23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Zəlimxan Məmmədli: “Bizi başıqapazlı ediblər” - Müsahibə
Tarix: 07-10-2018 06:24 | Bölmə: Müsahibə / Slayd
Zəlimxan Məmmədli: “Bizi başıqapazlı ediblər”

Siyasi şərhçi: “Biz yuxarılı, aşağılı millət olaraq bunun fərqində olmalı və bu mühasirəni yaracaq milli gücü formalaşdırmalıyıq”

Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni mərhələ başlayır. Bu, Ermənistanın yeni hakimiyyətinin istəyi kimi görünsə də, böyük güclərin də belə bir niyyəti aydın sezilir. Təbii ki, burada daha çox Rusiya amili qabarsa da, Qərbin də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müəyyən istəkləri özünü göstərir. Qərb dairələrindən, eləcə də Rusiya xarici siyasət mərkəzindən verilən mesajlar da bunu deməyə əsas verir.

Bu günlərdə Düşənbədə apardıqları söhbətdə İlham Əliyev ilə Nikol Paşinyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına, tərəflərin təmas xəttində və Ermənistan ilə Azərbaycan arasındakı sərhəddə insidentlərin qarşısının alınması üçün atəşkəs rejiminin möhkəmlənməsinə dair danışıqlar prosesinə sadiq olduqlarını bildiriblər. Tərəflər müvafiq strukturlar arasında operativ əlaqə qurulması üçün mexanizmlərin yaradılmasını da qərara alıblar. Bu da danışıqlar prosesinin yenidən başlayacağını düşünməyə əsas verir.

Doğrudur, arada Rusiyadan, eləcə də Ermənistandan fərqli mesajlar səslənir, amma həmin mesajların ciddi nəticələrə səbəb olacağı inandırıcı deyil.

Borçalı Cəmiyyətinin sədri, siyasi şərhçi Zəlimxan Məmmədli “Reytinq” qəzetinə müsahibəsində ilk olaraq həm Ermənistandan, həm də Rusiyadan münaqişənin həlli ilə bağlı səslənən mesajlara şərh verib:

- Rusiya və Ermənistanın ağıllanması haqqında düşünmək, Azərbaycanın milli maraqlarına sayğı gözləmək absurddur. Çünki hər iki dövlət Azərbaycanın ziddinə siyasət yürüdür. Bu prosesdə Türkiyənin qarant rolunda çıxış etmə ehtimalı ola bilər. Bu formatda, bu variantsız Azərbaycanın daha ciddi təhdidlə üz-üzə qalması, hətta müstəqilliyinin ən azından deformasiyaya uğradılması qaçılmazdır.

- Belə bir şəraitdə hansı mövqe tutmaq lazımdır? Konkret təklifləriniz varmı?

- Ən güclü silahımız ölkəiçi siyasi və mənəvi-psixoloji monolitliyə nail olmaq, Qərb institutları ilə daha intensiv və rasional dialoqun bərqərar olunmasına çalışmaqdır. Bu istiqamətdə uğur bizi tədricən uğursuzluk zolağından çıxara bilər. İndiki durumda nəticə həm də Türkiyənin tutduğu prinsipial mövqedən daha çox asılıdır. Azərbaycan itkilərdən sığotalanmaq üçün Türkiyə ilə daha sıx və milli maraqlarımıza uyğun dialoqu davam etdirməlidir. Rusiyaya güvənənlər isə milli maraqlarımıza zədə yetirmək istəyən qüvvələrdir.

- Milli Məclisin iclasında millət vəkili Qüdrət Həsənquliyev Qarabağın işğalı ilə bağlı maraqlı fikirlər səsləndirib. O, Qarabağın Rusiya tərəfindən işğal edildiyini, Ermənistanın arxasında Rusiyanın dayandığı müddətdə problemin müharibə yolu ilə həlli perspektivinin olmadığını da qeyd edib. Bu barədə nə düşünürsüz?

- Qüdrət Həsənquliyevin səsləndirdiyi fikirlər həqiqətdir. Bu fikirlər zaman-zaman milli qüvvələr tərəfindən səsləndirilir. Mən bir daha qeyd edirəm ki, Rusiyadan bizim maraqlara uyğun hər hansı addım gözləməyə dəyməz.

Qüdrət Həsənquliyevin səsləndirdiyi bu fikir ictimaiyyət üçün yeni deyil. Biz 90-cı illərdən, 20 Yanvar hadisələrindən, Xocalıda 366-cı alayın törətdiyi vəhşiliklərdən bəri bunu deyirik. Rusiya Azərbaycanın müstəqil dövlət olmasını, demokratik inkişafını istəmir. Rusiyanın Qarabağla bağlı məsuliyyəti, onun işğalındakı iştirakı parlamentdə çoxdan səsləndirilməli idi. Azərbaycan Rusiyanın onun üçün təhlükə mənbəyi olduğunu açıq şəkildə qeyd etməlidir. Hansı ki, bunu Gürcüstanın sabiq prezidenti Saakaşvili etmişdi. O, bunu elədi və demokratik dünyanın bir hissəsi oldu. Biz təcavüzkarın adını açıq çəkməliyik.

Əslində Dağlıq Qarabağ adlı bir problem yoxdur. Rusiya-Ermənistan birləşmələrinin Azərbaycan ərazilərinə işğalla yaratdığı problemlər var.

Rusiya bu gün Ermənistanın strateji müttəfiqidir. Erməniləri silahlandırıb Dağlıq Qarabağdakı qondarma rejimi müdafiə edən də Rusiyadır. Qüdrət Həsənquliyevin səsləndirdiyi fikirlər də millətin ideyasıdır. Cəmiyyət də bu ideya üzərində hazırlanmalıdır.

- Zəlimxan bəy, bir məqam da var. Azərbaycan tərəfində də Qarabağla bağlı ictimai-siyasi arenada aktivlik başlayıb. Mitinq keçirilir, hökumət buna icazə verir. Sanki bu tərəfdə də nələrsə baş verir? Sizcə, Azərbaycan tərəfinin Qarabağla bağlı fəaliyyəti qənabəxşdirmi?

- Məncə, hakimiyyətin içərisində də vəziyyətin gərgin olduğunu anlayanlar var. Cəmiyyətin əhəmiyyətli hissəsi isə proseslərdə seyrçi kimi görünsə də, Qarabağ probleminə həssas yanaşır. Hakimiyyət isə 1993-cü ildən bu yana Qarabağ probleminin həlli istiqamətində heç bir uğurla xatırlanmır. Rusiya siyasi sisteminin təsiri bütün parametrləri ilə Qarabağ problemi ilə bağlı Azərbaycan siyasi kursunu kantrol etməkdədir. Problemin konservləşdirilməsinin kökündə bu durur. Bu durumda milli maraqlarımıza uyğun uğurdan danışmaq sadəlövhlükdən başqa bir şey deyildir.

- Siz Rusiyanı hər zaman təhlükə mənbəyi kimi görürsüz. Dünən Rusiya XİN açıqlama yayıb ki, Qarabağ münaqişəsinin həllinə dəstək verəcəyik. Sizcə, bu dəstək nə ola bilər?

- Bu ümumi söz hər zaman deyilib. Rusiyanı qorxu mənbəyi kimi görməmək üçün təəssüf ki, hələ ciddi əsasım yoxdur. Rusiya bütün vasitələrlə bölgəyə sülhməramlı statusda hərbi qüvvə yerləşdirmək niyyətindədir. Müəyyən populist hərəkətlərlə buna nail olarsa, bu, bizim müstəqilliyimiz üçün ciddi təhlükə ola bilər.

- Amma Türkiyə bu prosesə vasitəçi dövlət kimi də qoşula bilmir...

- Detallar haqda dəqiq bilgi yoxluğundan bu haqda fikir yürütmək istəmirəm. Bütün hallarda bu formatda Azərbaycan məsələsinə həssas yanaşan tək dövlət Türkiyədir.

- Bu məslədə Türkiyənin təsir imkanları nə qədərdir? Böyük gücləri Azərbaycandan yana olmağa sövq edə bilərmi?

- Kifayət qədər ziddiyyətli durumdur. Zorən qurulmuş Türkiyə-Rusiya müttəfiqliyini dayanıqlı görmürəm. Qərb-Türkiyə qarşıdurnası Rusiyaya əlavə şanslar verib. İnanmaq istərdim ki, bu qaşıdurma anlaşma, uzlaşma ilə nəticələnəcək. Qərb həm də strateji olaraq Türkiyə-Azərbaycan birliyi ilə iş birliyində maraqlı olmalıdır. Yaxın zamanlarda bu istiqamətdə nəticə ola bilər. Fikrimcə, bu səbəbdən Azərbaycan mövcud durumun radikal formada dəyişilməsində maraqlı olmamalıdır. Bu an təşəbbüs Rusiyanın əlindəki kimi görünür. O isə heç vaxt, ta demokratiləşənə qədər Azərbaycanın nəfinə nəyəsə qol qoyası deyil. Ona görə də dünyanın və geopolitik mənzərənin durulmasına ehtiyac var.

- Bildiyiniz kimi, son günlər işğaldakı 5 və ya 7 rayonun qaytarılması və Dağlıq Qarabağın statusunun sonrakı mərhələyə saxlanılması məsələsi yenidən gündəmə gəlib. Sanki yeni oyunlar, planlar qururlar. Azərbaycan hakimiyyəti bəyan edir ki, heç bir güzəşt olmayacaq. Xalq hələ ki ciddi reaksiya verəcək durumda deyil, Ermənistan da geri çəkiləcək kimi görünmür. Necə düşünürsüz, bizi təslimçi sülhə məcbur edə bilərlərmi? Belə bir məqamda biz nə etməliyik?

- Kremlin qapazı ən böyük xəyanətə imza atdırmaq istəyir. Ermənistanın zatən ağası Rusiyadır. Bizim ən böyük və məğlubedilməz silahımız, gülləmiz, atom bombamız haqq olduğumuz üçün göydə Allah, yerdə iqtidarlı-müxalifətli milli birlik və siyasi uzlaşmadı. Mitinqlərin də, siyasi dialoqların da, hətta ozanlarımızın da sözü bu olmalıdır. Hakimiyyətdəki islahatçı kəsim (təsnifat özümündür – Zəlimxan Məmmədli) buna hazır görünür. Mühafizəkarlar isə, faktiki olaraq portfelli beşincı kalıba oxşayır. Onlara fürsət tanımaq olmaz. Bir də millətimiz rahatlıqla təslim olası deyil. Döyüşə, Vətəni qorumağa hazırdır. Bunu hamı bilməlidir, məncə, həm də bilirlər.

- Amma bizə müharibəyə başlamağa imkan verən yoxdur. Aprel döyüşləri vaxtı xəbərdarlıq, müraciət, tövsiyə etməyən dövlət qalmamışdı...


- Deməli, bizi başıqapazlı ediblər. Biz yuxarılı, aşağılı millət olaraq bunun fərqində olmalı və bu mühasirəni yaracaq milli gücü formalaşdırmalıyıq. Kiməsə mümkün görünə bilər, amma bacarmalıyıq, çünkü başqa yol yoxdur. Hazırkı durum, ətrafda baş verənlər, beynəlxalq güclərin bizə münasibəti bizi bir olub, haqqımız uğrunda savaşmağa məcbur edir.

Zaur ƏHMƏD




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}