Maqbet Bünyadov: "Azdrama"da "ölü can"lar saxlayırlar
Tarix: 08-11-2016 16:02 | Bölmə: Mədəniyyət / Xəbərlər

 


Xalq artisti Fuad Poladovun Akademik Milli Dram Teatrı ilə yollarını ayırması sənət adamları tərəfindən təəssüflə qarşılandı.

Akademik Milli Dram Teatrının sabiq direktoru, xalq artisti Maqbet Bünyadov "Reytinq" qəzetinə müsahibəsində deyib ki, "Azdrama" nə Azər Paşa Nemətovundu, nə də Fuad Poladovun:

- Mən o teatrda vicdanla işləmişəm. Teatrın təmir işləri dövründə ora-bura çox çabaladım. Teatrı çox ölkələrə apardım. Onlar gözləyə bilərdilər. Ən az iki il, deyərdilər ki, bu adam əziyyət çəkib, teatrı təmir etdirib, qoy bir az işləsin. Onlar mənimlə bağlı çox tələsik qərar verdilər...

- Vaxtilə Sizin əleyhinizə çalışanlar indi peşiman olduqlarını deyirlər...

- Bilirəm. Onlar bu gün də mənə zəng edib, hal-əhval tuturlar. İnsan səhv edə bilər.

Mənə bir dəfə dedilər ki, səndən şikayət var. Dedim, məni oğru adlandırıblar? Dedilər yox. Dedim, bəlkə arvadbaz deyirlər? Dedilər ki, yox. Dedim, daha nə deyə bilərlər? Teatrın bir dənə borcu yox, işləyir... Bu, birinə xoş ola bilər, digərinə yox.

Ümumiyyətlə, bu teatrdan həmişə küsüb getmələr olub. Ələsgər Ələkbərov kimi şəxsiyyət də küsüb gedənlərdəndir. Etiraf edim ki, teatr haqqında mənfi söhbət eşidəndə ürəyim ağrıyır. Çox təəssüf ki, vaxtilə mənim rəhbərlik etdiyim teatrın səsi pis eşidilir.

Hamı bilirdi ki, mən teatra hamıdan tez gəlib, hamıdan da tez gedirdim. İstər-istəməz orada çalışan insanların özündə də nəsə var.

Mən bu teatr üçün çox iş görüm. Teatrın salnaməsi vardı. Nədir ki, ona mən rəhbərlik eləmişəm, əməyim böyük olub deyə, onu da it-bata saldılar. Arxiv elə gündə idi ki, ordan su tökülürdü. Onu biz kitab halına saldıq. Bu işdə Azər Mirzəyevin də əməyi oldu.

- Teatrda İsrafil İsrafilovun dövründə baş verən qalmaqalı xalq artisti Azər Paşa Nemətov da yatırda bilmədi. Bu dəfə isə Fuad Poladov istefa verdi...

- Mən bilən, Fuad Poladov "Azdrama"ya həmişəlik gəlməmişdi. "Azdrama" nə Azər Paşa Nemətovundu, nə də Fuad Poladovun. Teatr dövlətindi. O da dövlətin artistidir...

- Xalq artisti Fuad Poladov deyib ki, verdiyi qərarı dəyişmir...

- Aktyordur, hər halda rollarını oynasa, yaxşı olar. Bizim onunla gözəl münasibətimiz olub, indi də var. Amma arada inciklik də yaranır. Yaradıcı mühitdə inciklik adi bir şeydir.

Orda nə olub ki? Çox xırda məsələ. "Azdrama" üçün belə söhbətləri qaldırmaq ayıbdır.

Bu teatrın səhnəsində olan tamaşaları heç bir dramaturq yaza bilmir. Mühit dəyişib. Bunu heç kim bu günə kimi aça bilməyib ki, bu qalmaqalın kökündə nə dayanır. Əslində bu sual mədəniyyət və turizm nazirinə ünvanlanmalıdır.

Teatrdan çıxanda mənim bir çıxışım oldu. Orda deyirəm ki, mən bu teatra gələndə bu qədər borcu vardı, indi o borclar ödənilib və ehtiyatda filan qədər də pulu var. Amma "Məni niyə çıxardırlar?",- söhbətini qabartmadım.

Ürəyim ağrıyır, bu mənim dövrümdə ola biməzdi. Lazım deyil, belə söhbətlər... Aktyor baş rolu oynayırsa, istedadlıdırsa, ona güzəşt eləmək lazımdır.

"Qatil" yaxşı tamaşa idi. Mən bilən onu Mehriban Ələkbərzadə qurmuşdu.

Mənim dövrümdə də davalar olub, amma mən onun mətbuata çıxmasına imkan verməmişəm. Bu dava əslində mətbəxt davasıdır.

Düşünürəm ki, Azər Paşa Nemətov qərar verməkdə tələsib. Gərək gözləyəydi, müzakirə edəydi. Hətta Fuad Poladov da tələsib, bir az gözləmək lazım idi ki, bəlkə Azər Paşa Nemətov yumşalardı. Direktordur, əmr verib...

Elə bilirsiniz əmri geri götürmək asandı? Mən də gələndə belə idi. Mənim də dövrümdə baxdım ki, adı teatrda gedən insanlar var, sadəcə maaş alırlar. Mən onları işdən çıxardım. Yuxarıdan təzyiq elədilər ki, bunlar böyük adamlardır, işdən çıxarmaq olmaz. Amma mən çıxardım.

Dedilər ki, əmri geri götür, götürmədim. Mənim əmrimi nazir özü geri oxudu. Bunu böyük söz elədilər, dedim ki, əmri nazir verib. Nazirin buna ixtiyarı var.

Hətta o adamların arasında Azər Paşa Nemətov, Ağakişi Kazımov, İlham Namiq Kamal və böyük rəssamların adı var idi.

Dedim ki, bu adamlar teatrda işləmir, niyə maaş alsınlar? 5 ildə bir tamaşada oynamayıb, rolu yox, axı pulu niyə alsın?

Mən havayıyeyənlərin düşməniyəm, belə şəxsləri qəbul eləmirəm. Sən kimsən, neynəmisən, böyük adamsan, lap yaxşı, özünə hörmət elə, işlə?! Məni də elə buna görə işdən çıxardılar...

Reyting.az





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}