17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Virtual məkan uşaqlar üçün təhlükəyə çevrilib - Ekspert
Tarix: 11-06-2018 01:03 | Bölmə: Layihə
Virtual məkan uşaqlar üçün təhlükəyə çevrilib

Ekspert Ramil Süleymanov deyir ki, gələcək nəslin müasir texnologiyaları mənimsəməsi prosesində onların zərərli təsirlərdən uzaq qalmasını təmin etməliyik

Son illər ölkəmizdə internet istifadəçilərinin sayı sürətlə artır. İnternet stifadəçilərinin böyük əksəriyyətini uşaq və yeniyetmələr təşkil edir. Təbii ki, internet istifadəçilərinin sayının artması ölkənin istənilən nöqtəsində internetə çıxış imkanlarının olması ilə bağlıdır.

Amma bildiyiniz kimi, hər bir inkişaf, yenilik özü ilə yeni problemlər də gətirir. İnternet məkanı o qədər geniş və sərhədsizdir ki, orada gizli saxlanmalı olan məlumatların evlərə ayaq açması qarşısıalınmaz prosesə çevrilib. Xüsusən də uşaqlar üçün təhlükəsiz internet məkanın təmin edilməsi vacibdir. Təəssüflər olsun ki, kiçik yaşlı uşaqların internetdən istifadəsində bəzən problemlər yaşanır. Əksər vaxtlarda valideynlər də övladlarının internetdən istifadəsinə nəzarət edə bilmirlər. Bəzən uşaqların sağlamlığı, psixologiyası üçün zərərli informasiyaların təsnifatını aparmaq, hansının faydalı və ya zərərli olduğuna nəzarət etmək çətin olur.

Bu istiqamətdə həm dövlət, həm də ayrı-ayrı şirkətlər müəyyən layihələr həyata keçirirlər.

Bu problemləri nəzərə alaraq ötən ildən ölkəmizdə yeni layihəyə start verilib. Belə ki, yeni layihədə uşaqları arzuolunmaz informasiyalardan qorumaq üçün vahid normativlər müəyyən ediləcək. Hazırda Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu istiqamətdə fəaliyyət göstərir. Komitədən bildirlib ki, 2016-cı il aprelin 19-da “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilib. Həmin dəyişikliklərə əsasən, uşaqların sağlamlığına, inkişafına zərər verən informasiyalardan qorunması müvafiq qanunla tənzimlənir. Bu o deməkdir ki, xüsusi bir qanun qəbul edilməli, həmin qanunda uşaqların yaş kateqoriyalarına görə informasiya məhsullarının təsnifatı aparılmalıdır. Prezidentin sərancamına əsasən, həmin qanunun hazırlanması Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ədliyyə Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və digər qurumlara tapşırılıb. Hazırda bu layihənin hazırlanması üzərində iş gedir.

Komitədən verilən məlumata görə, qanun layihəsində 18 yaşa qədər uşaqların yaş qruplarına uyğun olaraq informasiya məhsullarının təsnifatı aparılacaq. Qanunda 6 yaşa qədər uşaqlar hansı informasiyaları əldə bilər və ya yaxud 6-12, 18 yaşa qədər uşaqların yaş qruplarına uyğun olaraq informasiya məhsullarının təsnifatı kimi məsələlər öz əksini tapacaq. Eyni zamanda, nəşr olunan və yaxud da telekommunikasiya vasitəsi ilə yayımlanan, ümumiyyətlə, uşaqlarla bağlı dövriyyədə olan bütün informasiya vasitələri ilə bağlı qadağalar, məhdudiyyətlər olacaq.

Qeyd edilib ki, indi belə normativlər yalnız televiziyada mövcuddur, amma indi bu, daha geniş sahəni əhatə edir: “Yeni qanunda bu normativlər Azərbaycanda dövriyyə olunan bütün informasiya məhsullarına, hər bir sahəyə aid ediləcək. Bilirsiniz ki, indi bu məsələ aktualdır. Hazırda xüsusilə telekommunikasiya vasitələri (internet, mobil internet və digər bu kimi vasitələr) ilə yayımlanan bəzi informasiyalar var ki, uşaqların psixologiyasına, onların sağlam inkişafına mənfi göstərir. Bu sahəni tənzimləyən bir qayda, bir mexanizm olmalıdır. Üzərində iş gedən layihə-qanun da bu məsələni əhatə edəcək”.

Layihədə xüsusi qanunlar olmaqla yanaşı, bu qanunları tənzimləyəcək qaydalar, mexanizm də yer alacaq. Bu qaydaların həyata keçirilmə mexanizmi də həmin qanunun layihəsində müəyyənləşdiriləcək. Artıq bir neçə ölkədə belə qanunlar var. Bizdə də həmin ölkələrin təcrübəsindən istifadə olunur.

Onu da qeyd edək ki, “Bakcell”in təxminən iki il bundan əvvəl istifadəyə verilmiş və uşaqlar üçün internetdən istifadənin daha təhlükəsiz olmasını təmin edən internet paketləri artıq 4G şəbəkəsində də fəaliyyət göstərir. Bu internet paketləri və Azərbaycanın ilk FTTH provayderi olan ENGİNET şirkətinin “İnternet Filtrasiya Xidməti” sayəsində “Bakcell” abunəçiləri öz uşaqlarının internetdən təhlükəsiz istifadəsini təmin edə, onları zərərli və istənilməyən məzmundan qoruya biləcəklər.

“Uşaqların təhsili və inkişafında İnternetin rolu çox böyükdür. Lakin biz valideynlər uşaqlarımızın internetdən necə istifadə etmələrinə hər an nəzarət edə bilmirik. İnternet mühitində uşaqlarımızın diqqətindən uzaq saxlamaq istədiyimiz xeyli zərərli məzmun var. Buna görə də “Bakcell” və ENGİNET valideynlərə arzuolunmaz veb-səhifələri filtrdən keçirmək və onlara girişi məhdudlaşdırmaq imkanı verib. Bu məhsula tələbat günü-gündən artmaqdadır. “Bakcell” ENGİNET ilə birgə virtual dünyanı uşaqlarımız üçün daha təhlükəsiz etmək üçün bu gözəl fürsəti yaradıb”, - deyə “Bakcell” şirkətinin baş marketinq direktoru Todor Dimitrovski bildirib.

Xatırladaq ki, ENGİNET şirkəti tərəfindən istifadə edilən filtrasiya sistemi tərkibində uşaqlar üçün zərərli informasiya daşıyan 90 tematik qrup üzrə 18 milyon veb-səhifəyə çıxışı məhdudlaşdırır. “Təhlükəsiz İnternet Paketləri”ni alan “Bakcell” müştəriləri daxil olduqları veb-səhifələri filtrasiya edərək, öz uşaqlarını böyüklər üçün nəzərdə tutulmuş məzmun, qeyri-qanuni və yaxud zorakılıq əlamətləri olan məlumatlar, narkotik və dərman vasitələri və digər zərərli məzmunlardan qoruya biləcəklər.

“ENGİNET Azərbaycanda ilk şirkətdir ki “İnternet Filtrasiya Xidməti”ni fərdi bazarda təklif edir və bizim peşəkar komandamız bu məhsulu daha da keyfiyyətli etmək üçün vaxtaşırı müvafiq yenilənmə işləri həyata keçirir. Dünyada hər gün bir milyondan artıq veb-səhifə yaradılır və bizim də “qara siyahı” sistemimiz buna uyğun olaraq gündəlik yenilənir. Bu yaxınlarda isə axtarış sistemimizə “qara açar sözləri” üzrə daha bir yenilik tətbiq ediləcək”, - deyə ENGİNET şirkətinin Marketinq şöbəsinin rəhbəri Elmira Abasova bildirib.

Qeyd edək ki, ENGİNET şirkəti Azərbaycan Respublikası Təhsil Nazirliyinin köməyi ilə ölkə məktəblərində Təhlükəsiz İnternet Layihəsinin icrasına başlayıb. Layihənin ilkin mərhələsində Sumqayıt şəhərinin orta məktəblərində “Təhlükəsiz İnternet” mövzusunda açıq dərslər təşkil edilir.

Sosial məsuliyyətli bir şirkət olaraq, “Bakcell” şirkəti uşaqların inkişafını, təhsilini və cəmiyyətə inteqrasiyasını xüsusi diqqət mərkəzində saxlayır. Şirkətin həyata keçirdiyi “Bakcell Stars” adlanan Korporativ Sosial Məsuliyyət Proqramı çərçivəsində hər il yüzlərlə uşağın təhsilinə və sosial rifahının yaxşılaşdırılmasına töhfə verilir. Uşaqlar üçün təhlükəsiz internet həllinin təklif olunması da bu fəaliyyətin bir hissəsidir.
Uşaqlarınızı arzuolunmaz məzmundan müdafiə etmək üçün *134#10#YES yığaraq “Bakcell” şirkətinin təklif etdiyi Təhlükəsiz İnternet Paketlərini əldə etməlisiniz. 10 GB təhlükəsiz internet paketinin qiyməti 10 AZN təşkil edir. Bu paket mobil telefon və ya noutbuk kimi istənilən cihazlarda istifadə oluna bilər.

Aktivləşdirmə prosesində arzuolunmaz məzmun sistem vasitəsilə sizin mobil internet paketinizdən avtomatik olaraq filtrasiya ediləcək.

Virtual məkan uşaqlar üçün təhlükəyə çevrilib

"Demokratik Gənclər" İctimai Birliyinin direktoru, İTK üzrə təlimçi Ramil Süleymanov “Reytinq”ə deyib ki, son illər internetdən istifadə səviyyəsi artdıqca uşaq və yeniyetmələrin internetin zərərinə məruz qalma halları da çoxalır. Onun fikrincə, uşaqların internet asılılığı ilə bağlı problemlərin səviyyəsini öyrənmək üçün müxtəlif üsullar var:

“Qeyd edim ki, internetlə bağlı çoxlu problemlər olur. Online təhlükəli oyunlar və müəyyən saytlar var ki, gizli əməkdaşları uşaqları təhlükəli məsələlərə cəlb edirlər. Uşaqdan hansısa ailə sirrini öyrənir, hesab kartının nömrəsini alır və s. Uşaqlar belə hallarla bağlı xəbərdar edilməli, valideynləri onlara daha diqqətli yanaşmalıdır. Zaman-zaman Azərbaycanda da uşaqların internetdə təhlükəsizliyi ilə bağlı müxtəlif tədbirlər görülüb. Təhsil sahəsində təhlükəsizlik sisteminin qurulduğunu söyləmək olar. Təhsil müəssisələrinə internet süzgəcdən keçirilərək verilir. Yəni, ekstremizmə, terrorçuluğa çağırış, pornoqrafik, erotik mövzular avtomatik olaraq silinir. Burada qanunverici baza formalaşıb ki, hansı informasiyalar internet üzərindən təhsil müəssisələrinə verilə bilər, hansı yox. Beləliklə, təhsil sistemində təmiz internetlə bağlı problem 99 faiz həll olunub. Amma digər müəssisələrdə, evlərdə, internet klublarda belə problemlər qalmaqdadır”.

Ekspert onu da qeyd edib ki, onlayn məkanda uşaqların müdafiəsi gün keçdikcə daha aktuallaşdığından, "Online Security Brand Tracker" şirkətinin tədqiqatının nəticələri də maraq kəsb edir. Məlum olub ki, yetkinlik yaşına çatmış internet istifadəçilərinin 53,7 faizi virtual məkandakı arzuolunmaz kontenti gənc nəsil üçün çox təhlükəli ünsür hesab edir:

“Hazırda internetin gənc istifadəçiləri arasında ani mətn mübadiləsinə imkan verən proqramlar, messencerlər çox populyardır. Uşaqlar bir qayda olaraq tanımadıqları insanlarla əlaqəyə asanlıqla girir və bu zaman ağıllarına gətirmirlər ki, onlarla təmasda olan şəxs əxlaqsız, ya da manyak ola bilər. Azyaşlıların internetdəki pornoqrafik, erotik, ekstremist, radikal dinçi və s. saytlara girişlərinin də qarşısı alınmadıqda onların kənar təsir altına düşmələri həddən ziyadə asanlaşır. Hesab edirəm ki, valideyinlər bu məsələyə ciddi yanaşmalıdır.Bütün halarda, texnologiya inkişaf demək olsa da, bunun zərəli tərəfləri də var. Gələcək nəslin müasir texnologiyaları mənimsəməsi prosesində onların zərərli təsirlərdən uzaq qalmasını təmin etməliyik. Bunu evdə valideynlər, təhil müəssisələrində isə müəllimlər gerçəkləşdirməlidir”.

Z. MƏMMƏDLİ

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə "İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində hazırlanıb.




Bölməyə aid digər xəbərlər
8-12-2018, 23:15 50-dən artıq startap...

{sape_links}{sape_article}