Elektron media və sosial şəbəkələrin problemi – Ekspertlər
Tarix: 08-04-2018 12:25 | Bölmə: Layihə
Elektron media və sosial şəbəkələrin problemi

İnformasiya və kommunikasiya texnologiyalarının (İKT) inkişafı nəticəsində elektron və sosial media gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Artıq ölkə əhalisinin böyük hissəsi internet üzərindən sosiallaşmaya başlayıb.

Belə demək mümkündürsə, 10 ilə yaxındır ki, elektron media ənənəvi medianın əvəzləyir. Doğrudur, ənənəvi media tamamilə sıradan çıxmayıb, amma hazırda elektron media əsas “söz sahibi”nə çevrilib.

Sosial media sosial ünsiyyət və paylaşma üçündür, o, daha əlçatan və miqyaslı texnikalardan istifadə edir. Sosial media veb əsaslı texnologiyalardan istifadə etməklə ünsiyyəti interaktiv dialoqa çevirir.

Andreas Kaplan və Maykl Haenlein sosial medianı belə təsvir edirlər: “Sosial media ideoloji və texnoloji veb 2.0 üsulları ilə istifadəçi tərəfindən məzmunun yaradılması və paylaşımını nəzərdə tutan internet əsaslı tətbiqetmələrdir”.

Biznesmenlər isə sosial medianı istehlakçı tərəfindən yaradılan media adlandırırlar. Sosial media insanlar arasında virtual internet alətləri vasitəsilə sosial ünsiyyət yaratmaq və məlumatları paylaşma deməkdir. Sosial media vasitələrinə internet üzərindən yayımlanan informasiya saytları, sosial şəbəkələr, bloqlar, mikrobloqlar, ani ünsiyyət proqramları, forumlar daxildir.

Amma bu iki virtual məkanı bir-birindən fəqqləndirən detallar var. Ekspertlər bildirirlər ki, elektron media nümayəndələri daha düzgün və ciddi davranmaq zorundadır. Sosial şəbəkədə məsuliyyət, etik qaydalar sanksiyalaşdırılmış şəkildə məcburi deyil. Amma nə qədər kütləvi və tirajlı olsa da, sosial şəbəkədə yaradılan səhifələr sadəcə bir situasiyadır. Xalq mediası olan bu şəbəkələr qanunlarla, dövlət qeydiyyatından keçmiş şəkildə idarə edilmir. Sosial şəbəkələrdə çoxlu izləyicisi olan insanların profilləri də eynilə fərdi şəxslərə məxsusdur. Həmin profil və səhifələrdə paylaşılan xəbərlə bağlı problem yaşandıqda adminlər rahat şəkildə məsuliyyət daşımadığını irəli sürə bilər. Onların üzərində bunu dəqiqləşdirmək kimi bir vəzifəsi yoxdur və haqlıdırlar.

Sosial şəbəkələrdə “bazar əxlaqı” hökm sürür

Elektron media və sosial şəbəkələrin problemi

Mövzu ilə bağlı fikirlərini “Reytinq”lə bölüşən tərcüməçi-yazar Nadir Qocabəyli deyib ki, ümumi vəziyyətin ürəkaçan olmadığını hər kəs söyləyir, hamı şikayətlənir. Onun sözlərinə görə, məsələ burasındadır ki, düşdüyümüz bu durumun əsl səbəbləri haqqında heç kəs tutarlı bir şey söyləmir: “Sovet dövründə hər şey kütlənin səviyyəsinin qaldırılmasına, zövqünün formalaşmasına, intellektinin yüksəlməsinə hesablanırdı və dövlət buna nəzarət edirdi. Ancaq indi hər şey əksinədi, hər şeyi kütlənin zövqü, səviyyəsi tənzimləyir; elektron medianı da, sosial şəbəkələri də, hətta televiziyanı da. Bunun adını bazar iqtisadiyyatı qoyurlar və görünür, doğrudan da, müəyyən mənada belədir. Hazırda hər yerdə sözün əsl mənasında bazar ovqatı, bazar əxlaqı, bazara münasibətləri “at oynadır”. Saytlar verdikləri informasiyanı bazar müştərisinin zövqünə, səviyyəsinə, əxlaqına hesablayır, o səbəbdən də yüngül, düşük, bayağı xəbər və informasiyalara üstünlük verməklə daha çox oxucu, izləyici qazanmaq istəyirlər. Görünür, izləyici nə qədər çox olursa, media da daha çox reklam, yaxud sponsor, himayəçi cəlb edir. Ancaq bunu bu şəkildə özbaşına buraxmaq xalqımızın, dövlətimizin mədəni inkişafına, mənəviyyatımıza ciddi ziyan vurur və məncə, bu haqda ciddi düşünməyin vaxtıdır”.

Meydan nadanlara verilməməlidir

N. Qocabəyli hesab edir ki, eyni şeyi sosial şəbəkələrə də aid etmək olar. “Ciddi, mənalı, elmi, mədəni, ədəbi yükü olan statuslara maraq az olduğu halda, boşboğazlığa, laqqırtıya, lağlağıya böyük maraq var. Sosial şəbəkələr hazırda bir növ tin, küçə söhbətlərinin aparıldığı məkana çevrilib. Ağıllı, savadlı, intellektual adamlar belə, unudulmamaq üçün bu axına qoşulmaq zorunda qalıblar. Demoqogiya, nadanlıq, cahillik, təhqir, söyüş baş alıb gedir. Hörmətli, nüfuzlu, sanballı insanların əlçatan olduğu məkanda cahil ordusu meydan sulayır. Məncə, əsl ziyalılar, intellektual şəxslər bu duruma göz yummamalı meydanı səviyyəsiz cahil, nadan ordusuna buraxmamalıdırlar”, - deyə müsahibimiz əlavə edib.

Ölkə əhalisinin İKT imkanlarından istifadə səviyyəsinə gəlincə, N.Qocabəyli bildirib ki, xalqımız bütün müasir texnologiyaların daha çox ikinci və daha sonrakı dərəcəli funksiyalarından istifadə edir: “Yəni, əsasən əyləncə vasitəsi kimi. Bu bizim üçün son dərəcə təhlükəlidir. Xalqımız kompüterdən də, telefondan da, hətta avtomobildən də daha çox əyləncə vasitəsi kimi faydalanır”.

İnternetin mənfi tərəfləri çoxdur

Elektron media və sosial şəbəkələrin problemi

“Altay” Sosial-iqtisadi Araşdırmalar Mərkəzi İdarə Heyətinin sədri, araşdırmaçı-yazar Elçin Bayramlı isə bizimlə söhbətində deyib ki, internetin inkişafı media sistemini, formatını, peşə qayda və prinsiplərini tamam dəyişib. Onun fikrincə, elektron media sürətlə print medianı sırdan çıxarır: “Print media yalnız Almaniya, Fransa, Rusiya, Britaniya kimi ənənəvi oxuma vərdişlərinə yiyələnmiş ölkələrdə müqavimət göstərə bilir, amma tezliklə onlar da sıradan çıxacaq. Azərbaycanda isə yazılı mətbuat yalnız dövlət dəstəyi ilə ayaqda qalır. Dövlət əlini çəksə, bir aya ortaya bir qəzet və jurnal qalmaz. Buna görə dövlətə ən azı təşəkkür düşür. Səbəbləri aydındır. İnformasiya əsrinə, sürət əsrinə gəlib çıxdıq, qəzet və jurnallar bu sürətlə ayaqlaşa bilmir, onlar bir xəbəri verənə kimi vəziyyət 3 dəfə dəyişir. Qəzet və jurnal dəyərli təhlillər, xüsusi müsahibələr, dərin araşdırmalar verməlidir ki, saytlardan fərqlənə bilsin. Amma bunu da edə bilmirlər. Çünki bunun üçün böyük maddi texniki baza, peşəkar kadrlarlar lazımdır, onlar isə aşağı qonorara işləmirlər. Reklam bazarı yoxdur deyə qəzetlər mütəxəssislərə, peşəkar jurnalistlərə səviyyəli yazılar yazdıra bilmirlər, ucuz işçi qüvvəsi kimi daha çox gənc praktikantları işlətməyə üstünlük verirlər. Bu da nəticəsini göstərir. Üstəlik, yeganə media növüdür ki, ona pul ödəmək lazımdır. Razılaşın ki, hər gün 40-50 qəpik verib qəzet almağa çoxunun imkanı yoxdur, olanda da almır ki saytlarda pulsuz oxuyuram də.

Elektron mediaya gəldikdə, burada hər cür imkanlar var. Sadəcə, ifrat azadlıq olduğundan vəziyyət birmənalı deyil. Bunun müsbət və mənfi tərəfləri var. Müsbət tərəflər aydındır- hər bir faktı, hadisəni əhaliyə daha tez çatdırmaq olur, operativlik yüksəkdir, canlı yayım vermək, limitsiz foto və video əlavə etmək, bunu milyonlarla ünvana çatdırmaq, onlayn göndərmək, interaktivlik təmin etmək imkanı var.

Mənfi tərəflər odur ki, hər cür provatatik, reklam və təbliğat xarakterli məlumatlar, saxta və dezinformasiya materiallarını yaymaq asan olur. Bundan başqa, söyüş, təhqir, şantaj imkanları genişdir. Çünki burda mənbəni tapmaq və cəzalandırmaq da mümkün deyil. Adam oturub misal üçün, Avstraliyada, Azərbaycandilli bir sayt açıb, istədiyi hoqqanı çıxara bilər. Hətta ümummilli və dövlət əhəmiyyətli proseslərdə təxribatlar da törətmək mümkündür. Aprel döyüşlərində bunun şahidi olduq”.

Dövlət media siyasətini dəyişməlidir

Ekspert onu da vurğulayıb ki, internet media müsbət tərəflərindən daha çox mənfi tərəfləri ilə ortadadır. Onun fikrincə, əksəriyyəti diletantlar, reketlər, dələduzlardan ibarət olmaqla minlərlə şəxs sayt açaraq xəbər yayır:

“Peşəkarlıq çox aşağı səviyyədə, maddi texniki baza zəif, əhatə dairəsi və müxbir postları şəbəkəsi yox, dünya informasiya məkanına təsir gücü sıfır vəziyyətdə, heç bir etika, ədəb, mənəvi norma yox kimi. Təbii ki, azsaylı istisnalarla. Çoxu 1-2 nəfərdən ibarətdir, o da sayt adminləri.

Bir neçə iri informasiya agentliyi və xəbər portalı var ki, onlarda da vəziyyət qənaətbəxş deyil. Yaydıqlarının 90 faizi hazır rəsmi məlumatlar, əməkdaşların telefonla kimisə danışdırdığı, tədbirlərdən göndərdiyi “o dedi, bu dedi” qəbilindən “eksklüziv” xəbərlərdır. Yaradıcılıq, xəbər axtarışı, problemi tapıb ortaya qoymaq, analiz etmək və araşdırmaq payı çox azdır. Misal üçün, Gürcüstan və Ermənistanın elektron mediasına baxsaq, görərik ki, bizdən dəfələrlə üstündürlər və qlobal informasiya məkanına təsir imkanları da bizdən çoxdur. Bunun səbəbləri çox uzundur.

Bu sektoru nə tənzimləmək mümkündür, nə nəzarət etmək, nə dəyişdirmək, nə də kənardan təsir etmək. Problem fundamental və kompleksdir. Bu, birbaşa dövlət-cəmiyyət- media üçbücağındakı qarşılıqlı vəziyyətlə analoji müstəvidə inkişaf edən bir sistemdir. Medainın dəyişməsi üçün bu ücbucağın bütün tərəfləri dəyişməlidir. Dövlət media siyasətini, cəmiyyət isə özünü dəyişməlidir.

Dövlət yüzlərlə qəzet, sayt əvəzinə 5-10 iri media holdinqə dəstək və tam azadlıq verməlidir ki, həm cəmiyyətin rəğbətini qazansın, həm də beynəlxalq məkana çıxış imkanları yaransın. Onlara hökumətin hər bir orqanını, məhkəmə, icra və qanunverici orqanın fəaliyyətini dərindən araşdırmaq üçün imkan yaratmalı, hər sahədə problemləri aşkarlayaraq sərt tənqid etməsini, rüşvətxor məmuru, dövlətə zərər vuran vəzifəli şəxslərin ifşasını təmin etməlidir, özü də bunun əsasında müvafiq tədbir görməlidir. Cəmiyyət isə pilyus 18 və şou mövzuların başını buraxıb ciddi siyasi, iqtisadi, mədəni, elmi mövzularda materialları oxumalıdır. İş adamları, şirkətlər mediaya reklam verməlidir. Televizyalar qəzetləri saytları təşviq etməli, onların xülasəsini verməlidir”.

Ekspertimiz qeyd edib ki, bundan sonra medianın İP qazanmaq naminə cəmiyyətə zərərli, mənəvi dəyərlərə zidd materiallar verməsinə ehtiyac qalmayacaq. “Satışdan, abunədən, reklamdan normal gəlir əldə edəcəklər. Nəticədə peşəkar, savadlı şəxslər işə cəlb ediləcək, medianın nüfuzu artacaq. Cəmiyyət görəndə ki, media həqiqətən 4-cü hakimiyyətdir, ona dəstək verəcək. Media da dövlət və cəmiyyət arasında öz funksiyasını daha layiqli yerinə yetirəcək. Cəmiyyətin “gözətçi köpəyi” rolunu vicdanla oynaya biləcək. Son nəticədə həm dövlətimiz, həm cəmiyyətimiz qazanacaq. Bax, budur yeganə yol”,- deyə Elçin Bayramlı fikrini tamamlayıb.

Z.MƏMMƏDLİ

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə "İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində hazırlanıb.




Bölməyə aid digər xəbərlər
8-12-2018, 23:15 50-dən artıq startap...

{sape_links}{sape_article}