“Balaca şahzadə” səhnəyə çıxacaq
Tarix: 27-01-2019 10:29 | Bölmə: Mədəniyyət
“Balaca şahzadə” səhnəyə çıxacaq

21, 22 fevral tarixlərində saat 19:00-da Azərbaycan Dövlət Musiqili Teatrında Antuan de Sent-Ekzüperinin “Balaca şahzadə” əsərinin motivləri əsasında eyniadlı tamaşanın premyerası olacaq.

Musiqili Teatrın mətbuat xidmətindən Reyting.az-a verilən məlumatda bildirilir ki, beynəlxalq layihə kimi təqdim olunan iki hissəli bu şou-tamaşa ana dilimizdə səslənən ilk müzikldır.

Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, bəstəkarı ABŞ-da yaşayan həmyerlimiz, beynəlxalq müsabiqələr laureatı Ruslan Ağababayev, musiqi rəhbəri Əməkdar artist Vaqif Məstanov, rəssamı Məryəm Ələkbərli, xoreoqrafı Rusiya Federasiyasının Əməkdar incəsənət xadimi, dünya şöhrətli baletmeyster Sergey Gritsay, baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, səhnələşdirəni Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, şair, yazıçı-publisist İlqar Fəhmidir.

“Bu tamaşa Antuan de Sent-Ekzüperinin dünyaca məşhur əsərinə Musiqili Teatrın fərqli baxışıdır. Əsərin süjet xəttində balaca şahzadənin müxtəlif planetlərə səyahətləri obrazlı şəkildə təsvir olunur. Onun qarşılaşdığı personajlarla ünsiyyəti, tamaşaçıya dərin, fəlsəfi mesajlar verir, böyüklərin dünyası, düşüncələri, həyat fəlsəfəsi, sevgi mövzusu balaca bir uşağın gözü ilə və ibrətamiz kəlamlarla anladılır”, - deyən Musiqili Teatın direktoru Əliqismət Lalayevin sözlərinə görə, tamaşanın qeyri-adi səhnə tərtibatı var: “Arxa fonda iri monitorlarda göstərilən animasiyalarla aktyorların və balet artistlərinin sinxron şəkildə canlandırdığı gözəl ifaları, dolğun və cəlbedici rəqs hərəkətləri, ifaçıların oyunu ilə ekrandakı hadisələrin möhtəşəm sintezi həm də Musiqili Teatrın səhnəsində daha bir yenilikdir. Əminəm ki, tamaşa teatrsevərlərin böyük marağına səbəb olacaq. Tamaşanın səhnə qrafikası Mehdi Məmmədova, video quraşdırmalar isə “Bakı Media Mərkəzi”nə məxsusdur”.

Ə. Lalayev bildirib ki, balaca şahzadə obrazını Musiqili Teatrın iki azyaşlı aktyoru - adı “Qızıl kitab”a yazılan, Prezident təqaüdçüsü Atilla Məmmədov və Rahib Məmmədov canlandıracaq. Digər rolları Əməkdar artistlər Ələkbər Əliyev (Kral), Şövqi Hüseynov (Tülkü), Əmrah Dadaşov (Təyyarəçi), Nicat Həbibov (Dərviş), Aydan Həsənova (Qızılgül), Əliməmməd Novruzov (Şoumen), Məhərrəm Qurbanov (Əyyaş), Hüseyn Əlili (Fənərçi), Rauf Babayev (Kommersant), Emil Heydərov (Qlobus), İbrahim Əlizadə (Ora-bura) ifa edirlər.

Reyting.az

скачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}