Müasir texnologiyalar biznes mühitini yaxşılaşdırır
Tarix: 30-06-2018 14:10 | Bölmə: Layihə / Xəbərlər
Müasir texnologiyalar biznes mühitini yaxşılaşdırır

İKT Komitəsinin işindəki fəallıq ölkəmizdə yerli bizneslə dialoq kanallarını artır

Azərbaycanın informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində əldə etdiyi uğurlar ölkə sərhədlərini aşır. Son illər müasir texnologiyanın tətbiqi, informasiyalı cəmiyyətin inkişafı nəticəsində Azərbaycan yeni texnoloji layihələr ixrac edən bir ölkə kimi tanınmağa başlayıb. Bu mənada Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin layihələrini xüsusi vurğulamaq lazımdır. Məlumat üçün bildirək ki, bu layihələr o qədər təkmil formada hazırlanıb ki, artıq beynəlxal səviyyədə tədim olunmaqdadır.

Belə ki, bu günlərdə Parisdə UNESCO-nun baş qərargahında “İnformasiya hamı üçün” proqramı (IFAP) üzrə Hökumətlərarası Şuranın 10-cu sessiyası keçirilib. Sessiya çərçivəsində Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəliyinin təşəbbüsü ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndə heyəti tərəfindən IFAP proqramının prioritet sahələrinə uyğun olaraq ölkəmizdə informasiya cəmiyyətinin qurulması sahəsində əldə olunmuş nailiyyətlər, uğurlu təcrübələr və mövcud vəziyyətin inkişafı ilə bağlı aparılan işlər barədə geniş təqdimat keçirilib.

Sessiyada çıxış edən Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Anar Kərimov IFAP-ın prioritetləri sahəsində ən yaxşı təcrübəsini və nailiyyətlərini bölüşmək üçün Azərbaycana yaradılan imkana görə Hökumətlərarası Şuranın “İnformasiya hamı üçün” proqramının bürosuna və katibliyinə təşəkkür edib. İKT-nin sülhün və mədəniyyətlərarası dialoqun təşviqində roluna toxunaraq, ölkəmizin IFAP proqramını dəstəklədiyini bildirib. IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda IFAP-ın “Kiberməkanda ekstremizmə qarşı mübarizənin mədəniyyət ölçüləri: zorakılığa yol açan gənclərin radikallaşması” adlı panelini xatırladıb. İKT-nin davamlı inkişafı sahəsində ölkəmizin siyasətindən söhbət açıb.

Azərbaycan layihəsi UNESCO-da


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi Rəşad Əzizovun ölkəmizdə informasiya cəmiyyətinin qurulması sahəsində əldə olunmuş nailiyyətlərə dair təqdimatı dinlənilib. Təqdimatda son illər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən həyata keçirilən və informasiya cəmiyyətinin inkişafına xidmət edən bir çox layihələr, eləcə də elektron hökumət, elektron imza, yeni nəsil şəxsiyyət vəsiqələri haqqında geniş məlumat verilib. Ölkə əhalisinin internetə çıxışı, genişzolaqlı şəbəkənin inkişafı və kosmik sənaye kimi vacib infrastruktur layihələrdən bəhs edilib. R. Əzizov bildirib ki, ölkəmizdə innovativ iqtisadiyyatın prioritet istiqamətləri və İKT sahəsində startap layihələri, kibertəhlükəsizlik, kiberməkanda çoxdillilik, fiziki məhdudiyyətli insanlar üçün İT-ə dair layihələr həyata keçirilib.

Ölkəmizdə uğur qazanmış digər - Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) mərkəzləri, Müəllif Hüquqları Agentliyinin “Rəqəmli hüquqları idarəetmə sistemi”, Mədəniyyət Nazirliyinin Milli Kitabxana-İnformasiya Mərkəzi “Azlibnet” layihəsi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Şəbəkə” xidmət mərkəzləri, Data Mərkəzi kimi layihələr haqqında da ətraflı məlumat verilib. Tədbirdə iştirak edən IFAP üzrə Hökumətlərarası Şuranın yeni seçilmiş sədri Anna Bossman, UNESCO-nun IFAP layihəsi üzrə əlaqələndiricisi Boyan Radoykov, UNESCO Baş direktorunun kommunikasiya və informasiya üzrə müavini Moez Şakşouk və üzv ölkələrin nümayəndələri ilə görüşlər keçirilib.

Sessiya çərçivəsində Azərbaycanın İKT sahəsində əldə etdiyi nailiyyətləri əks etdirən foto-sərgi nümayiş olunub. Sonda UNESCO IFAP proqramında iştirak edən ölkələrin nümayəndələrinə ölkəmiz adından ziyafət verilib.

Qeyd edək ki, “İnformasiya hamı üçün” proqramının əsas məqsədi üzv ölkələrdə informasiyaya çıxışı təkmilləşdirməkdir. UNESCO-nun kommunikasiya və informasiya mandatı informasiyaya çıxış, informasiya etikası, informasiya savadlılığı, informasiyanın qorunması, zorakı ekstremizmin qarşısının alınması və digər bu kimi sahələri əhatə edir.

Belarusla təcrübə mübadiləsi

Növbəti tədbir Belarusun paytaxtı Minsk şəhərində baş tutub. Məlumata görə, Minskdə Avropa İttifaqının Şərq Tərəfdaşlığı (ŞT) ölkələrinin qeyri-rəsmi dialoqlarının 10-cu görüşü çərçivəsində rəqəmli iqtisadiyyat və rəqəmli texnologiyalar üzrə nazirlərin iştirakı ilə rəqəmli bazarların uyğunlaşdırılmasına dair plenar iclas keçirilib. Tədbirdə Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib.

Belarusun rabitə və informasiyalaşdırma naziri Sergey Popkov plenar iclasda qaldırılan məsələlərin yüksək səviyyədə müzakirə olunmasının Şərq Tərəfdaşlığı ölkələrində inkişaf və əməkdaşlığın gücləndirilməsinə xidmət edəcəyini qeyd edib.

İclasda rominq tariflərinin uzlaşdırılması, kibertəhlükəsizlik, rəqəmli bazarların uyğunlaşdırılması, habelə genişzolaqlı rabitənin inkişafı ilə bağlı məsələlərə dair müzakirələr aparılıb.

Tədbirdə Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti və genişlənmə danışıqları üzrə komissarı Yohannes Han, rəqəmli iqtisadiyyat və cəmiyyət üzrə komissar Mariya Qabriel və ŞT ölkələrinin müvafiq sahə üzrə nazir və nazir müavinləri iştirak edib.

Elektron iqtisadiyyat

Onu da nəzərə çatdıraq ki, bu günlərdə BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD) tərəfindən təşkil olunan Ticarət və İnkişaf üzrə Şurasının 65-ci sessiyası çərçivəsində Elektron kommersiya və rəqəmsal iqtisadiyyat üzrə hökumətlərarası ekspert qrupunun hesabatı təqdim edilib. ABŞ, Braziliya, Pakistan, Kuba, Hindistan və digər ölkələrin nümayəndələri çıxışlarında Azərbaycanın sədrliyi ilə ekspert qrupunun işini yüksək qiymətləndirib və bu qrupun işinin BMT-nin Baş katibinin müavini Əminə Məhəmməd tərəfindən xüsusilə qeyd olunduğunu vurğulayıb.

Ekspert qrupunun əsas məqsədi rəqəmsal iqtisadiyyatın dünya ölkələri üzrə qeyri-bərabər inkişaf etdiyini nəzərə alaraq, elektron kommersiyanın imkanlarından faydalanmaqda və mövcud çətinliklərin aradan qaldırılmasında inkişaf etməkdə olan ölkələrə dəstək olmaqdır. Ekspert qrupunun iclasında inkişaf etməkdə olan ölkələrdə yerli platformaların ölkədaxili və transsərhəd elektron kommersiya üçün dəstəklənməsi, kiçik və orta sahibkarların elektron ticarət sahəsində fəaliyyətlərinin dəstəklənməsi, inkişaf etməkdə olan ölkələrin beynəlxalq elektron ticarət platformaları ilə bağlı üzləşdiyi çətinliklər və bu çətinliklərin aradan qaldırılması yolları kimi mövzular müzakirə edilib. İclasın yekunu olaraq inkişaf etməkdə olan ölkələrdə yerli və transsərhəd elektron kommersiyanın inkişaf mənfəətlərinin təşviqi üzrə tövsiyələr qəbul edilib.

Qeyd edək ki, cari ilin aprel ayında BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı tərəfindən keçirilən Elektron kommersiya və rəqəmsal iqtisadiyyat üzrə hökumətlərarası ekspert qrupunun iclasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktorunun müavini Azər Bayramov ekspert qrupunun sədri seçilib.

Nazirliyin jurnalı beynəlxaq arenada


Təbii ki, son dövrlərin nailiyyətləri bununla bitmir. Bir neçə gün öncə “Clarivate Analytics” (əvvəllər “Thomson Reuters”) Agentliyinin 2017-ci il üçün illik hesabatı açıqlanıb. Bu hesabat ötən dövr üçün agentliyin siyahısında olan yenilikləri, siyahıya daxil olan və xaric edilən elmi jurnallar, onların impakt faktorlarının dinamikası haqqında məlumatı əks etdirir. Agentliyin son hesabatına əsasən Azərbaycanda dərc olunan “Applied and Computational Mathematics” beynəlxalq elmi jurnalının təsir əmsalı 1.333-dən qalxaraq 2.365-ə bərabər olub.

Jurnalın həmbaş redaktoru akademik Fikrət Əliyev bildirib ki, Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə çap olunan bu jurnal Azərbaycan elm tarixində ilk və yeganə elmi nəşr olaraq 2008-ci ildə “Thomson Reuters” agentliyinin genişləndirilmiş siyahısında yer alıb. Qeyd edək ki, jurnal bu siyahıda tətbiqi riyaziyyat, yüksək texnologiyalar sahəsi üzrə yer alan 252 beynəlxalq nəşr arasında 19-cu yerdə qərarlaşıb. Jurnalın bu günədək 41 nömrəsi çapdan çıxıb ki, bu nömrələrdə dünyanın 40-dan cox ölkəsini təmsil edən müəlliflərin 450-dək məqaləsi dərc olunub.

Jurnalda tətbiqi və hesablama riyaziyyatının müxtəlif sahələrinə aid yüksək səviyyəli, əsaslı rəydən keçmiş elmi məqalələr çap edilir. Nəşr olunduğu 16 il ərzində jurnal 45 ölkədən 200-dən artıq elmi müəssisə ilə mübadilə həyata keçirib.

“AzInTelecom” Amerika Ticarət Palatasına qoşulub


Ötən həftə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC Azərbaycanda nüfuzlu şirkətlərin təmsil olunduğu Amerika Ticarət Palatasına (“AmCham Azərbaycan”) üzv oldu. Bu işbirliyi tərəflər arasında işgüzar əlaqələrin genişləndirilməsi və Palata üzvlərinin “AzInTelecom”un təklif etdiyi unikal xidmətlər və bizneslər üçün yaratdığı imkanlar haqqında daha ətraflı məlumat əldə etməyə imkan verəcək. Ölkədə biznes mühitinin təkmilləşdirilməsinə yönələn bu əməkdaşlıq, müxtəlif yönlü sosial-iqtisadi layihələrdə iştirak məqsədi daşıyır.

Azərbaycandakı Amerika Ticarət Palatasına üzvlük “AzInTelecom”a xarici təşkilatlarla əməkdaşlıq edərək ölkəmizin İT xidmətlərinin xaricə ixracı üçün perspektiv, tanınmış yerli şirkətlərlə daha yaxından tanış olaraq birgə fəaliyyət imkanlarını dəyərləndirmək, xarici bizneslərin uğurlu təcrübəsindən faydalanmaq və bir sıra digər imkanlar yaradır. Bundan başqa, Palata tərəfindən təşkil olunan brifinq və konfranslar, xüsusilə də İKT Komitəsinin işində fəal iştirak yerli bizneslə dialoq kanallarımızı artırmaqla fəaliyyətimizin effektivliyini çoxaltmağa şərait yaradacaq.


Qeyd edək ki, 1996-cı ildə yaradılmış “AmCham Azərbaycan” ölkə iqtisadiyyatının bütün sektorlarında fəaliyyət göstərən şirkətləri özündə birləşdirən qeyri-kommersiya fəaliyyətli biznes assosiasiyasıdır. Xarici investisiyaların 80%-ni və yerli biznesin əhəmiyyətli hissəsini təmsil edən təşkilatın əsas məqsədi Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması və hökumət ilə özəl sektor arasında körpü rolunu oynamaqdır.

Z. MƏMMƏDLİ

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə "İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində hazırlanıb.




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir
8-12-2018, 23:15 50-dən artıq startap...

{sape_links}{sape_article}