16:23 / 16-04-2024
"Tiktoker Semka" həbs olunub
50 yaşlı Qulu Ağsəs: “Vergül nöqtədən daha işıqlıdır…” - Müsahibə
Tarix: 20-04-2019 18:25 | Bölmə: Müsahibə
50 yaşlı Qulu Ağsəs: “Vergül nöqtədən daha işıqlıdır…”

“İnsanın təkcə ürəyi deyil, beyninin bir tərəfi daim öz dərdi-səri, itkiləri ilə məşğuldur”

Qulu Ağsəs çox istedadlı adamdır. Bunun əksini sübut etməyə çalışan gərək özünü dağa-daşa salsın. Böyük yazıçımız, Yazıçılar Birliyinin sədri Anarın ən qatı əleyhdarlarının səsləndirdiyi çoxsaylı tənqidi fikirlərin içərisində “Ulduz” jurnalı ilə bağlı bircə cümləyə də rast gəlməmişəm. Qulu Ağsəsin baş redaktoru olduğu “Ulduz” sağdan da, soldan da daşlanan Yazıçılar Birliyinin üzünü ağardır.

Qulu özü elə ulduz kimidir, onun gur işığından ətrafındakı hər kəsə pay düşür, ziyalıya da, ömründə bircə kitab vərəqləməyənə də, həyatda heç kimin qəlbinə dəyməyənə də, həbsxanaların bezdiyi adama da…

Qulu Ağsəslə hər dəfə söhbətləşəndə elə bilirəm ki, dünyanın ən qəribə hadisələri mənim şair dostumun qarşısına çıxır.

Qulunun o qədər çatışmayan cəhətləri var ki… Birini yazım, siz də bilin, müsahibədən boyun qaçırmaq üçün nə bəhanələr uydurmadı, nə planlar qurmadı… Amma son bir neçə ayda müsahibə verməmək üçün toqquşdurduğu yalanları bağışlayıram, axı bu gün dostumun 50 yaşı tamam olur.

Anama: “Sevin”- dedilər,

“Bu oğlun, evin”- dedilər.

Mən doğulan gün dedilər

Aprelin 20-nə…


Bu gün o gündür…

– Qələm, ağ vərəq görəndə ilk ağlından keçən nə olur?

– Ora nəsə yazmaq. Uşaq vaxtı harda ağ kağız görürdümsə orda qol çəkirdim, çünki eşitmişdim ki, böyüklər qol çəkir. İndiki gözlə baxanda fikirləşirəm o zaman çəkdiklərim qol deyilmiş, nəsə başqa bir şey imiş. Bəlkə də elə ilk rəsmlərim olub. İndi isə ağ vərəq görəndə ora nəsə yazmaq, bir söz, hətta bir işarə qoymaq keçir ağlımdan.

– Aysunun dərsləri ilə maraqlanırsanmı? Ədəbiyyat dərsliyində adın keçmir?

– XI siniflər üçün dərsliyə adım düşüb. Bu yaxınlarda zəng vurub xəbər verdilər, amma sözün açığı, hələ vaxt edib baxa bilməmişəm. “Şərq” qəzeti bu məsələni xəbər kimi dərc etmişdi, hətta məndən münasibət də öyrənmək istədilər. Dedim ki, mən o kitabı görməmişəm, görmədiyim bir şey haqqında nə danışım? Aysu hələ aşağı siniflərdədir, tərslikdən qohum-qonşuda XI sinifdə oxuyan uşaq yoxdur ki, kitabı götürüb baxım, məktəblərə də yolum düşməyib. Düzünə qalsa, heç özüm də dəqiq bilmirəm, adım “Ədəbiyyat”, yoxsa “Azərbaycan dili” dərsliyindədir…

Sualının birinci hissəsinə gəlincə, təbii ki, valideyn kimi Aysunun dərslərilə maraqlanıram. Müsahibəyə gəlməzdən öncə “Rus dili” kitabından pritça oxuyurdu, mənə də maraqlı gəldi. İstəyirsənsə sənə də danışım.

– Buyur…

– Deməli belə… Şahzadə anasının şəninə bir gün təsis edir və mərkəzi meydanda sənət yarışması keçirir. Şairlər və rəssamlar ana məhəbbətini tərənnüm edən əsərlərini Şahzadəyə təqdim edirlər. Lakin nə dinlədiyi şeirlər, nə də baxdığı rəsmlər onu qane etmədiyindən bərk əsəbiləşir. Cavan bir oğlan cəsarətlə irəli çıxıb deyir ki, Şahzadə sağ olsun, heç kimi cəzalandırmayın, çünki nə ən güclü şair qələmi, nə ən güclü rəssam fırçası əsl ana məhəbbətini olduğu kimi təsvir etmək qüdrətində deyil.

– Qulu, səni yaxından tanıyan qələm adamları yaxşı bilir ki, redaktəyə həmişə ciddi yanaşmısan, belə deyim də, amansız olmusan. Sənin üçün vergül önəmlidir, yoxsa nöqtə?

– Vergül elədir ki, müəllif sanki özü üzün bir pauza yaradır. Mən istər öz yazılarımda, istərsə də başqa müəlliflərin redaktə etdiyim mətnlərində vergül qoyanda düşünürəm ki, qarşıda hər şeyin gözəl olmaq şansı var. Amma nöqtə fərqli bir hiss yardır, başa düşürsən ki, yaxşı da olsa sondur, pis də olsa… Ona görə də nöqtəyə kədər simvolu kimi baxıram, vergül isə nöqtədən daha işıqlıdır. Nöqtə bir dərin quyudur, sonda hamımızı həmin o quyuya quylayacaqlar…

– Poeziya hansı muğama daha çox oxşayır?

– Əgər klassik poeziyamızı nəzərdə tutursansa mən onu daha çox “Bayatı-Şiraz”a və “Şur”a oxşadıram. Müasir poeziyamızı isə heç bir muğama oxşada bilmirəm… Ümumiyyətlə, sənə bir şey deyim, ötən əsrin 90-cı illərinə qədər bizim poeziyada heca daha çox dominantlıq edirdi, baxmayaraq ki, ədəbiyyatımızda sərbəst şeirin Rəsul Rza, İsa İsmayılzadə, Ələkbər Salahzadə, Vaqif Bayatlı, Abbas Abdulla kimi tanınmış nümayəndələri var idi. Düşünürəm ki, sovet dövründə belə deyim də, hecanın hökmranlığı təsadüfi deyilmiş, çünki o siyasi quruluş özü də nizam-intizamı, çərçivəni sevirdi, özünü heca vəzninə hesablamışdı sanki. Sovetlər dağılandan sonra sərbəst şeir

önə çıxdı, elə bil ki, ədəbiyyat, poeziya özü də keçmiş quruluşda sıxılmışdı. Həmişə heca vəznində yazan bəzi şairlər də keçdilər sərbəst şeirlər yazmağa. Amma Musa Yaqub heç vaxt hecanın qayda-qanunlarından, kanonlarından kənara çıxmadı.

Bayaqkı fikrimə qayıdaraq deyim ki, çağdaş poeziyamızda sərbəst şeir hökmranlıq etdiyindən onu heç bir muğama oxşada bilmirəm.

– Muğamdan söhbət elədik, bir zaman çox populyar olan “Avropa” qəzetində Qədir Rüstəmov barədə “Qədir gecəsi” adlı yazın yadıma düşdü. Rəhmətlik Qədir Rüstəmov həmin yazıya görə səni məhkəməyə vermişdi, o işin axırı necə oldu?

– Qədirlə müsahibəyə rəhmətlik dostumuz Zöhrab Əmirxanlı ilə birgə getmişdim. Əslində “Qədir gecəsi” alınmayan müsahibə haqqında bir sənət hekayəsi idi. Təbii ki, orda mənim bəzi öz uydurmalarım da yer almışdı, Qədir də, Zöhrab da hekayədə obraz kimi keçirdi. Rəhmətlik Qədir Rüstəmov yazını oxuyandan sonra mənə zəng vurdu, təşəkkür elədi. Təxminən bir həftə sonra təkrar zəng vurdu, bu dəfə narazılıq elədi. Aradan xeyli vaxt keçdi, üzbəüz gələndə yazını əməlli-başlı təriflədi, dedi ki, oxuyanların xoşuna gəlib. Mən biləni özü heç yazını oxumamışdı. “Qədir gecəsi” barədə onunla sonuncu söhbətimizdə rəhmətlik dedi ki, camaat səni məhkəməyə verməyimi istəyir, ona görə də səni tutduracam. Ömrünün sonuna kimi Qədirlə gah mehriban dost olduq, gah düşmən. Bu günə kimi bilmirəm, Qədir özü o yazını oxudu, ya yox? Allah Qədirə qəni-qəni rəhmət eləsin… Məni məhkəmə verə bilmədi.

– Səbəbini bilmirsən?

– Qarşı tərəfi məhkəməyə vermək üçün insanda səbir, dözüm olmalıdır, Qədirdə də bunlar yox idi. Hələ mən şəxsiyyət vəsiqəsini demirəm, həmin dövrdə Qədir heç sovet pasportunu da dəyişməmişdi…

– Həmin yazıda bir məqam da yadımda qalıb. Qədir müsahibə vermək üçün sizi Qaradağa aparmışdı. Qarabağda görüşməli olduğunuz Qədirlə Qaradağda söhbətləşmək səni narahat eləmədi?

– Çox ağrılı məqama toxundun… Dostunun “Juquli”sinə minən kimi Qədir: “Sür Qaradağa tərəf”-dedi. Elə bildim ki, dedi, Qarabağa tərəf sür. Belə bir hadisə həyatımda ilk dəfə deyildi. Biz səninlə illərin dostuyuq, bir-birimizin səmimiyyətinə inanırıq, Ağdam işğal olunandan sonra özümə yer tapa bilmirdim, heç nə məni ovutmurdu. Belə günlərin birində hərbçi dostum məni Xırdalana ad gününə dəvət elədi. O vaxta kimi Xırdalanda olmamışdım, metronun “20 Yanvar” stansiyasından çıxanda havadan od yağırdı. Fikirləşdim ki, kaş indi Ağdamda, kəndimizdə olaydım. Sonra öz-özümə dedim ki, Ağdamın işğal olunmayan kəndlərinə, məsələn Quzanlıya, Xındırıstana getmək olar. Beynimdə götür-qoy edə-edə hansı avtobusa, taksiyə yaxınlaşdımsa Xırdalana gedəni olmadı. Xeyli soraqlaşandan sonra lap köhnə bir “Juqili”nin sürücüsü o vaxtın pulu ilə məndən 80 manat istədi, dedi ki, bu istidə Kürdəmir yolu getmək çətindir, Ağsu aşırımı ilə gedərik… Sürücü danışır, mən də öz-özümə fikirləşirəm ki, bu nə danışır, nə Kürdəmir, nə Ağsu aşırımı? Bəs dostum deyirdi Xırdalana 10 dəqiqəlik yoldur… Sürücü ilə mübahisədən sonra məlum oldu ki, bayaqdan bəri avtobuslara, taksilərə yaxınlaşıb Xırdalanı yox, Xındırıstanı soruşurmuşam… Həmin hadisəni hər dəfə xatırlayanda əmin oluram ki, insanın təkcə ürəyi deyil, beyninin bir tərəfi daim öz dərdi-səri, itkiləri ilə məşğuldur.

Təbii ki, Qədirlə Qarabağda görüşmək gözəl olardı, təsəvvür elə, bizi Qaradağda necə isti, mehriban qarşıladılar… Qədirin dostu çox mötəbər bir adam idi, sənətkarın ayağını yumağa suyu da özü gətirdi. Təəssüf ki, yazıda təsvir elədiyim bütün qəribə hadisələr Qarabağda yox, Bakının Qaradağ rayonunda baş verdi…

– Yazıçılar Birliyinin “Natəvan” klubunda tez-tez yubileylər, kitab təqdimatları keçirilir, sən də ara-sıra iştirak edirsən. Belə tədbirlərdə indiyə qədər eşitdiyin ən təmtəraqlı tərif hansı olub?

– Sözün açığı, ən təmtəraqlı tərifin müəllifini xatırlamıram. Tədbirin aparıcısı sözü növbəti çıxışçıya verəndə dedi ki, indi də öz fikirlərini sizinlə bölüşəcək görkəmli yazıçı, nasir, publisist, şair, filosof… Yerdən kimsə söz atdı: “Mirzə Fətəli Axundzadə…” Belə tədbirlərdə hər dəfə bu cür situasiyalarla rastlaşanda o hadisə yadıma düşür və Mirzə Fətəlinin siması gözlərimin qarşısında canlanır.

– 2039-cu ildə bir qrup gənc yazar “Ulduz”un redaksiyası önündə aksiya keçirib baş redaktorluqdan istefanı tələb etsə, Yazıçılar Birliyinin sədri Anara istefa ərizəsi verərsənmi?

– Çox istəyərəm ki, sənin indi təsəvvür eləməyə çalışdığın hadisə baş versin. Bu, o deməkdir mən hələ 20 il də yaşayacam. Amma məsələnin ciddi tərəfi də var, kim istəyər ki, onu kabinetinin qarşısına toplaşıb istefasını tələb eləsinlər? Sualın Anarla bağlı hissəsinə gəlincə, Anar müəllim elə bir insandır ki, heç kəsin işsiz qalmasını istəmir, amma getmək istəyəninin qarşısını kəsmir.

Bir nüansı da deyim, hələ nə sən, nə mən dəqiq bilmirik axı 20 ildən sonrakı cavanlar hansı düşüncədə olacaqlar. Bəlkə elə bir gənclik formalaşdı ki, gəlib məni “Jurnalistlər binası”ndakı mənzilimdən də çıxartdı… Vallah, hərdən indiki cavanlara baxanda təəccüblənirəm, ömrüm boyu avtobusda, metroda böyüklərə yer vermişəm. Fikirləşmişəm ki, yaşa dolanda mən də yer verərlər. 50 yaşım var, yenə avtobusda, metroda ayaq üstə gedirəm…

Etibar CƏBRAYILOĞLU




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}