Xalq artistinin ailəsi çətin vəziyyətlə üzləşib
Tarix: 26-12-2016 15:02 | Bölmə: Mədəniyyət / Xəbər lenti

Mərhum xalq artisti Eldəniz Zeynalovun bir müddət bundan əvvəl insult keçirən oğlunun səhhətində yenə problem yaranıb. Həkimlərin dediyinə görə, aktyor Məmməd Zeynalovun hər iki böyrəyi təcili dəyişdirilməlidir. Amma aktyorun ailə üzvləri hara müraciət etsələr də, onlara qapı açan yoxdur.

Eldəniz Zeynalovun qızı Gülbəniz Zeynalova "Reytinq"ə deyib ki, qardaşının səhhətində heç bir irəliləyiş yoxdur. Təzyiqi oynayır, sabit qalmır, gah düşür, gah da qalxır. Bu da belə xəstələr üçün yaxşı hal deyil.

Hazırda ev şəraitində müalicə olunan Məmməd Zeynalova insult keçirdikdən sonra müalicənin köməyi dəyib: "Hazırda danışır, insanlarla təmasdadır. Sadəcə olaraq axsayır, qolunun biri işləmir. Amma rahat şəkildə harasa gedib gələ bilir. Böyrəyi isə aman vermir. Hamımız çalışırıq ki, nəsə edək... Həm də beyninə qan sızıb, ona görə də, öncə bu problem həll edilməlidir".

Sənət adamlarının çoxunun səhhətində problem yarananda Heydər Əliyev Fondundan kömək istəyirlər. Amma Zeynalovlar ailəsi hələ ki, belə bir müraciəti etməyib:

"İstəyirik, biz də müraciət edək. Amma bilmirik ki, necəedək. Həm də istəyirik ki, Məmməd bir az özünə gəlsin. Çünki beynindəki problemlər həllini tapmayınca onu böyrək əməliyyatına salmayacaqlar. Bu problemi həll olunsaydı, çoxdan Fonda müraciət edərdik. Həkimlər isə deyir ki, bu problem həll olmayınca, Məmmədi əməliyyata salmaq olmaz".

Aktyora kimlərin baş çəkməsinə gəldikdə, Gülbəniz xanım deyib ki, Məmmədi axtaran yoxdur: "Hərənin öz problemi var. Hamının başı özünəqarışıb. Heç kəsdən heç nə ummuruq. Hamının vəziyyəti çətindir.

Özü də girib-çıxır, evdə oturmur. Vaxt tapan kimi tetara gedir. Təzyiq də hər dəqiqə 200-ə qalxır. Bizdən olsa evdən bayıra çıxmaz. Çıxanda gözüm arxasınca qalır. Hər an təzyiqi qalxıb yıxıla bilər.

Həkimlər deyib ki, Məmməd bu dəfə yıxılsa onu həyata qaytarmaq mümkün olmayacaq. Amma bizi dinləmir, evdən çıxır. Onu da qınamıram, adam nə qədər evdə oturar?

Yoldaşı tək buraxmırdı. Onunla gedirdi. Yataq xəstəsi deyil, amma böyrək öz işini görür. Hər an nəsə ola bilər.

Özü də əsəbiləşir, fikir eləyir... Deyir ki, mənim qolum niyə açılmır?

Dializə aparmaq lazımdır. Bir dəfə aparmaq istədik, həkim qoymadı. Dedi ki, olmaz, təhlükəlidir! Beynini də aparata salmırlar ki, 6 aydan bir olmalıdır. Bilmirik ki, beyindəki qansızma nə qədər sağalıb".

Məmməd Zeynalovun müalicəsinə maddi dəstək üçün Beynəlxalq Bankda hesab nömrəsi də açılmışdı. Bacısı isə deyir ki, hesab nömrəsinə hələ ki pul köçürən yoxdur:

"Necə açılıbsa, elədir. Açılan gündən 150 manat pul köçürüblər. Başımızı itirmişik. İnanın ki, bilmirik daha nəedək. Dayanmadan mətbuata yazıram, həm mən, həm də həyat yoldaşı müsahibələr veririk. Amma..."

Donorun tapılıb-tapılmamasına gəlincə, Gülbəniz xanım qeyd edib ki, qardaşının hər iki böyrəyi götürüləcək:

"Biri də edilsə yaşamaq risqi böyük olacaq. Qardaşıma mən də böyrəyimi verməyə hazıram. Həyat yoldaşı da deyir ki, uyğun gələrsə niyə də verməyim?

Eyni zamanda bu əməliyyatların aparılması üçün maliyyə lazımdır.

Ana öz övladına böyrəyini verib, amma iki aydan sonra hər ikisi ölüb. Yəni donor uyğun olmalıdır. Bilsəm ki, bununla düzələcək, mən də böyrəyimi verməyə hazıram. Siyahıda adımız birincidir. Başqa yaxın adamlar da var.

Amma əməliyyat çox bahadır. Bizim ona gücümüz çatmır. Deyirlər bu əməliyyatı Neftçilər Xəstəxanasında edirlər. Yenə də qorxuram.

Tam sağalmamış evə yazdılar. Sistem yoxdur, hamısı dərmanlardır. Onu saxlayan dərmanlardır. Böyrəyində keraten də qalxır. O, bir az da qalxsa artıq əməliyyat üçün vaxtımız qalmayacaq.

Məmməd çıxıb gəzir deyə əlimiz boşalıb. Sağ olsun İftixar Piriyevi, bizə dəstək oldu. Xəstəxanada etmədiyi yaxşılıq qalmadı. Amma bu əməliyyata onun gücü çatmaz".

Məmməd Zeynalovun həyat yoldaşı köməklik məqsədilə Milli Məclisə də yazıb. Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov isə onların diqqətinə çatdırıb ki, bununla bağlı Səhiyyə Nazirliyinə müraciət edib, cavabı sizə gələcək. Amma deputatın müraciətinə hələ ki cavab gəlməyib. "İki həftədir müraciət edilib, cavab yoxdur. Ona görə də əlimiz hər yerdən üzülüb.

Deyiblər Qənirə Paşayevaya müraciət edin. Məmmədin həyat yoldaşı şəhid qızıdır. Əgər onu eşitmirlərsə, məni heç eşitməzlər. Ona görə də üzümü tuturam xeyriyyəçi insanlara, imkanlı şəxslərə, vicdanlı məmurlara ki, bizə dəstək olsunlar. Eyni zamanda Qənirə Paşayevaya ümidim böyükdür",-deyə G.Zeynalova fikrini tamamlayıb.

Reyting.az




254 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
24-04-2017, 12:32 Xalq artisti vəfat edib