Elektronlaşma bütün strateji hədəflərdə yer alıb
Tarix: 21-10-2017 12:57 | Bölmə: Layihə
Elektronlaşma bütün strateji hədəflərdə yer alıb

İnformasiyalı cəmiyyətin daha da genişləndirilməsi, informasiya və kommunikasiya texnologiyalarının (İKT) inkifaşı yönündə islahatların uğurla davam etdirilməsi müsbət nəticələr verir. Bu istiqamətdə həyata keçirilən tədbirlərin dövlət siyasətində prioritet təşkil etməsi də təqdir olunur. Təbii ki, bu yanaşma nəticəsində dövlətin əsas proqramlarında İKT-nin inkişafı, informasiyalı cəmiyyətin genişləndirilməsi təsbit olunub.

Strateji Yol Xəritəsi çərçivəsində İKT-nin inkişafı ilə bağlı bir sıra mühüm tədbirlər davam etdirilir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (NRYTN) “Reytinq”ə verilən məlumata görə, artıq bəzi qısamüddətli layihələr yerinə yetirilib, “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) kimi irimiqyaslı layihələrin isə icrasına başlanılıb.

Strateji Yol Xəritəsində əsas istiqamətlərdən biri dövlət orqanları üçün bulud texnologiyalarının tətbiqidir. Bu məqsədlə NRYTN regionda ilk Data Mərkəzi istifadəyə verib. Layihə Azərbaycanın regionda informasiya texnologiyaları mərkəzinə çevrilməsində mühüm əhəmiyyətə malikdir. Data Mərkəzi Avropanın ən təhlükəsiz mərkəzlərindən biridir.

İrimiqyaslı layihələrdən olan TASİM-in texniki əsaslandırması işlərinə də başlanılıb. Bu layihə ölkənin tranzit informasiya məkanına çevrilməsi və Azərbaycan ərazisindən keçməklə, Şərqlə Qərb arasında informasiya axınının təmin edilməsini nəzərdə tutur.

“Bu əsaslandırma bütün üzv operatorlara təqdim olunub. Hazırda həmin texniki-iqtisadi əsaslandırma üzrə lazım olan podratçı şirkətlərin cəlb edilməsi ilə bağlı şərtlərə baxılır. Ümumilikdə layihə kifayət qədər əhatəlidir. Hesab edirəm ki, bir neçə ölkənin ərazisindən keçən bu müasir telekommunikasiya xətti həm Azərbaycanın, həm də digər dövlətlərin telekommunikasiya infrastrukturuna kifayət qədər müsbət təsir göstərəcək”,- deyə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin daxili nəzarət və audit şöbəsinin müdiri Tahir Məmmədov bildirib.

Elektron yeniliklərlə tanışlıq

İstər “Elektron hökumət”ə inteqrasiya, istərsə də elektron imza və digər texonoloji yeniliklərlə bağlı davamlı tədbirlər həyata keçirilir. Mühüm məqamlardan biri odur ki, gənclərə yeni texnologiya və ondan istifadə qaydaları ilə bağlı bilgilər verilir. Bu günlərdə NRYTN-nin Məlumat Hesablama Mərkəzi, “Elektron hökumət” Təlim-Tədris Mərkəzi və Gənclər Təşkilatları Milli Şurası tərəfindən növbəti “Gənclər və E-hökumət” adlı təlim təşkil olunub.

Təlim zamanı gənclərə “Elektron hökumət” portalı, “Elektron imza”nın praktiki tətbiqi və e-imza ilə biznes proseslərinin səmərəliliyinin artırılma qaydaları, elektron vergi xidmətləri, məcburi dövlət sosial sığortası üzrə hesabatların, əmək bildirişlərinin qeydiyyata alınması xidmətləri barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, elektron xidmətlər barədə maarifləndirici tədbirlərə yaranan tələbatı nəzərə alaraq, bu mövzuda mütəmadi olaraq təlimlər keçirilir, mövcud elektron xidmətlər və onlardan istifadəsi barədə vətəndaşlara məlumatlar verilir.

“Elektron hökumət”ə maraq artır

Məlumat üşün bildirək ki, cari ilin yanvar-sentyabr aylarında “Elektron hökumət” portalındakı (www.e-gov.az) elektron xidmətlərə ümumilikdə 17 milyon 555 min 749 müraciət qeydə alınıb ki, həmin müraciətlərin 40 faizə yaxını əmək və sosial müdafiə sahəsi üzrə xidmətlərə yönəlib. Hesabat dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi portalda elektron xidmətləri təqdim olunan qurumlar sırasında elektron xidmətlərindən istifadə sayına görə birinciliyini qoruyub saxlayır. 2017-ci ilin 9 ayında da portalda e-xidmətlərinə ən çox müraciət edilən qurum 7 006 756 müraciət sayı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olub. Hazırda “Elektron hökumət” vasitəsilə ümumilikdə 43 qurum tərəfindən 434 elektron xidmət əhalinin istifadəsindədir. Onlardan 6,5 faizi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə aid e-xidmətlərdir. Nazirliyin e-xidmətlərinin əksər hissəsi geniş istifadəçi kontingenti ilə seçilirlər. “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi”, “Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, “İş yerinə dair arayış”, “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi”, “Tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi” də belə xidmətlərdəndir.

Həmçinin, “Sığortaolunanlara məlumatların verilməsi”, “Hamiləliyə və doğuma görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, “Sığortaedənin uçot nömrəsinin öyrənilməsi”, “Pensiya kalkulyatoru”, “Məcburi dövlət sosial sığortası üzrə hesabatların təqdim edilməsi”, “Uşağın anadan olmasına görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, “Sığortaedənin (Hüquqi şəxs) onlayn uçota alınması” və s. e-xidmətlərdən istifadə sayı daim artır. Təkcə ötən ay nazirliyin e-xidmətlərinə keçən ilin sentyabr ayı ilə müqayisədə 20,7 faiz çox, yəni 520 205 müraciətin olması da bunu təsdiqləyir. Ümumilikdə bu gün əmək, sosial sığorta və pensiya, müavinət və sosial yardım münasibətləri, tibbi-sosial ekspertiza və reabilitasiya sahələri üzrə geniş e-xidmətlər şəbəkəsi əhalinin istifadəsindədir. Nəticədə qeyd olunan sahələrdə məmur-vətəndaş kontaktları aradan qaldırılmaqla, dövlət xidmətlərindən əhalinin şəffaf şəraitdə və daha rahat şəkildə istifadəsinə, bu xidmətlərin sosial cəhətdən həssas əhali qrupları üçün əlçatanlığına nail olunub. Bu amillər isə nazirliyin e-xidmətlərinə ictimai marağın getdikcə artmasına əsas yaradıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aidiyyəti fəaliyyət sahələri üzrə avtomatlaşdırılmış sistemlərin və elektron xidmətlər şəbəkəsinin genişləndirilməsi işləri hazırda da davam etdirilir.

Elektron arayışlar üçün yeni imkanlar

Son dövrlər “Elektron hökumət” portalında elektron arayışların sayı artıb. Portala "Azərsu" ASC-nin yeni elektron xidməti də inteqrasiya olunub. Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”ya əsasən, dövlət xidmətlərinin çevikliyinin və səmərəliliyinin artırılması, əlverişli biznes mühitinin inkişafı üçün “Elektron hökumət” xidmətlərinin müasir texnologiyaların tətbiqi ilə genişləndirilməsi davam etdirilir.

Portaldan bildirilib ki, bu məqsədlə daha bir xidmət “Elektron hökumət” portalına inteqrasiya edilib. Artıq portal istifadəçiləri "Azərsu" ASC-nin “Əhali qrupu üzrə istehlakçılara su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair son 12 ay üzrə faktura və ödəniş məlumatlarının verilməsi” haqqında arayış adlı elektron xidmətindən yararlana bilərlər. Xidmətdən istifadə etmək üçün “www.e-gov.az” portalından “Azərsu” ASC-nin təqdim etdiyi elektron xidmətlərin siyahısından və ya elektron arayışlar bölməsindən “Əhali qrupu üzrə istehlakçılara su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair son 12 ay üzrə faktura və ödəniş məlumatlarının verilməsi” xidmətini seçmək lazımdır. İstifadəçi açılan səhifəyə 13 rəqəmli abonent kodunu daxil edib bazada mövcud olduğu təqdirdə isə istifadəçi şəxsi məlumatları ilə yanaşı, sayğacının tipi, son 12 ay üzrə faktura sərfiyyatı, son 12 ay üzrə faktura məbləği, son 12 ay üzrə ödənilmiş məbləğ barədə informasiyanı arayış formasında əldə edə bilir.

Qeyd edək ki, bununla da "Azərsu" ASC-nin “Elektron hökumət” portalında təqdim etdiyi elektron xidmətlərin sayı 11-ə çatıb. Hazırda portal üzərindən ümumilikdə 18 elektron arayış təqdim olunur.

Beynəlxalq təcrübə müdadiləsi

Azərbaycan öz modeli ilə yanaşı, digər ölkələrin də təcrübəsindən yararlanmağı məqsədyönlü hesab edir. Bu səbəbdən də davamlı olaraq, ölkəmizin təmsilçiləri beynəlxalq tədbirlərə qatılırlar. Həmin səfərlər zamanı Azərbaycan öz modeli ilə önə çıxır. Belə ki, bu günlərdə Azərbaycanın “Elektron imza” təcrübəsi BMT-nin toplantısında təqdim olunub.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məlumatına görə, İsveçrə Konfederasiyasının Cenevrə şəhərində BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD) tərəfindən “Elektron ticarət və rəqəmli iqtisadiyyat” üzrə hökumətlərarası ekspert qrupunun ilk iclası keçirilib. İclasda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi də iştirak edib. Ekspert qrupunun əsas məqsədi rəqəmli iqtisadiyyatın dünya ölkələri üzrə qeyri-bərabər inkişaf etdiyini nəzərə alaraq, elektron ticarətin imkanlarından faydalanmaqda və mövcud çətinliklərin aradan qaldırılmasında inkişaf etməkdə olan ölkələrə dəstək olmaqdır.

Müxtəlif beynəlxalq təşkilatların rəsmiləri ilə yanaşı, 70-dən artıq ölkə nümayəndəsinin iştirak etdiyi hökumətlərarası ekspert qrupunun iclasında BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD) tərəfindən hazırlanan “İnformasiya İqtisadiyyatı-2017” hesabatı təqdim olunub. İclasda inkişaf etməkdə olan ölkələrdə rəqabətədavamlı elektron ticarət və rəqəmli iqtisadiyyatın qurulması ilə bağlı ehtiyacların müəyyənləşdirilməsi, inkişaf etməkdə olan ölkələrin texnoloji infrastrukturunun yaxşılaşdırılması üçün görüləcək işlər, elektron ticarətin imkanlarından maksimum yararlanmaq və mövcud çətinliklərin aradan qaldırılması üçün inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrlə tərəfdaşlıq formalarının müəyyənləşdirilməsi kimi məsələlər müzakirə olunub.

Sonra 2016-cı ildə UNCTAD tərəfindən təsis olunmuş beynəlxalq “www.etradeforall.org” platformasının inkişafına dair məlumat verilib. Bu platforma inkişaf etməkdə olan ölkələrə elektron ticarətin potensialından faydalanmaq imkanı verir. Bu təşəbbüs vasitəsilə ölkələr potensial tərəfdaşlarla əlaqə qura, yeniliklər və elektron ticarət üzrə ən son məlumatları əldə edə bilərlər.

Tədbirdə çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi Azər Bayramov elektron ticarət və rəqəmli iqtisadiyyatın inkişafı üzrə Azərbaycan təcrübəsindən, “Elektron hökumət”in, elektron xidmətlərin və Açıq Hökumət məlumatlarının elektron ticarətin inkişafında mühüm rolundan danışıb.

Qeyd edilib ki, 2018-ci ildən etibarən Azərbaycan vətəndaşlarına veriləcək yeni nəsil şəxsiyyət vəsiqələri, mobil hökumətin və mobil imzanın geniş tətbiqi ölkəmizdə elektron ticarətin inkişafına mühüm təkan verəcək.

Çıxışda ölkələrarası elektron ticarətin inkişafı üçün elektron imzaların qarşılıqlı tanınmasının əhəmiyyəti və bu istiqamətdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən görülən işlər barədə məlumat verilib. Elektron imzanın tətbiqi ilə bağlı Azərbaycan təcrübəsi iştirakçılar tərəfindən maraqla qarşılanıb və uğurlu təcrübə kimi qeyd olunub.

Bütün bunları nəzərdən keçirdikdə bir daha əmin olmaq lazımdır ki, ölkəmizdə İKT-nin inkişaf etdirilməsi yönündə hətaya keçirilən tədbirlər ciddi nəticələrə hədəflənib. Əldə edilən uğurlar, bundan sonrakı planlar da bu sahədə böyük nailiyyətlər əldə edəcəyimizdən xəbər verir.

Z.MƏMMƏDLİ
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə "İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində hazırlanıb.




Bölməyə aid digər xəbərlər
8-12-2018, 23:15 50-dən artıq startap...

{sape_links}{sape_article}