İKT iqtisadi yüksəlişə səbəb olacaq
Tarix: 05-11-2017 12:41 | Bölmə: Layihə / Xəbərlər
İKT iqtisadi yüksəlişə səbəb olacaq

Ekspert deyir ki, müasir texnologiyaların tətbiqi ölkədə yoxsulluğun və işsizliyin aradan qaldırılmasına təkan verəcək

Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarının (İKT) inkişafı üçün müxtəlif tədbirlər görülür. Əgər bir zamanlar kompüterləşmə, müasir texnologiyanın tətbiqi, internet resurslarının qurulması barədə düşünülürdüsə, artıq yüksək texnologiyaların tətbiqi istiqamətində mühüm addımlar atılır.

Belə demək mümkündürsə, son illər Azərbaycanda İKT sahəsində ciddi uğurlar qazanılıb və bu sahəninin daha da inkişaf etdirilməsi dövlət siyasətinin prioritetlərindən birinə çevrilib. Bu işdə strateji proqramların da rolu böyükdür. “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya”da nəzərdə tutulan və bu proqrama uyğun həyata keçirilən tədbirlər planı nəticəsində irəliləyişlərə nail olunub.

Qeyd edək ki, ölkənin bütövlükdə elektron hazırlığının, o cümlədən mövcud telekommunikasiya infrastrukturunun, texniki və proqram vasitələrinin, informasiya resursları və xidmətlərinin, hüquqi normativ bazanın təhlili göstərir ki, ölkədə informasiya cəmiyyətinin formalaşdırılmasını daha da sürətləndirmək üçün ilkin şərtlər və bir sıra obyektiv çətinliklər mövcuddur. Bunlar, əhalinin savadlılıq və təhsil səviyyəsinin yüksək olması, internet şəbəkəsindən ölkə miqyasında istifadə üçün münasib imkanlar, milli özəl telekommunikasiya operatorlarının mövcudluğu və onların inkişafda olması, milli layihələrdə İKT-nin tətbiqi sahəsində geniş təcrübənin vacibliyi və digərləridir.

Mütəxəssislərin araşdırmalarına görə, ölkədə İKT-dən istifadə ilə bağlı aparılan işlərin istiqamətlərini və onların prioritetlərini təyin edən, görülən işlərin əlaqələndirilməsini təmin edən məqsədyönlü dövlət siyasətinin hələlik tam müəyyən edilməməsi, İKT-dən istifadə ilə əlaqədar yaranan münasibətləri tənzimləyən hüquqi normativ bazanın tam işlənilməməsi, İKT sahəsində yüksək səviyyəli mütəxəssislərin çatışmazlığı, Azərbaycan dilinin İKT sahəsində geniş istifadəsində ciddi problemlərin olması və digər çatışmazlılar var.

İqtisadçı-kibernetik, İKT üzrə ekspert Həsən Babayev “Reytinq”ə deyib ki, Azərbaycan informasiya cəmiyyətinin formalaşdırılması prosesini sürətləndirməyə qərarlıdır. Digər tərəfdən, BMTİP və başqa beynəlxalq təşkilatlar bu sahədə ölkəyə texniki və maliyyə dəstəyi göstərməyə hazırdır:

“İnformasiya cəmiyyətinin hüquqi normativ bazasının yaradılması sahəsində Azərbaycan dövlətinin artıq müəyyən müsbət təcrübəsi var. Respublikanın ali və orta ixtisas məktəblərinə tələbə qəbulu prosesində yeni texnologiyalar geniş şəkildə tətbiq edilib, on-line rejimdə biliyin yoxlanılması həyata keçirilir, bu sahədə informasiya resursları formalaşdırılıb, əhaliyə internet vasitəsilə geniş informasiya xidmətləri göstərilir. Respublikada məhkəmə hakimlərinin və bir sıra dövlət qulluqçularının seçilmə prosesində İKT-dən müvəffəqiyyətlə tətbiq edilir. «Seçkilər» dövlət avtomatlaşdırılmış informasiya sistemi də yaradılıb və 2000-ci ildən başlayaraq əhalinin səsverməsi zamanı İKT-dən geniş istifadə olunur. Azərbaycanın bir çox elm və təhsil müəssisələrini birləşdirən telekommunikasiya şəbəkəsi də fəaliyyət göstərir”.

İKT üzrə sertifikatlı mütəxəssislərin hazırlanması üçün regional Akademiyanın yaradılmasına da toxunan müsahibimiz bildirib ki, «Azərbaycanın milli pasport sistemi» layihəsində İKT-dən geniş tətbiq edilib. Bundan əlavə, Azərbaycanın bank sistemində real vaxt rejimində banklararası milli elektron ödəniş sistemi və kiçik ödənişlər üçün avtomatlaşdırılmış klirinq sistemi layihələri həyata keçirilib: “Eyni zamanda respublikada beynəlxalq təşkilatların dəstəyi ilə informasiya sahəsində maarifləndirmə yönümlü bir sıra regional mərkəzlər yaradılıb. Bir sıra dövlət və özəl qurumlarda İKT sahəsində əhəmiyyətli layihələr reallaşdırılıb”.

Milli Strategiyanın əsas məqsəd və vəzifələrinə diqqət çəkən ekpert deyib ki, Milli Strategiya İKT-dən istifadə və onun genişləndirilməsi sahəsində dövlətin siyasətini əks etdirir, əsas məqsəd və vəzifələri, prioritetləri və fəaliyyətin əsas istiqamətlərini müəyyən edir. Onun qənaətincə, Milli Strategiya cəmiyyətin tələblərini, qabaqcıl dünya təcrübəsini nəzərə alır və ölkənin inkişafına, demokratik cəmiyyət quruculuğuna, Azərbaycanın beynəlxalq aləmə inteqrasiyasına xidmət göstərir:

“Milli Strategiyanın əsas məqsədi İKT-dən geniş yararlanmaqla ölkənin demokratik inkişafına kömək göstərmək və informasiya cəmiyyətinə keçidi təmin etməkdir. Milli Strategiyanın əsas vəzifələrinə informasiya cəmiyyətinin hüquqi əsaslarının yaradılması və inkişafı, cəmiyyətdə insan amilinin inkişaf etdirilməsi, vətəndaşların keyfiyyətli təhsil, tibbi xidmət və sosial təminatlar alması üçün əlverişli şəraitin yaradılması, vətəndaşların və sosial institutların məlumat almaq, onu yaymaq və istifadə etmək kimi hüquqlarının təmin edilməsi üçün müvafiq mühitin yaradılması, effektiv, şəffaf və nəzarət oluna bilən dövlət idarəetməsi və yerli özünüidarəetmənin həyata keçirilməsi, “Elektron hökumət”in yaradılması, “Elektron ticarət”in formalaşdırılması və inkişafı, ölkənin iqtisadi, sosial və intellektual potensialının möhkəmləndirilməsi, informasiya və biliklərə əsaslanan, rəqabətə davamlı iqtisadiyyatın qurulması, informasiya və bilik bazarının yaradılması və inkişafı aiddir. Bundan əlavə, inkişaf etmiş informasiya və kommunikasiya infrastrukturunun yaradılması, vahid milli elektron informasiya məkanının formalaşdırılması, İKT xidmətlərinin genişləndirilməsi, ölkənin informasiya təhlükəsizliyinin təmin olunması, ölkənin ümumdünya elektron informasiya məkanına inteqrasiyası, Milli Proqram vasitələrinin yaradılması, İKT məhsullarının istehsalının (İKT sənayesinin) inkişaf etdirilməsi əsas məqsədlərdən sayılır”.

Ekspertin qənaətincə, Milli Strategiyanın həyata keçirilməsi nəticəsində dövlət idarəetməsində şəffaflıq təmin olunacaq, davamlı iqtisadi dirçəlişə nail olunacaq, əhalinin həyat şəraiti yaxşılaşacaq, ölkədə vahid elektron informasiya məkanı formalaşacaq, bütün vətəndaşlar üçün informasiya əldə etmək imkanları yaranacaq və milli maraqlar nəzərə alınmaqla ölkə ümumdünya elektron informasiya məkanına inteqrasiya olunacaqdır.

H.Babayev onu da qeyd edib ki, müasir tələblər baxımından ölkədə İKT-nin inkişafı bütövlükdə dövlətin hərbi-siyasi və sosial-iqtisadi potensialının göstəricilərindəndir. Onun fikrincə, Azərbaycan bu mənada istisna hal təşkil etmir və informasiya cəmiyyətinə keçid üçün ölkədə əlverişli şəraitin yaradılması Azərbaycan dövlətinin siyasi məqsədlərindən biridir:

“Ölkənin informasiyalaşdırılması yolu ilə informasiya cəmiyyətinin formalaşdırılması təşkilati, sosial-iqtisadi, elmi-texniki, texnoloji və ən başlıcası, siyasi amillərə malik olan mürəkkəb prosesdir, onun müvəffəqiyyətlə həyata keçirilməsinə cəlb olunan siyasi-inzibati, maliyyə, insan, texniki və s. resurslardan səmərəli istifadə olunmasını, prioritetlərin və fəaliyyət istiqamətlərinin düzgün müəyyən edilməsini, görülən işlərin tənzimlənməsini və əlaqələndirilməsini tələb edir. Bu səbəbdən İKT-nin tətbiqi və inkişafı sahəsində «İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında» Qanunda təsbit olunmuş dövlət siyasətinin həyata keçirilməsi üzrə Milli Strategiya və fəaliyyət planının olması çox vacibdir”.

Xatırladaq ki, Milli Strategiyada qeyd olunur ki, informasiya cəmiyyətinə keçid üçün əlverişli şəraitin yaradılmasında dövlət aparıcı rol oynayır və onun fəaliyyəti əsasən aşağıdakıları əhatə edir:

§ qanunvericilik bazasının formalaşdırılması və mütəmadi olaraq təkmilləşdirilməsi;

§ ölkə daxilində informasiya texnologiyalarının tətbiqi ilə bağlı fəaliyyətin təhlili və tənzimlənməsi;

§ milli və dövlət informasiya sistemlərinin yaradılması, informasiya resurslarının formalaşdırılması, dövlət orqanlarının bu istiqamətdə fəaliyyətinin idarə edilməsi;

§ yeni şəraitə münasib olan, xarici və yerli sərmayələrin cəlb edilməsi və iqtisadi fəaliyyətdə ədalətli rəqabətin aparılmasına xidmət edən əlverişli mühitin yaradılması;

§ cəmiyyətin geniş təbəqələrinin strategiyanın həyata keçirilməsinə cəlb edilməsi məqsədilə siyasi, hüquqi, iqtisadi və inzibati mexanizmlərdən istifadə etməklə prosesin bütün iştirakçıları üçün bərabər şəraitin yaradılması, onların fəaliyyətinin əlaqələndirilməsi;

§ hər bir vətəndaşın hüquq və azadlıqlarının müdafiəsi, şəxsiyyət haqqında və özəl məlumatların qorunmasının təmin olunması;

§ vətəndaşların dövlət informasiya resurslarına müraciət etməsi üçün imkan yaradılması;

§ ölkənin informasiya təhlükəsizliyinin təmin edilməsi;

§ strategiyanın həyata keçirilməsi üçün tələb olunan maliyyə vəsaitlərinin səfərbər edilməsi, dövlət əhəmiyyətli və sosial yönümlü layihə və proqramların dəstəklənməsi;

§ milli informasiya və kommunikasiya texnologiyalarının, texniki və proqram məhsullarının istehsalı üçün əlverişli şəraitin yaradılması, onların dünya bazarına çıxarılmasının stimullaşdırılması;

§ informasiya və kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən özəl şirkətlər, xüsusilə kiçik və orta müəssisələr üçün əlverişli şəraitin yaradılması;

§ müasir informasiya və kommunikasiya texnologiyalarının iqtisadiyyatın bütün sahələrində tətbiqi üçün əlverişli şəraitin yaradılması;

§ dövlət idarəetməsində və yerli özünüidarəetmədə müasir texnologiyalardan istifadə olunması;

§ elektron hökumətin formalaşdırılması istiqamətində ardıcıl fəaliyyətin həyata keçirilməsi;

§ informasiya və kommunikasiya texnologiyaları sahəsində ölkənin milli maraqlarını təmin edən beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi.

Müsahibimiz onu da nəzərə çatdırıb ki, Milli Strategiya fəaliyyətin əsas istiqamətlərini və məzmununu konseptual baxımdan müəyyənləşdirdiyindən onun gerçəkləşməsi üçün hər bir istiqamət üzrə fəaliyyət planları milli İKT-proqramlar işlənib hazırlanır və konkret işlər layihələr vasitəsilə həyata keçirilir. “Strategiyanın həyata keçirilməsi prosesinin müvəffəqiyyəti onun idarə edilməsinin düzgün təşkilindən bilavasitə asılıdır. Bu proses İKT-dən istifadə və onun inkişafı sahəsində dövlətin siyasətini həyata keçirən idarəetmə strukturları tərəfindən əlaqələndirilir, tənzimlənir və idarə olunur. Strategiyanın həyata keçirilməsi elmi əsaslarla aparılır və demokratik qaydada idarə edilir. Onun uğurunu görülən işlərin sistemli və ardıcıl olaraq aparılması, əhalinin geniş kütlələri tərəfindən dəstəklənməsi, milli dialoqa nail olunması, açıq müzakirələrin və məsləhətləşmələrin aparılması, verilən təkliflərə obyektiv baxılması, layihənin işlənib hazırlanmasında və həyata keçirilməsində maraqlı tərəflərin iştirakını təmin edir. Ölkənin informasiya cəmiyyətinə doğru irəliləməsinin səviyyəsini müəyyənləşdirmək üçün ölkədəki elektron vəziyyətin daimi monitorinqi aparılır. Bu məqsədlə dünya təcrübəsi əsasında milli nailiyyət göstəriciləri işlənib hazırlanır. Ölkədəki elektron vəziyyətin daimi monitorinqi və onun qiymətləndirilməsi dövlətin informasiya siyasətinin əsas vəzifələrindən biridir. Strategiyanın müəyyənləşdirdiyi fəaliyyətin həyata keçirilməsi nəticəsində dövlətin, sosial institutların, qeyri-hökumət təşkilatlarının, özəl şirkətlərin, bütövlükdə cəmiyyətin və onun ayrı-ayrı üzvlərinin maraqlarının ödənildiyi informasiya cəmiyyətinə keçid üçün ölkədə əlverişli mühit formalaşacaq”, - deyə H.Babayev əlavə edib.

Ekspert sonda onu da vurğulayıb ki, bütün görülən işlərin nəticəsində ciddi gözləntilər var. Belə ki, əgər proses bu şəkildə davam edərsə, Azərbaycan İKT sahəsində Avropanın qabaqcıl ölkələri sırasına daxil olub, Cənubi Qafqaz və Transxəzər regionlarında ölkənin İKT-lider mövqeyini təmin edə bilər. Bundan əlavə, informasiya resurslarına və xidmətlərinə azad şəkildə və asanlıqla müraciət etmənin təşkili yolu ilə əhaliyə informasiya xidmətləri göstəriləcək. İKT-nin tətbiqi nəticəsində ölkə iqtisadiyyatında əhəmiyyətli yüksəliş baş verəcək, yoxsulluğun və işsizliyin aradan qaldırılması istiqamətində yüksək nailiyyətlər əldə ediləcək.

Z.MƏMMƏDLİ
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə "İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində hazırlanıb.




Bölməyə aid digər xəbərlər
8-12-2018, 23:15 50-dən artıq startap...

{sape_links}{sape_article}