəliliyin artırılmasına, qiymətlərin endirilməsinə, dövlət orqanlarında elektron sənəd mübadiləsinin, elektron ticarət sistemlərinin tətbiqinə, məhsul və xidmətlərin keyfiyyətinin yüksəldilməsinə köməklik göstərəcəkdir.

Mövzu ilə bağlı fikirlərini “Reytinq”lə bölüşən Təkamül Partiyasının sədri, iqtisadçı-alim Teyyub Qənioğlu deyib ki, ölkəmizdə elektronlaşma prosesinə yenicə başlanıb. Onun sözlərinə görə, bu sahədə xeyli iş görülsə də, hələ də çatışmazlıqlar var:

“Elektoron hökumətin yaradılması, müraciətlərin internet vasitəsilə müvafiq qurumlara çatdırılma imkanı təqdirəlayiqdir. Ancaq əsas məsələ müraciətlərin müvfiq qurumlara operativ çatdırılmasında deyil, bu müraciətlərə baxılmasının operativliyindədir. Bu sahədə hələ çox iş görmək lazımdır”.

Onu da qeyd edək ki, elekronlaşma prosesinin önəmli məqamlarından biri də vətəndaşların bu prosesdə hansı formada iştirakıdır. Belə ki, hökumətin elektronlaşması prosesi yüksələn xətt üzrə davam edirsə, elektron vətəndaşlıq prosesinin də buna uyğun inkişafı labüddür.

Maraqlıdır, bu istiqamətdə vəziyyət necədir? Vətəndaşlarımız elektronlaşma prosesinə uyğunlaşa bilirlərmi?

Müsahibimiz bu məsələ ilə bağlı da fikirlərini bildirib. “Təəssüf ki, hələ elektron vətəndaşın formalaşmasından danışmaq tezdir. Bunun ən azı iki səbəbi var:

Birincisi, hələ vətəndaşlarımızın mütləq əksəriyyəti Elektron hökumətin yaratdığı imkanlardan ya istifadə edə bilmir, yaxud buna imkanı yoxdur.

İkincisi, məmura birbaşa müraciətdən istənilən köməyi, yardımı, məsləhəti ala bilməyən vətəndaşın Elektorn hökumətə inamı lazımi səviyyədə deyil. Bunun üçün ilk növbədə qanunun aliliyi təmin edilməli, vətəndaşda haqqın, ədalətin mövcud olduğuna inam formalaşdırılmalıdır. Məmurlarda isə cavabdehlik hissi formalaşdırılmalı, özbaşınalığa, mənəm-mənəmliyə son qoyulmalıdır. Təəssüf ki, real həyatda bunları görmürük”, - deyə T.Qənioğlu fikrini tamamlayıb.

Qeyri-Hökumət təşkilatlarının da bu sahədəki fəaliyyəti təqdir olunmalıdır. Bir müddət öncə Avrasiya Əməkdaşlıq Fondunun dəstəyi ilə İctimai Maraqlar Naminə Vətəndaş Təşəbbüsləri İctimai Birliyinin eksperti Vüqar Hüseynov tərəfindən icra olunan “e-vetendash.az onlayn platformasının yaradılması” layihə çərçivəsində “Elektron vətəndaş iştirakçılığı” mövzusunda dəyirmi masa keçirilib. Layihə haqqında məlumat verən V.Hüseynov bildirib ki, dəyirmi masada “e-vetendash.az onlayn platformasının yaradılması layihəsi” çərçivəsində son illər dünyada diqqət mərkəzində olan və qlobal trendə çevrilən elektron vətəndaş iştirakçılığı mövzüsunda müzakirələr aparılacaq:

“Öncə qeyd edim ki, Niderland Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu "Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” Proqramını həyata keçirir. Bu proqram çərçivəsində e-vetendash.az onlayn platformasının yaradılması layihəsi dəstəklənib. Layihənin məqsədi İKT-dən istifadə edərək daşınmaz əmlakla bağlı əməliyyatlar, fərdi evlərin tikilməsi, sosial xidmətlərin göstərilməsi sahəsində yüz minlərlə vətəndaşın marağına toxunan problemlərin həlli, təkmilləşdirmələr aparılmasında vətəndaş iştirakçılığının dəstəklənməsidir. Bu layihəni dəstəklədiyinə görə Avrasiya Əməkdaşlıq Fonduna təşəkkür edirik.

Layihə çərçivəsində e-vetendash.az onlayn platforması yaradılıb. Daşınmaz əmlakla bağlı əməliyyatlar, fərdi evlərin tikilməsi, sosial xidmətlərin göstərilməsi ilə bağlı 3 video-çarx çəkilib. Yüzlərlə vətəndaşa onlayn və müraciətlər əsasında birbaşa hüquqi yardım göstərilib. Maarifləndirmə üsulu kimi sosial şəbəkələrdən geniş istifadə olunub. Video-blədçilərlə www.e-vetendash.az saytında tanış olmaq olar. Layihə böyük marağa səbəb olub. E-vetendash-da dərc olunan məlumat və müsahibələr, məqalələr 30-dan çox xəbər sayt və portallarında təkrar yayılıb. Dövlət qurumları ilə əməkdaşlıq edilib. Sosial şəbəkələrdən daxil olan problemlərlə bağlı müraciətlər ümumiləşdirilib, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilib. Çalışmışıq ki, elektron vətəndaş iştirakçılığı ilə bağlı məsələlər diqqət mərkəzinə gəlsin, bunun bir nümunəsini yaradaq. Elektron iştirakçılıq Azərbaycan üçün hazırda çox aktualdır”.

Avrasiya Əməkdaşlıq Fondunun proqram meneceri Gülnarə İsmayılova isə qeyd edib ki, Azərbaycan təcrübəsində ilk dəfə olaraq e-vetendash.az onlayn platformasının yaradılmasını layihənin uğuru kimi qiymətləndirmək olar. Eyni zamanda layihə çərçivəsində onlayn hüquqi xidmətlərin göstərilməsi, video-bələdçilərin hazırlanması, daşınmaz əmlakla bağlı əməliyyatlar, fərdi evlərin tikilməsi, sosial xidmətlərin göstərilməsi sahəsində vətəndaşlara birbaşa yardımçı olacaqdır.

Açıq Hökumət Platformasının koordinatoru Əliməmməd Nuriyev isə bildirib ki, İKT-nin inkişafı obrazlı ifadə etsək Afina demokratiyası ənənələrini günümüzə transormasiya etməyə imkan verir. İKT elə imkanlar yardır ki, müvafiq mexanizmlər yaratmaqla arzu edən hər kəsi qərarların qəbulu və icrası ilə prosesinə cəlb etmək mümkündür. Müvafiq mexanizmlər vasitəsilə bunu hər bir vətəndaş üçün asan və əlçatan etmək olar. Bu yeni idarəçilik fəsləfəsi və yanaşmasıdır.

Ə.Nuriyev qeyd edib ki, Açıq Hökumət Platforması bu məsələləri diqqətdə saxlayır və hər zaman yardım etməyə hazırdır.

Layihə eksperti Zaur İbrahimli də e-vetendash.az onlayn platforması, layihə fəaliyyətləri barədə məlumat verib. Qeyd edib ki, e-vetendash.az onlayn platforması daşınmaz əmlakla bağlı əməliyyatlar, fərdi evlərin tikilməsi, sosial xidmətlərin göstərilməsi sahəsində vətəndaşlara əlçatan formada qanunvericiliyin izahı, praktik tövsiyyələr, sullara cavablar, ödənişsiz onlayn hüquqi yardım xidmətləri təklif edir: “Eyni zamanda, vətəndaşlar bu platforma vasitəsilə üzləşdikləri problemləri, öz uğur hekayələrini, kollektiv müraciətlərini bölüşə bilərlər. e-vetendash.az onlayn platforması, həmçinin vətəndaşların qaldırdıqları problemlərin müvafiq dövlət orqanlarının diqqətinə çatdırılmasına da səy göstərir”.

Z.MƏMMƏDLİ

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə "İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində hazırlanıb.




Bölməyə aid digər xəbərlər
8-12-2018, 23:15 50-dən artıq startap...

{sape_links}{sape_article}