İnformasiya ehtiyatları təkmilləşdirilir - Qaydalar
Tarix: 16-09-2018 11:19 | Bölmə: Layihə
İnformasiya ehtiyatları təkmilləşdirilir

Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması Qaydaları və “Elektron hökumət”lə bağlı fərman verilib

Ölkənin informasiya ehtiyatlarının təkmilləşdirilməsi və təhlükəsizliyinin təmin edilməsi mühüm məsələlərdəndir. Bu səbəbdən də bu sahə diqqət mərkəzində saxlanılır və yenilənməsi istiqamətində müvafiq adımlar atılır.

Bir neçə gün öncə Prezident İlham Əliyev "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və “Elektron hökumət”lə bağlı bəzi tədbirlər haqqında fərman imzalayıb.

Fərmana əsasən, "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları” təsdiq edilib. Dövlət informasiya ehtiyatları və sistemlərində müvafiq sahə üzrə toplanan məlumatların sistemliyini təmin etmək, dövlət informasiya ehtiyatları və sistemləri arasında məlumat mübadiləsinin səmərəliliyini artırmaq və əhaliyə elektron xidmətlərin göstərilməsində idarəetməni optimallaşdırmaq məqsədilə Elektron Hökumət İnformasiya Sisteminin ilkin olaraq aşağıdakı altsistemləri yaradılıb:

• Kommunal sahədə idarəetmənin təmin edilməsi üçün zəruri olan məlumatların toplanıldığı və emal edildiyi informasiya sistemlərinin və ehtiyatlarının inteqrasiyasını, monitorinqlərin və analitik təhlillərin aparılmasını, proqnozların hazırlanmasını və qeyd edilən sahədə mərkəzləşdirilmiş elektron xidmətlərin göstərilməsini təmin edən – Kommunal Xidmətlər Vahid İnformasiya Sistemi;

• Sosial xidmətlər sahəsində idarəetmənin təmin edilməsi üçün zəruri olan məlumatların toplanıldığı və emal edildiyi informasiya sistemlərinin və ehtiyatlarının inteqrasiyasını, monitorinqlərin və analitik təhlillərin aparılmasını, proqnozların hazırlanmasını və qeyd edilən sahədə mərkəzləşdirilmiş elektron xidmətlərin göstərilməsini təmin edən – Sosial Xidmətlər Vahid İnformasiya Sistemi;

• Kənd təsərrüfatı sahəsində idarəetmənin təmin edilməsi üçün zəruri olan məlumatların toplanıldığı və emal edildiyi informasiya sistemlərinin və ehtiyatlarının inteqrasiyasını, monitorinqlərin və analitik təhlillərin aparılmasını, proqnozların hazırlanmasını və qeyd edilən sahədə mərkəzləşdirilmiş elektron xidmətlərin göstərilməsini təmin edən – Aqrar Xidmətlər Vahid İnformasiya Sistemi.

Bu fərmana əsasən yaradılan Kommunal Xidmətlər Vahid İnformasiya Sisteminin operatoru funksiyalarını Energetika Nazirliyi, Sosial Xidmətlər Vahid İnformasiya Sisteminin operatoru funksiyalarını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Aqrar Xidmətlər Vahid İnformasiya Sisteminin operatoru funksiyalarını Kənd Təsərrüfatı Nazirliyi həyata keçirəcək.

Fərmana əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi dövlət informasiya ehtiyatlarının və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi ilə bağlı texniki tələbləri iki ay müddətində təsdiq etməli, dövlət informasiya ehtiyatlarının və sistemlərinin, habelə elektron xidmətlərin qeydiyyatının həyata keçirilməsi məqsədilə vahid reyestri – "Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”ni təşkil və aparılmasını təmin etməli, mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər tərəfindən elektron xidmətlərin təşkili və göstərilməsi üzrə tələbləri və belə elektron xidmətlərin qeydiyyatı qaydalarını Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ilə razılaşdırmaqla iki ay müddətində təsdiq etməli, dövlət informasiya ehtiyatları və sistemlərinin rəsmi statistik məlumatlarla təmin olunması məqsədilə Dövlət Statistika Komitəsinin müvafiq informasiya sisteminin Elektron Hökumət İnformasiya Sisteminə (EHİS) inteqrasiya edilməsini həmin Komitə ilə birlikdə təşkil etməlidir.

Fərmanda Nazirlər Kabinetinə, mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə, dövlət adından yaradılan publik hüquqi şəxslərə də bir sıra tapşırıqlar verilib.

İnformasiya ehtiyatları təkmilləşdirilir

Təsdiqlənən qaydalarla bağlı fikirlərini “Reytinq”lə bölüşən hüquqşünas Mehman Muradlı deyib ki, Dövlət informasiya ehtiyatı və sisteminin formalaşdırılmasının ümumi prinsip və tələbləri müəyənləşib. Onun sözlərinə görə, Dövlət informasiya ehtiyatı və sistemi qurumların hüquqlarının həyata keçirilməsi, funksiyalarının və vəzifələrinin icrası və ya elektron xidmətlərin təşkili məqsədilə bir sıra prinsiplər nəzərə alınmaqla formalaşdırılır:

“Onlardan biri mötəbərlik – dövlət informasiya ehtiyatında saxlanılan məlumatların həqiqiliyini təsdiqləyən və yoxlanılmasına imkan verən mexanizmlərin təmin edilməsidir.

Unikallıq – dövlət informasiya ehtiyatları və sistemlərində eyni informasiyanın təkrar yaradılmasının yolverilməzliyi, informasiyanın ilkin mənbə hesab edilən dövlət informasiya ehtiyatları və sistemlərində bir dəfə yaradılması və digər informasiya sistemləri və ehtiyatlarının inteqrasiya vasitəsilə bu ilkin mənbədən informasiyanı əldə etməsi və ondan istifadədir.

Dayanıqlılıq – dövlət informasiya ehtiyatı və sisteminin fasiləsiz işləməsinin təmin edilməsi.

Təhlükəsizlik – sertifikatlaşdırılmış proqram təminatından və proqram-texniki vasitələrdən istifadə edilməsi, məlumatlarla, o cümlədən fərdi məlumatlarla bağlı informasiya mübadiləsi zamanı normativ hüquqi aktların tələblərinə riayət edilməsi, təşkilati, texniki və texnoloji tədbirlər həyata keçirməklə informasiyanın mühafizəsinin təmin edilməsidir.

Modulluq və miqyaslılıq – mövcud informasiya sistemində ciddi dəyişikliklər edilmədən proqram-texniki komponentlərin inkişaf etdirilməsi və sairdir”.

Hüquqşünas nəzərə çatdırıb ki, Dövlət informasiya ehtiyatının və sisteminin formalaşdırılması bu qaydalara uyğun olaraq, beynəlxalq standartlar və Azərbaycan Respublikasının bu sahədə qəbul olunmuş normativ hüquqi aktları nəzərə alınmaqla həyata keçirilir.

M. Muradlı bildirib ki, Dövlət informasiya ehtiyatının və sisteminin formalaşdırılmasına Əlaqələndirici qurumun və digər qurumların təklifləri əsasında başlanılır. Bu məqsədlə hazırlanan layihələr (hüquqi akt layihələri, konsepsiyalar, strategiyalar, tədbirlər planları və s.) Əlaqələndici qurumun texniki və səmərəlilik baxımından məqsədəuyğunluğu haqqında müsbət rəyi əlavə edilməklə normayaratma orqanına təqdim edilir.

Müsahibimiz qeyd edib ki, qurumların təklifinə əsasən Dövlət informasiya ehtiyatının və sisteminin formalaşdırılması ilə bağlı layihənin hazırlanması Əlaqələndirici qurumla birgə həyata keçirilə bilər. Onun sözlərinə görə, informasiya ehtiyatının və sisteminin fəaliyyətini tənzimləyən (əsasnamə) hüquqi aktla aşağıdakılar müəyyən olunur:

- informasiya ehtiyatının və ya sisteminin adı, strukturu;

- formalaşdırılma məqsədi və müddəti;

- sahibinin və operatorunun adı, hüquqları, vəzifələri və funksiyaları;

- funksionallığa dair tələblər;

- fərdi məlumatların işlənilmə məqsədi və nəzərdə tutulan üsulları (fərdi məlumatların informasiya sistemi üçün);

- maliyyələşdirilmə mənbələri;

- informasiya ehtiyatına və sisteminə daxil edilən informasiyanın tərkibi, informasiyanın növü, informasiyadan istifadə qaydaları, o cümlədən belə məlumatların istifadəçilərinin dairəsi;

- informasiya sistemi vasitəsilə sorğu edilən məlumatların tərkibi;

- inteqrasiya imkanları;

- informasiya ehtiyatından və sistemindən məlumat almağa görə ödəniş qaydası, o cümlədən belə ödənişlərdən azadolma halları.

M. Murdadlı onu da vurğulayıb ki, Dövlət informasiya ehtiyatının və sisteminin formalaşdırılması onların sahibləri, operatorları və ya müqavilə əsasında qeyd edilən sahə üzrə ixtisaslaşmış hüquqi şəxslər tərəfindən həyata keçirilir. Belə ki, bu Qaydaların 2.6-cı bəndində qeyd olunan subyektlər müəyyən edilən müddətdə layihə üzrə nəzərdə tutulan işlərin görülməsini tamamlayır və istismara verilməzdən əvvəl Əlaqələndirici qurumun iştirakı ilə Dövlət informasiya ehtiyatının və sisteminin sınağını keçirir: “Əsas Dövlət informasiya ehtiyatının və Dövlət informasiya sisteminin istifadəyə verilməsi həmin informasiya ehtiyatı və sistemi Reyestrə daxil edildikdən və EHİS-ə inteqrasiya olunduqdan sonra həyata keçirilir. "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, fərdi məlumatların informasiya sistemləri Reyestrə daxil edildikdən sonra onlarda fərdi məlumatların toplanılmasına və işlənilməsinə yol verilir. Vətəndaşlara xidmət göstərilməsi üçün formalaşdırılan Dövlət informasiya ehtiyatının və sisteminin sahibi istismara verilmə ilə bağlı ictimaiyyəti məlumatlandırır”.

M. Muradlı diqqətə çatdırıb ki, Dövlət informasiya sistemlərinin tərkibində bir neçə dövlət informasiya ehtiyatı və altsistem yaradıla bilər: “Digər qurumların informasiya ehtiyatında mövcud olan informasiya ilə eyni informasiyanı yaratmaq məqsədilə yeni dövlət informasiya ehtiyatının və sisteminin formalaşdırılmasına yol verilmir. İki və ya daha çox qurum tərəfindən istifadəsi nəzərdə tutulan bütün yardımçı dövlət informasiya ehtiyatları Əlaqələndirici qurum tərəfindən vahid texniki baza və platformada qurulur. Dövlət informasiya ehtiyatının və sisteminin genişləndirilməsi, bölünməsi və ya birləşdirilməsi bu Qaydaların 2.6 – 2.12-ci bəndlərinə uyğun olaraq həyata keçirilir və Reyestrdə müvafiq dəyişikliklər aparılır”.

Onu da qeyd edək ki, Dövlət informasiya ehtiyatının və sisteminin normativ hüquqi aktlara uyğun olaraq aparılmasına nəzarət həmin informasiya ehtiyatının və sisteminin sahibi və operatoru tərəfindən həyata keçirilir. Təsdiqlənən qaydalara görə, Dövlət informasiya ehtiyatının və sisteminin formalaşdırılmasında, aparılmasında və texniki dəstək verilməsində iştirak edən şəxslər, o cümlədən ona məlumat daxil etmək səlahiyyəti verilən məsul şəxslər barədə məlumatlar, onlara verilən hüquqlar və onların sistemdə fəaliyyət dövrü haqqında məlumatlar informasiya sisteminin sahibi və operatoru tərəfindən İMR-ə ötürülür. İnformasiya ehtiyatının və sisteminin aparılması, onlara giriş, informasiyanın daxil edilməsi və dəyişdirilməsi hər mərhələdə mötəbərliyi təmin etmək üçün sahibin və ya operatorun müəyyən etdiyi məsul şəxsin gücləndirilmiş elektron imzasından istifadə olunmaqla təsdiq edilir”.

Hüquqşünas onu da qeyd edib ki, Dövlət informasiya ehtiyatının və sisteminin aparılmasında müəyyən olunmuş tələblərə riayət edilməlidir. Onun sözlərinə görə, tələblərə əsasən məlumatların mötəbərliyinin informasiya sistemi tərəfindən nəzarətdə saxlanılması və mütəmadi (dövri) yoxlanılması imkanları təmin olunmalıdır. Bundan əlavə, qanunsuz daxilolma və saxtalaşdırma hallarının qarşısı alınmalı, giriş və əməliyyat tarixçələri (loqları) saxlanmalıdır. “Fəaliyyətin fasiləsizliyi təmin edilməli, dayanma hallarının qeydiyyatı aparılmalı, mütəmadi texniki dəstək fəaliyyəti həyata keçirilməlidir. Fərdi məlumatların toplanılması və işlənilməsi "Fərdi məlumatlar haqqında" qanuna uyğun olaraq həyata keçirilməlidir. İnformasiya ehtiyatında və sistemində dəyişikliklər müvafiq qeydlər edilməklə aparılmalı, belə qeydlərin edilməsinə əsas olan sənədlər isə müvafiq sənədlər qovluğuna daxil edilməlidir. İnformasiya ehtiyatının və sisteminin ehtiyat mərkəzi mövcud olmalı, formalaşdırılan, daxil edilən və yığılan məlumatların əlavə nüsxələri ehtiyat mərkəzlərdə saxlanılmalı, mütəmadi yenilənməli və sistemin bərpası tələb olunduqda istifadə edilmək üçün hazır olmalıdır. Təhlükəsizlik qaydaları hazırlanmalı, fəaliyyətə təsir edən amillər təhlil edilməli, ehtiyat plan qurulmalıdır”.

Müsahibimiz onu da vurğulayıb ki, Dövlət informasiya ehtiyatının və sisteminin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi normativ hüquqi aktlarda nəzərdə tutulan maliyyə mənbələri hesabına həyata keçirilir. İnformasiya ehtiyatına və sisteminə daxil edilməsi üçün natamam və ya təhrif olunmuş informasiyanın təqdim edilməsində təqsirkar olan, məlumatların informasiya ehtiyatına və sisteminə daxil edilməsində təhrifə, saxtakarlığa yol verən, habelə informasiya ehtiyatında və sistemində olan informasiyanı qanunsuz məqsədlərlə istifadə edən və yayan şəxslər Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

“Dövlət informasiya ehtiyatının və sisteminin sahibləri və operatorları informasiya əldə edilməsinin təşkilinə görə normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydada məsuliyyət daşıyırlar”, – deyə M.Muradlı əlavə edib.

Z. MƏMMƏDLİ

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə "İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində hazırlanıb.




Bölməyə aid digər xəbərlər
8-12-2018, 23:15 50-dən artıq startap...

{sape_links}{sape_article}