İnternet istifadəçiləri üçün yeni xidmət fəaliyyətə başlayır - İmkanlar artacaq
Tarix: 17-02-2018 14:27 | Bölmə: Layihə
İnternet istifadəçiləri üçün yeni xidmət fəaliyyətə başlayır

“Bakinternet” abunəçilərinə geniş seçim imkanları yaratmağa hazırlaşır

Müasir texnologiyaların tətbiqinin, internetdən istifadənin müsbət tərəflərilə yanaşı, mənfi tərəfləri də var. Bu səbəbdən də təhlükəsiz virtual məkanda fəaliyyət göstərmək olduqca vacibdir.

Azərbaycanda təhlükəsiz internet günü yüksək səviyyədə qeyd olunmaqdadır. 2018-ci ildə “Qarşılıqlı hörmət mühiti yaratmaq: daha yaxşı internet sizinlə başlayır” şüarı ilə qeyd olunan Beynəlxalq Təhlükəsiz İnternet Günü fevralın 6-sına təsadüf edir.

Məlumat üçün bildirək ki, Beynəlxalq Təhlükəsiz İnternet Günü (International Safer Internet Day) Avropa Komissiyasının təşəbbüsü ilə 2004-cü ildən başlayaraq, hər il fevral ayında qeyd olunur. Əsas məqsəd təhlükəsiz interneti təbliğ etmək, xüsusən də gələcək nəsilləri qlobal şəbəkədə mövcud təhdidlərlə bağlı məlumatlandırmaq, maarifləndirmə işləri aparmaq, uşaq və yeniyetmələr arasında onlayn texnologiyalardan daha təhlükəsiz və məsuliyyətli istifadəni aşılamaqdır.Həmin gün “Insafe” Təhlükəsiz İnternet Mərkəzləri Şəbəkəsi tərəfindən bir sıra tədbirlər təşkil edilir.Burada internetdə təhlükəsizliyin təmin edilməsi haqqında məruzələr dinlənilir, müzakirələr aparılır, müxtəlif fikirlər səsləndirilir.Bu əlamətdar günlə bağlı Azərbaycanda da müxtəlif maarifləndirici tədbirlər keçirilir.

Beynəlxalq Təhlükəsiz İnternet Günü münasibətilə “Microsoft” Korporasiyası onlayn risklərlə bağlı aparılmış qlobal tədqiqatın nəticələrini dərc edərək, istifadəçiləri şəbəkə mədəniyyətini qorumağa və qarşılıqlı hörmət göstərməyə dəvət edib.“Microsoft” 14 ildir ki, Təhlükəsiz İnternet Gününün fəal iştirakçısıdır.Şirkət istifadəçiləri təhlükəli nəticələrdən qorumaq və şəbəkədə qarşılıqlı hörmət səviyyəsini artırmaq məqsədilə internet-risklər üzrə qlobal araşdırmalar aparır.Rəqəmsal mədəniyyət indeksi (DCI) istifadəçilərin həyatları boyunca nə qədər onlayn-risklərə məruz qaldıqlarını göstərir.

“Bu təşəbbüsün məqsədi gündəlik həyatımıza daha aktiv daxil olan onlayn texnologiyalardan təhlükəsiz və məsuliyyətli istifadənin təbliğatıdır.Buna görə də şəbəkə təhlükəsizliyinin təmin edilməsi zəmanəmizin ən aktual tələbatıdır. Təhlükəsiz və pozitiv internet – təkcə xüsusi müdafiə proqramları deyil, həmçinin pozitiv məzmun bolluğu, adi internet istifadəçilərinin şəbəkə təhlükəsizliyi barədə biliyi və şəbəkədə davranış normaları haqda ictimai fikirdir”, - deyə “Microsoft Azərbaycan” şirkətinin baş direktoru Sərxan Həşimov bildirib.

Tədqiqatda 23 ölkənin internet istifadəçiləri iştirak edib. “Microsoft”un rəqəmsal mədəniyyət indeksi - sorğuda iştirak edən 13-17 yaşarası yeniyetmələrin və 18-74 yaşarası böyüklərin cavablarına əsaslanıb. Sorğu iştirakçıları hansı internet-risklərlə qarşılaşdıqları, belə halların nə vaxt və nə qədər təkrarlandığı, hansı nəticələr verdiyi və bu cür halların baş verməməsi üçün hansı tədbirlərin görülməsi barədə sualları cavablandırıb.

Ekspertlər istifadəçilərin 4 kateqoriya üzrə 20 internet riskinə meyilliyini qiymətləndirib. Məlum olub ki, tədqiqatda iştirak edən internet istifadəçilərin üçdə ikisi onlayn risklərlə qarşılaşıb – rəqəmsal mədəniyyət indeksi 65 faiz təşkil edib. Nisbətən geniş yayılmış təhlükə - arzuolunmaz əlaqələr riski olub. Belə ki, respondentlərin 41 faizi şəbəkədə yalan, dələduzluq və fırıldaqçılıqla qarşılaşıb. Sorğu iştirakçılarının 21-i kobud rəftarla bağlı risklər haqqında danışıb. Hər dördüncü internet istifadəçisi seksual xarakterli məlumat alıb. Nüfuz riskləri 9 faiz təşkil edib ki, bu da, ötən ilin tədqiqat nəticələri ilə müqayisədə bir neçəbal azalma deməkdir. İstifadəçilərin 45 faizi internet-təhlükələrlə qarşılaşdıqları zaman yardım üçün hara müraciət edəcəklərini bildiklərini qeyd ediblər. Bundan başqa, respondentlərin 53 faizi günahkarları real həyatda tanıdıqlarını etiraf edib. Sorğu iştirakçılarının 68 faizi üçün isə internet-risklər xoşagəlməz nəticələnib – onlar nəinki şəbəkədə, hətta real həyatda da insanlara olan etimadlarını itiriblər.

“Microsoft”un tədqiqatının nəticələri ilə müəyyən olunub ki, istifadəçilər şəbəkədə neqativ halların öhdəsindən gəlmək üçün yeni üsullar tapıblar. İstifadəçilərin böyük əksəriyyəti bildirib ki, onlar digər internet istifadəçilərinə hörmət və ləyaqətlə yanaşır və münaqişələrdən qaçmağa çalışırlar.

Tədqiqat onu da müəyyən edib ki, ən çox risklərə 2000-ci illərin nəsilləri məruz qalır – ilk olaraq bu istifadəçilər rəqəmsal aləmdə böyümüş və onların şəbəkədə tədqiqat və eksperimentlər üçün kifayət qədər zamanları olub. 50-74 yaş arasında olan internet istifadəçiləri isə təhlükələrlə daha az qarşılaşıb. Həmin yaş kateqoriyasına aid olan respondentlər şəbəkədə mədəni davranışın ən yüksək səviyyəsini nümayiş etdiriblər.

Müsbət məqamlardan biri də odur ki, bir sıra ali məktəblərdə də analoji tədbirlər həyata keçirilir. Bu günlərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi və Elektron Hökumət Təlim-Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə “Təhlükəsiz İnternet Günü – 2018” konfransı keçirilib. Konfransda ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, həmçinin dövlət qurumlarının nümayəndələri, QHT və informasiya təhlükəsizliyi sahəsi üzrə mütəxəssislər, ADNSU-nun professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

ADNSU-nun rektoru Mustafa Babanlı tədbiri açaraq bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini qeyd edib. İnternetin həyatımızın ayrılmaz hissəsinə çevrildiyini deyən M.Babanlı onun bütün sahələrdə özünü göstərdiyini vurğulayıb. ADNSU-da elektron universitet, elektron kitabxana sisteminin yaradılmasının tədris üçün əhəmiyyətli olduğunu deyən Mustafa Babanlı internet təhlükəsizliyi məsələsinin də daim diqqətdə olmasının vacibliyini qeyd edib.

Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə internetdə informasiya təhlükəsizliyi, şəxsi məlumatların qorunması və internet hücumlardan qorunmaq üzrə nazirliyin apardığı işlərdən danışıb.İnternetin bütün sahələrdə tətbiq edildiyini deyən E.Vəlizadə bu cür tədbirlərin keçirilməsinin internet təhlükəsizliyini təmin etmək baxımından əhəmiyyətli olduğunu bildirib.

ADNSU-nun İnformasiya texnologiyaları və idarəetmə fakültəsinin dekanı, dosent Səməd Yusifov çıxış edərək təmsil etdiyi fakültə haqqında tədbir iştirakçılarına məlumat verib. Hazırda fakültədə 11 ixtisas üzrə 2183 nəfər tələbənin təhsil aldığını bildirən S.Yusifov bu cür tədbirlərin tələbələrin maarifləndirilməsi baxımından vacibliyini bildirib.

Tədbirin təşkilatçılarına öz minnətdarlığını bildirən ADNSU-nun “Kompüter mühəndisliyi” kafedrasının müdiri, dosent Ramiz Allahverdiyev internet təhlükəsizliyi haqqında çıxış edib.

Tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində Elektron Hökumət Təlim-Tədris Mərkəzinin direktor vəzifəsini icra edən Rauf Cabbarov, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktorunun müavini Azər Bayramov və Azərbaycan İnternet Cəmiyyətinin sədri Qalib Qurbanov çıxış edərək fərdi məlumatların internetdə qorunmasının vacibliyi, müasir texnologiyaların informasiya təhlükəsizliyinə təsiri və beynəlxalq trendlər haqqında təqdimatlar ediblər.

Tədbirin ikinci hissəsində “AzInTelecom” şirkətinin nümayəndəsi, informasiya təhlükəsizliyi üzrə ekspert Rəşad Əliyev “İnformasiya təhlükəsizliyi sahəsi üzrə müasir texnologiyalar”, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin sektor müdiri Ellada Mustafayeva “Ölkəmizdə təhlükəsiz internetin vəziyyəti”, Elektron Hökumət Təlim-Tədris Mərkəzinin təlimçisi, Azərbaycan Beynəlxalq Bankının informasiya təhlükəsizliyi üzrə mütəxəssisi Abdulla Abdullayev “İnformasiya təhlükəsizliyi sahəsi üzrə kadr hazırlığı”, Məlumat Hesablama Mərkəzinin mütəxəssisi Rahib Ağababayev “Elektron Hökumət portalında vətəndaşların informasiya təhlükəsizliyi” və ADNSU tələbələri “İnternetdə informasiya təhlükəsizliyi” mövzusunda çıxışlar ediblər.

Konfransın yekunu olaraq, vətəndaşların, ekspertlərin, özəl təşkilatların və dövlətin təhlükəsiz internet naminə daha çox əməkdaşlıq etmələri və səylər göstərmələri vurğulanıb. Bu baxımdan gənclərin və uşaqların internetdə informasiya təhlükəsizliyinin qorunması prioritet elan edilib vəilərzində bu istiqamətdə zəruri işlərin aparılması qarşıya qoyulub.

Onu da nəzərə çatdıraq ki, artıq bir ildir Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) müxtəlif yaş qruplarına aid istifadəçilər üçün “Təhlükəsiz internet” adlı layihəyə başlayıb.

Nazirlikdən “Reytinq”ə verilən məlumatda bildirilir ki, müasir dövrdə İKT-nin geniş tətbiqi və sürətli inkişafı nəticəsində internet insan fəaliyyətinin bütün sahələrinə nüfuz edib. “Nəhəng informasiya resursu rolunu oynayan interneti heç də hər zaman faydalı məlumat mənbəyi hesab etmək olmaz. Virtual mühitdə zərərli məlumatlarla qarşılaşmaq qaçılmazdır. Bunu nəzərə alaraq, istifadəçiləri İnternet təhlükələrindən qorumaq məqsədi ilə “Bakinternet” abunəçilərinə geniş seçim imkanları yaradan filtrləmə xidməti istifadəyə veriləcək. Bu xidmət fəal veb istifadəçiləri olan uşaq və yeniyetmələrin təlim-tədris prosesində, eləcə də gənclərin tədqiqat fəaliyyətində informasiya axınının təhlükə dərəcəsini qiymətləndirməyə, şəbəkənin faydalı tərəfini önə çəkməyə imkan verəcək. BTRİB-in təqdim etdiyi xidmət nəticəsində valideynlər, azyaşlılara ciddi psixoloji zərər yetirə biləcək zorakılıq, irqçilik, ekstremizm və aqressivlik təbliğ edən oyun, film və digər kontentlərin əks olunduğu saytlara nəzarət edə biləcəklər. Təhlükəsiz internet layihəsinin tətbiqi ilə nəinki azyaşlıların, eləcə də böyüklərin arzuolunmaz məzmunlardan, videoreklamlar, fişinq və viruslu saytlardan qorunması mümkün olacaq”.

İnternet istifadəçiləri üçün yeni xidmət fəaliyyətə başlayır

Onu da vurğulayaq ki, bəzi QHT-lər də təhlükəsiz təhlükəsiz internetlə bağlı layihələr həyata keçirir. Uşaqlar üçün təhlükəsiz internet layihəsi də bu qəbildəndir. Bu internet resurs Azərbaycan İnternet Forumu tərəfindən uşaqların İnternetdə təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirdiyi tədbirlərin növbəti mərhələsidir.

Məlum olduğu kimi, ötən il də Azərbaycan İnternet Forumu, Təhsil Nazirliyi və “Microsoft – Azərbaycan” qurumu ilə birgə “Uşaqların İnternetdə Təhlükəsizliyi” adlı Layihə həyata keçirib. Bu Layihə çərçivəsində Azərbaycan dilində “Uşaqların İnternetdə Təhlükəsizliyi” adlı kitab və digər əyani vəsaitlər hazırlanıb.

Resursun əsas məqsədi aşağdakılardır:

– uşaqların İnternetdə təhlükəsiz fəaliyyəti və onların zərərli informasiyalardan qorunması ilə bağlı müəllimlər, valideynlər və uşaqlar üçün metodiki-informasiya dəstəyi göstərmək, ictimaiyyətin diqqətini bu problemə cəlb etmək;

– İnternetdə zərəli infromasiyaların (qəddarlıq, uşaq pornoqrafiyası, milli və dini ayrı-seçkilik, kiber- terrorçuluq şəxsi məlumatların qeyri-qanuni ələ keçirilməsi və s.) yayılmasının qarşısının alınmasına köməklik göstərmək;

Netsafe Layihəsi çərçivəsində Qaynar Xətt xidmətinin yaradılması da nəzərdə tutulub.


Qaynar Xətt xidməti vasitəsilə İnternet sitifadəçiləri zərəli informasiyar haqqında məlum vermək imkanı əldə edəcəklər. Qaynar Xətt xidməti Təhsil Nazirliyində məktəblərin İnternet bağlantısını həyata keçirən müvafiq qurumla əməkdaşlıq şəraitində fəliyyətini quracaq.Məktəblərin internet trafikinin çeşidlənmə prosesində Qaynar Xətt xidmətinə daxil olan məlumatlardan istifadə ediləcək.

Məlumat üçün bildirək ki, bu tip layihələr Avropada uzun müddətdir fəaliyyət göstərir və müşahidələr onu deməyə əsas verir ki, bu layihələrin gerçəkləşməsi uşaqların İnternetdə təhlükəsizliyinin yaxşılasmasınada mühüm rol oynayır. Daha geniş məlumatı http://www.inhope.org/) saytından əldə etmək olar. Bu layihə çərçivəsində gələcəkdə Hotline – INHOPE beynəlxalq şəbəkəsi ilə əlaqələrin gücləndirilməsi nəzərdə tutulur.

Qarşıya qoyulan məqsəd çatmaq üçün layihə çərçivəsində əlaqədar qurumların, maraqlı tərəflərin iştirakı ilə aşağıdakı tədbirlərin keçirilməsi nəzərdə tutulur. Bundan əlavə, təhlükəsiz internet probleminin mahiyyətinin uşaqlara, valideynlərə və müəllimlərə çatdırılması istiqamətində diskussiyalar, seminarlar keçirmək, KİV-də problemin işaqlandırılmasını həyata keçirmək, Netsafe.az resursunu yeniləmək və təkmilləşdirmək, müxtəlif informasiya materiallarını nəşr edərək maraqlı tərəflərə çatdırmaq, internetdən təhlükısiz və səmərəli istifadə ilə bağlı biliklərin artırılması istiqamətində maarifçilik işi aparmaq və digər tədbirlərdir.

Z.MƏMMƏDLİ

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə "İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində hazırlanıb.




Bölməyə aid digər xəbərlər
8-12-2018, 23:15 50-dən artıq startap...

{sape_links}{sape_article}