“Elektron dövlət” idarəçilik keyfiyyətini artıracaq
Tarix: 19-05-2018 21:50 | Bölmə: Layihə
“Elektron dövlət” idarəçilik keyfiyyətini artıracaq

İradə Ələkbərova deyir ki, “Elektron hökumət”də dövlət orqanları tərəfindən sosial kapitalın yüksəldilməsinə böyük əhəmiyyət verilir

Artıq xeyli vaxtdır ki, Azərbaycanda dövlət qurumlarının elektronlaşdırılması prosesi həyata keçirilir. Belə demək mümkündürsə, ölkənin bütün sahələrində elektron sistemə keçid baş tutub. Təbii ki, texnologiya inkişaf etdikcə, elektronlaşma prosesi də təkmilləşdirilir. Bu baxımdan “Elektron dövlət” sisteminin müasirləşdirilməsi, gündəlik tələbata uyğunlaşdırılması və əhatə dairəsinin genişləndirilməsi istiqamətində atılan addımlar davamlı xarakter daşımalıdır.

Məlumdur ki, “Elektron dövlət” (və ya E-dövlət) informasiya və kommunikasiya texnologiyalarından (İKT) istifadə etməklə dövlət fəaliyyətinin informasiya aspektlərini həyata keçirmək üçün nəzərdə tutulub. “Elektron dövlət”in fəaliyyətini İKT-nin köməyi ilə icraçı hakimiyyət (Elektron hökumət), parlament (Elektron parlament) və məhkəmə orqanları (Elektron ədalət məhkəməsi) dəstəkləyir. Azərbaycanda “Elektron dövlət”in yaradılması "Elektron Azərbaycan" proqramı daxilində həyata keçirilməli və dövlət idarəçiliyinin keyfiyyətinin artırılmasına yönəldilməlidir.

“E-dövlət”ə hazırlıq indeksinə görə, Azərbaycan lider ölkələr siyahısında olmasa da, bu istiqamətdə müəyyən işlər görülməkdədir. Dövlət orqanlarının hər biri yuxarıdan aşağıya, öz səlahiyyətləri çərçivəsində funksiyalarını həyata keçirirlər. İnternet şəbəkəsinin imkanlarından istifadə etməklə dövlət qurumlarının saytlarının yaradılması, orada bu təşkilatlar, onların strukturları haqqında məlumatın və lazımi sənədlərin yerləşdirilməsi, vakant iş yerlərinə müsabiqələrin elan edilməsi, bəzi kommunal borcların on-layn rejimdə ödənilməsi, abituriyentlərin qəbul imtahanları üçün sənədlərin verilməsi, “Elektron kitabxana”ların yaradılması və s. işlər reallaşdırılıb. Proqramda bir çox məsələlərlə yanaşı, dövlət orqanlarında elektron sənəd mübadiləsinin təşkili də nəzərdə tutulur. Elektron sənəd dövriyyəsinin tətbiqi sənədlərin hazırlanması və emalına sərf olunan əməyin və vaxtın azalmasını, idarəçilikdə qərarların qəbul edilməsini, icra intizamının yüksəldilməsini, nəzarət mexanizminin sadələşməsini, əhaliyə xidmətin operativliyini, dövlət və özünüidarəetmə orqanlarının fəaliyyəti haqqındakı informasiya və xidmətlərə əlyetərliliyi, tabeliyində olan və digər təşkilatlarla əlaqələrin sürətləndirilməsini təmin etməyə imkan verir.

“Elektron dövlət” anlayışı çox hallarda “Elektron hökumət” kimi nəzərdə tutulur. Lakin bu ifadə düzgün deyildir. Belə ki, “Elektron hökumət” “Elektron dövlət”in bir qoludur. Müasir beynəlxalq hüquqi sənədlərdə, əsasən insan hüquqları üzrə Avropa məhkəməsinin qərarlarında "Government" dedikdə bütünlükdə dövlət nəzərdə tutulur. Analoji olaraq, "Three branches of government" ifadəsində yalnız hökumət deyil, dövlətin hər üç qolu nəzərə alınır. Hazırda “Elektron hökumət”in qurulmasında elektron seçkilərin keçirilməsi tətbiq olunmaqdadır.

Müsbət məqamlardan biri də odur ki, Azərbaycanda bu istiqamətdə inkişaf siyasəti ciddi əsaslarla həyata keçirilir. İKT sahəsindəki yeniliklər, informasiya cəmiyyətinin inkişafı ilə bağlı elmi səviyyədə araşdırmalar apaılır, müzakirələr təşkil olunur.

Bu günlərdə AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun 17 saylı şöbəsi və İctimaiyyətlə əlaqələr şöbəsinin birgə elmi seminarı keçirilib. Tədbiri giriş sözü ilə açan AMEA-nın akademik-katibi, institutun direktoru, şöbənin rəhbəri, akademik Rasim Əliquliyev tədbirin “Sosial kapital e-dövlətdə idarəedici faktor kimi” və “İnternet-medianın monitorinqi və qiymətləndirilməsi məsələləri”mövzularına həsr olunduğunu bildirib.

“Elektron dövlət” idarəçilik keyfiyyətini artıracaq

Sonra institutun sektor müdiri İradə Ələkbərova çıxış edərək “Sosial kapital e-dövlətdə idarəedici faktor kimi” mövzusunda məruzə təqdim edib. Sosial kapitalın cəmiyyətdəki münasibətlərinin dərəcəsi və tipi, eləcə də bu münasibətləri müəyyən edən normalardan danışan məruzəçi bildirib ki, bu normalara, ilk növbədə etimad və qarşılıqlı yardım daxildir. “E-dövlət”də dövlət orqanları tərəfindən sosial kapitalın yüksəldilməsinə böyük əhəmiyyət verildiyini söyləyən İ.Ələkbərova, sosial kapitalın təşkilatlarda insanların əmək fəaliyyətində keyfiyyətə təsir etdiyini, kollektivdə həm müsbət, həm də mənfi mühit yaratmaq xüsusiyyətinin olduğunu diqqətə çatdırıb.

“İqtisadi inkişafın və rifahın əsas faktorlarından olan sosial kapital sosial münasibətlərə aid olan və məqsədyönlü fəaliyyətin məhsuldarlığını artırmağa yönəlmiş resursdur və o, insanlar arasındakı etimada əsaslanır”,– deyən məruzəçi cəmiyyətdə baş verən müxtəlif sosial və iqtisadi proseslərin öyrənilməsi və proqnozlaşdırılması üçün sosial kapitalın araşdırılmasına ehtiyac duyulduğunu vurğulayıb.

İ. Ələkbərova sosial kapital konsepsiyasında müxtəlif yanaşmaları diqqətə çatdıraraq, bu sahə üzrə tanınmış tədqiqatçılardan olan Pyer Budye, Ceyms Koulman, Ueyni Beker, Robert Patnem, Frensis Fukuyamanın sosial kapital konsepsiyası ilə bağlı mülahizələrini təqdim edib. Sosial kapitalın ilk dəfə Pyer Budye tərəfindən 1980-cı illərdə sosial əlaqələrin təsviri kimi təqdim olunduğunu, bu konsepsiyada sosial kapitalın yalnız qrup şəkilində əldə edilən resurs olduğunu söyləyib.

Sektor müdiri, həmçinin sosial kapitalın üçfaktorlu modelini təqdim edərək sosial kapitalın sosial normalar, sosial əlaqələr və etimad kimi strukturdan ibarət olduğunu bildirib. Məruzəçinin sözlərinə görə, sosial kapitalın ölçülməsində etimada əsaslanan metod (Fukuyama metodu), indeks-reytinq metodu, dünya bankı metodu, eləcə də, etimada əsaslanan Yuriyev modeli, Viskonsin modeli geniş istifadə olunur.

Məruzəçi sosial kapitalın makroiqtisadi göstəricilərə təsir edən əlamətlərindən söz açaraq onun insan kapitalının artmasına təkan verdiyini, kollektiv etimad və sosial normaların maliyyənin inkişafına təsir göstərdiyini və əməkdaşlığın inkişafının biznes və texnoloji innovasiyaları yaradan və yayan şirkətlərin fəaliyyətinə təsir etdiyini nəzərə çatdırıb.

O, sosial kapitala onlayn münasibətlərin və İnternetin təsir etdiyini bildirərək, sosial kapitalın xüsusiyyətlərindən də danışıb: “Sosial kapital bu və ya digər şəbəkəyə mənsubluq dərəcəsi, ölçüsü, sıxlığı, şəbəkə əlaqələrində intensivliyi və gücü ilə xarakterizə olunur”.

Çıxışının sonunda İ. Ələkbərova bu sahənin problemlərini əhatə edən elmi əsərləri təqdim edib.

Akademik Rasim Əliquliyev isə məruzəyə dair təklif və tövsiyələrini diqqətə çatdıraraq bildirib ki, dünya ölkələrində sosial kapital ilə bağlı mövcud sistemlərin, sosial reytinqin qiymətləndirilməsi üsullarının araşdırılmasına və “E-dövlət” mühitində vətəndaşların sosial reytinqinin qiymətləndirilməsi üçün intellektual sistemin işlənilməsinə böyük ehtiyac duyulur.

Sonra institutun elmi işçisi Səadət Abdullayeva “İnternet-medianın monitorinqi və qiymətləndirilməsi məsələləri”ndən söz açıb. S. Abdullayeva bildirib ki, İnternet-media resurslarının monitorinqinin aparılması media qurumunun problemləri və çatışmazlıqları haqqında vaxtında məlumatlı olmağa, veb-saytın reputasiyasının yüksəldilməsinə, məlumatların dərəcəsi üzrə sıralanmasına, media qurumunun bazarda yerinin möhkəmləndirilməsinə, rəqib şirkətlərdən irəlidə olmağa, veb-saytın problemləri haqqında öncədən xəbərdar olmaqla buna qarşı mübarizə üsullarının müəyyənləşdirilməsinə imkan verir.

Dünyada ilk dəfə İnternet-medianın monitorinqinin 1998-ci ildə “WebClipping” şirkəti tərəfindən həyata keçirildiyini söyləyən məruzəçi monitorinqin aparılması mərhələlərindən də danışıb. Onun sözlərinə görə, monitorinq proqramları İnternet-media mənbələrində və sosial mediada kontenti mətn formasında tərtib edərək mətnlərdəki bütün sözləri siyahıya alır. Sonrakı mərhələdə müəyyən olunmuş açar sözlərə əsasən axtarış edilir, analizlər aparılır və hesabatlar təqdim olunur.

S. Abdullayeva, həmçinin dünyada ən çox müraciət olunan media monitorinqi şirkətlərindən olan “CyberAlert”, “Alterian”, “İntegrum”, “SemanticForce”, “Mediateka” haqqında məlumat verib. Bu şirkətlərin hazırda bütün xəbər növləri və sosial medianın monitorinqi xidmətləri təklif etdiklərini söyləyib.

“İnternet-media resurslarının fəaliyyətinin qiymətləndirilməsi üçün lazım olan məlumatların hesablanması məqsədilə veb-analitikadan geniş istifadə olunur”, – deyən məruzəçi, veb-saytın statistikasının aparılmasının İnternet-medianın hədəf auditoriyasının öyrənilməsi, iqtisadi siyasət, istifadəçilərinin coğrafiyasının müəyyənləşdirilməsi, dil auditoriyası, istifadəçilərin yaşı və cinsinin, saytda yerləşdirilən gündəlik informasiyanın həcminin müəyyənləşdirilməsi, müraciət edən istifadəçilərin zaman üzrə aktivliyinin öyrənilməsinə və s. imkan verdiyini diqqətə çatdırıb. Veb-saytların qiymətləndirilməsi üçün “Google Analytics”, “Яндекс.Метрика”, “Liveinternet”, “Rambler's Top100” və s. xidmətlərdən geniş istifadə olunduğunu qeyd edən S. Abdullayeva “Google Analytics” vasitəsilə institutun rəsmi www.ict.az saytının son 1 ay üzrə reytinq göstəricilərini təqdim edib.

S. Abdullayeva sosial medianın monitorinqinin aparılmasının üstünlüklərindən də danışaraq, Rusiyada və Azərbaycanda İnternet-medianın monitorinqinin aparılması vasitələrini diqqətə çatdırıb. O, həmçinin medianın monitorinq və qiymətləndirilməsi məsələləri ilə məşğul olan Yayım Monitorinqi Beynəlxalq Assosiasiyası, FIBEP Beynəlxalq Federasiyası, Media və Kommunikasiya Siyasəti İnstitutu, Şimal-Şərqi Avropa Media Observatoriyası haqqında məlumat verib.

İnternet-medianın monitorinqinin aparılması zamanı ölkəmizdə rast gəlinən problemlərdən söz açan məruzəçi monitorinqin aparılmasında pərakəndəliyin mövcud olması, bu sahənin qanunlarla tənzimlənməməsi nəticəsində etimad mühitinin zəif olması, intellektual monitorinq və analiz vasitələrindən az istifadə olunması, İnternet-media resursları üçün milli statistika mexanizmlərinin mövcud olmaması kimi problemlərin həllinin vacibliyini bildirib.

Sonra çıxış edən akademik Rasim Əliquliyev məruzəyə dair təklif və tövsiyələrini səsləndirib. Hazırda ölkəmizdə İnternet-media resurslarının monitorinqinin aparılmasının böyük əhəmiyyətə malik olduğunu deyən alim, veb-saytlarda monitorinq sistemindən istifadə olunması, o cümlədən milli veb-statistika mexanizmlərinin yaradılmasının milli təhlükəsizliyin təmin olunması üçün daha geniş imkanlar açacağını vurğulayıb. Onun sözlərinə görə, veb-resursların monitorinqi və qiymətləndirilməsi sosial psixologiyanın, dil, din və etnik münasibətlərin müəyyən olunması, veb-saytın işinin yüksək səviyyədə təşkili, jurnalistlərlə işin optimallaşdırılması və s. baxımından vacib məsələlərdəndir.

Z. MƏMMƏDLİ

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə "İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində hazırlanıb.




Bölməyə aid digər xəbərlər
8-12-2018, 23:15 50-dən artıq startap...

{sape_links}{sape_article}