Yeni nəsil şəxsiyyət vəsiqələri “Elektron hökumət” quruculuğunu sürətləndirəcək
Tarix: 10-09-2018 10:15 | Bölmə: Layihə
Yeni nəsil şəxsiyyət vəsiqələri “Elektron hökumət” quruculuğunu sürətləndirəcək

Azərbaycanda “Elektron hökumət”in tətbiqinə start veriləndən bəri müxtəlif xidmətlərin elektronlaşma prosesi sürətlə inkişaf edir. Xüsusən də sənədləşmə işinin elektronlaşması kifayət qədər problemi aradan qaldırıb.

Belə ki, “Elektron hökumət” portalına daxil olmaqla müxtəlif dövlət qurumlarının xidmətlərindən elektron formada istifadə etmək olur. Bu prosesdə elektron imza, “Asan İmza” kimi vasitələrin də rolu böyükdür. Amma artıq daha təkmilləşmiş bir vasitə yaradılıb. Bu da yeni nəsil şəxsiyyət vəsiqələridir.

Məlumat üçün bildirək ki, sentyabrın 1-dən Azərbaycanda yeni nəsil elektron şəxsiyyət vəsiqələrinin tətbiqinə başlanılıb. Yeni nəsil şəxsiyyət vəsiqələri üçün vətəndaşlar bütün ərazi polis orqanlarına və “ASAN Xidmət” mərkəzlərinə müraciət edə bilərlər.

Yen nəsil şəxsiyyət vəsiqələrində fotoşəkil və digər məlumatlarla birlikdə vətəndaşın barmaq izi məlumatları da əks olunur. Barmaq izinin alınması, habelə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İKAO) tələblərinə uyğun fotoşəklin çəkilməsi şəxsiyyət vəsiqəsini verən orqan tərəfindən həyata keçirilir.

Şəxsiyyət vəsiqəsi sahibinin barmaq izləri (hər əldən bir barmaq) elektron daşıyıcıda (çip) əks olunur. 15 yaşına çatmamış şəxslərin barmaq izləri alınmır, vətəndaşın göz rəngi və boyu haqqında tibbi arayış tələb olunmur.

Onu da qeyd edək ki, Daxili işlər naziri Ramil Usubov 1 nömrəli yeni nəsil şəxsiyyət vəsiqəsini prezident İlham Əliyevə təqdim edib.

Hazırda ölkəmizdə istifadə olunan şəxsiyyət vəsiqələri 1994-cü ildə qəbul edilmiş "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanuna əsasən tətbiq edilir. Texnologiyanın inkişafı, tanıma cihazlarının, informasiya oxuyan vasitələrin yaradılması, həmçinin cihaz tərəfindən oxuna bilən elektron informasiya çeşidlərinin artması elektronlaşan ictimai vasitələr sırasına şəxsiyyət vəsiqəsinin də əlavə edilməsinə zərurət yaradır.

Prezident İlham Əliyev 8 Fevral 2012-ci il tarixində "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Fərman və bu istiqamətdə görülən tədbirlərin sürətləndirilməsi məqsədilə 28 Noyabr 2014-cü il tarixində "Azərbaycan Respublikasında yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.

Sərəncam Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi sahəsində aparılan işlərin sürətləndirilməsi və ölkədə elektron xidmətlərdən istifadənin daha da genişləndirilməsi məqsədi daşıyır.

Elektron daşıyıcısı (çipi) olan yeni nəsil şəxsiyyət vəsiqələrinin bir özəlliyi də onlara şəxsiyyət vəsiqəsi sahibinin elektron imzası və identifikasiyası ilə bağlı sertifikatların daxil edilməsidir. Nəticədə yeni vəsiqələr şəxsiyyəti identifikasiya etməklə yanaşı, həmçinin, elektron sənədlərin imzalanmasında da istifadə olunacaq.

Sərəncama əsasən, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yeni sertifikat xidmətləri mərkəzinin və onun ehtiyat mərkəzinin yaradılmasını və şəxsiyyət vəsiqələrinin fərdiləşdirilməsi zamanı vəsiqələrin elektron daşıyıcısına daxil edilməsi üçün İAMAS vasitəsilə verilən sertifikat sorğuları əsasında vəsiqə sahibinin gücləndirilmiş elektron imzası ilə əlaqədar sertifikatların şəxsiyyət vəsiqələrinin fərdiləşdirilməsi mərkəzlərinə real vaxt rejimində ötürülməsini; şəxsiyyət vəsiqəsi sahibinin gücləndirilmiş elektron imzasından istifadə ilə əlaqədar vətəndaşlardan daxil olan sualların operativ cavablandırılması məqsədi ilə telefon məlumat xidmətinin yaradılmasını və fəaliyyətini təmin edir.

Yeni nəsil şəxsiyyət vəsiqələri təhlükəsizlik nöqteyi-nəzərdən köhnə vəsiqələrdən daha üstündür. Bu vəsiqələrə vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı, ailə vəziyyəti haqqında məlumatlar, habelə şəxsiyyət vəsiqəsi sahibinin biometrik fotosu və digər fərdi göstəriciləri özündə birləşdirən elektron daşıyıcı (çip) yerləşdirilir. Bu vəsiqələr digər ölkələrin müvafiq orqanları ilə biometrik informasiya mübadiləsinin tənzimlənməsində müstəsna əhəmiyyət kəsb edir.

Sərəncam ilə aidiyyəti dövlət qurumları qarşısında qoyulmuş tapşırıqlar yeni nəsil şəxsiyyət vəsiqələrinin köməyi ilə təkcə portal üzərindən "Vahid pəncərə” prinsipinin reallaşdırılmasını deyil, eyni zamanda elektron xidmətlərin keyfiyyətinin yüksəlməsini, xidmətlərə çəkilən dövlət xərclərinin azalmasını, yeni elektron xidmət növlərinin yaranmasını, bürokratik əngəllərin aradan qaldırılmasını, nağdsız hesablaşmaların artmasını, elektron ticarətin inkişafına kömək etməklə yanaşı bütünlükdə ölkəmizdə elektron xidmətlərdən istifadənin daha da genişləndirilməsini təmin edir.

Qeyd edək ki, Nazirlər Kabinetinə şəxsiyyət vəsiqələrinin fərdiləşdirilməsi zamanı vəsiqənin elektron daşıyıcısına vəsiqə sahibinin gücləndirilmiş elektron imzası ilə əlaqədar sertifikatların, elektron imza yaratma və elektron imzanı yoxlama məlumatlarının daxil edilməsi ilə bağlı qanunvericilik aktlarında dəyişikliklər edilməsi barədə təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək; bu sərəncamda nəzərdə tutulan işlərin 2015-ci il dekabrın 1-dək başa çatdırılması üçün həmin işlərin aidiyyəti dövlət orqanlarının əsaslandırılmış müraciətləri əsasında maliyyələşdirilməsini təmin etmək və bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Yeni nəsil şəxsiyyət vəsiqələri “Elektron hökumət” quruculuğunu sürətləndirəcək

Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz bildirib ki, yeni nəsi şəxsiyyət vəsiqələrinə keçid kifayət qədər əhəmiyyətli hadisədir. Çünki yeni şəxsiyyət vəsiqəsində elektron daşıyıcı (çip) da var və bu çipə vətəndaşla bağlı standart məlumatlardan əlavə onun elektron imzası ilə əlaqəli məlumatlar da daxil edilir. Bu isə ölkədə elektron xidmətlərdən istifadənin daha da genişləndirilməsi ilə “Elektron hökumət” quruculuğunun güclənməsinə, informasiya cəmiyyətinin formalaşmasının sürətlənməsinə və vətəndaş aktivliyinin artmasına müsbət təsir göstərəcək.

Eyni zamanda, məlumdur ki, hazırda, ümumiyyətlə, elektron imza sahəsində ölkədə rəqabətli mühit yoxdur. Məhz bu baxımdan da, “ASAN İmza”nın operatoru mobil operatorlarla “sövdələşmə” apararaq “ASAN İmza”nın aylıq abunə haqlarını bu aydan etibarən əsassız olaraq 150 faiz qaldırıb. Vəsiqələrdəki elektron imza isə bu sahədəki vəziyyətin dəyişməsinə müsbət təsir göstərəcək.

Yeni şəxsiyyət vəsiqələri ilə bağlı Prezidentin 5 il öncə verdiyi Fərman var. Həmin Fərmanla təsdiqlənən Əsasnaməyə görə şəxsiyyət vəsiqəsinin verilməsi və məlumatların elektron daşıyıcısına daxil edilməsi, həmin məlumatların dəyişdirilməsi və istifadəsi ilə bağlı yeni Qaydalar müəyyən olunub. Maraqlıdır ki, vəsiqələrin verilməsi ilə bağlı tarix bir neçə dəfə dəyişdirilib.

Təxminən 9 dövlət qurumu yeni nəsil vəsiqələrin verilmə prosesində iştirak edir. Təbii, bu prosesdə hər bir qurumun da öz səlahiyyətləri var. Güman ki, elə özəl maraqları olanlar da var.

O. Gündüz deyib ki, bu şəxsiyyət vəsiqələrində vətəndaşın elektron imzası ilə bağlı məsələni də DİN öz üzərinə götürmək istəyib. Lakin sonradan bu səlahiyyət Prezident Fərmanı ilə NRYTN-ə verilib. Vəsiqələr DİN-in şəxsiyyət vəsiqəsi verən yerli orqanları və “ASAN Xidmət” Mərkəzləri tərəfindən verilir.

O. Gündüz bildirib ki, yeni vəsiqələrlə bağlı dövlət rüsumuna vətəndaşın elektron imzası ilə bağlı xərclər daxil deyil. Qaydalara görə, vəsiqədəki elektron imza ilkin vəziyyətdə aktiv olmayacaq. Bunu vətəndaşlar NRYTN Sertifikasiya Mərkəzinə müraciət etməklə aktiv edə biləcəklər. Əgər gələcəkdə hansısa ölkələrlə şəxsiyyət vəsiqələrinin qarşılıqlı tanınması olarsa, vətəndaşlar yalnız bu tip ölkələrə şəxsiyyət vəsiqəsi ilə səfər edə biləcəklər.

Z.MƏMMƏDLİ

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə "İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində hazırlanıb.




Bölməyə aid digər xəbərlər
8-12-2018, 23:15 50-dən artıq startap...

{sape_links}{sape_article}