Nazir əfsanəvi Ququşu Bakıya buraxmır
Tarix: 27-08-2017 17:26 | Bölmə: Mədəniyyət / Xəbər lenti
Nazir əfsanəvi Ququşu Bakıya buraxmır

Azərbaycanın ən əfsanəvi müğənnilərindən biri, İslam inqilabından sonra İranı tərk etmiş pop-ulduz Ququş (Faiqə Atəşin) Bakıya baş çəkmək və Şimali Azərbaycanın paytaxtında böyük konsertlə çıxış etmək arzusunda olduğunu bildirib. Bu haqda virtualaz.org-a müğənninin Bakıdakı konsertinin təşəbbüskarlar və təşkilatçıları məlumat veriblər.

Reyting.az saytının xəbərinə görə, virtualaz.org bu informasiyanı dəqiqləşdirməyə qərar verib və suallarla birbaşa hazırda Londonda yaşayan müğənninin özünə müraciət edib.

Xatırladaq ki, müğənni bir neçə həftə əvvəl öz İnstaqram səhifəsində bəyan etmişdi ki, avqustun sonunda Yerevanda konsert verəcək. Öz statusunun altında o, xeşteq də qoymuşdu:

# finally – "nəhayət" və historyinthemaking - "tarix yaradılır". Yerevandan sonra Ququş Tbilisiyə yola düşməli idi.

Və bir neçə tanınmış Azərbaycan biznesmeni Zaqafqaziya turnesi zamanı Bakıya baş çəkmək və Azərbaycanda solo proqramla çıxış etmək xahişi ilə müğənniyə müraciət etmişdi. Ancaq, virtualaz.org-a açıqlamasında Ququşun özünün bildirdiyi kimi, Azərbaycan hakimiyyəti – Mədəniyyət və Turizm Nazirliyinin şəxsində rədd cavabı verib və müğənninin Bakıda konserti qadağan edilib.

"Tədbirin təşkilatçıları mənə bildirdilər ki, Azərbaycanın mədəniyyət naziri (Əbülfəs Qarayev – RED.) Bakıda konsertin keçirilməsinə icazə verməyib, çünki mənim ərim erməni millətinin nümayəndəsidir. Amma axı mən azərbaycanlıyam?! Bundan başqa, musiqi və yaradıcılıq – millətçilikdən üstündür! Mən məəttəl qalmış və hiddətlənmişəm!”, - deyə Ququş bildirib.

Sayt yazır ki, Mədəniyyət və Turizm Nazirliyinin mövqeyi bir çox suallar doğurur və biz ümid edirik ki, ən yaxın zamanda cənab Əbülfəs Qarayevin idarəsinin nümayəndələrinin şərhini ala biləcəyik.

Birincisi, son illərdə erməni millətinin bir çox nümayəndələri Bakıya baş çəkib və Azərbaycan hakimiyyətinin sülhə yönəlik addımlarını təqdir edərək bu məsələdə bizimlə həmrəy olduqlarını nümayiş etdiriblər. Azərbaycan və Ermənistan Sülh Platforması çərçivəsində bir çox erməni ictimai xadimlərinin və hüquq müdafiəçilərinin səfərlərini xatırlamaq kifayətdir.

İkincisi, Ququş milliyyətcə azərbaycanlıdır, əslən Cənubi Azərbaycandandır və indiyə qədər postsovet məkanında konsertlərlə çıxış etməyib. Bu onun Zaqafqaziya üzrə birinci turnesidir. Ququş Qarabağa baş çəkməyib və Soso Pavliaşvilidən, Filipp Kirkorovdan fərqli olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin “qara siyahı”sına düşməyib, Qarabağ separatçılarını dəstəkləyən bəyanatlarla çıxış etməyib. Hətta, elə olub ki, Qarabağa qanunsuz baş çəkən və separatçıları dəstəkləyən Rusiya müğənniləri ilə bağlı problem işə başqa məşhur müğənni - Emin Ağalarov qarışan kimi bir andaca həll edilib. Ancaq nədənsə Kirkorova rəva bilinən Ququşa rəva bilinmir.

Saytın bu sualları hələlik cavabsız qalır. Və güman edirlər ki, ən yaxın vaxtda Mədəniyyət Nazirliyinin cavabını təqdim edəcəklər. “Hələlik isə biz, jurnalistlər, ənənəvi məmur səhvinə istinad edib telefonla əfsanəvi Ququşu sakitləşdirməli olduq. Görəsən, bu dəfə məmurun kobud səhvini düzəldəcəklərmi?!”,-deyə saytın rəhbəri Eynulla Fətullayev qeyd edib.




Bölməyə aid digər xəbərlər