16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Müasir texnologiyaların tətbiqi genişlənir
Tarix: 24-08-2018 15:12 | Bölmə: Layihə
Müasir texnologiyaların tətbiqi genişlənir

Dünya qoballaşdıqca Azərbaycan da dünyanın tərkib hissəsi kimi öz meyarları və prinsipləri ilə inkişaf edir. Bu inkişaf prosesində ölkəmizin qlobal texnoloji sistemə tam inteqrasiyası üçün ciddi stumullar yaranır. Bu mənada Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi zərurəti ortaya çıxır. Ona görə də, Azərbaycan bu təminatı həyata keçirmək üçün lazım olan bütün addımları atır.

Bu gün Azərbaycan dilinin istifadəsi və əsaslı tədqiqi, ölkədə dilçilik elmi sahəsində vəziyyətin yaxşılaşdırılması üçün əlverişli zəmin yaradılıb. Eyni zamanda, elm və texnikanın sürətlə inkişaf etdiyi hazırkı qloballaşma dövrü Azərbaycan dilinin zənginləşməsi və tətbiqi imkanlarının genişləndirilməsi istiqamətində aparılan işlərin yeni səviyyəyə yüksəldilməsini tələb edir.

Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlərin icrasına başlanılıb.

Sərəncamla müstəqil dövlətçiliyimizin əsas atributlarından biri olan Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin, bu dillə maraqlanan şəxslər üçün əlçatanlığının təmin edilməsi və öyrənilməsinin asanlaşdırılması məqsədilə bir sıra məsələlərlə bağlı qərar verilib.

Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Milli Elmlər Akademiyası ilə birlikdə Azərbaycan Respublikasında “Əcnəbilər üçün Azərbaycan dilinin elektron platforması” layihəsinin tətbiqinə, həyata keçirilməsi mexanizmlərinə və icra müddətinə dair təkliflərini iki ay müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim etsin.

Nazirlər Kabineti bu Sərəncamın 1-ci hissəsinə əsasən təqdim olunacaq təklifləri beynəlxalq təcrübə, habelə Azərbaycan Respublikası qanunvericiliyinin və onun tətbiqi təcrübəsinin təhlili əsasında dəyərləndirib, “Əcnəbilər üçün Azərbaycan dilinin elektron platforması” layihəsinin tətbiqinin məqsədəuyğunluğu barədə, habelə həmin layihənin həyata keçirilməsi üçün tələb olunan maliyyə vəsaitinə, maliyyələşmə mənbələrinə və icra mexanizmlərinə dair təkliflərini, layihənin tətbiqindən gözlənilən nəticələr barədə proqnozları 2018-ci il dekabrın 1-dən gec olmayaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək. Zərurət yarandığı təqdirdə, Xarici İşlər Nazirliyinin müraciətinə əsasən, digər dövlət orqanlarının (qurumlarının) da bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş təkliflərin hazırlanması prosesinə cəlb olunmasını təmin etməlidir. Bu Sərəncam 2018-ci il avqustun 1-dən qüvvəyə minir.

İnstitut virtual serverlə təmin olunub

Qeyd edək ki, informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində elmi araşdrımalar, yeniliklər, elm və təhsil müəsisələrində müasir texnologiyaların tətbiqi prosesi davam etdirilir. Son 20 ildə Azərbaycanda aparılan geniş quruculuq işləri sayəsində irimiqyaslı dövlət və beynəlxalq əhəmiyyətli layihələr həyata keçirilir. Bununla bağlı, əhalinin və infrastruktur obyektlərinin təhlükəsizliyini təmin etmək və fövqəladə halların qarşısını almaq üçün profilaktik tədbirlər həyata keçirən, bu sahədə müvafiq qərarlar qəbul edən dövlət orqanlarından vahid elmi-praktik yanaşma tələb olunur. Eyni zamanda, ölkə ərazisində baş vermiş və yarana biləcək təbii dağıdıcı hadisələrin elmi cəhətdən sistemli şəkildə öyrənilməsi, onların törədə biləcəyi ziyan və risklərin kompleks qiymətləndirilməsi ön plana çəkilir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2 Mart 2016-cı il tarixli Sərəncamına əsasən hazırlanan “Azərbaycan Respublikasının fövqəladə hallar atlası” böyük sosial-iqtisadi əhəmiyyətə malikdir. Atlasın hazırlanmasında əsas məqsəd təbii resurslardan səmərəli istifadə, əhali və yaşayış məntəqələrinin, sənaye və kənd təsərrüfatı müəssisələrinin, digər infrastruktur obyektlərinin, o cümlədən strateji neft-qaz kəmərlərinin, kommunikasiya xətlərinin fövqəladə hallardan qorunması, istehsal qüvvələrinin inkişafı məsələlərinin əsaslandırılmış şəkildə həll edilməsidir.

“Azərbaycan Respublikasının fövqəladə hallar atlası”nın hazırlanmasında məsul icraçı olan AMEA-nın akademik H. Əliyev adına Coğrafiya İnstitutunda Avropa İttifaqının “Təbii və texnogen fəlakətlərin qarşısının alınması, hazırlıq və cavab tədbirləri” üzrə Şərq Proqramı (PPRD East) layihəsi çərçivəsində Azərbaycan Respublikasına təmənnasız olaraq verilən proqram təminatının istifadəsi, eləcə də coğrafi məlumatların toplanması və emalı üçün yüksək hesablama və yaddaş resurslarına malik kompüterlərə ehtiyac yaranmış, bu məqsədlə AMEA-nın İnformasiya Texnologiyaları İnstitutuna rəsmi müraciət olunmuşdur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, institutun “AzScienceNet” elm kompüter şəbəkəsinin Verilənlərin Emalı Mərkəzində Coğrafiya İnstitutuna “Debian Linux 7.11” əməliyyat sistemi əsasında işləyən, 16 nüvəli (CPU – İntel Xeon mikroprosessoru bazasında), 32 GB əməli yaddaşa (RAM) və 2 TB xarici yaddaşa malik virtual server ayrılmışdır ki, bu server coğrafi məlumatların toplanması və emalının daha sürətlə həyata keçirilməsinə imkan verəcək.

“Socientize” layihəsinin elmin inkişafındakı rolu

İnformasiya Texnologiyaları İnstitutunda yeni layihələrin icrası və müzakirəsi də mütəmadi olaraq davam etdirilir. Belə ki, bir neçə gün öncə institutun 3 saylı şöbəsinin növbəti seminarı keçirilib. Tədbiri giriş sözü ilə şöbə müdiri Təhmasib Fətəliyev seminarın “Socientize” layihəsinin vətəndaş elminin inkişafında rolu” mövzusuna həsr olunduğunu bildirib.

Məruzəni təqdim edən institutun əməkdaşı Nərgiz Verdiyeva layihənin məqsədi, təyinatı, fəaliyyət müddəti, əhatə etdiyi layihələr, mühüm statistik məlumatları diqqətə çatdırıb. Vətəndaş elminin geniş ictimaiyyəti elmi prosesə cəlb etmək üçün hazırlanmış innovativ konsepsiya olduğunu söyləyən məruzəçi vətəndaş elmində iştirakçıların elmə öz intellektual səy və biliklərini paylaşmaqla, eləcə də öz rəqəmsal alət və resursları ilə töhfə verdiklərini bildirib.

O, vətəndaş elminə dair onlayn resurslardan söz açıb, “Socientize” ilə əlaqəli layihələri nəzərə çatdırıb. Bildirib ki, Avropa Birliyi tərəfindən maliyyələşdirilən bu layihənin məqsədi e-infrastruktur və vətəndaş elmi infrastrukturunun yaradılmasında iştirak edənlər arasında əməkdaşlıq üçün ümumi bir forumun hazırlanmasıdır. Onun sözlərinə görə, “Socientize” yeni açıq elm paradiqmasının əsasını qoymaqla vətəndaş elmi prosesində iştirak edənləri bir araya gətirməyə xidmət edir.

N. Verdiyeva qeyd edib ki, “Socientize” müxtəlif vətəndaş elmi aktorları və siyasətçiləri üçün uyğun müzakirə mövzuları müəyyən edib. Bu mövzulara vətəndaş elmi anlayışının geniş müzakirəsi və tətbiq sahələri, yerli, milli və Avropa miqyasında vətəndaş elmi layihələrinin asanlaşdırılması və dayanıqlığının artırılması, tədqiqatçıların və könüllülərin fəal iştirakı üçün bilik və motivasiya, verilənlərin və metodların mübadiləsi üçün açıqlıq, etibarlı göstəricilərə və yeni ictimai müzakirələrə əsaslanan müxtəlif nəticələrin təsirinin qiymətləndirilməsi daxildir.

“Horizon 2020” layihəsinin maliyyələşdirmə proqramının bu sahədə mövcud imkanlarından danışan məruzəçi bildirib ki, layihə araşdırmalar və innovasiya üçün mükəmməl elm, sənayedə liderlik və ictimai problemlər kimi strateji hədəflər qoyur. Bu məsələlər sərhəd əməkdaşlıq tədqiqatları və innovasiyalarını həyata keçirmək üçün ən istedadlı komandaları dəstəkləyəcək, yeni və perspektivli tədqiqat sahələri açaçaq, tədqiqatçılara mükəmməl təlim və karyera inkişafı imkanları ilə təmin edəcək və dünya səviyyəli tədqiqat infrastrukturlarının Avropada və digər ölkələrdəki bütün tədqiqatçılara çatdırılmasını təmin edəcək. “Horizon 2020”də vətəndaş elmi ilə əlaqəli elm və cəmiyyət arasındakı münasibətlərin dərinləşməsi, elmə ictimaiyyətin inamının gücləndirilməsi, vətəndaşların və vətəndaş cəmiyyətinin tədqiqat və innovasiya mövzusunda məlumatlandırılması, elmi təhsilin təşviq edilməsi, elmi biliklərin daha əlçatan edilməsi və s. mövzuların mövcud olduğu bildirilib.

Sonda N. Verdiyeva qeyd edib ki, “Socientize” layihəsi çərçivəsində iki il ərzində qazanılan bilik və təcrübə Avropada vətəndaş elmi ilə bağlı “White Paper” şəklində nəşr edilib ki, bu da Avropa, milli və regional səviyyədə elmi tədqiqatda vətəndaşların iştirakı üçün gələcək strategiyaların qurulması üzrə siyasətçiləri istiqamətləndirməyin effektiv üsuludur.

Məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb, təklif və tövsiyələr səsləndirilib.

Alimlərimizin məqaləsi COIA konfransının materiallarına daxil edilib

Bir neçə gün öncə AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru akademik Rasim Əliquliyev, instititun direktor müavini Şakir Mehdiyev və institutun şöbə müdiri Təhmasib Fətəliyevin həmmüəllifi olduqları “Some issues of application of internet of things in the oil and gas complex” (Neft-qaz komplekslərində Əşyaların İnternetinin tətbiqinin bəzi məsələləri) adlı məqalə 11-13 İyul 2018-ci il tarixlərdə Bakı şəhərində IEEE təşkilatının dəstəyi ilə keçirilən “The 6th International Conference on Control and Optimization with Industrial Applications” (COIA) konfransının materiallarında dərc olunub.

Konfrans materiallarında, həmçinin İnformasiya Texnologiyaları İnstitutunun direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov və texnika üzrə fəlsəfə doktoru Məmməd Həşimovun həmmüəllifi olduqları “Application of the internet of things in oil-gas industry” (Əşyaların İnternetinin neft-qaz sənayesində tətbiqi), eləcə də R. Ələkbərov və institutun baş mütəxəssisi Oqtay Ələkbərovun həmmüəllifi olduqları “Selection issues of cloudlets in mobile cloud computing” (Mobil hesablama buludlarında cloudletlərin seçilməsi məsələsi) adlı məqalələr yer alıb. “Application of the internet of things in oil-gas industry” adlı məqalədə neft və qaz sənayesində quraşdırılmış sensorlardan məlumatların asan, təhlükəsiz, etibarlı və sürətli toplanması üçün Əşyaların İnterneti texnologiyalarına əsaslanan arxitektura təklif olunub. Sensorlar vasitəsilə toplanan məlumatların emalı, neft və qaz sənayesində neft platformalarının (yataqlar) təhlükəsizliyinin yaxşılaşdırılması, əməliyyatların optimallaşdırılması, problemlərin qarşısının alınması, xətaların aradan qaldırılması və istismar xərclərinin azaldılması üçün yeni imkanların yaradılması məsələləri tədqiq edilib. “Selection issues of cloudlets in mobile cloud computing” adlı məqalədə isə mobil bulud texnologiyalarının üstünlükləri və istifadəsi zamanı meydana çıxan problemlər təhlil edilib. İyerarxik strukturlu mobil hesablama buludların ikinci səviyyəsində cloudletlər əsasında yaradılan şəbəkə infrastrukturu analiz edilib, eyni zamanda bu texnologiyalardan istifadə etməklə mobil avadanlıqların hesablama və yaddaş resurslarına olan təlabatın təmin edilməsi məsələləri tədqiq edilib. Mobil hesablama buludlarında bulud xidmətlərindən səmərəli istifadəyə təsir göstərən əsas göstəricilər analiz edilib.

Z. MƏMMƏDLİ

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə "İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində hazırlanıb.




Bölməyə aid digər xəbərlər
8-12-2018, 23:15 50-dən artıq startap...

{sape_links}{sape_article}