16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Təbriz Teatrının rəhbəri Musiqili Teatra gəlib
Tarix: 02-12-2016 17:03 | Bölmə: Mədəniyyət

İranın məhşur komediya aktyoru, güneydə yaşayan soydaşlarımızın sevimli gülüş ustası, Təbriz Teatrının rəhbəri, İran İslam Respublikası Şərqi Azərbaycan Teatr Assosiasiyasının sədri Babək Nəhreyn Azərbaycan Dövlət Musiqli Teatrında olub.

Dövlət Musiqli Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu Reyting.az-a bildirib ki, qonağı teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev qəbul edib. Ə.Lalayev ölkəbaşçısı İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan teatr sənətinin, Azərbaycan mədəniyyətinin yüksək səviyyədə inkişafı, habelə beynəlxalq arenada tanıdılması üçün çox mühüm vəvacib işlər gördüyünü qonaqların diqqətinə çatdırıb.

Teatr sənətinin inkişafına dair Dövlət Proqramının qəbul edilməsinin Azərbaycan teatrlarının inkişafında müstəsna rol oynadığı vəAzərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Proqramından irəli gələn məsələləri uğurla yerinə yetirdiyini xüsusi olaraq vurğulayıb. "7-8 noyabr tarixlərində ölkəmizdə "Teatr və multikulturalizm” mövzusunda IV Bakı Beynəlxalq Teatr Konfransı keçirildi. Bu mötəbər tədbirdə dünyanın 40-a yaxın ölkəsindən təqribən 150 nümayəndə iştirak edirdi. Demək olar ki, dünyanın mədəniyyət ürəyi, teatr nəbzi bu iki gün ərzində Azərbaycanın paytaxtında döyündü. Belə böyük, genişmiqyaslı tədbirin yüksək səviyyədə Bakıda keçirilməsi bir daha dövlətimizin teatra, incəsənətə, ümumilikdə mədəniyyətə qayğısının, diqqətinin bariz nümunəsidir”, - deyə Ə. Lalayev bildirib.

Sonra o, 31 oktyabr-1 noyabr tarixlərində İran İslam Respublikasının paytaxtı Tehran şəhərində keçirilən Teatr sənəti üzrə I Regional Elmi-nəzəri Beynəlxalq konfransda iştirakından söz açıb, təəssüratlarını bölüşüb.

"Biz Təbrizdə Azərbaycan Dövlət Televiziyasını izləyə bilirik. Bir çox təbrizlilər kimi mən də həm Azərbaycan Televiziyasında, həm də internet vasitəsilə sizin teatrın müxtəlif tamaşalarını izləmişəm. Tərtibatına, quruluşuna, aktyorların ifasına heyran olduğum bu tamaşalar məndə çox böyük, həm də xoş təəssüratlar yaradıb. Özümə söz vermişdim ki, mütləq sizin teatrla əlaqə yaradım. Buna görə də Azərbaycana ayaq basan kimi ilk işim sizin teatra gəlmək oldu. Burda – sizin rəhbəri olduğunuz Dövlət Musiqli Teatrında yaradılmış şərait sözün həqiqi mənasında məni heyrətləndirdi. Bu binaya daxil olan kimi insan anındaca böyük, əzəmətli bir sənət məbədində olduğunu hiss edir”, - deyə Babək Nəhreyn söyləyib.

İşgüzar şəraitdə keçən görüşdə qarşılıqlı əməkdaşlıq, mədəniyyət və incəsənət kollektivlərinin mübadiləsi, iki ölkə teatr xadimlərinin seminar, konfrans və festivallarda iştirakı, müştərək festivalların keçirilməsi və tamaşaların hazırlanması, tamaşaların lentlərinin, tarixi sənədlərin, elmi nəşrlərin, kitab və məlumatların mübadiləsi, səhnə əsərlərinin tərcümə və çap edilməsi və digər məsələlər müzakirə olunub.

Görüşdə iştirak edən İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin sədri doktor Seyid İbrahim İbrahimi yüksək səviyyəli qəbula görə təşəkkürünü bildirərək, iki ölkə arasında mədəni əlaqələrin getdikcə daha da sürətlə inkişaf etdiyini söyləyib. "Bu cür görüşlər və qarşılıqlı əməkdaşlıq iki ölkə arasındakı mədəni əlaqələrin inkişafında xüsusi rol oynayır vəhesab edirəm ki, beləgörüşlərin müntəzəm keçirilməsinin hər iki ölkə teatr sənətinin uğur qazanması baxımından çox böyük əhəmiyyəti var”, - deyə S.İ.İbrahimi qeyd edib.

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}