23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
İKT üzrə yeni tədqiqatlar aparılır
Tarix: 17-03-2018 08:46 | Bölmə: Layihə
İKT üzrə yeni tədqiqatlar aparılır

İnformasiya Texnologiyaları İnstitutunda informasiya təhlükəsizliyi və internet şəbəkələri ilə bağlı yeni işlərə başlayıblar


Son illər Azərbaycanda elmi texniki nailiyyətlərin əldə olunması üçün müxtəlif istiqamətlərdə araşdırmalar aparılır. İstər İKT-nin inkişaf etdirilməsi, istərsə də informasiyalı cəmiyyətin daha da genişləndirilməsi sahəsində ciddi uğurlarımız var.

Təbii ki, bu istiqamətdə nailiyyətlərin əldə olunmasında AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun rolu böyükdür. İnstitutunun elmi şuralarının apardığı araşdırmalar, əldə etdiyi nəticələr də təqdir olunur. Bu uğurlu layihələrin detalları isə elmi şuraların iclaslarında açıqlanır və bir daha aydın olur ki, bu sahədə kifayət qədər irəliləyişlər var.

“Reytinq” qəzeti xəbər verir ki, martın 14-də İnformasiya Texnologiyaları İnstitutunun Elmi Şurasının iclasında 8 saylı şöbənin müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev rəhbərlik etdiyi şöbənin 2018-ci il üçün fəaliyyət planını təqdim edib. O, elmi-tədqiqat işlərinin 4 aspekt üzrə həyata keçiriləcəyini bildirib. Onun sözlərinə görə, cari ildə informasiya iqtisadiyyatı və onun əsas sektorlarının formalaşmasının elmi-nəzəri problemləri araşdırılacaq, “İnformasiya iqtisadiyyatı sektorlarının formalaşma problemlərinin tədqiqi və innovativ perspektivlərinin qiymətləndirilməsi” və “Texnoparkların təşkili və fəaliyyətinin səmərəli idarə olunması üzrə model və metodların işlənilməsi” mövzuları üzrə dissertasiya işləri təqdim olunacaq. Bununla yanaşı, “Azərbaycanda informasiya iqtisadiyyatının formalaşması, perspektiv inkişaf istiqamətlərinin işlənilməsi məsələləri” mövzusu üzrə qrant layihələrinin növbəti mərhələlərinin yerinə yetirilməsində iştirak edəcək, Prezident yanında Elmin İnkişafı Fondu və Dövlət Neft Şirkətinin Elm Fonduna informasiya iqtisadiyyatının formalaşması və texnoparkların fəaliyyəti ilə bağlı yeni qrant layihələrin təqdim olunması üzrə işlər həyata keçiriləcək.

Ə. Əliyev qeyd edib ki, şöbədə informasiya iqtisadiyyatı və onun əsas sektorlarının formalaşması, innovativ inkişaf səviyyəsinin qiymətləndirilməsi üzrə iyerarxik indikatorlar sisteminin işlənilməsi, informasiya iqtisadiyyatının kompozit indeksi ilə onun formalaşmasına təsir edən amillərin çoxfaktorlu korelyasiya asılılığının araşdırılması planlaşdırılır. Şöbə müdiri, həmçinin yaşıl innovativ iqtisadiyyatın formalaşması və inkişaf səviyyəsinin qiymətləndirilməsi metodologiyasının əsaslarının işlənilməsinin də nəzərdə tutulduğunu bildirib.

Şöbə rəhbəri IV sənaye inqilabının informasiya iqtisadiyyatının formalaşmasına və innovativ texnoparkların, “gələcəyin innovativ müəssisələrinin” perspektiv inkişafına təsiri məsələlərinin tədqiqi üzrə elmi tədqiqatların müasir dövr üçün əhəmiyyətini qeyd edərək bu sahədə tədqiqatların aparılacağını diqqətə çatdırıb.

Məruzəçi texnoparklarda innovativ məhsul istehsalı proseslərinin modelləşdirilməsinin ümumi prinsiplərinin işlənilməsi, texnoparklarda innovativ məhsul/xidmət istehsalının çoxfaktorlu reqressiya modelinin (ekonometrik modelinin) qurulmasının da nəzərdə tutulan elmi-praktiki işlər arasında olduğunu diqqətə çatdırıb.

O, şöbənin elmi-innovasiya fəaliyyəti ilə bağlı çıxışında qeyd edib ki, cari ildə dövlət proqramlarında institutun informasiya iqtisadiyyatı və innovasiya fəaliyyəti ilə əlaqədar müvafiq bəndlərin icrasında iştirak edəcəklər. Şöbə müdiri “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsində” (2016) informasiya cəmiyyəti iqtisadiyyatının formalaşmasından irəli gələn məsələlərin yerinə yetirilməsində və “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi” üzrə Tədbirlər Planında rəqəmsal mühitə keçidlə bağlı işlərdə iştirak olunacağını söyləyib.

Ə. Əliyev 2018-ci ildə şöbə əməkdaşlarının dünyanın nüfuzlu elmi jurnallarında məqalələrinin nəşri və beynəlxalq əməkdaşlığın inkişafının qarşıya qoyulan əsas hədəflərdən olduğunu da bildirib.

Sonra AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək müasir dövr iqtisadiyyatının elm, bilik, texnologiya və İKT-yə əsaslandığını qeyd edib. Akademik bu iqtisadiyyatın ənənəvi iqtisadiyyatdan fərqli təşəkkül xüsusiyyətlərindən söz açıb, informasiya iqtisadiyyatının formalaşması inqilabları, onun inkişafına təsir edən elmi-nəzəriyyələrin və yanaşmaların elmi təhlilinin aparılmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə. əmək bazarının strukturunda baş verən prosessiv dəyişikliklər, intellektual potensialın artırılması, yüksək ixtisaslı mütəxəssislərin fəaliyyət və keyfiyyət tərkibinin yaxşılaşması bazarda informasiya məhsullarının və xidmətlərinin həcminə müsbət təsir edib. Alim, eyni zamanda yeni dövrün iqtisadi qanunauyğunluqlarının müəyyənləşməsində iqtisadi-riyazi, ekonometrik metodlardan, viki, bulud, grid, Big data texnologiyalarından yararlanmağın zəruriliyini də nəzərə çatdırıb. İKT iqtisadiyyatı, dron iqtisadiyyatı, kosmik iqtisadiyyat, Big data iqtisadiyyatı, bio iqtisadiyyatı və s. kimi yeni iqtisadiyyat sektorları üzrə elmi tədqiqatların aparılmasının zəruriliyi bildirilib.

Sonda məruzə ətrafında fikir mübadiləsi aparılıb. Təklif və tövsiyələr nəzərə alınmaqla şöbənin 2018-ci il üçün fəaliyyət planı təsdiqlənib.

Bununla yanaşı, institutun Elmi Şurasının iclasında 4 saylı şöbənin 2018-ci il üzrə fəaliyyət planı müzakirə olunub. İnstitutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov rəhbərlik etdiyi şöbənin cari ili əhatə edən fəaliyyət planını təqdim edərək İnternet şəbəkəsi və superkompüter texnologiyalarının çoxaspektli problemləri üzrə tədqiqatların aparılmasının nəzərdə tutulduğunu bildirib. R. Ələkbərov qeyd edib ki, bu problem üzrə “Mobil hesablama buludlarının optimal sintezi üçün metod və alqoritmlərin işlənməsi”, “Əşyaların İnterneti texnologiyalarında şəbəkə resurslarından səmərəli istifadəsi üçün metod və alqoritmlərin işlənməsi”, “Verilənlərin emal mərkəzində virtual maşınların və hesablama klasterlərinin yaradılması uçün metod və alqoritmlərin işlənməsi”, “AzScienceNet şəbəkəsində Enterprise Desktop Grid xidmətlərinin yaradılması istiqamətində tədqiqat işlərinin aparılması”, “AzScienceNet şəbəkəsində proqramla idarə olunan şəbəkə texnologiyalarının tədqiqi və analizi” mövzuları üzrə araşdırmalar aparılacaq.

R. Ələkbərov həmçinin bildirib ki, cari ildə “Verilənlərin emal mərkəzlərində paralel hesablamaların təşkilinin tədqiqi və analizi”, “Green Computing texnologiyalarının mövcud vəziyyəti və inkişaf perspektivlərinin təhlili”, “Superkompüter texnologiyaları: mövcud vəziyyəti, inkişaf perspektivləri və problemləri”, “Şəbəkə mühitində yeni nəsil təhlükəsizlik sistemləri üçün metod və alqoritmlərin işlənməsi” və “Simsiz şəbəkə texnologiyalarının mövcud vəziyyəti, problemləri və perspektivləri” mövzuları üzrə də araşdırmaların aparılması nəzərdə tutulub.

Elmi-innovasiya fəaliyyəti çərçivəsində görüləcək işlərdən danışan məruzəçi şöbə əməkdaşları tərəfindən Elmin İnkişafı Fondunun “Elektron elm və onun funksional altsistemlərinin sintezi üçün yeni metod və alqoritmlərin işlənilməsi” qrant layihəsi və Dövlət Neft Şirkətinin Elm Fondunun “Əşyaların İnterneti texnologiyalarının neft-qaz sənayesində tətbiqi problemlərinin araşdırılması” layihəsi üzrə elmi tədqiqatların aparıldığını nəzərə çatdırıb. Alim Azərbaycanda informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı çərçivəsində İnformasiya Texnologiyaları İnstitutuna tapşırılmış işlərin icrasında fəal iştirak edildiyini söyləyib.

R. Ələkbərov bununla yanaşı, AzScienceNet şəbəkəsinin infrastrukturunun istismarı və inkişaf etdirilməsi, İnternet xidmətlərinin təşkili və proqram təminatının yenilənməsi işlərinin cari ildə də həyata keçiriləcəyini bildirib.

Şöbə müdiri qeyd edib ki, AzScienceNet şəbəkəsində Cloud Computing xidmətindən istifadə edilməsinin təşkili, virtual laboratoriya xidmətinin yaradılması, “Multimedia Qalereyası” sisteminin istismarı, AMEA Rəyasət Heyətinin binasında “İnteraktiv informasiya sistemi”nin istismarı, AzScienceNet üzərindən “Elm TV” İnternet televiziyasının çəklişlərinin birbaşa yayımının təmin edilməsi, AzScienceNet-də VoİP xidmətinin genişləndirilməsi və istismarı, AzScienceNet şəbəkəsində təhlükəsizlik və monitorinqi həyata keçirən yeni proqram təminatlarının qurulması işləri və s. həyata keçiriləcək işlər sırasındadır.

Şöbənin beynəlxalq elmi əməkdaşlıq əlaqələrindən söz açan məruzəçi Avropa üzrə bütün elm və təhsil qurumlarına şəbəkə xidməti göstərən GEANT assosiasiyası və Rusiya Elmlər Akademiyasının A.A.Xarkeviç adına İnformasiyanın Ötürülməsi Problemləri İnstitutunun Paylanmış Hesablamalar Mərkəzi ilə əməkdaşlıq münasibətlərinin davam etdirilməsinin planlaşdırıldığını nəzərə çatdırıb.

R. Ələkbərov şöbənin elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti, elmi-texniki konfranslarda iştirak, Prezident yanında Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunan beynəlxalq və respublika səviyyəli jurnallarda elmi məqalələrin nəşri ilə bağlı görüləcək tədbirlər haqqında da məlumat verib.

İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin fəaliyyət planı ilə bağlı tövsiyələrini səsləndirib. Akademik şöbə əməkdaşlarının elmi-nəzəri fəaliyyətinin gücləndirilməsi, əldə olunmuş nəticələrin nüfuzlu elmi jurnallarda nəşr olunmasının vacibliyini qeyd edib.

Onu da nəzərə çatdıraq ki, İTİ-nun 2 saylı şöbəsinin 2018-ci il üçün elmi-tədqiqat planı müzakirə edilib. İnstitutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev şöbənin cari ildə elmi-tədqiqat fəaliyyəti, elmi seminarlarda və konfranslarda məruzələr, tanınmış elmi jurnallarda məqalələrin nəşri və s. ilə bağlı görüləcək işlər haqqında məlumat verib. Bildirib ki, Big data mühitində informasiya təhlükəsizliyinin təmin edilməsi problemləri istiqamətində e-dövlətin informasiya təhlükəsizliyinin idarə edilmə modelləri və metodları, kompüter şəbəkələrinin intellektual monitorinqi metodları, bulud texnologiyalarının təhlükəsizliyinin təmin edilməsi modelləri, təşkilatlarda informasiya təhlükəsizliyinin menecmenti strategiyaları, botnetlərin aşkarlanması metodları, mobil e-imza alqoritmləri və autentifikasiya protokolları, kiber-fiziki sistemlərdə ənənəvi və hədəfyönümlü hücumların aşkarlanması metodları, kriptovalyuta sistemlərinin informasiya təhlükəsizliyinin təmin edilməsi metodları və s. sahələrdə elmi araşdırmaların aparılması planlaşdırılır. Big Data, Deep Learning, Machine Learning, Process Mining, Soft computing və s. kimi innovativ yanaşmaların əsasında müxtəlif təhdid mühitlərində informasiya təhlükəsizliyinin təmin edilməsi üçün yeni nəsil yanaşmaların, metod və alqoritmlərin işlənməsi nəzərdə tutulur.

Məruzəçi şöbə əməkdaşlarının elmi-texniki konfranslarda, seminarlarda və simpoziumlarda nəzərdə tutulan iştirakı və tanınmış elmi jurnallarda məqalələrin dərci ilə bağlı görüləcək işlər haqqında da məlumat verib.

O, 2018-ci ilin birinci yarısında şöbədə bir fəlsəfə doktorluğu işinin Dissertasiya Şurasında müdafiə olunacağını və bir neçə elmlər doktoru işinin də ilin sonuna kimi başa çatdırılmasının planlaşdırıldığını bildirib.

Məruzəçi şöbənin Elmin İnkişafı Fondunun və SOCAR-ın Elm Fondunun qrant layihələrində iştirak etdiyini diqqətə çatdırıb.

Sonda akademik Rasim Əliquliyev çıxış edərək şöbənin illik planı üzrə bir sıra təklif və tövsiyələrini səsləndirib. Alim şöbədə informasiya təhlükəsizliyi problemləri üzrə aparılan elmi-tədqiqatların səmərəliyinin artırılmasının vacibliyini vurğulayıb.

Göründüyü kimi, İKT sahəsi üzrə Azərbaycanın beyin mərkəzində yeni nailiyyətlər əldə etmək üçün vaxtaşırı tədqiqatlar aparılır. Ötən dövrün hesabatı verilməklə, qarşıdakı dönəmdə görüləcək işlərin planlaşdırılmasının aparılması da müsbət məqamdır. Hər halda, nəticə ortadadır, üzərində araşdırma aparılan layihələrin gələcəkdə uğurla yekunlaşacağı şübhəsizdir.

Z.MƏMMƏDLİ

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə "İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində hazırlanıb.




Bölməyə aid digər xəbərlər
8-12-2018, 23:15 50-dən artıq startap...

{sape_links}{sape_article}