23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Partiya sədri: “Müxaliflik potensialının bir hissəsi hakimiyyətin daxilinə daşınıb” - Müsahibə
Tarix: 01-10-2018 14:20 | Bölmə: Müsahibə
Partiya sədri: “Müxaliflik potensialının bir hissəsi hakimiyyətin daxilinə daşınıb”

Əli Əliyev: “Klassik müxalifətin dirçəlməsi üçün hakimiyyət daxilindən ilkin impulslar verilməyə başlayıb”


Son dövrlər ölkəmizdə növbədənkənar parlament seçkiləri, ya da boş qalmış deputat yerlərinə seçki keçiriləcəyi ilə bağlı müzakirələr aparılır. Belə müzakirələrin aparılmasına baxmayaraq, müxalifət düşərgəsində tərpəniş yoxdur. Umumiyyətlə, son illər ölkə müxalifəti xeyli süstləşib.

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev “Reytinq” qəzetinə müsahibəsində deyib ki, müxalifətin zahiri süstlüyünün səbəbləri çoxdur:

- Cəmiyyət güc taktikası tətbiq edən hakimiyyətin amansız siyasəti ilə hesablaşmaq zorundadır. Çünki ölkədə demokratik ünsürləri təmamilə sıradan çıxarmış iqtidarın şərləmə, böhtan, zindan taktikasını görür və bu səbəbdən proseslərdən məsafə saxlayır. Geniş xalq kütlələrinin iştirak etmədiyi istənilən siyasi fəaliyyət isə süst görünəcək.

Beynəlxalq güclərin də Azərbaycana diqqəti qənaətbəxş deyil.

Müxalifətin bir hissəsinin obyektiv olaraq tükəndiyinin də şahidiyik. Bir qism müxalifətçilər hakimiyyət daxilində baş verənləri dərk etdiyindən, Rusiyanın ölkəmizdə yeni paradiqmalar tətbiqini duyduğundan yeni siyasi dövrə susqunluqla qədəm qoymaq və növbəti konfiqurasiyada yer almaq üçün sükunət halına üstünlük verirlər. Fikrimcə, bunlar sakitliyin əsas səbəbləridir.

Lakin vəziyyəti tam olaraq ölgün saymaq olmaz. Son illər aparılan əzici siyasət səbəbindən müxaliflik potensialının bir hissəsi hakimiyyətin daxilinə daşınıb. Hazırda gedən “təmizləmə əməliyyatı” da hakimiyyətdaxili müxalifətin reallığını yüksəldib. Burada təmərküzləşmiş və indi sıradan çıxarılan maliyyə, kadr resursları, klan və qrup maraqları növbəti dönəm siyasi mübarizənin əsas qıcıqlandırıcı amilləri ola bilər. Mənə görə belə də olacaq.

Siyasi müstəviyə indi qiymət verərkən, proseslərə klassik müxalifət-iqtidar bölgüsündən yanaşmaq doğru deyil. Ənənəvi bölgü nominal xarakter daşıyır. Duyduğum qədər, artıq müxalifətin dirçəlməsi üçün hakimiyyət daxilindən ilkin impulslar verilməyə başlayıb. Klassik müxalifətin çatmayan yeganə və həlledici qüsuru maliyyə qaynaqlarıdır. Bu, bərpa edilərsə, qısa müddətdə fərqli siyasi mənzərəni görə bilərik.

- Hakimiyyət daxilindəki “əməliyyat”ın mahiyyəti nədir?

- Hakimiyyətin lap üst qatı “köhnə qvardiya”nı sıradan çıxarmağa israrlı görünür. Çünki bu hakimiyyət layı özündə təhlükə daşıyır. İki ilə yaxındır ki, bu komanda dağıdılır. Yeni “inşaatı aparan” tərəf ehtiyatlı davranır və “söküntü işlərini” çox həsəd aparılacaq səviyyədə rəvan görməyə çalışır.

Nazirlər korpusunda dəyişikliklər edilib. İcra strukturlarında dəyişikliklər aparılır. Köhnə məmur ordusu biznesdə də sıxışdırılır. Belə miqyaslı tədbirlər silsiləsi şəraitində parlamenti köhnələrin nəzarətində saxlamaq ağılsızlıq olardı. Yeni, növbədənkənar seçkilərlə parlamentn tərkibində dəyişiklik aparmaq istəyən güclü tərəfi yalnız inqilab təhlükəsi fikrindən daşındıra bilər. Əks halda zamanından əvvəl parlament seçkilərinin iştirakçısı olacayıq. Çünki parlament elə vəsilədir ki, onun vasitəsilə istənilən saray çevrilişini qanuniləşdirmək mümkündür. 92-93-cü illərdə buna bir neçə dəfə şahidlik etmişik. Bu təcrübə yeni hakimiyyət komandası yaratmaq istəyənlər üçün ən yaxşı müntəxabat ola bilər.

Amma güc çatmadıqda boşalmış dairələrdə də seçkilərin keçirilməsi mümkündür. Hətta heç nəyin olmayacağını da ehtimal eləmək olar.

- Artıq neçə seçkidir ki, müxalifət ciddi ittifaq yarada bilmir. Birləşməyə əsas yoxdur, yoxsa müxalifətdəkilər bir araya gəlmək istəmirlər?

- Yaradılacaq ittifaqların perspektivi görsənmədiyindən hamı fərdi fəaliyyətə üstünlük verir, məhəlli “qələbələrə”, yəni iqtidarın lütfünə ümid bağlayır. Ədalət xatirinə deməliyik ki, geniş birliklərin yaranması üçün beynəlxalq impulslar, yaxud ictimai təzyiq də mövcud deyil. Ancaq bu taktikanı yanlış sayıram. İqtidar və beynəlxalq konyuktura ilə mübarizədə ən ciddi arqument geniş xalq dəstəyidir. Xalq mütəşəkkil, anlaşa bilən koalisiyalara dəstək verə bilər. Bu sadə həqiqəti dərk etmək üçün dərin ağıla və dərrakəyə sahib olmağa ehtiyac yoxdur. Müxalifətin aparıcı şəxsləri arasında isə ağılsıza rast gəlməmişəm. O zaman birləşə bilməmənin səbəbini anlamıram. Hansısa siyasətin “yeraltı axınlarından” da məlumatsızam...

- Sizcə, cəmiyyətin müxalifətdən gözləntisi nədir? Müxalifətin cəmiyyətə münasibəti necə olmalıdır?

- Öz tərəfimizdən onu deyə bilərəm ki, biz xalqla səmimi olacayıq, anladığımızı onunla bölüşəcəyik.

Cəmiyyətin səmimiyyətə ehtiyacı var. Əminəm ki, insanlarımız seçimimizə qarşılıq verəcək. Biz seçiciyə dürüst siyasət təklif etmişik, bu prinsipə sadiq qalacağımızı hər addımımızda sübuta yetirəcəyik. Bu yolda “siyasi cibgir” və dələduzları da ifşa etməyi unutmayacağıq. Sıravi insanımıza inam və etimadı qaytarmasaq, heç bir siyasi uğurdan söhbət gedə bilməz.

- Müxalifət hətta Qarabağ məsələsində də vahid mövqedən çıxış edə bilmir. Bir-birinin təşəbbüsünə dəstək verməyi sanki özlərinə sığışdırmırlar. Vaxtiylə Siz də bəzi liderlərin ambisiyalarından vaz keçə bilmədiyini deyirdiniz. Sizcə, bu ambisiya məsələsidir, yoxsa başqa səbəblər var?

- Qismən bu suala cavab verdim. Bu, tək ambisiya deyil. Təcrübə göstərir ki, uzun illər özünü əyilməzlik və qürurun prototipi kimi göstərməyə çalışan bir sıra “liderlərimizin” davası pul, ev, bağ, obyekt, biznes davası olubmuş. Zamanında, yəni yaxın gələcəkdə dediklərimi adba-ad konkretləşdirəcəyəm. Çünki müxalifətin önünü təmizləməsək, tıxaca çevrilmiş, daşlaşmış bütlər inkişafa imkan verməyəcək, xalqla bu iqtidarın arasında çəpər rolu oynamaqda davam edəcəklər. Məhz bir sıra bu qəbildən olan dələduzların nəfsidir ki, insanlarımız siyasi mübarizəyə inamını itirib. Bu yaramazların əməlləridir ki, 90-larda kükrəyən xalq son illərdə müqavimətsiz və formasız kütləyə çevrilib. Əlbəttə ki, bu işdə YAP siyasətinin mənfi rolu birinci yerdədir. Lakin müxalifətdəkilərin onların felinə uyması cinayətdir.

- Keçmiş partiyadaşınız İlqar Məmmədovla bağlı da fikirlərinizi bilmək istərdik. O fikirlər də səslənirdi ki, İ. Məmmədov həbsdan çıxandan sonra siyasi arenada fərqli proseslər başlayacaq, amma hələ ki bir şey yoxdur.

- Adını çəkdiyiniz şəxs, həqiqətən mənim keçmiş partiyadaşımdır. Bir neçə il onunla eyni partiyada fəaliyyət göstərmişik. Kifayət qədər yaxşı tanıyıram onu, üstün və zəif cəhətlərinə bələdəm. Həbsdə olduğu dövrdə hüquqlarını müdafiə etmişəm, azadlığa çıxdıqda bir insan kimi sevinmişəm. Çünki İlqar bəyin xanımı Vəfa xanım da bizimlə birlikdə çalışıb, onu da yaxından tanıyıram. Ona görə də sevincimin bir hissəsi də Vəfa xanımla bağlı olub. Eyni zamanda bu ailənin tək qız övladı üçün də atanın evə dönməsi mühüm əhəmiyyətə malik hadisə idi. Bir sözlə, əqidəsinə görə məhrumiyyətlərə məruz qalmış istənilən insanın xoş işi bizi sevindirir.

İlqar Məmmədov həbsdə olarkən mövqeyini kifayət qədər qoruya bildi, sınmadı, təslim olmadı... Son illərin mübarizəsində bu fakt çox zəruri idi. Lakin onun bu fədakarlığının ətrafında qurulan PR-kampaniya yanlış idi. Ölkədə siyasi nailiyyətsizliyin səbəbi lider subyektivizmi ilə bağlı deyil. Əks halda çoxdan ölkədə vəziyyət dəyişərdi. Çünki mənə görə, İlqar Məmmədovdan bir çox parametrlərə görə üstün adamlar var. Onlar hakimiyyətin dəyişməsinə çoxdan nail olardılar. Mən bunu söyləməklə onun imkanlarını endirmək niyyətində deyiləm. Ən yaxşı hakim seçici ola bilər. Mənim mövqeyim subyektivdir. Üzdə olan siyasətçiləri şəxsən tanıdığımdan bu fikri dilə gətirirəm. Həm də ona görə ki, mən liberal ideyaların Azərbaycanda yaxın gələcəkdə hakim olacağına qətiyyən inanmıram. REAL-ı (partiyanı nəzərdə tutur-red.) bu siyasi kəsimin təşkilatı sayıram.

Azərbaycanda hakimiyyətin avtoritarizmi var. Bu fəlsəfə dəyişikliyi mümkünsüz edir. O səbəbdəndir ki, İlqar Məmmədov azadlığa çıxdıqdan sonra, ondan olan gözləntilər doğrulmadı. Doğrula da bilməzdi. Bir nəfərdən mümkün olmayanı gözləmək yanlışdır. Ölkədə vəziyyəti fərd deyil, mübarizə sistemi dəyişə bilər. Ona görə də müxalifətin taktikası dəyişməlidir.

Eyforiya keçicidir, real həyat isə başqa şərtləri diktə edir. Heç bir təşkilatın əlahiddə şəkildə, heç bir fərdin xüsusi olaraq siyasi dəyişiklik edəcəyinə inanmıram, perspektivini görmürəm. Cəmiyyəti kapsayacaq gücü formalaşdırmaq, seçicini inandırmağın yolunu axtarmaq lazımdır.

- Realla VİP-in hər hansı müstəvidə əməkdaşlığı mümkündürmü?

- Hər bir iş mümkündür. Biz siyasi rəqib olmağımızla yanaşı, mövcud hakimiyyətə qarşı eyni düşüncədə olan təşkilatlarıq. İdeoloji müxtəliflik vahid rəqibə qarşı birgə fəaliyyəti inkar etmir. Düşünürəm ki, bunun üçün bir qədər vaxt lazımdır. REAL sədri real durumu dəyərləndirməlidir. Hələlik uzunmüddətli qapalı yaşam və azadlıqda aşırı gözlənti bir eyforik ovqat yaradıb. Bu buxarlanmayana qədər, çətin olar.

- Əli bəy, müxalifətin hakimiyyətlə dialoqu məsələsi də zaman-zaman gündəmə gəlib. Hazırda belə bir dialoq nə qədər zəruridir və mümkündürmü?

- Belə təmaslar normal ölkələrdə adi haldır. Bizdə iqtidar-müxalifət münasibətlərində dialoqa qeyri-adi hadisə kimi yanaşılır. Ölkənin müqəddaratına cavabdeh olan siyasi qüvvələr danışmağı bacarmalıdırlar. Necə olur ki, YAP ən yüksək səviyyədə düşmən tərəfin nümayəndələri ilə görüşə bilir, öz siyasi rəqiblərini iqnor edir? Yəni prezident Əliyev üçün terrorçu Sərkisyandan betərdirmi Azərbaycan müxalifətinin liderləri? Belə münasibət yolverilməzdir.

Bu günün iqtidarı sabahın müxalifəti, bu günün müxalifəti isə sabahın iqtidarıdır. Bildiyim qədər, Konstitusiyamızda Dövlət quruluşumuzun adı Respublikadır. Monarxiya şəraitində müxalifətdən rəsmən imtina edilir. Nə qədər ki, Konstitusiyada bu maddə belə redaktədədir, iqtidar təkəbbürünü yerə qoymalıdır.

Dialoq siyasi qüvvələrin adi praktikasıdır. Mən belə təmasların tərəfdarıyam. Şəffaf, cəmiyyətə hesabatlı dialoq ölkəyə yalnız fayda verə bilər.

- 10-15 il öncə bəzi beynəlxalq təşkilatlar Azərbaycan müxalifətinə açıq dəstək verirdi, amma son illər belə dəstək də yoxdur. Müxalifətdən əllərini üzüblər, yoxsa...

- Beynəlxalq təşkilatlar dünyadakı qarışıqlıqdan istifadə edib, bağlandıqları siyasi mərkəzlərin direktivlərinə uyğun fəaliyyət göstərirlər. Təəssüf ki, Azərbaycan xalqının Qərb demokratiyası və ədalətinə olan ümidləri puçdur. Qərb müsəlman dövləti olduğumuzu, təbii qaynaqlarımızın zəngin olmasını və mənimsənilməsi arzusundan xalqı amansız rejimlə təkbətək buraxıb. Açıqlanan ofşor qalmaqalları, kürü diplomatiyası, landromat ifşaları, Öksüz olayları, Panama sənədləri, AŞPA biabırçılığı - hamısı düşünülmüş Qərb siyasətinin elementləridir.

“Biz demokratik olmağa layiq deyilik”, - hakimiyyət belə deyir, onlar da rüşvət müqabilində buna inanırlar. Bizi də qandırmaq istəyirlər. Müxalifət həm də yeni dönəmdə belə düşünən qərbli dələduzlarla açıq danışmağı bacarmalı, onların idealist kəsimi ilə əməkdaşlıq etməlidir.

Biz qrant yeyənlərdən deyilik. Bütün qara qüvvələri, o cümlədən beynəlxalq fırıldaqçıları ifşa etməliyik. VİP bunu edəcək. Şahid olacaqsınız, inşallah.

Zaur ƏHMƏD




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}