Əmlakla bağlı elektronlaşma prosesi genişlənir - Yenilik
Tarix: 07-07-2018 22:21 | Bölmə: Layihə
Əmlakla bağlı elektronlaşma prosesi genişlənir

“Elektron hökumət”in əhatə dairəsinin daha da böyüməsi üçün vacib işlər görülür

Artıq notariuslar daşınmaz əmlak obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələrin notariat qaydasında təsdiqi üçün “Elektron hökumət” portalında yerləşdirilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışları real vaxt rejimində əldə edə biləcəklər.

Bu, Əmlak Məsələləri Dövlət Komitəsinin Kollegiyasının qərarı ilə təsdiqlənən və bu gündən qüvvəyə minən “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi arasında elektron informasiya sistemləri vasitəsi ilə məlumatların mübadiləsinin təhlükəsizliyinə dair tələblər, qarşılıqlı əməkdaşlıq və arayışın əldə edilməsinə görə ödənişlərin həyata keçirilməsi Qaydası”na dəyişikliklərdə əksini tapıb.

Beləliklə, Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Qeydiyyatı, Kadastrı və İdarə Edilməsi Sistemi (DƏQKİS) və Ədliyyə Nazirliyinin Elektron Notariat İnformasiya Sistemi (Enotariat) arasında real vaxt rejimində qarşılıqlı şəkildə “Elektron hökumət” portalında yerləşdirilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ötürülməsi həyata keçiriləcək. Notarius, “Notariat haqqında” qanunda nəzərdə tutulan notariat əməliyyatlarının aparılması ilə bağlı rayon, şəhər, şəhər rayonu icra hakimiyyəti başçısının nümayəndələri DƏQKİS-dən “Elektron hökumət” portalında yerləşdirilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı real vaxt rejimində müraciət edən fiziki şəxslər üzrə şəxsiyyəti təsdiq edən sənədin seriya və nömrəsini, hüquqi şəxslər üzrə isə VÖEN-ni və ya müraciət etmiş şəxs tərəfindən təqdim olunmuş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda əks olunmuş reyestr nömrəsini, qeydiyyat nömrəsini daxil etməklə “Notariat haqqında” qanun ilə müəyyən edilmiş qaydada əldə edəcəklər. Real vaxt rejimində elektron formada notariuslara verilən “Elektron hökumət” portalında yerləşdirilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın Təsviri” ilə veriləcək. Real vaxt rejimində notarius,”Notariat haqqında” qanunda nəzərdə tutulan notariat əməliyyatlarının aparılması ilə bağlı rayon, şəhər, şəhər rayonu icra hakimiyyəti başçısının nümayəndələri tərəfindən əldə edilmiş çıxarış çap edilərək onun əsasında qanunla nəzərdə tutulmuş əməliyyat aparılacaq. Səbəbindən asılı olmayaraq müqavilə notariat qaydasında təsdiqlənmədikdə əldə edilmiş çıxarış ərizəçiyə təqdim ediləcək.

“Elektron hökumət” portalında yerləşdirilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın real vaxt rejimində əldə edilməsi və müqavilələrin elektron formada ötürülməsi ilə bağlı araşdırılması tələb edilən məsələlər yarandıqda tərəflər həmin sistemlər vasitəsilə elektron qaydada müraciət edəcək. Sorğuya 1 iş günü müddətində sistemlər vasitəsilə cavab veriləcək. Notariusun, ”Notariat haqqında” qanunda nəzərdə tutulan notariat əməliyyatlarının aparılması ilə bağlı rayon, şəhər, şəhər rayonu icra hakimiyyəti başçısının nümayəndələri müəyyən tarix və saatda əldə etdiyi çıxarış təhlükəsiz şəkildə yaddaşda saxlanılacaq. Eyni zamanda notarius, ”Notariat haqqında” qanunda nəzərdə tutulan notariat əməliyyatlarının aparılması ilə bağlı rayon, şəhər, şəhər rayonu icra hakimiyyəti başçısının nümayəndələri əldə edilmiş çıxarışı çap edərək çap edildiyi tarix və saat əks etdirilməklə kağız daşıyıcısında saxlayacaq.

Bu gündlərdə Əmlak Məsələləri Dövlət Komitəsi və Dünya Bankının birgə təşkilatçılığı ilə “Dövlət müəssisələrinin fəaliyyətində şəffaflıq və səmərəliliyin təşviqi” mövzusunda konfrans keçirilib. Konfransın məqsədi dövlət əmlakının idarə edilməsi sahəsində səmərəliliyin, şəffaflığın artırılması, optimallığın təmin olunması istiqamətində mövcud metodların tətbiqinin daha da genişləndirilməsidir. Həmçinin dövlət müəssisələrinin fəaliyyətinin əsas göstəricilərinin təhlili üçün düzgün maliyyə monitorinqi alətlərinin seçilməsi və sistemli tətbiqi istiqamətində fikir mübadiləsi də əsas vəzifələrdəndir. Eyni zamanda, dövlət müəssisələri arasında daha uğurlu idarəetmə üzrə məlumat mübadiləsinin təkmilləşdirməsi, o cümlədən hökumət, onun qurumları və dövlət müəssisələrinə dair islahatların həyata keçirilməsi ilə bağlı müzakirələrin aparılması da konfransın məqsədlərindəndir.

Onu da xüsusi vurğulamaq lazımdır ki, “Elektron hökumət”in formalaşdırılması əmlak və digər məsələlərlə bağlı rəsmi sənədləşmələrin, arayışların, hesabatların elektron qaydada təqdim olunması müsbət nəticəsini verməkdədir. İKT imkanları artdıqca, müxtəlif dövlət qurumlarının internet üzərindən fəaliyyətinin genişləndirilməsinə zəmin yaranır. Bu da ayrı-ayrı dövlət qurumlarının fəaliyyətində şəffaflığın təmin olunmasına səbəb olur. Bu səbəbdən də “Dövlət müəssisələrinin fəaliyyətində şəffaflıq və səmərəliliyin təşviqi“ mövzusunda konfransı müsbət qiymətləndirilir.

Tədbiri giriş sözü ilə açan Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin dövlət əmlakının idarə edilməsində səmərəliliyin artırılması və onun idarə olunmasının təkmilləşdirilməsi ilə bağlı müəyyənləşdirdiyi strategiya və hədəflər çərçivəsində komitə yeni metodların və yanaşmaların tətbiqinə başlayıb: "Eyni zamanda, ölkə başçısının “Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı” imzaladığı 2016-cı il 19 iyul tarixli fərmana əsasən özəlləşən müəssisələrin idarəetmə mexanizmi müasir prinsiplər əsasında həyata keçirilir. Komitə tərəfindən orta müddətli dövrərzində dövlət mülkiyyətində saxlanılacaq müəssisələrin restrukturizasiyası həyata keçirilib, qeyri-profil müəssisə və obyektlərin siyahısı müəyyənləşdirilib, onların özəlləşdirilməsi istiqamətində zəruri tədbirlər görülüb. “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə də bu hədəflərin icrası məqsədilə dövlət mülkiyyətində olan müəssisələr üzrə islahat tədbirlərinin icrası öz təsdiqini tapıb. Hazırda bu istiqamətdə işlər davam etməkdədir. Görülən tədbirlər isə ölkədə iqtisadi fəallığın gücləndirilməsinə, sağlam rəqabət mühitinin formalaşdırılmasına və milli iqtisadiyyatın səmərəliliyinin yüksəldilməsinə şərait yaradır".

Qeyd edilib ki, dövlət əmlakının idarəçiliyi sahəsində elektron xidmətlərə keçidin daha geniş tətbiqi, innovativ resurslardan istifadə və şəffaflığın artırılması istiqamətində mühüm nəticələrəldə olunub. Bildirilib ki, bu sahədə müasir standartlara əsaslanan korporativ idarəetmə prinsiplərinin tətbiqi və beynəlxalq maliyyə hesabatlılıq sisteminə keçid əsas məqsədlərdəndir:

"Dünya Bankının tövsiyələri də nəzərə alınmaqla iri dövlət şirkətlərinə dair vahid məlumat bazası formalaşdırılıb. Bu strukturda kadr uçotu üzrə məlumatlar, maliyyə və mühasibat göstəriciləri, o cümlədən daşınmaz əmlaka dair informasiyalar yer alır. Həmin məlumat bazasına iri dövlət şirkətləri tərəfindən onlayn rejimdə müvafiq məlumatları daxil etməyə imkan verən veb-platforma yaradılıb. Bu platforma komitənin elektron xidmətlər portalında yerləşdirilib və yekun forma Komitə tərəfindən hökumətə təqdim edilib. Bu informasiya sistemi vasitəsilə dövlət əmlakı daha səmərəli istifadə ediləcək, həmin müəssisələrdə korporativ idarəetmənin tətbiqi və onların maliyyə-təsərrüfat fəaliyyətində şəffaflıq artırılacaq. Hazırda bazada 20-ə yaxın dövlət müəssisəsinin məlumatları yerləşdirilib. Tam əhatəli, dəqiq, etibarlı və çevik qaydada yeniləşən bazaya gələcəkdə digər dövlət müəssisələrinin də inteqrasiyası həyata keçirilə bilər".

Dövlət əmlakının idarə edilməsi və onun qorunub saxlanılması iləbağlı hesabatların təqdim edilməsi elektron qaydada həyata keçirilir.

Hesabata əsasən, dövlət əmlakının istifadə vəziyyəti təhlil edilir, faktiki vəziyyəti müəyyənləşdirilir, o cümlədən qorunub-saxlanılması və səmərəli istifadəsi, bu sahədə nəzarətin gücləndirilməsi təmin edilir.

Nəticədə hesabatın qəbulunda şəffaflıq, operativlik artırılır, optimallıq təmin olunur.

Tədbirdə bildirilib ki, səhmdar cəmiyyətlərdə ümumi yığıncaqların təşkili, müşahidə şuralarının, idarə heyətinin və təftiş komissiyalarının yaradılması istiqamətində də müəssisələrə metodiki köməkliklər göstərilir, müəssisələr tərəfindən maliyyə, o cümlədən digər zəruri hesabatların vaxtında təqdim edilməsi təmin edilir. Hazırda 142 dövlət paylı müəssisələrdə korporativ idarəetmənin tətbiqi istiqamətində komitə tərəfindən daima metodiki köməkliklər göstərilir.

Daha sonra Dünya Bankının Azərbaycan üzrə Ölkə Meneceri Navid Həsən Naqvi bildirib ki, Azərbaycan Hökuməti bu yaxınlarda dövlət müəssisələrinin idarə edilməsi sahəsində iddialı islahat prosesinə başlayıb. Dünya Bankı isə prosesə dövlət müəssisələrinin korporativ idarəçilik sisteminin təhlili, risklərin və fəaliyyət göstəricilərinin qiymətləndirilməsinin təkmilləşdirilməsi sahəsində məsləhətlər vermək vasitəsilə dəstək verib:

"Ümid edirik ki, belə yardım gələcək islahat tədbirlərinin həyata keçirilməsində Hökumətə istiqamət verəcək və bu, dövlət müəssisələrinə nəzarət funksiyasının gücləndirilməsinə və onların effektiv idarə edilməsinə gətirib çıxaracaq".

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin direktoru Vüsal Qasımlı isə qeyd edib ki, “Strateji yol xəritələri və “Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı əlavə tədbirlər” haqqında Azərbaycan Respublikası Prezidentinin 05 sentyabr 2016-cı il tarixli sərəncamı dövlət müəssisələrində korporativ idarəetmə sisteminin effektiv şəkildə qurulması üçün əsas zəmindir:

"Mərkəzdə bu mövzu geniş araşdırılıb və qabaqcıl dünya təcrübəsi nəzərə alınıb. Korporativ idarəetmə standartlarının effektiv şəkildə tətbiq edilməsi istiqamətində dövlətin üzərinə bir sıra əsas vəzifələr düşür. Bunlara dövlət müəssisələrində icra göstəricilərinin mütəmadi olaraq monitorinqini aparmaq, onların korporativ idarəçilik standartlarına uyğunluğuna nəzarət etmək imkanı verən hesabatvermə sistemlərinin yaradılması, o cümlədən, ixtisaslı peşəkarların cəlb edilməsi, həvəsləndirilməsi və digərləri aiddir. Dövlət müəssisələrində korporativ standartların tətbiqinin genişləndirilməsi isə rəqabət mühitinin daha da yaxşılaşması, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, sərmayə cəlbi və dövlət aktivlərinin səmərəli istifadəsi ilə nəticələnəcək".

Daha sonra dövlət müəssisələrinin korporativ idarəçiliyi vəmaliyyə hesabatlılığı sahəsində, onların fəaliyyəti zamanı şəffaflığın və səmərəliliyin artırılması ilə bağlı, eləcə də maliyyə qiymətləndirmə sistemi və vahid məlumat bazası haqqında təqdimatlar olub.

Onu da nəzərə çatdıraq ki, dövlət müəssisələrinin korporativ idarəçiliyi və maliyyə hesabatlılığı sahəsində, onların fəaliyyəti zamanı şəffaflığın və səmərəliliyin artırılması istiqamətində həyata keçirilən əsas tədbirlərdən biri elektronlaşdırmadır. İstər əmlak məsələləri, istərsə də digər sektorlarda şəffaflığın təminatı baxımından elektronlaşma müsbət nəticələr verməkdədir. Bu səbəbdən də dövlət bütün sahələr üzrə elektronlaşma prosesini genişləndirir, E-hökumətin əhatə dairəsinin daha da böyüməsi üçün işlər görülür.

Z. MƏMMƏDLİ

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə "İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində hazırlanıb.




Bölməyə aid digər xəbərlər
8-12-2018, 23:15 50-dən artıq startap...

{sape_links}{sape_article}