16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Müasir texnologiyalar daha da təkmilləşdirilir
Tarix: 23-07-2018 02:27 | Bölmə: Layihə
Müasir texnologiyalar daha da təkmilləşdirilir

İnformasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsindəki yenilikləri təkmilləşdirmək üçün elmi araşdırmaların mühüm rolu var. Bu səbəbdən də AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda davamlı tədqiqatlar aparılır. Artıq bu istiqamətdə aparılan tədqiqatların mühüm nəticələri ortadadır.

Belə ki, bir neçə gün öncə İnformasiya Texnologiyaları İnstitutunda 3338.01 – Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi ixtisası üzrə təqdim edilmiş “Tədqiqatçıların və elmi əsərlərin qiymətləndirilməsi üçün metod və alqoritmlərin işlənilməsi” mövzusunda dissertasiya işinin müzakirəsinə həsr olunmuş növbəti elmi seminar keçirilib. Dissertasiya işini təqdim edən institutun böyük elmi işçisi Rəhilə Həsənova işin aktuallığı, məqsədi, məqsədə çatmaq üçün müəyyən olunmuş məsələləri diqqətə çatdırıb. Qeyd edək ki, tədqiqat işinin giriş, 4 fəsil, nəticə, 223 adda ədəbiyyat siyahısı və bir əlavədən ibarətdir.

Elmi informasiyanın təkmilləşdirilməsi

Məruzəçi elmi informasiyanın sürətlə artdığı bir dövrdə tədqiqatçının elmi əsərlərinin qiymətləndirilməsi, onların müxtəlif mükafatlarla təltif edilməsinin vacib məsələlərdən olduğunu bildirərək hər 10-15 ildən bir tədqiqatçıların və elmi məqalələrin sayının ikiqat artdığını, 1967-ci ildən etibarən elmin vəziyyətinin qiymətləndirilməsi üçün statistik göstəricilərlə yanaşı, bibliometrik göstəricilərdən də istifadə olunmağa başlandığını söyləyib. Qeyd edib ki, bibliometriyada mövcud qanunlar vasitəsilə verilmiş elm sahəsinə aid elmi jurnalların əsas hissəsinin təyin edilməsi (Bredford qanunu), istənilən elm sahəsində məqalələrin yayılma qanunauyğunluğunun öyrənilməsi (Lotka qanunu), axtarış sistemlərinin alqoritmlərinin hazırlanması, saytın axtarışının optimallaşdırılması (Zipf qanunu) və s. mümkündür. O, həmçinin müasir dövrdə konkret elm sahəsinin müxtəlif regionlarda inkişafını qiymətləndirmək, elmi cəmiyyətlərin (ali təhsil müəssisələrinin) reytinqini təyin etmək üçün elmmetrik göstəricilərdən istifadə olunduğunu diqqətə çatdırıb.

Bildirilib ki, işin məqsədi tədqiqatçının elmi fəaliyyətinin və elmi əsərlərin qiymətləndirilməsi üçün mövcud sistemlərin analizi, yeni metod və alqoritmlərin işlənilməsidir. R. Həsənova dissertasiya işində əldə olunan nəticələri təqdim edərək deyib ki, işdə elmmetriya, o cümlədən bibliometriya və vebometriyanın müasir vəziyyəti öyrənilib və elmmetrik qiymətləndirmədə istifadə olunan indekslər analiz edilib, tədqiqatçının elmi fəaliyyətinin qiymətləndirilməsi üçün yeni indekslər işlənilib, dissertasiya işlərinin ilkin avtomatlaşdırılmış ekspertizası üçün yeni metod və alqoritmlər təklif edilib, elmi jurnalların qiymətləndirilməsi üçün yeni indekslər və elmi məqalələrin qiymətləndirilməsi üçün yeni metod hazırlanıb.

R. Həsənova dissertasiya işinə dair çoxsaylı sualları da cavablandırıb.

Müzakirələrdə iştirak edən akademik Rasim Əliquliyev, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Məsumə Məmmədova, texnika üzrə fəlsəfə doktoru, dosent Zərifə Cəbrayılova, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev, texnika üzrə fəlsəfə doktoru, dosent Firudin Ağayev və texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov dissertasiya işinə dair sual və təkliflərini səsləndiriblər.

Daha sonra elmi rəhbər AMEA-nın müxbir üzvü, texnika elmlər doktoru Ramiz Alıquliyev çıxış edərək mövzunun aktual məsələlərə həsr olunduğunu bildirib. Elmi rəhbər tədqiqatçıların və elmi əsərlərin qiymətləndirilməsi ilə əlaqədar tədqiqatın elm sahəsi üçün yenilik olduğunu, təklif edilən yanaşmaların praktiki əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Müasir dövrdə ölkəmizdə milli antiplagiat sisteminin yaradılması və tətbiqinin vacibliyini qeyd edən alim, tədqiqatçıların və elmi əsərlərin qiymətləndirilməsi zamanı bu sistemlərin tətbiqinin və indikatorların müəyyən olunmasının zəruriliyini diqqətə çatdırıb.

Dissertasiya işinə dair təyin olunan rəyçilər – texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayeva və texnika üzrə fəlsəfə doktoru Nigar İsmayılovanın rəyləri səsləndirilib. Bildirilib ki, dissertasiya işində əsaslı tədqiqatlar aparılıb, qarşıya qoyulmuş məsələlər həll olunub. Rəyçilər tədqiqatın Ali Attestasiya Komissiyası tərəfindən texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilən dissertasiyalara qoyulan tələblərə cavab verdiyini qeyd edərək, irad və təkliflərini səsləndiriblər. Sonda dissertasiya işinin yekdilliklə növbəti mərhələyə keçirilməsinə qərar verilib.

Tədris-İnnovasiya Mərkəzi nə iş görüb?

İnformasiya Texnologiyaları İnstitutunun nəzdində fəaliyyət göstərən Tədris-İnnovasiya Mərkəzi ötən dövr ərzində kifayət qədər layihələr həyata keçirib. Bu ilin ötən dövrünün hesabatını təqdim edən, Tədris-İnnovasiya Mərkəzinin rəhbəri Rəsmiyyə Mahmudova mərkəzdə aparılan elmi-tədqiqat işləri haqqında məlumat verərək bildirib ki, fərdlərin informasiya mədəniyyətinin ölçülməsi və qiymətləndirilməsi üçün metodların işlənməsi ilə bağlı tədqiqatlar yekunlaşdırılıb və dissertasiya işi müdafiə olunub.

R. Mahmudova həmçinin mərkəzdə intellektual oyun texnologiyalarının İnformatika fənninin tədrisinə inteqrasiyası və jest informatikası istiqamətində aparılan elmi araşdırmalar haqqında da məlumat verib. Mərkəzin rəhbəri araşdırmaların nəticələri əsasında bir neçə məqalənin nəşr olunduğunu və bir icmalın hazırlandığını qeyd edib.

R. Mahmudovanın sözlərinə görə, şöbəəməkdaşları tərəfindən təhsilin modernləşdirilməsində, insan kapitalının keyfiyyətinin yüksəldilməsində intellektual oyunların rolu və tədrisyönümlü oyunlardan istifadə etməklə bəzi problemlərin həlli yolları ilə bağlı tezislər hazırlanıb və elmi-praktiki konfranslarda məruzə olunub.

Mərkəzin elmi-innovasiya fəaliyyəti haqqında məlumat verən R. Mahmudova doktorant və dissertantlara “İnformatika” fənninin tədrisi və imtahanların qəbulu, regionlarda yaşayan doktorant və disertantlar üçün İnformatikadan distant dərslər və imtahanların təşkili ilə bağlı görülmüş işləri diqqətə çatdırıb. Qeyd edib ki, hər il olduğu kimi, bu il də institutda ali məktəb tələbələri arasında informatika üzrə növbəti Ümumrespublika Olimpiadasının final mərhələsi təşkil olunub.

TİM rəhbəri bildirib ki, AMEA-nın magistraturasında təhsil alan tələbələr üçün ümumi fənnlər üzrə dərs və imtahanların təşkili, institutun doktoranturasına qəbul və doktorantların ixtisas imtahanlarının keçirilməsi elmi-innovasiya fəaliyyəti çərçivəsində görülmüş işlər sırasındadır.

R. Mahmudova doktorant və dissertantlara kömək məqsədi ilə “İnformatika” fənni üzrə 421 səhifədən ibarət test toplusunun və tədris olunan kompüter proqramları ilə işləmək üçün praktiki dərs vəsaitinin hazırlandığını da diqqətə çatdırıb.

Məruzəçi, həmçinin şöbənin elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti, elmi-texniki konfranslarda iştirak, AR Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunmuş beynəlxalq və respublika səviyyəli jurnallarda elmi məqalələrin nəşri, müxtəlif təyinatlı elektron nəşrlərin hazırlanması, əldə olunmuş nəticələrin KİV-də təbliği və elmmetrik göstəricilərə dair ətraflı məlumat verib.

Yarımillik hesabat ətrafında müzakirələr aparılıb, sual və təkliflər səsləndirilib.

E-dövlət üzrə tədqiqatlar aparılıb

Bu günlərdə AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun 17 saylı şöbəsinin 2018-ci il üzrə 6 aylıq hesabatı dinlənilib. Hesabatı təqdim edən şöbənin baş mütəxəssisi Rasim Mahmudov müvafiq struktur bölməsində informasiya cəmiyyətinin müxtəlif aspektləri üzrə aparılan elmi-tədqiqat işləri barədə məlumat verib. Məruzəçi şöbə əməkdaşları tərəfindən “E-dövlətin formalaşdırılması və effektli idarə olunması üçün mexanizmlərin işlənilməsi”, “E-dövlət mühitində vətəndaşların öhdəliklərinin yerinə yetirilməsinin qiymətləndirilməsi metodlarının işlənilməsi”, “Elektron xidmətlərin intellektual analizi üçün metod və alqoritmlərin işlənməsi”, “E-dövlət mühitində Azərbaycan dilinin qorunması və inkişafı məsələləri” və s. mövzular üzrə tədqiqatların aparıldığını, araşdırmaların nəticəsi olaraq respublika səviyyəli və beynəlxalq jurnal və konfranslarda məqalələrin nəşr olunduğunu bildirib.

Qeyd olunub ki, cari ildə, həmçinin “Elektron dövlətin təkmil modellərinin analizi və qiymətləndirilməsi”, “Mobil telefon operatorlarında toplanmış məlumatlar əsasında abonentlərin (vətəndaşların) reytinqinin (sosial kapitalının) qiymətləndirilməsi metodu və alqoritmlərinin işlənməsi”, “E-dövlət mühitində Azərbaycan dilinə dair xidmətləri həyata keçirən intellektual sistemlərin yaradılması”, “İnternet-media resurslarının monitorinqi və qiymətləndirilməsi mexanizmlərinin işlənilməsi”, “Azərbaycan çap jurnalistikası müasir media kontekstində”, eləcə də, “Yeni medianın tədrisi sahəsində dünya təcrübəsinin öyrənilməsi” və “3 D-jurnalistikanın formaşması problemləri” mövzuları üzrə araşdırmalar aparılıb.

Şöbənin elmi-innovasiya və praktiki fəaliyyəti çərçivəsində görülmüş işlərdən danışan R. Mahmudov “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2014-2017-ci illər üçün Dövlət Proqramı”na elmi dəstək verildiyini və Viki-Mərkəzin fəaliyyətinin həyata keçirildiyini qeyd edib.

Məruzəçi cari ildə Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondunun “Böyük verilənlər mühitində informasiya təhlükəsizliyinin təmin olunması metodları və alqoritmlərinin işlənilməsi və onların bəzi tətbiqləri”, “Vikipediya virtual ensiklopediyasının monitorinqi və analizi üçün metod və alqoritmlərin işlənilməsi”, “Elm və təhsil müəssisələrində biliklərin qiymətləndirilməsi sisteminin intellektual analizinin metod və alqoritmlərinin yaradılması” qrant layihələrində, eləcə də, AR Dövlət Neft Şirkətinin Elm Fondunun “Əşyaların İnterneti texnologiyalarının neft-qaz sənayesində tətbiqi problemlərinin araşdırılması” qrant layihəsində iştirak edildiyini vurğulayıb. Qeyd edib ki, “Elektron demoqrafiyanın formalaşdırlması və intellektual analizi texnologiyalarının işlənilməsi” və “E-dövlət mühitində Azərbaycan dilinə dair xidmətləri həyata keçirən intellektual sistemlərin yaradılması” layihələri həyata keçirilib.

R. Mahmudov, həmçinin şöbənin elmi-təşkilati və elmi-pedaqoji fəaliyyəti, beynəlxalq elmi əməkdaşlığı, institutun fəaliyyətinin KİV-də təbliği və reklam-marketinq işləri çərçivəsində görülmüş tədbirlər haqqında da məlumat verib.

Sonra çıxış edən AMEA-nın akademik-katibi, institutun direktoru Rasim Əliquliyev rəhbərlik etdiyi şöbənin hesabatı ilə bağlı təklif və tövsiyələrini səsləndirib. Alim şöbənin elmi-tədqiqat fəaliyyətində nəzərdə tutulan istiqamətlərdə araşdırmaların dərinləşdirilməsinin və qrant layihələrində daha fəal iştirakın vacibliyini qeyd edib. R. Əliquliyev elmi məqalələrin dünyanın nüfuzlu, yüksək istinad indeksli jurnallarında çapının vacibliyini xatırladıb.

Z.MƏMMƏDLİ

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə "İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində hazırlanıb.




Bölməyə aid digər xəbərlər
8-12-2018, 23:15 50-dən artıq startap...

{sape_links}{sape_article}