13:25 / 25-09-2017
Lümpenləşən ziyalılar
“Bəstəkarların əksəriyyətinin mahnıları plagiatdır” - Arif Səlimov
Tarix: 14-08-2017 15:41 | Bölmə: Mədəniyyət / Xəbər lenti


Bəstəkar-müğənni Arif Səlimov bir ildən çoxdur ki, geniş səhnədən uzaq düşüb. Bunu səbəbini anasının ölümü ilə izah edən A.Səlimov, bu arada bir neçə layihəyə də imza atrıb. Ən başlıcası odur ki, bəstəkar bundan sonra müğənnilərə mahnı vermək istəmir.

A.Səlimov "Reytinq”ə deyib ki, son illər gənclərlə işləyib:

"Yeni mahnılarım hazırlanır. Nazpəri Dostəliyeva ilə birlikdə yeni duetlərim var. Yəqin ki, yaxın aylarda bu mahnılar tamaşaçıların ixtiyarına veriləcək.

Payız aylarında yaradıcılığımda yeni dönəm başlayır. Çox düşünüb-daşınıb bu qərarı verdim. Daha bəstəkarlığa son qoyuram, mahnı bəstələməyəcəyəm. Yazdığım mahnıları özüm ifa edəcəyəm, özüm üçün işləyəcəm. Daha onun-bunun üçün mahnı yazmaq dövrüm keçib. Yaradıcılığımdan bir az da özüm bəhrələnmək, məşhur olmaq istəyirəm. Nə vaxta kimi mahnılarımı başqaları oxuyub məşhurlaşacaq?

Mənəçox haqsızlıqlar edilib. Mahnılarımı oxusalar da, adım müəllif kimi hallanmırdı”.

A.Səlimov bildirib ki, xalq artisti Flora Kərimova, Naspəri Dostəliyeva, Samir Cəfərov kimi sənətkarlar işləyir: "Amma mən həm də müğənniyəm, gözəl səsim, sənətim var. Ömrüm boyu evdə oturub ona-buna mahnı yazmaqla gölgədə qalıram. Mahnı ilə yanaşı, həm də onu ifa eləsəm müğənni kimi daha tez məhşurlaşaram”.

Sənətdə gənc şairlərə dayaq durduğunu deyən müğənni bildirib ki, onların şeirlərinə mahnı bəstələyib tanınmış sənət adamlarının ifasına verib: "Amma daha gənc şairlərlə işləməyə də son qoyuram. Artıq Mikayıl Müşfiq, Süleyman Rüstəm, Bəxtiyar Vahabzadə kimi şairlərin yaradıcılığına müraciət edirəm”.

Bu günə kimi 100-dən yuxarı mahnı bəstələyən A.Səlimov deyir ki, "Səbuhi” studiyası onun mahnılarını təmannasız hazırlayıb:

"Bəstəkar albomum işıq üzü görüb, Rəşid Behbudov adına Mahnı Teatrında həmin albomun təqdimatını düşünürəm.

Mən anamı vaxtsız itirmişəm. Belə bir təqdimatın olması həm də onun arzusu idi. Çox heyf ki, həmin gecə anamsız keçəcək. Həmin gecədə müğənnilərin ifasında ən tanınmış mahnılarım səslənəcək”.

Sənətkarlarla təmannasız işlədiyini bildirən bəstəkar-müğənni qeyd edib ki, onlara verdiyi mahnıların qarşılığında nəsə ummayıb: "Onlar mənim xeyir-şər məclislərimdə yanımda olublar. Belə insanlardan pul ummaq nə dərəcədə düzgün olar? Gənclərə isə mahnını pulla vermişəm. Ən ox aldığım 500 manat olub. Mahnını baha satmamışam. Onlara şərait yaratmışam ki, irəli gedib, tanınsınlar. Amma bir çox bəstəkarlar mahnılarını istər sənət adamlarına, istərsə də gənclərə baha qiymətə satırlar.

Mən musiqilərimi pianinoda əllərimlə ifa edərək bəstələyirəm. Daha ağzımla cala-cala yox. Hazırda bir neçəmənəm-mənəm deyən gənc bəstəkarlarımız var. Çox istərdim ki, onlarla "duel”ə çıxım. Qoy onlar da yaradıcılıqlarından məlumat versinlər, mən də. Onların bəstələrini heç vaxt tanınan sənətkarlar ifa etməyib.

Bu gün mənim varlığım üçün narahat olan insanlar var. Onlar bunu oxuyandan sonra görəcək ki, mən həm də ifaçı kimi səhnəyə çıxıram. Səsi olmayan insanları səhnədən siləcəyəm. Buna əmin olsunlar. Onların qarşısına sənət qoyacam.

Bu gün əksəriyyətin musiqi təhsili yoxdur. Mənim bəstələrim onlardan tam fərqlidir. Tərkibində şirinlik var, insanlara xoş əhval-ruhiyyə bəxş edən, onları düşündürən kəlmələr mənim musiqilərimdədir. Musiqilərim mənim övladlarımdır. Mən təkçə Şəfiqə Axundovadan deyil, Nailə Mirməmmədli, Elza Seyidcahan kimi bəstəkarlardan da bəhrələnirəm. Bəstəkarların böyük əksəriyyətinin mahnıları plagiatdır, ordan-burdan oğurlanır...”.

Bəstəkarları plagiatlıqda ittiham edən Səlimov deyir ki, hətta bu ədəbi oğurluq məsələsi artıb: "Bəzi bəstəkarlar xarici musiqiləri oğurlayıb onun üstündə mahnılar yazırlar. Hətta bəzi musiqiçilər də oğurluğa başlayıb. Mən də bundan narahat oluram. Bir var musiqini düşmənlərimiz oğurlasın, bir də var özümüz. Səhər biz düşmənə heç nə deyə bilməyəcəyik. Çünki onlar deyəcək ki, siz özünüz də oğrusunuz. Bəstəkarın mahnısını oxuyub onun adını çəkməmək isə nankorluqdur”.

Reyting.az






138 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
22-09-2017, 08:52 Məhərrəm ayı başlayıb