16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Tədrisdə İKT-dən istifadənin faydaları - Ekspert
Tarix: 27-12-2017 13:24 | Bölmə: Layihə
Tədrisdə İKT-dən istifadənin faydaları

Təranə İsmayılova: “Şagirdlərimizi XXI əsrin tələblərinə cavab verən müasir iş yerlərinə tam hazırlıqlı şəkildə yetişdirməliyik”

Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası imzalanıb. Bu strategiyanın Azərbaycan təhsili üçün əhəmiyyəti böyükdür.

Elmi-texniki tərəqqi (ETT) həyatımızın bütün sahələrini əhatə etdiyi bir dövrdə məktəblərdə tədris olunan dərslərin keyfiyyət göstəricilərini artırmaq məqsədilə informasiya və kommunikasiya texnologiyalarını (İKT) dərs prosesində tətbiq etmək artıq zərurətə çevrilib. İKT-nin istifadəsi təlim prosesini həm əyaniliyi ilə zənginləşdirir, həm də biliklərin praktik şəkildə tətbiqinə sövq edir. Bu faktın doğruluğunu aşağıdakı piramida üzrə müşahidə edə bilərik. Verilmiş piramida müxtəlif tədris üsulları vasitəsi ilə yeni məlumatların şagirdlər tərəfindən hansı dərəcədə qavranılmasını əks etdirir.

Bu barədə fikirlərini “Reytinq”lə bölüşən Abşeron rayonunun Saray qəsəbəsindəki 3 saylı tam orta məktəbin informatika müəllimi, İLO Beynəlxalq Olimpiada müsabiqəsinin qalibi, İKT-nin təhsildə tətbiqi üzrə təlimçi Təranə İsmayılova hesab edir ki, müasir təhsil mühiti daim dəyişməkdə və yeniləşməkdədir. Onun sözlərinə görə, şagirdlər multimedia dünyasında inkişaf etməlidirlər:
“Texnologiya elə sürətlə inkişaf edir ki, müəllimlərin yeni rəqəmsal alətlərlə ayaqlaşması bir az çətinlik törədir. Bizim şagirdlər bu məsələdə bizdən bir neçə addım irəlidədir. Onlar mobil telefonlardan, çatdan rahat şəkildə istifadə edir, YouTube-da video-görüntülər yerləşdirirlər. Bloqlarlar yaradaraq, Facebook-un imkanlarından istifadə edərək öz dostları ilə əlaqə yaradırlar və s. Bu səbəbdən müasir texnologiyaların köməyi ilə şagirdləri tədris prosesində daim məşğul saxlamaq və öyrənmə prosesini cəlbedici formada həyata keçirmək üçün Azərbaycan müəllimlərinin təlim prosesinə yaradıcı və rəqəmsal yanaşması vacibdir. Biz müəllimlər öz şagirdlərimizi düzgün istiqamətləndirməliyik ki, onlar bu imkanlardan istifadənin yalnız əyləncə məqsədi ilə deyil, həm də bilik və bacarıqlarını artırmaq üçün zəruri olmasını dərk etsinlər. Həmçinin, müəllimlər sagirdlərimizdə daha böyük maraq oyadaraq bu günün sinif otaqlarında və gələcəyin iş yerlərində İKT alətlərindən düzgün istifadə yollarına yiyələnləndirməlidirlər. Şagirdlərimizi XXI əsrin tələblərinə cavab verən müasir iş yerlərinə tam hazırlıqlı şəkildə yetişdirməliyik”.

Müsahibimiz vurğulayıb ki, artıq XXI əsrdə yalnız yazıb-oxuya bilməyən insanlar savadsız hesab olunmayacaqlar, bu siyahıya öyrətməyi və yenidən öyrənməyi bacarmayanlar da əlavə olunacaq. Onun fikrincə, müasir dövrün insanlarında həm həyat üçün, həm də peşəkar fəaliyyət üçün vacib olan bir sıra bacarıq və kompetensiyalar formalaşmalıdır:

“Bizim dəyişməyə hazır olan, cəmiyyətin dəyişdiyini və məktəblərin də buna müvafiq dəyişməli olduğunu başa düşən müəllimlərə ehtiyacımız var. XXI əsr rəqəmsal texnologiyalar əsri olduğu üçün müəllimlər şagirdlərə yeni rəqəmsal dünyadan düzgün və səmərəli şəkildə bəhrələnməyi öyrətməlidirlər”.

Rəqəmsal mühitdə müəllimlər üçün əsas fəaliyyət istiqamətləri bunlardır:

• Şagirdi öyrənməyə və yaradıcılığa həvəsləndirmək və istiqamətləndirmək;

• Rəqəmsal təhsil təcrübəsini və qiymətləndirməni inkişaf etdirmək;

• Rəqəmsal dövrün iş və tədrisini tərtib etmək;

• Rəqəmsal vətəndaşlığı modelləşdirmək və məsuliyyətli yanaşmanı inkişaf etdirmək;

• Professional yüksəlişi və liderliyi inkişaf etdirmək.

T.İsmayılova deyir ki, yuxarıda sadalanan istiqamətlərdə fəaliyyət göstərən müəllim artıq müasir dövrdə rəqəmsal dünyanın üzvünə çevrilir və sosial şəbəkənin imkanlarından faydalanaraq dərs prosesini XXI əsrin tələblərinə müvafiq şəkildə qurmağı öyrənir:

“Bu vəzifələri həyata keçirmək üçün müəllim əvvəlcə öz potensial imkanlarını araşdırmalı, öz fəaliyyətini qiymətləndirməyi bacarmalıdır. Bu məqsədlə müəllim özünə bir neçə sual verərək onun üzərinə düşən konkret vəzifələri müəyyən etməlidir”.

T.İsmayılova müasir dövrdə müəllimlərin üzərinə böyük yük düşdüyünü nəzərə çatdırıb. Müsahibimiz qeyd edib ki, yeni texnologiyalar haqqında müəllimin özünə verəcəyi 12 sual var. Bunları belə səciyyələndirmək olar:

İKT şagirdin öyrədilməsinə istiqamətlənmişdirmi?

Burada müşahidə olunan nəticələr varmı?

Bu, standartlara cavab verirmi?

Bu, nəticələri göstərirmi?

Bu, tədqiqat bacarıqlarını inkişaf etdirirmi?

Bu, kommunikasiya bacarıqlarını artırırmı?

Şagirdlər məsuliyyətlidirlərmi?

Bu, şagirdlər arasında əməkdaşlığı inkişaf etdirirmi?

Bu, şagirdlərə qlobal miqyasda əlaqə yaratmağa imkan verirmi?

Bu, şagirdlərin böyük həcmdə informasiya ilə işləməyinə şərait yaradırmı?

Bu, şagirdlərə özlərini yönləndirməyə və özünütəhsillə məşğul olmağa şərait yaradırmı?

Bu, davamlıdırmı?


Bu sualları cavablandıran müəllim müasir texnologiyanın şagirdlər tərəfindən mənimsənilməsinə nail ola bilər. Qeyd etdiklərimi nəzərə alaraq, İKT-nin tətbiqi ilə XXI əsrin tələblərinə cavab verən yeni dərs modelinin yaradılması və tədris prosesində tətbiqi dövrün tələbidir. Şagirdlərimizi uğurlu gələcəyə hazırlamaq istəyiriksə, sinif otaqlarımızı XXI əsrin tələblərinə uyğun dəyişmək kifayət deyil, həmçinin şagirdlər üçün yeni imkanlar açan alətlərdən istifadə modelinin yaradilmasına da ehdiyacımız vardır. Buna müvafiq şagirdlər üçün texnologiyaların təhsil standartlarını nəzərə almaq lazımdır.

Uşaqların demək olar ki, necə təhsil alacaqları barəsində öz seçimləri yoxdur. Əksər hallarda onlar sinif otaqlarına yığılır və onlara nə etmək və nə zaman etmək lazım olduğu müəllim tərəfindən deyilir. Bugünki şagirdi texnologiyanın vasitəsilə fikirləşməyə, təsəvvür, tətbiq, analiz etməyə, xatırlamağa, fikir mübadiləsinə və yaradıcılığa həvəsləndirmək zəruridir . Bunları yalnız şagirdlərin İKT barəsində bildikləri ilə biz müəllimlərin yaxşı təhsil barədə bildiklərimiz arasında körpü yaratdıqdan sonra etmək olar”.

Ekspert onu da bildirib ki, internetdə tədris prosesi üçün kifayət qədər on-line alətlər mövcuddur, onların köməyi ilə texnologiyanı müasir sinif otaqlarına gətirərək şagirdləri dərs prosesində aktiv iştiraka həvəsləndirmək və xarici mühit ilə əlaqə yaratmasına kömək etmək olar. Onun qənaətincə, XXI əsrin bilik və bacarıqlarını özündə əks etdirən Web 2.0 On-line alətlərin köməyi ilə istifadəçi passiv izləyicidən aktiv iştirakçıya çevrilir:

“Hazırda tədris prosesində istifadə etdiyim bir neçə Web 2.0 On-line alətlərlə sizi də tanış etmək istərdim:

- http://www.wordle.net

Sizin daxil etdiyiniz, bir-biri ilə əlaqəli olan sözlər əsasında söz toplusu yaradan alətdir.

Nümunə:

- http://www.creaza.com

4 yaradıcı alət – İdeyalar xəritəsi yaradan alət, cizgi filmi yaradan alət, video və audio alətlər.

- http://classtools.net

öyrədici oyunların, yoxlayıcı sualların və diaqramların hazırlanması aləti.

- http://edu.glogster.com

On-line interaktiv posterlər hazırlamaq üçün alət.

Nümunə:

http://aliyarzaderaya.edu.glogster.com/azerbaijan-novruz/

- http://shwup.com

Foto və video göruntülərdən ibarət təqdimatların hazırlanmasıdır. Bundan əlavə, bütün informasiyalara çıxışın olması dərslərin keçirilməsi üçün bir növ köməkçi alət funksiyasını yerinə yetirir, tədqiqat xarakterli layihələrin hazırlanması üçün, çıxışın olması (tədris istiqamətli ), mütəmadi olaraq, təlim və tədris prosesinin keyfiyyətinin artması, intellektual mübadilənin və ünsiyyətin təkmilləşdirilməsi, dünya təcrübə və biliklərinə yiyələnməyin təmin edilməsi, internet resurslarından həm də tədris prosesində maraqlı və əyləncəli istiqamətlərdə də istifadə etmək olar”.

Maraqlıdır, internet resursları tədris prosesində hansı köməklikləri göstərir? Bu sahə hansı çatışmazlıqlar var?

Bu sualı cavablandıran təlimçi qeyd edib ki, internet resurslarından dərs prosesinin qurulması zamanı problemlər mövcuddur:

“İstər müəllim, istərsə də şagird internetdən istifadə zamanı, onun qarşısında geniş internet resursları açılır. Əgər biz nəzərə alsaq ki, bu resurslar bizə müsbət əhəmiyyətli bilgilər verdiyi kimi, həm də bu mənbələrdə mənfi informasiyalar da verə bilər, xüsusən də bu informasiyalardan şagirdlərimizin istifadəsi zamanı qarşılaşa biləcəkləri təhlükələri nəzərə alsaq, bu zaman müəllimlərin öhdəsinə necə böyük məsuliyyətli iş düşdüyünü görərik.

İnternet resurslarından istifadə edərkən 2 maraqlı məqam özünü göstərir:

1-ci məqam - Müəllim öz şagirdlərinə internet resusrlarından düzgün istifadə etməyin yollarını, onlar qarşısında açılan böyük informasiya mənbələrindən düzgün istifadə edərək, özünü öyrətmə yolu ilə mövzu üzrə öz biliklərini, dünya görüşlərini artıracaq və maraqlı fikir mübadiləsinin sirlərinə yiyələnəcəklər.

2-ci məqam - Bu prosesi bütünlüklə şagirdlərin öz öhdəsinə buraxmaq. Amma bu zaman şagirdlər bu internet şəbəkəsindəki informasiya resurslarının arasında sanki hörümçək toruna düşmüş bir arıya bənzəyəcək”.

Müsahibimiz internet resurslarından yararlanmaqla dərsi təşkil edərkən müəllimin əməl etməli olduğu qaydalardan da danışıb:

“İnternet texnologiyalarına əsaslanan istənilən dərs prosesinin qurulması dərsin təşkilindən başlayır. Bu mərhələnin əsas məqsədi - öncə keçiriləcək mövzu haqqında şagirdlərə düzgün istiqamət verməkdir. Bu mərhələdən sonra müəllim şagird qarşısında problemli vəziyyət yaradır. Dərsin əsas mərhələsi də xüsusi nəzərə alınmalıdır. Bu mərhələdə artıq müəllimin üzərinə böyük məsuliyyət düşür. Məhz bu mərhələdə artıq şagird müəllimin ona verdiyi tapşırığı yerinə yetirmək üçün, internetdə onun qarşısında açılan böyük informasiya axınları arasından məhz ona lazım olan konkret informasiyaları əldə etməsi üçün, aktiv fəaliyyətə başlayırlar. Məhz bu mərhələdə müəllimin əsas rolu fasilitator olmaqdır. Hər bir şeyi ən xırda zərrəciyinə kimi izah olunmalıdır. Müəllim bu mərhələdə olduqca diqqətli olmalıdır ki, onun şagirdlərinin internetdə axtarışlar zamanı qarşılarına çıxan, böyük informasiya axınının içərisindəki burulğana düşməsinlər. Bu mərhələdə əsas ideyalar şagirdlər tərəfindən gəlməlidir”.

Z.MƏMMƏDLİ

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə "İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində hazırlanıb.




Bölməyə aid digər xəbərlər
8-12-2018, 23:15 50-dən artıq startap...

{sape_links}{sape_article}