16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Elektron sənədləşmənin yeni mərhələsinə start verilib
Tarix: 02-06-2018 11:32 | Bölmə: Layihə
Elektron sənədləşmənin yeni mərhələsinə start verilib

"Elektron imza", o cümlədən "Asan İmza" sertifikatlarının ölkələrarası qarşılıqlı tanınması və hüquqi bazanın təkmilləşdirilməsi üçün zəruri işlər görülür

Son dövrlər ölkədə informasiya və kommunikasiya texnologiyalarının (İKT) inkişafı baxımından xeyli işlər görülüb. Əldə edilən nəticələrlə bağlı müzakirələrin aparılması üçün beynəlxalq səviyyəli seminarlar, konfranslar da keçirilir. Son bir ayda Bakıda İKT, informasiyalı cəmiyyət, elektron ticarət, ümumilikdə ölkədəki elektron xidmətlərlə bağlı mühüm tədbirlər baş tutub.

Mayın 25-də Bakıda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) və Avropa İttifaqının birgə həyata keçirdiyi "Azərbaycan Respublikasında elektron xidmətlərin və elektron ticarətin inkişafının gücləndirilməsi" layihəsi çərçivəsində seminar keçirilib. "Elektron imza və etibarlı xidmətlər: Hüquqi və texniki bazanın təkmilləşdirilməsi” mövzusunda keçirilən seminarda Avstriya, Belçika və Moldovadan olan beynəlxalq ekspertlər də iştirak ediblər. Tədbirdə NRYTN-in informasiya cəmiyyətinin və elektron idarəçiliyin innovativ inkişaf şöbəsinin müdiri Rəşad Əzizov bildirib ki, Azərbaycanda milli açıq açar infrastrukturunun texniki və hüquqi bazasının təkmilləşdirilməsi və Avropa İttifaqının standartlarına uyğunlaşdırılması məqsədilə belə görüşlərin keçirilməsi olduqca faydalıdır. "Elektron imza", o cümlədən "Asan İmza" sertifikatlarının ölkələrarası qarşılıqlı tanınmasının təmin edilməsi və hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı ölkə başçısı tərəfindən mühüm sənədlər imzalanıb və bu istiqamətdə zəruri işlər görülür.

NRYTN-in Məlumat Hesablama Mərkəzinin direktoru Elnar Əsədov bildirib ki, Avropa Komissiyasının TAIEX (Texniki Yardım və İnformasiya Mübadiləsi) proqramının ekspertləri ilə yaradılan İşçi Qrupu tərəfindən elektron identifikasiya və etibarlı xidmətlər üzrə ölkəmizdə mövcud vəziyyət araşdırılıb və Avropa standartları nöqteyi-nəzərindən təhlil edilib. O qeyd edib ki, ölkələrarası elektron imzaların qarşılıqlı tanınması üçün hüquqi və texniki bazanın təkmilləşdirilməsi vacib məsələlərdəndir. Prezident İlham Əliyevin müvafiq Fərmanının icrası üzrə Azərbaycan Birləşmiş Millətlər Təşkilatının "Beynəlxalq müqavilələrdə elektron kommunikasiyadan istifadəsinə dair Konvensiya"sına qoşulub. Eyni zamanda, xarici ölkələrdə elektron imzanın qarşılıqlı tanınması məqsədilə 2018-ci il martın 6-da Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Türkiyə Respublikasının Nəqliyyat, Dənizçilik və Rabitə Nazirliyi arasında elektron imza sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Bu sənədə əsasən, artıq iki dövlət arasında elektron imzanın qarşılıqlı tanınması istiqamətində texniki işlərin görülməsi üçün ekspertlər arasında dəyərləndirmə aparılır. Bir neçə ölkə ilə də danışıqlar davam etdirilir.

E. Əsədov, həmçinin qeyd edib ki, 2014-cü ildə Avropa İttifaqının elektron imza qanunvericiliyi təkmilləşdirilərək eIDAS-lə (elektron identifikasiya və etibarlı xidmətlər) əvəzlənib. Onun sözlərinə görə, hazırda Azərbaycanda mövcud “Elektron imza” qanunvericiliyi Avropa İttifaqının 1999-cu il tarixli direktivinə uyğundur və bu səbəbdən müvafiq sahə üzrə ölkəmizdə təkmilləşdirilmə işlərinin aparılmasına zərurət yaranıb.

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktorunun müavini Azər Bayramov Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Avropa İttifaqının birgə həyata keçirdiyi “Azərbaycan Respublikasında elektron xidmətlərin və elektron ticarətin inkişafının gücləndirilməsi” layihəsi barədə məlumat verib. O, Avropa İttifaqı ekspertləri ilə əməkdaşlıq nəticəsində hazırlanan təkliflərin Avropa İttifaqının müvafiq standartlarına uyğunlaşdırılmasını sürətləndirəcəyini bildirib.

Tədbir beynəlxalq ekspertlərin təqdimatları ilə davam edib.

Avstriya Parlament Administrasiyasının IT şöbəsinin rəhbəri Piter Richsteder “eIDAS: Avropa İttifaqı səviyyəsində status-kvo və trendlər”, Avstriya Elektron Hökumət İnnovasiya Mərkəzinin rəhbəri Arni Taubir “Mobil eID həlləri”, Belçikanın “Transtec” şirkətinin layihə rəhbəri Olqa Dimain “Elektron imza üzrə milli qanunvericiliyin eIDAS ilə uyğunlaşdırılması – mövcud vəziyyət, inkişaf və perspektivlər” və “Şəxsi məlumatların qorunması üzrə Avropa İttifaqının yeni standartları”, “Transtec” şirkətinin texniki eksperti Udo Linauer isə “eIDAS çərçivəsində etibarlı xidmətlər” mövzularında təqdimatlarını tədbir iştirakçılarının diqqətinə çatdırıblar.

Çıxışçılar bildiriblər ki, elektron xidmətlər üzrə normativ-hüquqi bazanın və texniki infrastrukturun təkmilləşdirilməsi, xarici ölkələrlə elektron imzaların qarşılıqlı tanınması elektron sənədlərin təsdiqində vaxt qənaətinə və bürokratik əngəllərin aradan qaldırılmasına şərait yaradacaq. Bu səbəbdən ölkədə, bilavasitə, NRYTN-nin Məlumat Hesablama Mərkəzi tərəfindən həyata keçirilən layihələr təqdirəlayiqdir və işin sürətləndirilməsinə xidmət edir.

"Elektron imza və etibarlı xidmətlər: hüquqi və texniki bazanın təkmilləşdirilməsi” mövzusunda Bakıda keçirilən seminarın iştirakçısı, Avstriya Parlament Administrasiyasının IT şöbəsinin rəhbəri Piter Richsteder jurnalistlərə açıqlamasında deyib ki, bu tədbir müsbət qiymətləndirilməlidir. “Biz bu gün Azərbaycanın bir çox dövlət təşkilatları, nazirliklər, həmçinin bu sahə üzrə mütəxəssisləri ilə birgə Bakıda toplaşıb aktual bir məsələni müzakirə etdik. Ölkələrimiz elektron imza sahəsində inkişaf edə bilər. Biz bu əlaqələrin Avropanın sərhədlərindən kənarda da yayılmasını istəyirik. Düşünürəm ki, Azərbaycanın bu yanaşmanı qəbul etməsi çox müsbət haldır. Bütün bunlar insanların rahatlığı üçündür və hər birimiz onların tələblərini ödəmək üçün çalışırıq. Bu sahədə birlikdə irəli getməyimiz mümkündür. Seminarda iştirak etməyimə görə çox şadam. Bizim səmərəli danışıqlarımız oldu və bunlar üçün təşkilatçılara minnətdaram. Belə ki, burada bir çox yeniliklər öyrəndim”, – deyə Piter Richsteder bildirib.

Onu da nəzərə çatdıraq ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi və “AzInTelecom” MMC-nin təşkilatçılığı ilə kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri üçün “Bulud texnologiyalarına giriş və onların biznesdə tətbiqi” mövzusunda təlim keçirilib. 20-dən çox müxtəlif media qurumu təmsilçisinin iştirak etdikləri təlimin məqsədi Data Mərkəzi, onun xüsusiyyətləri, işləmə prinsipləri, təqdim etdiyi xidmətlərlə jurnalistləri tanış etmək, eyni zamanda, “Bulud” texnologiyalarının biznesdə tətbiqinin yarada biləcəyi imkanlar və üstünlüklər barədə məlumat vermək olub.

"AzInTelecom” MMC-nin direktor müavini Ceyhun Əliyev Data Mərkəzin fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, ən son dövri texnologiyalardan istifadə edilməklə, keyfiyyətli telekommunikasiya xidmətləri göstərən Data Mərkəzi 2016-cı ilin dekabrında istismara verilib və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə respublikada mühafizə olunmalı, həyat təminatlı və mühüm əhəmiyyətli obyektlərin siyahısına daxil edilib.

Tədbirdə çevik və sərfəli “Bulud” həllərinin tətbiqi nəticəsində istismar xərclərinin 30-40 faiz azaldılması, kapital xərclərinin isə sıfıra endirilməsi vurğulanıb. Qeyd edilib ki, məhz səmərəliliyin artırılması sayəsində getdikcə daha çox şirkət öz biznesini qurarkən “Bulud” xidmətlərindən yararlanır.

Təlim zamanı KİV nümayəndələri üçün Data Mərkəzinə tur təşkil olunub. İştirakçılara Data Mərkəzin texniki imkanları, təqdim olunan xidmətlər, iş fəaliyyəti barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, məlumatların saxlanılmasında əsas amil informasiya təhlükəsizliyinin təmin olunmasıdır ki, “AzInTelecom” MMC-nin Data Mərkəzinin informasiya təhlükəsizliyinin idarə olunması üzrə ISO 27001 sertifikatına malikdir. Bu da məlumatların etibarlı və təhlükəsiz mühitdə qorunmasına zəmanət verir. Həmçinin bildirilib ki, mərkəz Azərbaycan və Cənubi Qafqaz regionunda TIER III sertifikatına malik ilk Data Mərkəzidir. Məlumat verilib ki, TIER III kateqoriyasının əsas xüsusiyyətlərinə mühəndis altsistemlərinin paralel fəaliyyəti, ehtiyat soyutma sistemi, ehtiyat enerji təminatı sistemi, ehtiyat telekommunikasiya infrastrukturu daxildir. 99,982 faiz etibarlılıq səviyyəsi təmin olunan Data Mərkəz sahəsi 700 m2-dən çox olan server dayaqlarına malikdir və verilənlərin yüksək sürətlə ötürülməsini həyata keçirir.

Diqqətə çatdırılıb ki, müştərilərə öz əsas işləri ilə məşğul olmağa imkan verən regional rəqəmsal həllər provayderi olmağı özünə hədəf seçən “AzInTelecom” MMC rəqəmsal dünyada keyfiyyətə üstünlük verənlərə təhlükəsiz, etibarlı və uyğunlaşa bilən data xidmətləri təqdim edir. “AzInTelecom” öz şirkət strategiyasını insana dəyər, etibarlılıq, innovativlik, çeviklik, şəffaflıq və məxfiliyin qorunması kimi fundamental dəyərlər ətrafında formalaşdırıb.

“AzInTelecom” MMC-nin 3 əsas fəaliyyət istiqaməti mövcuddur:

Azərbaycan və dünya ölkələri arasında beynəlxalq səs trafiki mübadiləsinin təşkili;

Regional Data Mərkəzi nəzdində “İnfrastruktur xidmət kimi” (IaaS) və “Bulud” əsaslı xidmətlər;

Azərbaycan Respublikası ərazisində satışı, istismarı və istehsalı həyata keçirilən telekommunikasiya vasitə və qurğularının sertifikatlaşdırılması.

Beynəlxalq səs trafiki mübadiləsinin təşkili xidməti çərçivəsində Azərbaycan Respublikası ilə dünya ölkələri arasında mübadilənin yüksək keyfiyyəti və alternativliyi təmin edilir. Trafik mübadiləsinin optimallaşdırılması məqsədilə “AzInTelecom” MMC-nin nəzdində yaradılmış IP əsaslı Beynəlxalq Kommutasiya Mərkəzi (IMS) beynəlxalq çıxış zənglərinin ən keyfiyyətli kanallarla yönləndirilməsini və marşrut seçiminin təkmilləşdirilməsini, IP-əsaslı səs kanallarının təşkilini, bütün ölkədaxili və beynəlxalq istiqamətlərdə alternativ arabağlantını təmin edir. İnfrastruktur (IaaS) və “Bulud” xidmətləri ISO 20000, ISO 27001 və “Uptime İnstitute” tərəfindən “TIER III” sertifikatları ilə təltif olunan regional Data Mərkəzi yerli və beynəlxalq qurumlara infrastruktur və “Bulud” xidmətləri (virtual şəbəkə, virtual yaddaş, virtual infrastruktur, rezervləmə və digər) göstərməyə qadirdir. Sertifikatlaşdırma xidmətlərinin həyata keçirilməsi telekommunikasiya vasitələri və qurğularının texniki göstəricilərinin respublikanın qarşılıqlı əlaqəli telekommunikasiya şəbəkəsinin və beynəlxalq normativlərin tələblərinə cavab verməsi faktının müəyyən edilərək müvafiq səlahiyyətli icra hakimiyyəti orqanı tərəfindən “uyğunluq” sertifikatının verilməsindən ibarətdir. Bunun nəticəsində də keyfiyyətli, standartlara cavab verən avadanlıqların müəyyən edilməsində konsaltinq xidməti göstərilir, bu isə daxili bazarda sağlam rəqabətin artmasına, istehlakçıların hüquqlarının qorunmasına, müəssisə və təşkilatların fəaliyyətinə lazımi şərait yaradılmasına kömək edir.

“AzInTelecom” və onun xidmətləri haqqında ətraflı məlumatı “www.azintelecom.az” və “www.datamerkezi.az” veb-saytlarından əldə etmək olar.

Bu tədbirlər ölkədə İKT-nin inkişafını, dövlətin, eləcə də qeyri-dövlət təşkilatlarnın bu sahədə həyata keçirdiyi islahatların müsbət nəticə verdiyini göstərir. Bununla yanaşı, Azərbaycanın bu sahədəki uğurlarının beynəlxalq müstəviyə çıxdığının da bariz nümunəsidir.

Z.MƏMMƏDLİ

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə "İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində hazırlanıb.




Bölməyə aid digər xəbərlər
8-12-2018, 23:15 50-dən artıq startap...

{sape_links}{sape_article}