17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
"Qədir Rüstəmovu yamsılasam da, məndə Yaqub Məmmədov səsi var" - Əhliman Cəbrayıllı
Tarix: 16-09-2016 14:58 | Bölmə: Mədəniyyət


Hansısa səbəbdən muğam ifaçıları arasında Əhliman Cəbrayıllı ilə bağlı mübahisə yaranır. Bəziləri iddia edir ki, o, rəhmətlik Qədir Rüstəmovu, digərləri də bildirir ki, Yaqub Məmmədovu yamsılayır.

Muğam ifaçısı Əhliman Cəbrayıllı isə Reyting.az-a deyib ki, o, daha çox Yaqub Məmmədov sənətinin davamçısıdır.

Muğam ifaçısı Qəzənfər Abbasovdan təmənnasız dərs aldığını deyən Ə.Cəbrayıllının sözlərinə görə, müəllimi onun gələcəyinə və istedadına inanıb:

"Qəzənfər müəllim mənə zəng edib dərsə dəvət edirdi. Sanki tələbə-müəllim deyildik, mənə qardaş kimi müraciət edirdi. Qəfənfər müəllim kimə dərs deyibsə, onun səsi uzaqlardan gəlib. Ona yenə zəng etsəm ki, müəllim, gəlirəm, işini-gücünü atıb mənə sənət öyrədəcək.

Əgər vaxtında tənbəllik etməsəydim indi səsim daha yuxarılardan gələrdi. Bu sənətdə böyük haqsızlığa uğradım və bu, məni sənətə soyutdu".

Ə.Cəbrayıllı bildirib ki, sənət öyrənmək üçün xanəndələrin çoxunun yanına gedib:

"Xalq artisti Mənsum İbrahimovun da qapısını döydüm. Məni dinlədi, amma bəyənmədi. Dedi ki, "Dalğalar" mahnısının zil pərdəsini oxu. Mən də kənddən gələn bir insan... Utandım. Baxdım ki, otaq dolu qız-oğlan, hamının da gözü məndə... Həyəcan, stress, utancaqlıq... Uşaqlar məni dinlədikcə kövrəlirdi.

Amma Mənsum müəllimin dediyi zil pərdəni oxuya bilmədim deyə, mənə qapı göstərdi. Dedim ki, müəllim, təhsil almaq istəyirəm, mənə şans yarat. Dedi ki, get, pərdəni oxuyanda gələrsən.

Mən də Qəzənfər Abbasovun sinfinə girdim. Dedim ki, müəllim sizdən muğam təhsili almaq istəyirəm. Düşündüm ki, Mənsum İbrahimov məni qəbul etməyibsə, deməli, heç nə bilmirəm. Sağ olsun Qəzənfər Abbasovu, dedi ki, mən dedikcə sən təkrar elə. Oxuduq, dedi, ay Əhliman, sənin gözəl səsin var, muğama düşən səs tək-tək olur. Bir dəftər aldı mənə, bir ilə yaxın dərsə getdim. Oxuduqca gördüm ki, muğam mən bildiyim kimi deyil, dəryadır. Amma gözəl dərslərimizin birində hər şey alt-üst oldu...".

Bakıda təhsil alarkən ailəsinin korluq çəkdiyini deyən Ə.Cəbrayıllı əvvəl düşünüb ki, bir-iki mahnı oxuyub toylara getmək lazımdır:

"Gəldim dərsə, dedim ki, müəllim mənə bir-iki toy mahnısı öyrət. Qəzənfər müəllim mənə elə əsəbləşdi ki... Əsəblərini cilovlaya bilməyən müəllim qolumdan tutub dedi: "Get, özünətoyxana müəllimi tap! Mən toy dərsi demirəm, sənət öyrədirəm. Çıx sinifdən!"

Amma getmədim, sona kimi gözlədim ki, bəlkə fikrindən daşına. Dedi ki, Əhliman, sənin gözəl səsin var, istedadın da zamanla düzələcək.

Qəzənfər müəllimlə işlədiyim müddətdə böyük irəlləyiş oldu".

Azərbaycanın ikinci Qədir Rüstəmovu olması ilə bağlı deyilənlərə də münasibət bildirən müsahimiz bununla razılaşmır: "Məndə Qədir səsi yoxdur. Mən Qədir Rüstəmovu yamsılamışam. Amma məndə Yaqub Məmmədov sənəti və səsi var. "Sona bülbüllər"i oxuyanda elə bilərsən ki, Qədir Rüstəmov dirilib.

Mirələm Mirələmovun da səsini Qədir Rüstəmov səsinə bənzədirlər. Amma baxanda görürsən ki, hardasa o, Qədir Rüstəmovu 50 faiz yamsılayır".

Qeyd edək ki, bəzi ifaçılar qısa zamanda çox qazanmaq istəyirlər. Bəlkə Ə.Cəbrayıllını da toylara getmək, daha çox qazanmaq həvəsi təhsildən uzaqlaşdırıb?

"Yox, mən bu günə kimi saysız-hesabsız toylara getmişəm. Amma heç kiməkonkret pul, yaxud da nəyinsə qarşılığında toy oxumamışam. Gedib, oxuyub, cibimənəqoyublarsa qane olmuşam. Başqa xanəndələr kimi qiymət deməmişəm. Aza da qane olmuşam. Bəlkə də dəyərindən az veriblər, amma yenə də sağ olsunlar...

Muğam müsabiqələrinin münsiflər heyəti seçim turu zamanı bölgələrə çıxır. Amma onlar bir dəfə də bizim bölgəyə gəlmədilər. Onların seçim turunu necə aparmalarını bilmirəm",- deyən Cəbrayıllı sonda qeyd edib ki, onun muğamla yanaşı tərsinə oxumaq, danışmaq və bir də dişi ilə böyük yük maşınlarını çəkmək bacarığı da var: "İndi də hamı şou istəyir. Belə işlərə görə efirə dəvət edirlər. Desəm ki, muğam oxuyum, deyirlər, yox ey... Muğamın öz adamları var...".

Reyting.az





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}