Tələbə rejissorlar teatrda imtahan verib - Foto
Tarix: 28-10-2017 15:26 | Bölmə: Mədəniyyət / Xəbərlər
Tələbə rejissorlar teatrda imtahan verib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Dram rejissorluğu” fakültəsində qiyabi təhsil alan 3-cü kurs tələbələri ixtisas fənnindən imtahan verərək Musiqili Teatrda çıxış ediblər.

Teatrın Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlunun Reyting.az-a verdiyi məlumata görə, imtahan prosesi Musiqili Teatrın kiçik səhnəsində - Gənclərin Yaradıcılıq Studiyasında baş tutub. İmtahan işi kimi Əli Səmədlinin “Meşə çaqqalsız olmaz” musiqili nağıl-tamaşası nümayiş olunub. Tamaşada rolları Şəbnur Allahverdili (Gəncə Dövlət Dram Teatrının rejissor assistenti), Rəşid Soltanov (Bakı Bələdiyyə Teatrının aktyoru), Vüsal Qasımov (Zərdab rayon Mədəniyyət və Turizm Şöbəsinin əməkdaşı), Ləman Məmmədli (Sumqayıt Dövlət Musiqili Dram Teatrının rejissor assistenti), Gülər Kazımova (Neftçala rayonu) və Aysel İbrahimova (Bakı) ifa ediblər.

Tamaşanın nümayişindən sonra kurs rəhbəri, dosent Əliqismət Lalayev çıxış edib. “Sizi təbrik edirəm! Uğurlu bir iş alınıb. Bu gün hər biriniz çox yaxşı çıxış etdiniz, hər birinizin oyunundan xoş bir enerji aldım. Sizin hər biriniz bir sahədə çalşırsınız. Amma hamınız yaradıcı işlə məşğulsunuz, Azərbaycan mədəniyyətinə xidmət edirsiniz. Bax, bizim hamımızı birləşdirən ümumi cəhət budur. Mən bilirəm ki, burada öyrəndiklərinizi öz iş yerlərinizdə uğurla tətbiq edəcəksiniz. Doğrudur, kiçik çatışmazlıqlar olsa da, düşünürəm ki, bunlar zamanla, təcrübə ilə tədricən həll olunacaq məsələlərdi. Sizə bir daha uğurlar arzulayıram”, - deyə Ə. Lalayev bildirib.

“Musiqili Teatr kimi qədim sənət məbədində imtahan vermək hər kəsə nəsib olan xoşbəxtlik deyil. Burada yaradıcı gənclər üçün hər cür şərait yaradılıb. Tədris prosesində Musiqili Teatrın bütün sexləri ilə tanış olduq. Bu müddət ərzində özümüzü əsl teatr və yaradıcı mühitdə hiss etdik. Bu işin xüsusi cəhətlərindən biri də odur ki, hər birimiz burdan gedərkən iş yerlərimizə buranın yaradıcı havasını aparacağıq. Burada bizə yaratdığı şəraitə, verdiyi yüksək qiymətə, xoş sözlərə, xoş münasibətə görə təbii ki, ilk növbədə əziz müəllimimiz Əliqismət Lalayevə bir daha təşəkkürümüzü bildiririk”, - deyə söhbət zamanı imtahanı uğurla vermiş tələbə-rejissorlar söyləyiblər.

Qeyd edək ki, nümayiş olunan tamaşanın quruluşçu rejissoru Əhəd Hacıyevdir.

Tələbə rejissorlar teatrda imtahan verib




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}