Şagird qəbulunun elektronlaşdırılması valideynlərin işini asanlaşdırıb
Tarix: 25-02-2018 11:06 | Bölmə: Layihə
Şagird qəbulunun elektronlaşdırılması valideynlərin işini asanlaşdırıb

Orta məktəblər üzrə bu sistemin işə düşməsi qəbul prosesindəki bir sıra neqativ halların qarşısını alacaq


Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarının (İKT) ən çox tətbiq olunduğu və müsbət nəticələrin əldə edildiyi sahələrdən biri təhsildir. Artıq təhsil müəssisələrinin elektronlaşdırılması prosesi demək olar ki, bitib. İndi orta məktəblərə qəbulun da elektronlaşması istiqamətində ciddi addımlar atılmaqdadır.

Belə ki, şagirdlərin 1-ci sinfə qəbulunun elektron qaydada həyata keçirilməsi bütün ölkə üzrə tədricən tətbiq olunmağa başlanılıb. Yeni dərs ilində Bakıdan başqa, Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonunda da şagirdlərin 1-ci sinfə qəbulu elektron formada aparılacaq. Bu sistemin işə düşməsindən sonra 1-ci sinfə qəbulun elektron formada aparılması bir sıra neqativ halların qarşısını alacaq. Bu, eləcə də valideynlərin işini xeyli asanlaşdıracaq. Yəni, valideynlər məktəbə getmədən uşaqlarının birinci sinfə qəbulunu elektron qaydada həyata keçirə biləcəklər. Eyni zamanda, elektron qaydada müəllim seçimlərini də edə biləcəklər. Proses uğurlu olarsa, Təhsil Nazirliyi bütün ölkədə şagirdlərin 1-ci sinfə qəbulunu elektron qaydada həyata keçirmək niyyətindir. Hələlik isə bu, bir neçə şəhərdə pilot layihə formasında həyata keçiriləcək. Bütün uşaqlar bu sistem vasitəsilə məktəbə qəbul olunduğu halda Təhsil Nazirliyində vahid məlumat bazası da yaradılacaq. Bu da imkan verəcək ki, idarəetmə ilə bağlı düzgün və çevik qərarlar verilsin.

Məlumat üçün bildirək ki, fevralın 22-də (saat 10:00) 2018-2019-cu tədris ili üçün elektron sistem vasitəsilə Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların, eləcə də Bakı şəhərindəki dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbuluna start verilib. “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli fərmanının tələblərinin həyata keçirilməsini təmin etmək məqsədilə 2018-2019-cu dərs ilində Bakı şəhərindəki ümumi təhsil məktəblərində I sinfə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçirilir.

Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara, eləcə də Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrinə I sinfə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin mektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə həyata keçirilir. Sentyabrın 15-dək davam edən qeydiyyat prosesində valideynlər məktəbi, təlim dilini və müəllimi seçməlidirlər. Hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyən şəxslər Bakı şəhəri üzrə 52 məktəbdə yaradılmış Alternativ Qeydiyyat Mərkəzinə müraciət edə bilərlər. Həmçinin, Bakı şəhəri üzrə 6 ümumi təhsil müəssisəsində Apellyasiya Komissiyası təşkil olunub.

Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynlərinin istəyini nəzərə alaraq, onların I sinifdə də eyni sinifdə komplektləşdirilməsi və eyni müəllimə həvalə olunması nəzərdə tutulur. Bu qayda 2017-2018-ci tədris ilində məktəbəhazırlıq qruplarında dərs deyən, 2018-2019-cu tədris ilində I sinifdə tədris aparması planlaşdırılan müəllimlərin dərs dediyi siniflərə şamil olunur.

2018-2019-cu tədris ilində elektron sistem vasitəsilə uşaqların I sinfə qəbulu barədə videotəlimat (https://www.youtube.com/watch?v=KRMGV9hTHq8) hazırlanaraq Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) internet resurslarında yerləşdirilib.

Vətəndaşları maraqlandıran məsələlərə daha geniş aydınlıq gətirmək üçün BŞTİ-nin rəsmi “Facebook” səhifəsində 22 fevral-2 mart 2018-ci il tarixlərində I sinfə qəbulla bağlı suallara cavab verilir.

Xatırladaq ki, 2018-2019-cu tədris ili üçün Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonlarında da uşaqların I sinfə qəbulu elektron qaydada aparılacaq. Bu rayon və şəhərlərdə ərizələrin onlayn qeydiyyatı prosesinə martın 12-dən start veriləcək.

Hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyən şəxslər Gəncə şəhəri üzrə 5, Sumqayıt şəhəri üzrə 4, Abşeron rayonu üzrə 6 məktəbdə yaradılmış Alternativ Qeydiyyat Mərkəzlərinə müraciət edə bilərlər. Eyni zamanda, Gəncə şəhəri üzrə 1, Sumqayıt şəhəri üzrə 1 və Abşeron rayonu üzrə 1 ümumi təhsil müəssisəsində Apellyasiya Komissiyaları təşkil olunacaq.

Qeyd edək ki, 2015-2016-cı tədris ilindən Bakı şəhərində dövlət ümumi təhsil məktəblərinin və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların I sinfinə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçirilir. 2015-2016-cı tədris ilində paytaxtdakı dövlət ümumi təhsil məktəbləri üzrə I sinfə 46 578 uşaq qəbul olunub. Onlardan 43 883 nəfəri ümumi təhsil məktəblərini, 2 695 nəfəri isə lisey və gimnaziyaları seçib. 2016-2017-ci tədris ili üzrə paytaxtda I sinfə 47 619 uşaq qəbul olub. Onlardan 44 960 nəfəri ümumi təhsil məktəblərinə, 2 659 nəfəri isə lisey və gimnaziyalara sənəd verib. 2017-2018-ci tədris ili üzrə Bakı şəhərinin ümumi təhsil məktəblərinin və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların I sinfinə elektron sistem vasitəsilə qəbul prosesi çərçivəsində 49 342 uşaq qeydiyyatdan keçib. Onların 46 694 nəfəri ümumi təhsil məktəblərinə, 2 648 nəfəri isə lisey və gimnaziyalara qəbul olub. 2018-2019-cu tədris ili üzrə Bakı şəhərinin ümumi təhsil məktəblərinin və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların I sinfinə isə 50 000-dən artıq uşağın qəbulu nəzərdə tutulur.

Təbii ki, bütün yeniliklərdə olduğu kimi məktəblərə elektron qəbul prosesində də müəyyən problemlər yaranır. Əsasən də valideynlərin bu proseduru tam qavraya bilməsi, mexanizmin işləmə qaydaları və sairlə bağlı ictimaiyyətə davamlı məlumatlar verilməkdədir. Bir neçə gün öncə Təhsil Nazirliyində I sinfə şagird qəbulunun elektron sistem vasitəsilə təşkilinə həsr olunmuş mətbuat konfransı keçirilib. Mətbuat konfransında Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq struktur bölmə rəhbərləri I sinfə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsi və tətbiq olunan yeniliklərlə bağlı məlumat veriblər. Qeyd olunub ki, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli fərmanının tələblərinin həyata keçirilməsini təmin etmək məqsədilə 2018-2019-cu dərs ilində Bakı ilə yanaşı, Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə ümumi təhsil məktəblərində I sinfə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçiriləcək. Bakı şəhərində I sinfə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsi prosesinə fevralın 22-dən (saat 10:00), Gəncə və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonunda martın 12-dən start verilir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəsmisi məlumat verib ki, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara, eləcə də Bakı, Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə ümumi təhsil müəssisələrinə I sinfə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin mektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə həyata keçiriləcək:

“Sentyabrın 15-dək davam edən elektron ərizənin qeydiyyatı prosesində valideynlər məktəbi, təlim dilini və müəllimi seçməlidirlər. Hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyən şəxslər Bakı şəhəri üzrə 52, Gəncə şəhəri üzrə 5, Sumqayıt şəhəri üzrə 4, Abşeron rayonu üzrə 6 məktəbdə yaradılmış Alternativ Qeydiyyat Mərkəzlərinə müraciət edə bilərlər. Həmçinin I sinfə şagird qəbulu prosesində valideynlərlə (qanuni nümayəndələrlə) qeydiyyat və sənəd qəbulu üzrə yarana biləcək mübahisəli məsələlərin həlli məqsədilə Bakı şəhəri üzrə 6, Gəncə şəhəri üzrə 1, Sumqayıt şəhəri üzrə 1 və Abşeron rayonu üzrə 1 ümumi təhsil müəssisəsində Apellyasiya Komissiyaları təşkil olunub. Ümumi təhsil müəssisələrinin I sinfinə 15 sentyabr 2018-ci il tarixinədək 6 yaşı tamam olan, eləcə də Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada xüsusi istedadlı uşaqların vaxtından əvvəl I sinfə qəbulu üzrə müsahibədən uğurla keçmiş 16 sentyabr 2012-ci il tarixindən 31 dekabr 2012-ci il tarixinədək olan dövrdə anadan olmuş və dövlət ümumi təhsil müəssisələrində ödənişsiz məktəbəhazırlıq qrupunu bitirmiş uşaqlar qəbul edilir. Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 287 nömrəli “Zəkalar” liseyi, eləcə də 160 nömrəli Klassik Gimnaziyada 2018-2019-cu dərs ili üçün birinci sinfə, ilk növbədə, həmin ümumi təhsil müəssisələrinin müəyyən edilmiş mikroərazisində yaşayan vətəndaşların ərizələrinin qeydiyyatı aparılır. Digər ərazilərdə yaşayan valideynlərin (qanuni nümayəndələrin) uşaqları qeyd olunan ümumi təhsil müəssisələrinə yalnız müsabiqə yolu ilə qəbul üçün qeydiyyatdan keçə bilərlər. Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynlərinin istəyini nəzərə alaraq, onların I sinifdə də eyni sinifdə komplektləşdirilməsi və eyni müəllimə həvalə olunması nəzərdə tutulur. Bu qayda 2017-2018-ci tədris ilində məktəbəhazırlıq qruplarında dərs deyən, 2018-2019-cu tədris ilində I sinifdə tədris aparması planlaşdırılan müəllimlərin dərs dediyi siniflərə şamil olunur”.

Onu da nəzərə çatdıraq ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) I sinfə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair təlim keçirilib. Təlimdə Gəncə Şəhər Təhsil İdarəsi, Sumqayıt Şəhər Təhsil Şöbəsi və Abşeron Rayon Təhsil Şöbəsinin əməkdaşları və həmin regionlarda fəaliyyət göstərəcək Alternativ Qeydiyyat Mərkəzlərinə təhkim olunmuş məsul şəxslər iştirak ediblər. Təlim zamanı BŞTİ-nin İnformasiya təminatı sektorunun nümayəndələri tərəfindən I sinfə şagird qəbulunun mektebeqebul.edu.az elektron sistem vasitəsilə həyata keçirilməsi qaydaları ətraflı şəkildə izah edilib. Eyni zamanda, qeydiyyatdan keçə bilməyən valideynlərin müraciətlərinin cavablandırılması və uşaqların yaş kateqoriyası nəzərə alınmaqla, vətəndaşların yönləndirilməsi məsələləri barədə geniş məlumatlar verilib. Həmçinin, təlim iştirakçılarına onlayn qeydiyyatdan keçirilə bilməyən sənədlər vasitəsilə elektron qeydiyyatın aparılması prosesi də aydın şəkildə göstərilib.

Son olaraq qeyd edək ki, hər bir yeni sistemə keçiddə problemlər ortaya çıxır. Məktəbə eletron qəbul sisteminin ilk günündə texniki problemlər yaranıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsi I sinfə uşaqların onlayn qeydiyyatı üçün istifadə olunan mektebeqebul.edu.az saytında yaranan ləngimələrə aydınlıq gətirib. İdarənin İctimaiyyətlə əlaqələr sektorundan bildirilib ki, hazırda paytaxtdakı ümumi təhsil məktəblərinin mövcud məktəbəhazırlıq qruplarındakı 24 000-dən çox uşağın I sinfə qeydiyyatı mektebeqebul.edu.az sistemi tərəfindən avtomatik olaraq aparıldığına və minlərlə valideyn eyni anda övladını qeydiyyatdan keçirmək istədiyinə görə, I sinfə uşaqların elektron qeydiyyatı sistemində müvəqqəti ləngimələr müşahidə oluna bilər. Qeyd olunub ki, minlərlə adam eyni anda sistemə giriş edir. Ona görə də valideynlər səbrli olmalıdır. Yaranmış problemin texniki məsələ olduğu bildirilir.

Hər halda, həyata keçirilən bu sistem müsbətə doğru bir addımdır. “Elektron hökumət”ə keçidin ilk dövrlərində də bu cür problemlər ortaya çıxırdı, lakin hazırda yüzminlərlə vətəndaş, dövlət qurumlarında çalışan minlərlə məmur bu imkanlardan yüksək səviyyədə yararlanır. Yəqin ki, qısa müddət sonra hər bir valideyn evdə kompüter arxasında əyləşərək, övladlarının qəbul prosesinin reallaşdıracaqlar.

Z.MƏMMƏDLİ

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə "İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində hazırlanıb.




Bölməyə aid digər xəbərlər