Teatr direktoru məhkəməyə verilib - Qalmaqal
Tarix: 26-10-2017 16:55 | Bölmə: Mədəniyyət / Xəbərlər
Teatr direktoru məhkəməyə verilib

C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının işdən azad olunan aktyoru Əjdər Zeynalovla bağlı prezident İlham Əliyevə müraciət olunub.

Reyting.az saytı APA-ya istinadla xəbər verir ki, mədəniyyət və incəsənət xadimləri, elmi müəssisələrin nümayəndələri və jurnalistlərdən ibarət 30 nəfərin imza atdığı müraciətdə qeyd olunub ki, İftixar Piriyevin teatra rəhbərlik etdiyi müddət ərazində xalq artistləri Elmira İsmayılova, Tamilla Abdullayeva, əməkdar artistlər Vidadi Əliyev, Dilarə Əliyeva, Tünzalə Əliyeva, rejissor Anar Sadıqov, aktyorlar Mehman Piriyev, Rəşad Səfərov, Midhət Aydın, Ramil Məmmədov, Rada Nəsibova, Samir Bayramlı, Emin Seyfullayev, Elçin Nəcəfov, Elşən Mehdizadə, Səadət Həsənalıyeva, Xəqani Əliyev, Emin Sevdiməliyev, Zəka Ziya, Tutu Əliyeva, Könül Əbilova, Samirə Hacıyeva, Mərahim Nəsibov, Ruhiyyə Yəhyayeva və başqaları teatrı tərk ediblər.

Müraciətdə bildirilib ki, İftixar Piriyevin teatrın yaradıcı kollektivi ilə sərt davranışı və münasibətləri şəxsi qərəzlik üstündə qurması nəticəsində teatrın aparıcı aktyoru Əjdər Zeynalov da uydurma və saxta ittihamla işdən azad edilib.

Məsələ ilə bağlı APA-ya açıqlama verən İrəvan Dövlət Azərbaycan Dram teatrının direktoru İftixar Piriyev bildirib ki, Əjdər Zeynalov əmək intizamını dəfələrlə kobud şəkildə pozub: “Rəhbərlik onu dəfələrlə intizama dəvət edib. Amma o, bunu qulaqardına vurub. Qəsdən, bilərəkdən intizamı pozub. Buna dair məlumatlar, aktlar hamısı qanuni şəkildədir. Hətta bu yay Əjdər Zeynalov kollektivin və teatrın nüfuzunu aşağı salmaq məqsədilə dəfələrlə Ənvər Börüsoy kimilərə qoşulub teatrı nüfuzdan salacaq addımlar atıb. Məsələn, heç bir əsası olmayan müsahibələr verib. Onun ölkə başçısına və Mədəniyyət və Turizm Nazirliyinə müraciəti olub. Nazirlik onun şikayətinə əsasən teatrda monitorinq keçirib. Monitorinqdə göstərdiyi arqumentlərin heç biri təsdiqini tapmayıb. Biz dəfələrlə çağırış etdik ki, Əjdər Zeynalov bu əməllərdən əl çəksin. Daha sonra kollektivin 30 nəfərdən ibarət qrupu Əjdər Zeynalova sosial şəbəkələr vasitəsi ilə müraciət etdi ki, teatrı nüfuzdan salacaq hərəkətlər etməsin. Amma o buna da məhəl qoymadı”.

Teatrın direktoru əlavə edib ki, mədəniyyət ocağının bir çox əməkdaşı Əjdər Zeynalovla bir yerdə işləmək istəmədiyinə dair müraciət edib: “Bunların heç birini teatrın rəhbərliyi əks mənada dəyərləndirmədi, əksinə Əjdər Zeynalovun mövqeyini müdafiə etdi, kollektivi sakitləşdirməyə çalışdı. Bütün bunlara baxmayaraq, o yenə də öz əməllərindən əl çəkmədi. O, işdən qanuni şəkildə çıxarılıb. Bunu araşdırmağın tək yolu məhkəməyə müraciət etməkdir. Biz hüquqi dövlətdə yaşayırıq, hər şey qanunla tənzimlənir. Müraciət etsin, qanun pozuntusu varsa, məsələ qanunla tənzimlənəcək. Bu tipli müraciətlərin olunması da haqsızlığa işarədir. Müraciətə imza atanların teatrın daxilindən xəbərləri yoxdur. Hər gün çayxanada çay içən, müxalif mövqedə dayanan adamlarla əlbir olub müraciət etmək doğru deyil.

Müraciətdə adı çəkilən və guya mənim işdən çıxardığım adamların heç biri qərəzli, qeyri-qanuni işdən çıxarılmayıb. Bir qrupu yaş həddinə görə qanun əsasında işdən getmək məcburiyyətindən qalıb. Hətta mən onların işdən getməmələrinə çalışmışam. Hətta müqavilə ilə saxlamışam. Sonra isə qanun yol verməyib. Yerdə qalan bir neçə adam isə öz ərizəsi əsasında işdən azad olunub. Onların adlarını yalandan yazmaqla özünə dayaq axtarmaq doğru deyil”.

İ.Piriyev əlavə edib ki, Mədəniyyət və Turizm Nazirliyi bir müddət əvvəl ona töhmət elan edib: “Məhz Əjdər və Əjdər kimi əməkdaşların başqa yerdə işləmələrinə şərait yaradıldığına görə, davamiyyət kitabında onların imzaları olmadığına görə mənə töhmət verilmişdi. Hazırda teatrda çox sağlam proses var. Mənim 17 illik fəaliyyətim dövründə teatr daim yüksəlişə doğru inkişaf edib. Bunu sübut edən çoxlu sayda material var. Müxtəlif ölkələrə dəfələrlə qastrol səfərlərinə getmişik. Həmin səfərlər “Xocalıya ədalət” kampaniyası çərçivəsində, ulu öndər Heydər Əliyevin ideyalarını təbliğ etmə kontekstində olub. Bundan başqa, İrəvan Teatrında hazırlanan tamaşaları aylara böldükdə hər ilə 8-12 premyera düşür. Bu, İrəvan Teatrının aktiv fəaliyyətinə işarədir. Teatr haqqında neqativ yazılar məqsədli şəkildə yazılır. “YARAT” İncəsənət Mərkəzində 136-cı mövsümün açılışı olacaq. Xalid Hüseynin “Min möhtəşəm günəş” əsərini tamaşaya hazırlamışıq. Ümumiyyətlə, bizim teatrda hər zaman yaradıcı proses olub. Qərəzli adamları çıxmaq şərti ilə İrəvan Teatrında daim sağlam, yaradıcı mühit olub, həmin mühit bu gün də davam edir”.

İşdən azad olunan Əjdər Zeynalov isə deyib ki, ölkə başçısına müraciət sənət yoldaşlarının təşəbbüsü olub, o isə buna etiraz etməyib.

İşdən qeyri-qanuni çıxarılmağı ilə bağlı məhkəməyə müraciət etdiyini bildirən Ə.Zeynalov qeyd edib ki, Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən işdən xaric edilib: “Guya mənim peşəkarlıq səviyyəm aşağıdır, işdə əmək intizamını pozmuşam. İftixar Piriyevin məni hansı əsasla işdən çıxarmağını kimə göstərirəm, gülürlər ki, o qanunları bilmir.

Mən 30 ildir teatrda işləyirəm. Azərbaycan serialları və filmlərinin doxsan faizində varam. İndi necə oldu, qeyri-peşəkar oldum? 30 ildə nizam-intizamı pozmadım, iki gündə pozdum? Sadəcə, iki günün içində düzüb qoşdular, töhmət verməmiş şiddətli töhmət elan etdilər, sonra işdən çıxardılar. Direktor kimi onun savadı olsaydı, hüquqşünas çağırardı, məsləhətləşərdi ki, bunu hansı maddə ilə çıxarım. Bəli, mən İftixar Piriyevin yarıtmaz fəaliyyəti haqqında müsahibələr vermişəm. Ona görə də gözətçiyə, yanğınsöndürənə, mühasibə, süpürgəçiyə qol çəkdirib ki, guya mən işə gecikmişəm. Amma həqiqət odur ki, mən gələndə onların heç biri işdə olmayıb.

Mənə deyir ki, "əcəb edirəm, get kimə istəyirsən, şikayət et". Direktor belə danışar?

Müsahibələr verib demişəm ki, İftixar Piriyev kimi insanlar mədəniyyət sahəsindən uzaqlaşmalıdır. O uzaqlaşsa, bəlkə İrəvan Teatrı ağ gün gördü. Bizə üç dörd adamın qabağında şeir oxutdurur. Ayıbdır axı. Biz uşaq deyilik. Dərnəkdə, xalq teatrında uşaqlara şeir söylətdirərlər. Biz professional aktyorlarıq”.

Ə.Zeynalov əlavə edib ki, 1989-cu ildən İrəvan Teatrında çalışır, teatrın yaradılmasında onun da rolu var: “Hər zaman bu teatrda baş rollarda oynamışam. Teatrın yaradılmasında əziyyəti olan adam ona xələl gətirərmi? Mənim İftixar Piriyevlə problemim yaradıcı məsələlərlə bağlıdır. Dedi, ərizə yaz, yazmadım.

Teatrda cəmi 14 aktyor qalıb. Onların da əksəriyyəti qorxusundan söz deyə bilmir. İnsanlar kimisə işdən çıxarmaq üçün qol çəkməkdən beziblər.

Bizdə kadrlar şöbəsində Nərmin adlı xanım işləyir. Ona da qol çəkdirmişdi. O da deyib ki, bezdim qol çəkməkdən, uşaqların üzünə baxa bilmirəm, məni niyə qatır bu işə?

İftixar Piriyev professional aktyorların hamısını teatrdan qaçırıb. Mən dövlətimizə, cənab prezidentimizə inanıram. İnanıram ki, mənə qarşı olan qeyri-qanuni əməl ədalətli qiymətini alacaq”.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov isə bildirib ki, İrəvan Teatrında baş verənlərlə bağlı nazirlik məlumatlıdır: “Nazirlik tərəfindən bir müddət əvvəl İrəvan Dövlət Azərbaycan Dram Teatrında yoxlama aparılıb. Yoxlamanın nəticəsi olaraq teatrın rəhbəri İftixar Piriyevə töhmət verilib. Səbəb kimi onun əməkdaşların davamiyyətinə nəzarət edə bilməməsi göstərilib. Teatrın direktor müavini Həsən Həsənov isə öz ərizəsi ilə işdən azad olunub”.




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}