Elektron mediada təhlükəsizlik müzakirə olunub
Tarix: 24-09-2018 00:33 | Bölmə: Layihə
Elektron mediada təhlükəsizlik müzakirə olunub

QHT rəhbərləri və KİV nümayəndələri müasir dövrün ciddi problemlərindən biri üçün çıxış yolu axtarırlar

Artıq Azərbaycanda elektron medianın, yaxud sosial şəbəkələrin təkmilləşdirilməsi və İKT resurslarının daha da gücləndirilməsi müzakirə olunmur. Çünki bu sahədə kifayət qədər nailiyyətlər əldə olunub.

Amma sosial şəbəkələrdə və elektron mediada informasiya təhlükəsizliyinin təmin olunması əhəmiyyətli məsələ kimi qarşıya qoyulub. Çünki bu sahədə görüləcək işlər çoxdur.

Bu günlərdə “İnformasiya, Təhlil və Planlaşdırma” İctimai Birliyi Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Sosial şəbəkələrdə və digər internet informasiya resurslarında milli maraqların müdafiəsinin təşkili” layihəsi çərçivəsində Beynəlxalq Mətbuat Mərkəzində “Müasir informasiya müharibəsi üsulları və Azərbaycanda təzahürləri” mövzusunda Dəyirmi Masa təşkil edib.

Tədbirdə Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, Əliməmməd Nuriyev, QHT-lərə Dövlət Dəstəyi Şurasının mətbuat xidmətinin rəhbəri Elməddin Behbud, nufuzlu saytların baş redaktorları, tanınmış jurnalistlər iştirak ediblər.

Layihə rəhbəri Xaqani Səfəroğlu bildirib ki, layihənin məqsədi internet informasiya resurslarında və sosial şəbəkələrdə milli maraqların müdafiəsi məqsədilə jurnalistlərin, sosial şəbəkə istifadəçilərinin maarifləndirilməsi və məlumatlığının artırılmasıdır.

Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli çıxışında bildirib ki, informasiya təhlükəsizliyi dünyada ən vacib məsələlərdən biridir:

“İnternetin geniş yayılması ilə informasiya əldə etmək sahəsində ciddi dəyişiklər baş verib. Onlayn media və sosial şəbəkələr klassik KİV haqqında anlayışları dəyişdirib”.

Onun sözlərinə görə, son illər Azərbaycanda onlayn media və sosial şəbəkələr istənilən sahədə ictimai rəyi yönləndirən əsas vasitəyə çevrlilib. Ona görə də burada yayılan istənilən maraqlı xəbər dərhal trendə dönür və cəmiyyətdə qızğın müzakirələrə səbəb olur. Odur ki, internet mediada yayılan xəbərlərin həqiqiliyinə, doğruluğuna əmin olmaq çox vacib məsələdir: “Media ictimai maraqdan çıxış etməlidir. Burada medianın sosial məsuliyyəti anlayışı da var. Müasir media kifayət qədər şaxələnib və onun böyük hissəsini təşkil edən internet media ortaya çıxıb. Medianın bu hissəsində çox ciddi problemlər mövcuddur. İnternet mediası azad olsa da, burada yayılan informasiyalara görə də hüquqi məsuliyyət mövcuddur”.

“Konstitusiya” Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev isə qeyd edib ki, informasiya təhlükəsizliyi bu gün dünya dövlətlərinin önəm verdiyi ən prioritet məsələdir. Çünki bu gün sosial şəbəkələr insanların ictimai münasibətlərini tənzimləyən bir vasitəyə çevrilib. Çağdaş internet əsri informasiya azadlığı sahəsində ağlagəlməz sıçrayışlar etməklə yanaşı bu sahədə zəruri təhlükəsizlik qaydalarının qorunmasını da vacib edib.

Ə. Nuriyevin sözlərinə görə, dünyada feyk xəbərlər həm də siyasi mübarizədə bir priyom kimi istifadə olunur. Ə.Nuriyev qeyd edib ki, bu müzakirələrdə səslənəcək təkliflər qeyd olunan problemlərin həllinə töhfə verəcək. O, bu təkliflərin AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına təqdim etməyi də tövsiyyə edib.

Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının mətbuat xidmətinin rəhbəri Elməddin Behbud çıxışında bildirib ki, informasiya təhlükəsizliyi Azərbaycan dövləti üçün prioritet məsələdir.

Odur ki, QHT Şurası bu istiqamətdə olan maarifləndirici layihələrə dəstək verir. Onun sözlərinə görə, bu tip layihələr media və vətəndaş cəmiyyətinə informasiyaya düzgün yanaşma tərzini aşılayır və kənar təzyiqləri neytrallaşdırmağa kömək edir.

Mövzu ilə bağlı fikirlərini “Reytinq”lə bölüşən Xaqani Səfəroğlu “Feyk xəbərlər, informasiya təxribatlarına qarşı mümkün fəaliyyətlər” mövzusunda layihə çərçivəsində əldə olunan nəticələrə dair maraqlı məqamlara toxunub.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin 2016-cı ildə imzaladığı “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016–2020-ci illər üçün Dövlət Proqramı”nda informasiya təhlükəsizliyinin təmin edilməsi, bu sahədə ümumi hazırlığın və maarifləndirmənin yüksəldilməsi qeyd olunub: “2010-cu ildə imzalanmış Azərbaycan Respublikasının Hərbi Doktrinasında isə əks tərəfin malik olduğu informasiya və radioelektron mübarizə sistemləri dövlətimizə qarşı mümkün hərbi fəaliyyət kimi xarakterizə edilib”.

X. Səfəroğlu bildirib ki, informasiya çatışmazlığı olanda insanlar istənilən xəbərə inanmağa meyilli olurlar. Məhz buna görə bir çox feyk xəbərlər hərbi əməliyyatlar, gərgin siyasi vəziyyət, terror aktları və fövqəladə hallar zamanı dərhal meydana çıxır: “Çox zaman feyk xəbərlərin köməyi ilə öz nöqtəyi-nəzərini sizə təlqin etmək üçün bu vasitələrə əl atırlar. Dezinformasiya –təbliğatın ən sevimli alətidir”.

Layihə rəhbəri qeyd edib ki, indi dünyada bu məsələlər ciddi şəkildə müzakirə edilir:

“Azərbaycan da onlayn media trendinin daşıyıcısıdır. Sadalanan problemlər bizdə də mövcuddur. İnternet “dənizində” seçilmək, oxucu qazanmaq və onu əldə saxlamaq onlayn media üçün “həyat iksiri”nə çevrilib. Odur ki, xəbər əldə etmək üçün onlayn jurnalisitika özünün “qardaş”ları ilə - bloq və sosial şəbəkələrlə sıx işləməyə məcburdur. Yalan xəbərin yayılmasının əsas səbəblərindən biri xəbəri dəqiqləşdirmək imkanının olmamasıdır. Yəni onlayn media sürətli, çevik iş tələb etdiyinə görə, istənilən xəbərin dərhal aydınlaşdırılması vacibdir. Bu baxımdan həm jurnalist, həm də müvafiq dövlət qurumları məsuliyyətli olmalıdırlar”.

X. Səfəroğlunun sözlərinə görə, təəssüf ki, Azərbaycanda xüsusən dövlət qurumları tərəfindən belə xəbərlərə çevik reaksiya çox aşağı səviyyədədir. Onların əksəriyyəti hələ də “off-layn”, yəni çap mətbuatı dövrünü yaşayır. İnformasiya məkanında qələbə çalan məlumatı ram etmək üçün onu qadağan etmək yox, ona uyğun davranmaq lazımdır: “Bütün nazirliklərin mətbuat xidmətləri dövrün tələblərinə uyğun yenidən qurulmalı və çevik struktura çevrilməlidir. Mətbuat xidmətində yalnız bir nəfərin oturub vaxtından gec və qeyri-dəqiq mətnlər yayması informasiya tələbatını ödəyə bilməz. Mətbuat xidmətlərinin tərkibində çevik informasiya qrupları yaradılmalıdır”.

X. Səfəroğlu digər problem olaraq sosial şəbəkələr üzərindən terrora çağırış və yad radikal ideoloji platformanın təşviq olunmasını qeyd edib. Bildirib ki, ölkəmizi yad və zərərli dini cəryanların girdabına salmaq cəhdləri bitmir:

“Qondarma “cihad” çağırışlarına qoşularaq əlində silah İraqa, Suriyaya gedənlərin ilk informasiya bazası virtual aləm, sosial şəbəklələr və informasiya portalları olub. Onlayn media, sosial şəbəkələr terror çağırışları və dini zəmində nifrətin yayılması üçün ən əlverişli amilə çevrilib. İnformasiya texnologiyaları əsrində praktik olaraq bütün terror təşkilatları öz fəaliyyətlərini media şəbəkəsində aparır”.

Ekspertin fikrincə, bu problem xüsusilə onlayn medianın terrorla bağlı hadisəni birinci vermək, daha çox oxucu toplamaq yarışı fonunda daha çox özünü göstərir. X. Səfəroğlu əlavə edib ki, KİV-ə xaotik xəbər çıxışının qarşısını almaq lazımdır:

“Feyk xəbərlər bu gün ciddi problemə çevrilib. Avropa İttifaqı hesab edir ki, belə xəbərlər KİV-in reputasiyasına ciddi zərbə vurur. 2018-ci ilin yanvarında Avropa İttifaqı feyk xəbərlərin qarşısını almaq yollarını araşdıran beynəlxalq səviyyəli mütəxəssislərdən ibarət qrup yaradıb”.

X. Səfəroğlu qeyd edib ki, dünya bu problemin aktual olduğunu etiraf edir. Amma hələlik feyk xəbərlərin dövlət nəzarətinə alınma cəhdləri nəticə vermir. Odur ki, yaınız ayıq-sayıq olmaq, internet üzərindən yayılan xəbərləri yoxlamaq lazım gəlir.

Müstəqil İnformasiya Agentliyinin (mia.az) baş redaktoru Zaur Əhməd isə qeyd edib ki, istər sosial şəbəkələrdə, istərsə də elektron mediada informasiya təhlükəsizliyi ciddi əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, hazırda informasiya əsridir və bu gün tərəflər informasiya ilə mübarizə apardıqları üçün bu alətlə ehtiyatla davranmaq lazımdır:

“Sosial şəbəkələrdə, eləcə də elektron mediada fəaliyyətin tənzimlənməsi ilə bağlı qanunvericilik bazası formalaşıb. Doğrudur, burada müəyyən məhdudlaşdırıcı məqamlar da var, amma ümumilikdə götürəndə başıpozuq nəzarətli mühit, xaosdan daha yaxşıdır. Heç kimə sirr deyil ki, Azərbaycanda sosial şəbəkə istifadəçilərinin əksəriyyəti mövcud qanunvercilikdən xəbərsizdir. Ona görə də bəzən istifadəçilər sərbəst mühitdən istifadə edərək qanunlara zidd məlumatlar yayırlar. Təəssüflə qeyd etmək lazımdır ki, bu gün bəzi elektron KİV-lərdə də milli maraqlarımıza və qanunlara azidd məlumatlar yerləşdirilir. Yəni, media nümayəndəsi adına iddia edən şəxslərin təhlükəsizlik məsuliyyətini dərk etməməsi təəssüf doğurur. Odur ki, sosial şəbəkələrdə, eləcə də elektron mediada informasiya təhlükəsizliyi məsələsi ciddi şəkildə nəzərə alınmalıdır. Elə situasiyalar olur ki, həmin dönəmdə daha təmkinli davranmaq lazımdır. Mənbəyi olmayan, yaxud qeyri-ciddi mənbələrə əsaslanaraq ictimaiyyətdə çaşqınlıq yaratmaq olmaz. Belə bir zəminin yaranmaması üçün aidiyyatı dövlət qurumlarının ictimaiyyətlə əlaqələr sektoru da ciddi və operativ işləməlidir. Belə olan təqdirdə informasiya təhlükəsizliyini daha asan təmin etmək olar”.

Z. MƏMMƏDLİ

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə "İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində hazırlanıb.




Bölməyə aid digər xəbərlər
8-12-2018, 23:15 50-dən artıq startap...

{sape_links}{sape_article}