“Arşın mal alan” yenidən nümayiş olunub - Fotolar
Tarix: 13-03-2017 14:41 | Bölmə: Mədəniyyət


10 Mart - Milli Teatr Günü Azərbaycan Dövlət Musiqili Teatrında dahi Üzeyir Hacıbəylinin "Arşın mal alan” əsəri nümayiş olunub.

Qurumun Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu Reyting.az-a bildirib ki, tamaşanın nümayişindən öncə Dövlət Musiqili Teatrının əməkdaşı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vəfa Mühacirova çıxış edib. Cıxışında Azərbaycan teatr sənətinin keçdiyi 144 illik şərəfli yola qısaca nəzər salan V.Mühacirova bu tarixi prosesdə Musiqili Teatrın oynadığı roldan, gördüyü işlərdən söz açıb. "Ölkəmizdə Milli Teatr Gününün qeyd olunduğu bu ələmatdar tarixdə teatrımızda "Arşın mal alan” tamaşasının nümayişi heç də təsadüfi deyil. Azərbaycan Dövlət Musiqili Teatrının əsası 1910-cu ildəməhz böyük Üzeyir Hacıbəylinin hazırda da cari repertuarda olan "Ər və arvad” iki hissəli musiqili komediyası ilə qoyulub. "Arşın mal alan” əsəri 2009-cu ildə Elvin Mirzəyev tərəfindən səhnələşdirilib və 2010-cu ilin noyabrına qədər repertuarda özünəməxsus yer tutub. Qeyd edim ki, tamaşanın bədii rəhbəri teatrımızın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, quruluşçu rejissoru isə Elvin Mirzəyevdir. 2010-cu ildə teatrımızın binası təmirə bağlanandan sonra "Arşın mal alan”ın nümayişi dayandırılmışdı. Teatr ictimaiyyətinin peşə bayramı kimi qeyd etdiyi bu gözəl gündə "Arşın mal alan” tamaşası yeni redaksiyada təqdim olunacaq. Bütün teatrsevərləri təbrik edir, "Bayramınız mübarək!” deyirəm”, - deyə V. Mühacirova bildirib.

Sonra Üzeyir Hacıbəylinin "Arşın mal alan” əsəri tamaşaçılara təqdim olunub. Tamaşada rolları Azərbaycan Respublikasının Əməkdar artistləri Əzizağa Əzizov, Nahidə Orucova, Nərgiz Kərimova, Əkbər Əlizadə, aktyorlar Səmədzadə Xasıyev, Ülviyyə Əliyeva, Elxan İsmayılov və Mehriban Zalıyeva ifa ediblər. Qeyd edək ki, tamaşanın bərpaçı rejissoru Əhəd Hacıyev, dirijoru Əmədar incəsənət xadimi Fəxrəddin Atayev, konsertmeysteri Fidan Babayeva, rejissor assistenti Sevinc Məmmədovadır. 





255 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər