Xalq artistlərinin teatr rəhbərliyi ilə qalmaqalı yaranıb - Səbəb
Tarix: 04-02-2017 18:41 | Bölmə: Mədəniyyət / Xəbərlər

Akademik Opera vəBalet Teatrının ardınca Gənc Tamaşaçılar Teatrında da qalmaqal yaranıb. Üç xalq artisti – rejissor Cənnət Səlimova, aktyorlar Yasin Qarayev və Ağaxan Salmanlıya teatr rəhbərliyi tərəfindən xəbərdarlıq olunub.

Reyting.az xəbər verir ki, yeniçağ.az-a açıqlamasında Yasin Qarayev dünən teatrda yaşanan xoşagəlməz hadisə ilə qarşılaşdıqlarını deyib:

"Teatrın rəhbəri Mübariz Həmidov bizi ayrı-ayrı vaxtlarda otağına çağıraraq, kağıza qol çəkdirdi. Orada yazılmışdı ki, siz bu sənədlə tanış olun. Bəlli oldu ki, bizim üçümüzü də yanvar ayından yarımştata keçiriblər. Səbəb də guya böhrandı… Ayda 280 manat pul alıram, onun da yarısını kəssələr, mən necə dolanacam? Belədirsə, birdəfəlik ayağımı teatra qoymayacam”.

Xalq artisti psixoloji zərbə aldığını da deyib:

"Ayın 8-i Ağaxan Salmanlı iləmənim yubiley tamaşam olacaq. Ay insafsızlar, bunu heç olmasa ayın 9-u deyəydiz də… Mən bu halda tamaşa oynaya bilərəm? Səhhətim pisləşib, bu saat yataqdayam, dərman içmişəm. O yubileyi də bizə teatr etmirdi, öz hesabımıza edəcəkdik. Bu da illərlə bu xalqa xidmətimizin əvəzidir ki, bizim kimi qocaman sənətkarlara belə münasibət göstərirlər”.

Xalq artisti Ağaxan Salmanlı da baş verənlərdən sarsıntı keçirib. O da həmkarı kimi teatrdan getməyi düşünür.

Qeyd edək ki, hələ xalq artistləri öz razılıqlarını bildirməyiblər.

Gənc Tamaşaçılar Teatrının mətbuat xidməti də məsələylə əlaqədar açıqlama verib.

Mətbuat xidmətindən Modern.az-a bildiriblər ki, teatrın bədii şurasının qərarı ilə bir qrup əməkdaşın tamaşalarda və repertuarda məşğulluğu müzakirəyə çıxarılıb, onların 2016-cı ildə hazırlanmış 8 adda yeni tamaşalarda az və ya heç iştirak etməmələri aydın olub.

"Hazırda Dövlət Gənc Tamaşaçılar Teatrı ölkəninən fəal və çevik repertuar siyasəti ilə çalışan dövlət teatrlarındandır. Teatrın repertuarında əsas məşğulluq gənc və orta nəsl aktyorların üzərinə düşür. Teatr müxtəlif ölkələrdə keçirilən beynəlxalq teatr festivallarında və qastrollarda ölkəmizin teatr sənətini məhz gənc aktyorların qüvvəsi ilə uğurla təmsil edir.

Teatrda həmişə xüsusi hörmət və ehtirama layiq görülmüş hörmətli sənətkarlar bu gün də kollektivdə çalışmaqda davam edir. "Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Qanuna əsasən, yaşı 65-i keçmiş işçilərin fərdi müqaviləyə və yaxud müqavilə müddəti bitdikdən sonra işdən azad olunmaları təmamilə qanunauyğundur. Teatrda gün ərzində 3-4 tamaşa oynayan gənclərin əmək haqlarına əlavələrin edilməsi hörmətli xalq artistlərini niyə narazı salmalıdır?

Nəzərə alaq ki, sözügedən sənətkarlar uzun illik səmərəli fəaliyyətlərinə və çoxillik təcrübələrinə görə ölkə rəhbərliyi tərəfindən daim diqqət mərkəzində olub”,-deyə teatrdan verilən açıqlamada vurğulanıb.

Qeyd edək ki, fevralın 8-də Dövlət Gənc Tamaşaçılar Teatrında xalq artistləri Yasin Qarayevin anadan olmasının 70, Ağaxan Salmanlının 75 illiyinə həsr olunmuş Ə.Orucoğlunun "Açarını itirənlər”əsəri əsasında hazırlanmış benefis tamaşanın premyerası keçiriləcək.

Reyting.az





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}