17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
“Elələri var, dövlətdən üç dəfə ev alıb, amma mənim oğlum kirayədə yaşayır” - Aşıq Əhliman
Tarix: 16-05-2016 17:27 | Bölmə: Mədəniyyət


Azərbaycan Aşıqlar Birliyinin nümayəndəsi Aşıq Azər Xanlaroğlu uzun zamandır ki, ağır xəstədir. "Hepatit B" virusundan əziyyət çəkən aşığın qaraciyəri dəyişilməlidir. Bunun üçünsə kifayət qədər maddi vəsait tələb olunur. Aşığın buna imkanı olmadığı üçün, bu vəsaiti toplamaq onun həmkarlarının üzərinə düşüb.

Aşıq Əhliman isə "Reytinq"ə müsahibəsində Azər Xanlaroğlu ilə bağlı dəstək tədbirləri təşkil etdiklərini, onların hər birində özünün də iştirak etdiyini bildirsə də, bu məsələdə yalnız dövlətin dəstəyinə güvəndiyini deyib:

"Kimin gücü nəyə çatırsa, dəstək oldu. Belə şeyləri demək doğru olmaz, çünki əl tutmaq Əlidən qalıb".

Aşıq Azər Xanlaroğlu ilə bütün aşıq tədbirlərində, dövlət və el məclislərində iştirak etdiklərini bildirən Aşıq Əhliman "Çaşıb qalmışıq. Bir yol lazım. Amma onu bilən yox. Köməklik lazımdır. Amma insanlar tərəfindən çətin. Yəni heç kimə demək olmur ki, sən buna yardım et!.. Köməklik dövlət tərəfindən olsa, daha yaxşı olardı. Çünki aşıqların nəyi var? Hamısı gözünü məclislərə dikib. Məclislər də ki...

Aşıqların vəziyyəti indi yaxşı deyil. Hamı deyir, aşıq sənəti qədimdir, bizim mədəniyyətimizdir, adət-ənənəmizi qoruyur. Amma "Şöhrət" ordeninə gələndə başqalarına verirlər".

Aşıq Əhliman hərdən bezdiyini, özü-özündən qaçdığını da deyir: "Deyirlər Azərbaycanda beş dəyərli aşıq varsa, biri də Əhlimandır. Bunu mən demirəm, dinləyicilər deyir. Eyni zamanda, mənim aşıq sənəti haqqında kitablarım, elmi əsərlərim var. Hələ sevet dönəmində mən neçə ölkələr gəzmişəm.

İndi Prezident təqaüdü verirlər. Amma kimə verirlər? Bu mükafatı elə adamlara verirlər ki, onların pulunu yığıb-yığışdırmaq olmur.

Elə insanlara ev verirlər ki, dəhşətə gəlirsən. Elələri var ki, dövlətdən üç dəfə ev alıb. Amma mənim oğlum kirayədə yaşayır. Bizə yoxdur. Ona görə də bu həyatdan küsürəm, inciyirəm. İstəyirəm ki, ümumiyyətlə, aşıqlıq adını üstümdən götürüm, sadəcə Əhliman kimi qalım".

Müsahibimiz "Allah Aşıq Ələsgərə rəhmət eləsin!"-deyib onun yaradıcılığına da müraciət etdi:

"Aşıq olub diyar-diyar gəzənin

Əzəl başdan tülkəmalı gərəkdir.

Amma indi gərək tülkəmallı yaşamayasan. Tülkəmallılara yer yoxdur.

Mənim bir şerim var:

Qapım döyülmədi, qapın döymədim

Möhtac olub heç kimə baş əymədim.

Mənim dediyim xarakterli insanlara da ruhi xəstə kimi baxırlar.

Əvvəllər alimlər, folklorşünaslar kəndlərə gələrdilər, ayaqlarının altında qoyunlar kəsilərdi. Üç gün birinin evində, bir gün digərinin evində söz toplayıb, kitablar yazırdılar. Amma indi folklorşünaslar kəndləə gələndə camaat onlara gülür. Deyir ki, bunun başı xarabdır, işi-gücü yoxdur, gəlib kəndləri gəzir".

Aşıqlar Birliyinin yeni sədrinə gəlincə, Aşıq Əhliman deyib ki, yeni sədr hələ stolu tanımır: "Sədr gəldi, bir neçə tədbir keçirdi, bir neçə tədbirin təşkilatçısı oldu. Hazırda isə qurultaya hazırlaşırlar. Qurultay keçiriləndən sonra sədr daha da yaxşı işlərə imza atacaq".

Aşıqlar Birliyinə maddi dəstəyin verilib-verilmədiyinə gəldikdə, "Bunu Aşıqlar Birliyinin yeni sədri Məhərrəm Qasımlıdan soruşun",- dedi: "Söhbət tanınmaqdan getmir. Sağ olun ki, diqqətlə yanaşırsınız. Mən də öz üzərimə düşəni edirəm. Aşıq Əhmədin yaradıcılıq gecəsini keçirdim. Aşıq Şakirin də həmçinin, indi də gecələr keçirməkdə davam edirəm. Mənim gücüm çatan bunlardır. Başqa nəyə gücüm çatır ki?

Repertuarımda yeni mahnılarım da var. Yazdığım mahnıları müğənnilər də ifa edir. Həmin mahnıları onlara halal etmişəm".

Aşıq müsabiqələrinin keçirilməsi ilə bağlı sualımıza cavabında "Olacaq, bəlkə də yaxın aylarda, bunu indidən demək olmaz. Bu işlərə qurultaydan sonra başlanacaq. Məhərrəm müəllim bunların öhtəsindən gələcək. Buna şübhəm yoxdur. Məhərrəm müəllimin Azərbaycan Televiziyasında aşıq sənətindən bəhs edən verilişi də var. O veriliş aşıq sənəti üzrə çox şey deyir, maarifləndirmə, bilgilərə sahib olmaq haqqındadır. Verilişə baxanlar nəsə öyrənməlidir. Sözün kəsəri olmalıdır. Sənətkar öz əsərində kəsərini deməlidir, milləti maarifləndirməlidir. Amma indi millət maarifçilikdən uzaqlaşır. Bizim dövrümüzdə isə xanəndələrə, aşıqlara qulaq asıb maariflənirdik. Odur ki, indi cılız sənətkarlar yetişirlər".

Reyting.az





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}