16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
İKT sahəsində elmi araşdırmalar davam etdirilir
Tarix: 23-06-2018 10:45 | Bölmə: Layihə
İKT sahəsində elmi araşdırmalar davam etdirilir

İnformasiya Texnologiyaları İnstitutunda magistrlik dissertasiyalarının müdafiəsi keçirilib

Ölkəmizdə informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində irəliləyişlər yüksələn xətt üzrə davam etdikcə, bu sahə üzrə elmi araşdırmalar da artır. Artıq Azərbaycan maliyyə vəsaitləri hesabına müasir texnologiyalar alan ölkə deyil. Son illər müasir texnoloji vasitələr, informasiyalı cəmiyyət, yüksək texnologiyalı elmi əsasların araşdırılması, elmi fəaliyyətin inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılır.

Bu günlərdə AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda magistrantların magistrlik dissertasiyalarının müdafiəsi üçün təşkil olunmuş ixtisaslaşdırılmış Müdafiə Şurasının iclası keçirilib.

“Reytinq”ə daxil olan məlumata görə, tədbiri giriş sözü ilə açan AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev bildirib ki, AMEA prezidentinin 10 aprel 2018-ci il tarixli “AMEA-nın II kurs magistrantlarının dissertasiya müdafiəsinin təşkili haqqında” Sərəncamına əsasən, İnformasiya Texnologiyaları İnstitutuna “Kompüter sistemlərinin və şəbəkələrinin proqram təminatı”, “Kompüter mühəndisliyi”, “İnformasiya mühafizəsi və təhlükəsizliyi”, İdarəetmə Sistemləri İnstitutuna “İdarəetmənin informasiya texnologiyaları” ixtisaslaşması üzrə 2016/2017-ci tədris ilində qəbul olunmuş magistrantların magistrlik dissertasiyalarının müdafiəsi məqsədilə rəhbərlik etdiyi qurumda ixtisaslaşdırılmış Müdafiə Şurası yaradılıb.

Sonra AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun (İSİ) magistrantı Lamiyə Nəcəfova 249153 – “İdarəetmənin informasiya texnologiyaları” ixtisaslaşması üzrə “Azərbaycan dilindəki mətnlərin müəlliflərinin identifikasiyası üçün alqoritm və proqram təminatının işlənilməsi” mövzusunda dissertasiya işini təqdim edib. O, bildirib ki, tədqiqat işinin məqsədi Azərbaycan dilindəyazılmış mətn müəlliflərinin identifikasiyası üçün mətnlərin yazı üslubunu təyin edən müxtəlif əlamətlərin araşdırılması, onların bir neçə göstəricilərə əsasən analizi üçün proqram təminatının hazırlanması, müəlliflərin tanınması üçün alqoritmin təklif olunmasıdır.

İKT sahəsində elmi araşdırmalar davam etdirilir

Məruzəçinin sözlərinə görə, mətn müəlliflərinin identifikasiyası müəllifi məlum olmayan mətnlərin müəllifinin müəyyən olunması baxımından vacib məsələlərdəndir. O, qeyd edib ki, dissertasiya işində “C sharp” proqramlaşdırma dilində mətnlərin müxtəlif parametrlərinə görə statistik analizini aparan proqram təminatı hazırlanıb, mətn müəlliflərinin tanınması “Matlab” riyazi proqram paketində aparılıb.

Daha sonra İnformasiya Texnologiyaları İnstitutunun magistrantı Şəlalə Mansurova 249161 – “Kompüter sistemlərinin və şəbəkələrinin proqram təminatı” ixtisaslaşması üzrə “Kompüter şəbəklərində bulud xidmətlərinin səmərəli təşkili üsullarının tədqiqi” mövzusunda dissertasiya işini təqdim edib. O, işin məqsədi, aktuallığı, qarşıya qoyulmuş məsələlər və s. barədə məlumat verib.

Ş. Mansurova işin məqsədinin kompüter şəbəkələrində bulud texnologiyaları vasitəsilə mövcud xidmətlərin səmərəliyinin təmin edilməsi üsullarının tədqiqi, təklif edilən model əsasında infrastruktur xidmətinin effektivliyinin artırılması olduğunu bildirib və əldə edilmiş əsas nəticələri təqdim edib.

Ş. Mansurova bildirib ki, dissertasiya işində bulud modellərinin təhlükəsizlik baxımından qiymətləndirilməsi üçün kriteriyalar çoxluğu təyin edilib, seçilmiş kriteriyalar əsasında multiplikativ aqreqatlaşma metodu vasitəsilə bulud modellərinin təhlükəsizliyinin qeyri-səlis çoxkriteriyalı qiymətləndirilməsi həyata keçirilib, bulud xidməti modellərinin qiymətləndirilməsi üçün keyfiyyət əlamətləri tədqiq edilib və səciyyəvi keyfiyyət əlamətləri əsasında qiymətləndirmə metodları verilib. Həmçinin, infrastruktur xidmət kimi modelin səmərəliyinin artırılması üçün bulud, duman, şeh arxitekturası nəzərdən keçirilib və təklif edilən infrastruktur xidməti səmərəliliyinin təşkili üçün müraciət intensivliyi əsasında Bulud-şeh yanaşması işlənilib.

“İdarəetmənin informasiya texnologiyaları” ixtisaslaşması üzrə “Hidroelektrik stansiyaları aqreqatlarının diaqnostikası üçün intellektual informasiya texnologiyalarının işlənilməsi (Mingəçevir Su Elektrik Stansiyası (SES) misalında)” adlı dissertasiya işini təqdim edən İSİ-nin magistrantı Nigar Alışzadə işin elmi yeniliyi barədə məlumat verib. Qeyd edib ki, intellektual diaqnostikanın həyata keçirilməsi üçün zaman sıralarının emalında perseptron əsaslı rekurrent arxitekturaya malik “Elman” şəbəkəsinin məsələyə uyğun modifikasiyasının modelləşdirilməsi və seçilmiş öyrətmə alqoritmi ilə realizasiyası, eləcə də, tədqiqat obyekti haqqındakı ekspert biliklərinin qeyri-səlis produksion qaydalar vasitəsilə modelləşdirilməsi və texniki vəziyyətin qiymətləndirilməsi üçün Soft Computing modelinə uyğun qeyri-səlis çıxarış sisteminin işlənilməsi işin elmi yeniliyini səciyyələndirir.

Məruzəçi dissertasiya işinin əsas məqsədinin araşdırma obyektinin cari texniki vəziyyətinin qiymətləndirilməsi üçün obyektdən vibrodiaqnostika vericiləri vasitəsilə toplanmış siqnalların emalını həyata keçirən üsulların işlənilməsi və bu üsullar əsasında müvafiq proqram təminatının hazırlanması olduğunu bildirib.

O, tədqiqatın nəticələrini təqdim edərək deyib ki, Mingəçevir SES-nın əsas hidroaqreqatlarından biri olan K-300-240-3 turbininə quraşdırılmış vericilərdən toplanan siqnallar əsasında “MS Access” sistemində verilənlər bazası işlənib, verilənlərin emalı üçün “Matlab” riyazi proqram paketində rekurrent “Elman” şəbəkəsi qurulub və “Levenberq-Markvardt” alqoritmi ilə öyrədilib, eləcə də, şəbəkə vasitəsilə diaqnostika aparılıb, verilənlər bazasından seçilmiş müxtəlif vektorlarla eksperimentlər həyata keçirilib.

Sonra İnformasiya Texnologiyaları İnstitutunun magistrantı CabirƏmirxanlı 249178 –“Kompüter mühəndisliyi” ixtisaslaşması üzrə“Elektron dövlətin təkmil modellərinin analizi və qiymətləndirilməsi” mövzusunda dissertasiya işini təqdim edib.

İşin aktuallığından danışan məruzəçi bildirib ki, e-dövlət İKT vasitələrindən istifadə etməklə dövlət proseslərini transformasiya edir və öz müştərilərini (vətəndaşlar, biznes sahəsi və digər dövlət qurumları) informasiya, bilik və xidmərlərlə təmin edir. E-dövlət göstərilən xidmətlərin keyfiyyətinin artırılması və demokratiyanın inkişaf etdirilməsi məqsədilə dövlətə aid prosesləri köklü sürətdə dəyişdirmək üçün İnternet, mobil hesablamalar vəbulud texnologiyaları kimi İKT vasitələrindən yararlanır.

C. Əmirxanlı dissertasiya işinin məqsədini diqqətə çatdıraraq bildirib ki, məqsəd, bir sıra təşkilatlar və tədqiqatçılar tərəfindən təklif olunan e-dövlətin təkmil modellərinin müqayisəli analizi və qiymətləndirilməsidir.

O, dissertasiya işində alınmış nəticələri təqdim edib. İşdə e-dövlətin təkmil modellərinin bir sıra aspektlər baxımından müqayisəli analizinin aparıldığını, modellərin çatışmazlıqları, ortaq və fərqli cəhətlərinin aşkarlandığını, təkmil modellərin qiymətləndirilməsinə dair yanaşmaların analiz olunduğunu və meyarların müəyyənləşdirildiyini, eləcə də, “Ən pis hal” yanaşması və “TOPSIS” metodu əsasında e-dövlətin təkmil modellərinin qiymətləndirildiyini nəzərə çatdırıb.

İnformasiya Texnologiyaları İnstitutunun magistrantı Elşən Bağırov 249186 – “İnformasiya mühafizəsi və təhlükəsizliyi” ixtisaslaşması üzrə “İnformasiya təhlükəsizliyi insidentlərinin idarə edilməsi metodları” adlı dissertasiya işini təqdim edib. O, dissertasiya işinin giriş, üç fəsil, nəticə, əlavələr və ədəbiyyat siyahısından ibarət olmaqla 75 səhifədən təşkil olunduğunu deyib.

Bildirib ki, informasiya təhlükəsizliyi insidentlərinin (İTİ) effektiv və səmərəli idarə edilməsi biznes-proseslərin fasiləsizliyinin təmin edilməsi baxımından mühüm rol oynayır. Məruzəçi informasiya təhlükəsizliyi insidentlərinin sürətli və effektiv idarə edilməsi üçün yanaşma və təkliflərin işlənməsinin tədiqatın əsas məqsədi olduğunu vurğulayıb.

E. Bağırov dissertasiya işində əldə olunmuş nəticələri təqdim edib. Tədqiqat zamanı İTİ-nin idarə edilməsi üçün nəzərdə tutulmuş informasiya sisteminin komponentlərinin və İTİ-nin qarşısını almaq məqsədilə proqram təminatı boşluqlarının analiz edildiyini, İTİ biletlərinin klassifikasiyası üçün verilənlərin intellektual analizi metodlarının tətbiq edildiyini, həmçinin İTİ-nin idarə edilməsi mövcud metrikalarının analiz edildiyini və bir sıra metrikaların təklif olunduğunu diqqətə çatdırıb.

Dissertasiya işləri təqdim edildikdən sonra müzakirələr aparılıb. Müzakirələrdə akademik Rasim Əliquliyev, institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü, professor Məsumə Məmmədova, şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev, şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Yadigar İmamverdiyev, institutun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Zərifə Cəbrayılova, institutun aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Fərqanə Abdullayeva, texnika elmləri doktoru Abbas Rzayev və riyaziyyat üzrə fəlsəfə doktoru Ədalət Paşayev çıxış edərək öz sual, təklif və tövsiyələrini səsləndiriblər.

İnformasiya Texnologiyaları İnstitutunun Təhsil şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Fərhad Yusifov L. Nəcəfova (rəsmi rəyçi: fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Səxavət Talıbov, elmi rəhbər: AMEA-nın müxbir üzvü Kamil Aydazadə), Ş. Mansurova (rəsmi rəyçi: tex.f.d. Məmməd Həşimov, elmi rəhbər: AMEA-nın müxbir üzvü R.Alıquliyev), N. Alışzadə (rəsmi rəyçi: tex.e.d. Fəhrad Paşayev, elmi rəhbər: riy.f.d., dosent Gülçin Abdullayeva), C. Əmirxanlı (rəsmi rəyçi: tex.f.d. Rəna Qasımova, elmi rəhbər: dosent F.Yusifov) və E. Bağırovun (rəsmi rəyçi: tex.f.d., dosent Ramiz Şıxəliyev, elmi rəhbər: dosent Y.İmamverdiyev) dissertasiya işlərinə dair rəyləri nəzərə çatdırıblar.

Dissertasiya işlərinin müzakirəsindən sonra açıq səsvermə keçirilərək, hər bir iş üzrə qiymətləndirmə aparılıb. Qiymətləndirmənin nəticələrinə əsasən, L. Nəcəfova, Ş. Mansurova, N. Alışzadə, C. Əmirxanlı və E. Bağırova magistr elmi dərəcəsinin verilməsi haqqında qərar qəbul olunub.

Sonda çıxış edən akademik Rasim Əliquliyev dissertasiya işlərinin yerinə yetirilməsinə dəstək verən elmi rəhbərlərə təşəkkürünü bildirib. O, magistrantların nəzəri və praktiki hazırlığını yüksək qiymətləndirib, gənc tədqiqatçılara gələcəkdə elmi fəaliyyətlərini davam etdirməyi tövsiyə edib.

Göründüyü kimi, müasir texnologiyaların araşdırılması, informasiya cəmiyyətinin bütün detallarının öyrənilməsi və daha da genişləndirilməsi üçün elmi mühit formalaşıb. Aparılan elmi araşdırmalar, yazılan dissertasiyalar və bu elmi işlərin müzkirəsi İKT sahəsində yeni uğurların əldə olunacağına zəmin yaradır.

Z. MƏMMƏDLİ

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə "İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində hazırlanıb.




Bölməyə aid digər xəbərlər
8-12-2018, 23:15 50-dən artıq startap...

{sape_links}{sape_article}