Teatr mövsümü premyera ilə başa vurub - Fotolar
Tarix: 17-07-2017 14:51 | Bölmə: Mədəniyyət

Azərbaycan Dövlət Musiqili Teatrı 107-ci teatr mövsümünü premyera ilə başa vurub.

Bu barədə Reyting.az-a Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu məlumat verib.

Onun sözlərinə görə, 14-15 iyul tarixlərində tamaşaçılara özbək yazıçısı İbrahim Sadıqovun "Molla Nəsrəddinin beş arvadı” iki hissəli komediyası təqdim olunub.

Hər iki premyera günündə maraqla qarşılanan səhnə əsərinin ilk baxışdan sadə süjet xəttinə malik olduğu görünsə də, hadisələr inkişaf etdikcə əslində, bu sadəliyin altında çox dərin mətləblərin gizləndiyi üzə çıxmağa başlayır. Türk dünyasının kamillik, müdriklik simvolu olan Molla Nəsrəddinin beş arvadı ilə macəraları, tərəflərin bir-birinə qarşı qurduğu oyunlar, hiylələr gülməli olduğu qədər də düşündürücüdür. Dinamik hadisələr, gözlənilməz və qəh-qəhə dolu situasiyalarla zəngin olan səhnə əsərində bir daha Molla Nəsrəddinin bütün dövrlərin müasiri olduğu təsdiqini tapır. Qeyd edək ki, əsəri Azərbaycan dilinə Dilsuz Mustafayev tərcümə edib.

Tamaşada rolları Əməkdar artistlər Əzizağa Əzizov, Nahidə Orucova, Əkbər Əlizadə, aktyorlar Gülcahan Salamova, Məhərrəm Qurbanov, Rəsmiyyə Nurməmmədova, Möylə Mirzəliyev, Gülnarə Abdullayeva, Ağaxan Şərifov, Elnarə Nağdəliyeva, Əliməmməd Novruzov, Mehriban Zalıyeva, Ruslan Mürsəlov, Gülnarə Əzizova, Şaban Cəfərov, Pərviz Məmmədov və Fərid Rzayev ifa ediblər.

Tamaşanın quruluşçu-rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, quruluşçu-rəssamı Nabat Səmədova, quruluşçu-baletmeysterləri Əməkdar artist Zakir Ağayev və Yelena Ağayevadır.

107-ci teatr mövsümünü uğurlu premyera ilə yekunlaşdıran Musiqili Teatrın kollektivi məzuniyyətə gedib.







Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}