23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Deputat: “Öz aqressivliyimdən o qədər bezmişəm ki...” - Müsahibə
Tarix: 21-10-2018 12:42 | Bölmə: Müsahibə
Deputat: “Öz aqressivliyimdən o qədər bezmişəm ki...”

Tahir Kərimli: “O vaxt dediyim sözlər indi ayağıma buxov olub. Dilimə görə başıma çox bəlalar gəlib, ailəmi, nəslimi yaman günə qoymuşam”

Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli ilə müsahibə dövlət müstəqilliyi günü ərəfəsi, ayın 17-də götürülüb. Azərbaycan tarixinin ən şərəfli günlərindən biri kimi qeyd etdiyimiz, xalqımızın taleyində mühüm rol oynayan tarixi sənəd - Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsində Tahir Kərimlinin də xüsusi rolu var. Onunla bəzi məsələlərlə bağlı Reyting.az saytı üçün açıq söhbət etmək istəyimizi bildirəndə dedi ki, həqiqəti deməyə bilərəm, amma yalan deyə bilmərəm:

“O vaxt rüşvət aldığımı demişdim. Mənə irad tuturdular ki, rüşvət almışam deyirsən, amma alanlar heç boynuna almır, səni buna görə güllələyərlər. Dedim, axı hətta mən hakim kimi rüşvət almadığımı desəydim, yalan danışdığımı deyəcəkdilər. Mən yalan danışa bilməzdim. İndi də ola bilər ki, həqiqəti tam deməyim, amma yalan dilimə gəlməyəcək”.

- 18 oktyabr ərəfəsi görüşürük. Müstəqillik aktının qəbulunda rolu olanlardan biri də sizsiniz. Hər dəfə bu məsələ gündəmə gələndə, 18 oktyabrın az qala sıradan bir hadisə kimi qeyd edilməsi ilə bağlı giley-güzarlar səslənir. Sizcə, niyə 18 oktyabr istirahət günü elan olunmur, ölkədə ümummilli bir hadisə kimi qeyd edilmir?


- Dəfələrlə müraciət olunub ki, dövlət bayramı olaraq oktyabrın 18-i qeyri-iş günü olsun. Amma istəyimiz hələ ki nəzərə alınmır. Milli Məclisin dünənki (oktyabrın 16-dakı –red.) iclasında söz alıb dövlət müstəqilliyi ilə bağlı çıxış etmişəm. Demişəm ki, müstəqilliyimizin bərpası üçün əzablar çəkmişik, bunu bizə nimçədə gətirib verməyiblər. Çıxışımda bu günün ən əhəmiyyətli məsələlərinə də toxunmuşam, böyük dövlət adamı Heydər Əliyevin də rolunun olduğunu qeyd etmişəm.

Bizim iqtisadiyyatımız inkişaf edir, güclü ordu qurmuşuq, amma açıq deməliyik ki, kütlələr müstəqilliyin bəhrəsini çox görmədiklərindən, bəzən “bu müstəqillik nəyimizə lazım idi”,- sualına da cavab axtarırlar. Mən də bildirmişəm ki, bunun faydasını xalqımız görməlidir.

- Xalqın müstəqilliyin bəhrəsini görməməsinin səbəbi nə ilə bağlıdır?
(Tahir Kərimli bu zaman parlamentdəki çıxışının kütləvi informasiya vasitələrinin heç birində yayılmamasından gileylənir)

- Yeri gələndə, mən də daxil olmaqla deputatları bu məsələni qaldırmamaqda qınayırlar. Halbuki, ötən iclasda bu haqda danışmışam. Bundan əvvəl də dəfələrlə müəyyən sazişlərdə, qanunlarda Konstitusiyamızda ziddiyətli məqamların olduğunu önə çəkmişəm. Çox təəssüf edirəm ki, jurnalistlər heç vaxt dediklərimi işıqlandırmır və hamı da elə bilir ki, biz onların dərdlərindən danışmırıq.

“Bizdə sosial ədalət tam bərpa olunmayıb”

Sualınıza gəldikdə, bəli, biz bir çox halda bəlkə də daha müstəqil dövlətik. Çünki neft-qaz sərvətlərindən istifadə nəticəsində ordumuzu, müəyyən siyasətimizi qurmuşuq. Şübhəsiz ki, böyük dövlətlərin Azərbaycanla bağlı geosiyasi maraqları nəzərə alınır, amma mümkün olan qədər müstəqilik. İqtisadi və hərbi cəhətdən qüdrətli olmağımızın müqabilində demək olmaz ki, vətəndaşlarımıza müstəqilliyin imkanlarından ədalətli pay düşüb. Bizdə hələ ki sosial ədalət tam bərpa olunmayıb, Azərbaycanda mülkiyyət bölgüsü istənilən səviyyədə ədalətli aparılmayıb.

Deyirlər ki, rayonlara yollar çəkilib, indi bu proses kəndlərdə davam etdirilir. Amma sosial məsələlərin həllində o qədər də irəliyə getməmişik. Xalqın yaşayış səviyyəsi yüksəldilməlidir. Məsələn, mənim bütün qohum-əqrabamın sovet dövründə yaxşı evləri, maşınları və digər imkanları vardı. Amma 1993-cü ildə mən hakimiyyətdən gedəndən sonra hamısını işdən çıxartdılar, hər şeydən məhrum oldular, indi də çoxunun çox şeyi yoxdur. Onlar əqidələrinə görə dözürdülər. Leninin bir sözü var: “Kəndli yarım materialistdir, eşitdiyinə yox, gördüyünə inanır”. Xalq da müstəqilliyin bəhrəsini özü görməlidir ki, gileylənməsin. Belə bir prinsip var: o şey ki, hamınındır, o heç kimin deyil. Dövlətimiz güclənib, məsələn, yaxşı yollar çəkilib, ondan vətəndaşlar da istifadə edir, amma onun bəhrəsini görə bilmir. Vətəndaş istəyir ki, daha yaxşı evi, daha yaxşı dolanışığı olsun. İş bu istiqamətdə qurulmalıdır.

“Qardaşlarımdan biri gecələr partiyanın qərargahında yatır”


Mənim istəyim odur ki, müstəqilliyimizin istiqaməti birinci növbədə, Qarabağ problemini unutmadan vətəndaşlarımızın iqtisadi rifahının dəfələrlə yüksəldilməsinə yönəldilsin.

- Deputat mandatı siyasətlə məşğul olanlara parlamentdə tribuna da verir. Partiya rəhbəri kimi bu tribunadan istədiyiniz kimi istifadə edə bilirsiniz?

- Mən hüquqşünasam. Az qala iki qanun layihəsindən biri ilə bağlı çıxış etmək, hansısa məsələnin belə daha yaşı olduğunu demək istəyirsən. Amma “ağır oturub, batman gəlmək” məsəli də var. Çalışıram, demək olar elə sessiya, yaxud elə komitə iclası yoxdur ki, çıxış etməyim. Sanki tüfəng kimi, hər dəfə atəş açıram. Mən çalışıram ki, ən aktual məsələlərlə bağlı çıxış edim. Millitəmizlə, dövlətimizlə, eləcə də seçildiyim dairəmlə bağlı problemləri həmişə qaldırmışam. Hökumətin hesabatı vaxtı baş nazirə, hökumət üzvlərinə iradlarımı bildirmişəm, tələblərimi səsləndirmişəm. Xalqım üçün lazım olan məsələləri gücüm çatan qədər qaldırıram. Dövlətimizin, millətimizin, regionumuzun elə bir problemi yoxdur ki, mən ona reaksiya verməyim. Əlbəttə, nəyə nail olub-olmamağımız başqa məsələdir.

- Deputat olmağın başqa üstünlükləri də var. 2015-ci ildə seçiləndən sonra demişdiniz ki, eviniz kredit girovluğundadır, qardaşlarınız da işləmirlər, çox zaman deyirlər ki, başqa deputatların fabrikləri, zavodları, firmaları, öz şəxsi biznesləri var. Bu üç ildə qardaşlarınız üçün bir gün ağlaya bilmisiniz?

- Qardaşlarım mövsümi iş tapıblar. Biri Hövsanda kanalizasiya sistemində iş tapıb, mühəndis işləyir. O biri qardaşım da tikintidə texniki-təhlükəsizlik üzrə iş tapıb. Amma evləri olmadığından qardaşlarımdan biri gecələr partiyanın qərargahında raskladuşkada (yığılma çarpayı-red.) yatır.

“Evim yenə kreditdədir”

25 ildir bütün qohum-əqrabam işsizdir. Amma indiki vəziyyətdə şikayət edə bilmərəm. Ona görə ki, 22 ildən sonra deputat seçilərək əməkhaqqı almışam, övladlarımdan biri işə düzəlib. O biri övladım magistraturanı əla qiymətlə qurtarmasına baxmayaraq, laborant işləyir. Özümə gəldikdə, 3 ildir deputatam, seçildiyim dairədə elə bir qohumum, yaxınım, qonşum yoxdur ki, hansısa vəzifədə işləsin, yaxud hansısa səbəbdən vəziyyəti yaxşı olsun. Evim yenə kreditdədir. Bakıda 140 kvadratmetrlik mənzilim var. Onu da özümə haram hesab edirəm. Çünki xalqın əksəriyyətinin yaşamağa belə evi yoxdur. Hamı bir cür yaşayır. Hər halda, deputat maaşı alıram. Kasıb qohumuma maaşımdan gücüm çatan qədər yardım etməyə çalışıram. Bundan başqa, deputat olduğuma görə, partiyamıza dövlət büdcəsindən vəsait ayrılır. Bu vəsaitdən qərargahın icarə haqqını və yerli təşkilatlara yardım veririk, burada işləyənlərə əməkhaqqı ödəyirik. Deputatlıq bizim müəyyən qədər mövcudluğumuzu qoruyub saxlayır.

- 2003-cü ilin prezident seçkilərindən sonra “bu hakimiyyətin rəhbərlik etdiyi ölkədə yaşamaram”,- deyib getmişdiniz. Üstündən 15 il keçib, təbii ki, indi başqa fikirdəsiniz, deputat olmağınız yaşayışınızı müəyyən qədər asanlaşdırıb. Seçiciləriniz necə yaşayır, onlar indi nə düşünür?

- Mən ölkədən gedəndə Kazanda, Moskvada oldum. Amma heç yerdə iş tapa bilmədim. Adlarını çəkmək istəmirəm, məni dəvət edən Azərbaycan cəmiyyətləri “pisar” işini də vermədilər. Təsəvvür edin ki, indi qoca vaxtımda öyrənirəm, əvvəllər heç vaxt mağazadan heç nə almamışdım, belə deyək, ev uşağı olmuşam. Mən bazarda nəsə satıb dolana bilmərəm. Açığı, pul qazanmağın yolunu indi də bilmirəm. Ona görə vətənə qayıtmalı oldum. Amma bu nə deməkdir? Əgər kimsə 90-cı illərdə, ondan sonra dediyim sözlərdən imtina edəcəyimi gözləyirsə, bunu heç vaxt görməyəcək. O sözləri mən demişəm, ondan necə imtina edə bilərəm? Amma bir şey var, ad çəkmək istəmirəm, müxalifət liderlərindən biri məni inandırmağa çalışırdı ki, İlham Əliyev Azərbaycan dilində danışa bilmir, idarə edə bilməyəcək, hakimiyyət tezliklə yıxılacaq...

“Bizim hakimiyyətdə nazir olanlardan biri deyirdi ki, gedək oturaq prezident yolunda, dilənək”


Yaxud müxalifətin hələ gücü vardı, ümid edirdim ki, bəlkə hakimiyyətə gələ bilər. Həmin müxalifət sıradan çıxdı. Həyat göstərdi ki, İlham Əliyev başqa dillərlə yanaşı, öz dilimizdə də sərbəst danışır və bunun idarəçiliyi də var imiş. Əlbəttə, gücü çatan qədər idarə edir. Bir məsələ də var: o zaman düşünürdüm ki, dövləti elə əqidəlilər idarə etməlidir. Amma dövlət təkcə əqidə ilə yox, bacarıqla, mənafe ilə idarə olunur. Hətta bir dəfə gördüm ki, müxalifət liderləri açıq praqmatizmə gedirlər, səhv etmirəmsə, 96-cı il idi, mən bunu heç cür qəbul edə bilmirdim. İnsan ölsə belə, balasını qurban versə belə güzəştə getməməlidir. Doxsanıncı illərin sonlarında bununla bağlı hətta bir şeir də yazmışdım ki, bunlar hakimiyyətə uyğunlaşırlar, mən də belə olacam:

Qəlbimdə bir qəfəs tikdim,
Əqidəmi əsir edib, sonra onu yenmək üçün.
Qəlbimdə bir məzar qazdım,
Əqidəmi gömmək üçün.


Yəni, əqidə qızıl kimidir, onu gömürsən. Amma fikrim belə idi ki, mən də hamı kimi olum.

“Mən prezident olsam, İŞİD gəlib ölkəyə girəcək”


Adını çəkməyəcəyəm, bizim hakimiyyətdə nazir olanlardan biri deyirdi ki, gedək oturaq prezident yolunda, dilənək (Müsahibəni hazırlayanda bu təklifi keçmiş xarici işlər naziri Tofiq Qasımovun verdiyini öyrəndik –red.)

Mən Ali Məhkəməyə gələndə özümdən əvvəlki sədri bir gün işsiz qoymamışdım. Bunlar isə uzun illər bizi işsiz qoyublar. İndi bir söz deyim: o vaxt mənə prezident olmağı təklif etsəydilər, cavan idim, gedərdim. İndi isə fikirləşirəm ki, mən heç vaxt prezident ola bilmərəm. Çünki mən prezident olsam, İŞİD (İraq-Şam İslam Dövləti-red.) gəlib ölkəyə girəcək, mən onun qarşısını ala bilməyəcəm. Hər bir dövlətin, hər bir təşkilatın mənafeyini neytrallaşdırmaq lazımdır. Mən bunları bacarmaram. Dövlət başçısının bir əlində od olanda, o birində su olmalıdır.

“İndi hakimiyyəti idarə edə biləcək nə müxalifət, nə də lider yoxdur”

Xüsusi xidmət Ali Məhkəmədə gəlib mənə deyirdi ki, filankəs sənin əleyhinə iş görüb. Deyirdim ki, gedin işinizlə məşğul olun. Mənə gəlib desələr ki, o otaqda əleyhinə nəsə olub, gedib casus kimi qulaq asa bilmərəm. Dövləti idarə edənin casus şəbəkəsi olmalı, yeri gələndə kimisə qurban verməlidir. İndiki hakimiyyət bunu bacarır, dövləti saxlaya, ölkəni idarə edə bilir. Dəfələrlə demişəm, indi hakimiyyəti idarə edə biləcək nə müxalifət, nə də lider yoxdur. Prezident sabitliyi qorumalı, ölkəni inkişaf etdirməlidir. Hamı deyir yıxaq, amma yerinə kimi qoyaq?

- Əslində o iddiada olan liderlər var, onların hakimiyyətə gəlməyə qüvvəsi yoxdur...

- AXC hakimiyyətdən gedəndən sonra bir müddət mübarizə aparıldı, hamı birləşə bilirdi. Partiyalar, liderlər AXC-nin şinelindən çıxmışdılar. Amma zaman keçdikcə paramparça oldular. İqtidar isə on, yüz dəfələrlə gücləndi, müxalifət eyni səviyyədə zəiflədi. Hakimiyyəti ələ almaqdan ötrü respublikanın hər yerində möhkəm strukturların, resursların, möhkəm ideologiyan olmalıdır.

“İndi nə oldu ki, bunlar radikallaşdı?”

Fikir verin: 10-15 ildir mətbuatda müxalifətin ideologiyası heç yada düşmür. Hakimiyyət tənqid olunur, amma ideoloji mübarizə yoxdur. Müxalifət bir bayraq altında birləşə bilmir. Söyməyi hamı bacarır. Liderlərin bəziləri düşünürlər ki, biz müxalifət olanda hamı müxalifət, iqtidar olanda hamı iqtidar olsun. Məsələn, 95-ci ili götürək. AMİP parlamentdə oturdu, iki dəfə AXCP parlamentə getdi, sonra da Müsavat bunu etdi. AXCP orada oturanda hər cür şərait yaradılırdı, Müsavat tənqid edirdi. Müsavat parlamentə gedib AXCP qıraqda qalanda yenə eyni şey təkrarlandı. Biz həyatımızı bunların termometri ilə qurmalıyıq? Məsələn, indi Milli Şurada, yaxud başqa yerdə doğru bildikləri sözü deyirlər, amma heç kim yaddan çıxartmır ki, vaxtilə hakimiyyətdə oturan bu adamlar böyük mədhiyyələr də söyləyiblər. 5-10 il parlamentdə oturanda hakimiyyətə qarşı bir kəlmə danışmayıblar. İndi nə oldu ki, bunlar radikallaşdı? Xalq inanmır axı. Mən partiyamdakıları inandırmaq üçün ilk növbədə özüm sənin təmizliyinə, düz yolda olduğuna inanmalıyam. Siz keçmişdə bu və ya digər şəkildə hakimiyyətlə işbirliyində iştirak etməklə xalqı, müxalifəti sındırmısınız, uduzdura-uduzdura getmisiniz. Kompromisə getməklə, özünüzün korporativ, fərdi maraqlarınızı təmin etmisiniz. Nəticədə müxalifət təşkilatları sıradan çıxıb, liderlərə inam qalmayıb. Ona görə indi hakimiyyətə gəlmək iddiasında olan elə bir qüvvə yoxdur. Ölkəyə ilk növbədə sabitlik, təhlükəsizlik lazımdır.

- Keçmiş hakimiyyətdən və əqidə yoldaşlarınızdan danışdınız. İndi onlarla münasibətləriniz necədir? Vaxtilə Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbərlə ən yaxın münasibətiniz olub. Onunla axırıncı dəfə nə vaxt görüşmüsünüz? Xeyir işləri olanda keçmiş silahdaşlarınız sizi dəvət edirlərmi?

- Onlarla yalnız xeyir-şərdə görüşürük. Axırıncı dəfə İlyas İsmayılovun oğlunun yasında İsa bəyi kənardan görmüşəm, salamlaşmaq imkanı olmayıb. Məryəm Həsənovanın da yas yerində rastlaşmışıq. Mirmahmud Mirəlioğlu ilə bir yerdə oturmuşduq. Açığı, elə də yaxın əlaqələrimiz yoxdur, aramızda soyuqluq var.

- Bu soyuqluq sizin deputat seçilməyinizdən sonra ortaya çıxıb?

- Yox, yox. Ümumiyyətlə, onlar mənim xarakterimi bilirlər. Mən öz hakimiyyətimiz dövründə də sanki müxalifətdəydim. Mən deyirdim ki, hüquqi-iqtisadi islahatlar bir yerdə keçirilməlidir, parlament seçkiləri olmalıdır. Heç nəyə baxmayaraq, qanunlar, insanların hüquqları pozulmamalıdır. Amma başqa cür düşünənlər, nəyin bahasına olur-olsun möhkəmlənməyin, qanunun, hüququn əsas olmadığını iddia edənlər də vardı. Amma olmadı axı.

“Milli Məclisdə yalvardım ki, prezidenti burada seçin, Şuşa, Laçın gedəcək...”


İcra başçısının qonağı gələndə varlı adamdan pul alıb onu yola salmağa məcbur idi. Bir yerdə olmağımıza baxmayaraq, həmişə fərqli düşüncələrimiz olub. Milli məsələlərlə bağlı fikir ayrılıqlarımız yaranırdı. Bu və digər məsələlərə görə mənim müxalifətlə heç zaman birliyim yox, əməkdaşlığım olub. Biz müxalifət, bir yerdə olmaq naminə bir yerdə olmuşuq.

- Hakimiyyətdə olduğunuz müddətdə ən çox ziddiyyətiniz, deyəsən keçmiş müdafiə naziri Rəhim Qazıyevlə olub...


- Ali Məhkəmənin sədri kimi siyasətə qarışmamağa çalışırdım. Amma elə məsələlər vardı ki, tamamilə etiraz edirdim, konkret şəxslərə qarşı mübarizə aparmırdım. Məsələn, Ali Məhkəməyə sədr təyin olunanda İsa Qəmbər dedi ki, bəyin (Əbülfəz Elçibəyi nəzərdə tutur-red.) arxasınca getməliyik. Mən demişdim ki, yalnız Azərbaycan bayrağının arxasınca gedirəm. Kiməsə sədaqətlik andı içmədiyimi demişdim. Bir dəfə ABŞ-a gedib gələndən sonra məlum oldu ki, hüquqi dövlət qurmaq, məhkəmələrin müstəqilliyi ilə bağlı təklif etdiyim qanunları rədd ediblər. Yadımdadır, o vaxt Milli Məclisdə yalvardım ki, prezidenti burada seçin, Şuşa, Laçın gedəcək, prezident seçkisi vaxtı deyil. Doğrudan da Şuşa və Laçın işğal olundu. Halbuki, yalvarmışdım ki, seçki keçirməyin, kimi istəyirsiniz, onu da Milli Məclisdə prezident seçin, millətin başını qatmayın, bütün diqqət müdafiəyə yönəldilməlidir. Bu məsələlərə görə qırğın etmişəm.

“Baş komandan, prezident, bizi qoyub hara gedirdin?”


Mən Məclisdə Əbülfəz bəyə dedim ki, Cəbhə amorf təşkilatdır, siz prezident olsanız intizamsızlıq dövlət strukturlarına sirayət edəcək. 30-32 nəfər əleyhinəydik, Etibarın, İsanın prezident olmasını təklif edirdik. Deyirdik ki, başqa birisi prezident olsun, sən də Xomeyni kimi pis işləyərsə, dəyişərsən. Buna getmədilər. Biz istəmirdik ki, Elçibəy prezident olsun, amma oldu. Biz onun prezidentlikdən getməsini də istəmirdik, getdi, xəbərimiz də olmadı. Halbuki, biz bir yerə yığışıb məsləhət etməliydik. Baş komandan, prezident, bizi qoyub hara gedirdin? Allah rəhmət eləsin! Mən min dəfə onun qarşısında borclu olum. Yüzlərlə, minlərlə adam bu gün də məni Əbülfəz bəyə qarşı çıxmağıma görə söyür. Sonra, özü Heydər Əliyevi xilaskar kimi gətirib vəzifəyə qoydu, bizə də dedilər ki, vəzifənizi dondurun. Yeri gəlmişkən, məndən başqa hamı vəzifəsini dondurmuşdu. Mən sentyabrın 2-də istefa vermişəm, tək qalmışdım.

“Bizim hakimiyyətin bünövrəsi əyri qoyulmuşdu”

Rəhim Qazıyevlə bağlı məsələyə gəldikdə, bir dəfə prezident məni və hərbi kollegiyanın sədrini dəvət etdi. Gedəndə gördüm ki, baş prokuror, müdafiə naziri və digərləri də oradadır. Rəhim mənə dedi ki, birini kənd təsərrüfatı naziri qoydurmusan, yeyib-dağıdır. Cavanların hamısı ölkədən qaçır, fərarilik edirlər, onlara güllələnmə cəzası vermək lazımdır. Orada çox ciddi söhbətimiz oldu...

- Özünüz qeyd etdiniz ki, hakimiyyəti saxlamaq üçün əqidədən başqa, həm də bacarıq lazımdır. Sizin hakimiyyətin yıxılmasının səbəblərindən birinin də bacarıqsızlığın olduğunu deyirlər. Rəhim Qazıyevin hakimiyyətinizin yıxılmasında rolu olubmu?


- Bəli, olub. Açıq danışıram. Rəhim bəy bizim hakimiyyətin yıxılmağının tərəfdarı olub. Şəxsən mənə Milli Məclisdə yaxınlaşıb deyirdi ki, nə istəyirsən, qoy filankəsi yıxaq da. Onun kimin tərəfdarı olduğu da məlum idi. Yəqin ki, sonradan istədiyini almadığına görə mövqeyini dəyişdi. Bu faktdır. Hər şey binanın bünövrəsinin necə qoyulmasından asılıdır. Bizim hakimiyyətin bünövrəsi əyri qoyulmuşdu.

“Etibar bəylə üzrəyim barışan deyil”


Çaykənd Ayaz Mütəllibovun dövründə alınmışdı. Açıq danışmaq lazımdır, o vaxt Çaykəndi ruslar alıb vermişdilər. Ruslar Xankəndidə Azərbaycanın bayrağını qaldırmaq üçün də mane olmurdular. Biz nə etdik? Gedib Baltikyanı respublikada bəyanat verdik ki, Ayaz Mütəllibov erməni vətəndaşlarının hüquqlarını pozur. Sonra da tələb etdik ki, hakimiyyətdən getməlisən. Bizə Xankəndidə bayraq ucaltmaq, yoxsa hakimiyyətə gəlmək lazım idi? Çünki bilirdik ki, ruslar Xankəndini alıb Ayaz Mütəllibova versə, onu yıxmaq çətin olacaq. Deməli, biz özümüz hakimiyyətə gəlmək üçün o kişini Xankəndidə bayraq ucaltmağa qoymadıq.

- Hakimiyyətinizin yıxılmasında siyasi müxalifətin, xüsusilə AMİP-in rolunun olduğunu da danmaq olmaz...

- Sözsüz ki, Etibar bəylə üzrəyim barışan deyil. Amma bu gün ilk dəfə onlara haqq vermək istədiyimi deyəcəyəm. O vaxt biz televiziya qülləsini və Milli Təhlükəsizlik Nazirliyini tutanda, şəxsən mənim ətrafımda çox sayda AMİP-çi, rəhmətlik Babək də (Hüseynoğlu-red.) vardı. Bu adamlar nəyə görə hakimiyyətə buraxılmadılar? İmkan vermədilər, AMİP də düşmən oldu. Amma çox təəssüf ki, AMİP çox qisasçılıq mövqeyində dayandı, hakimiyyətdəkilərdən qisas aldılar.

- Qisasçılığa əsas səbəblərdən biri də Etibar Məmmədova vəd edilən baş nazir postunun verilməməsi idi. Bununla bağlı Elçibəyin prezident seçilməsindən əvvəl müəyyən razılaşma olduğu, sonradan buna əməl edilmədiyi də söylənilir...

- Bu söhbətlərin olduğunu mən də eşidirdim. Yəqin ki, belə də olub, çünki çox yaxın idilər, həlledici anda bir yerdəydilər. Hətta Elçibəy Bakıdan Kələkiyə gedəndə də Etibar bəy onun yanında olub. Söhbət ondan gedir ki, AMİP AXC-dən çox qəddarcasına qısasını aldı, hakimiyyətin yıxılmasında çox böyük rol oynadı.

- AMİP-in qazancı nə oldu?

- Daha yüksək ambisiyalarına görə heç nə əldə etmədilər. Etibar Məmmədov bütün güc nazirliklərinin kurasiyası onda olan baş nazir postunu arzulayırdı. Bunu da ona vermədilər.

- Bu məsələ ilə bağlı Etibar Məmmədovla nə vaxtsa şəxsi söhbətiniz olubmu?

- Yox. Vaxtilə Etibar Məmmədov AXC-dən ayrılıb gedəndə bu addımı atmamasını xahiş etmişəm. Amma hakimiyyətin taleyini həll edən adamlardan biri kimi onunla söhbətimiz olmayıb.

- Sizin dediklərinizdir: “2005-ci ildən sonra gördüm ki, müxalifətin şansı tamam itdi. Ona görə, mərkəzçi mövqe tutmaq qərarı verdim”. Müxalifətin yenidən hakimiyyətə gəlmək şansı yaranarsa, mövqeyinizdə dəyişiklik ola bilər?

- Yox. Bilirsiniz, 2005-ci il seçkilərindən sonra, 2006, 2007-ci ilə kimi də mən nəinki iqtidara, hətta iqtidara loyal olan müxalifətə qarşı da müxalifət olmuşam. Amma nə zamankı artıq nə lider, nə də müxalifət qaldı, tamamilə sıradan çıxdılar, iqtidar qaldı kənarda, özləri öz aralarında ana müxalifət, lider olmaq uğrunda mübarizə apardılar, hesab edirəm ki, mərkəzçi mövqe seçməyimiz doğru idi.

Ayaz Mütəlibovun vaxtında rəhmətlik Aydın Məmmədov “orta müxalifət” fikrini ortaya atmışdı. Bu cür mövqe ilə iqtidarla müxalifət arasında barışığa nail olunması məqsəd kimi qarşıya qoyulurdu. Mərkəzçi mövqedə dayanmaqla həm iqtidarın, həm də müxalifətin pis cəhətlərini deməyi bacarmalısan. 2005-ci ildən sonra düşündüm ki, rəhmətlik Aydın Məmmədov nə qədər doğru fikirdə olub.

“Azərbaycanda ana müxalifət partiyası yoxdur”

İndi bəzi narazılar hakimiyyəti söyür, müsbət şeyləri görə bilmirlər. Bəlkə millətin, Qarabağımızın da gələcək taleyi mənfi ilə yanaşı müsbəti görüb dəyərləndirməkdən asılıdır? İqtidarın da, müxalifətin də içərisindəki yaxşı adamları olduğu kimi qiymətləndirmək lazımdır. Əvvəl müxalifətin yaxşı əməlini deyirdik, pisindən danışmırdıq, iqtidarla bağlı isə əksinə idi. Sonra belə fikirləşdim ki, elə hər iki tərəfin yaxşısına yaxşı, pisinə pis demək lazımdır.

- Normal cəmiyyətlərdə hakimiyyətə iddialı ana müxalifət olur. Əvvəllər Müsavat Partiyası ana müxalifət adına iddialı idi. İndi ana müxalifət hansı partiyadır?

- Azərbaycanda ana müxalifət partiyası yoxdur. AXCP və Müsavat bir-biri ilə ana müxalifət uğrunda mübarizə aparmaqla bir-birini zəiflədiblər.

Güclənmək üçün proqramla çıxış edib, xalqa yol göstərməlisən, ətrafına elektorat toplamalısan. Bu zaman ana müxalifət kimi formalaşmaq da mümkündür. Bizim partiyaların isə güclənmək potensialı hərtərəfli tükənib. Ona görə indi bir partiya o birini zəiflətməklə ana müxalifət olmaq iddiasındadır. Nəticədə partiyalar marginallaşır, diskussiya klubuna çevrilir.

- Qarabağla bağlı bir mitinq keçirilib, ikincisinə hazırlıq gedir. Bu mitinqlərdə iştirak etmək fikriniz var?


- Mən mitinqdən əvvəlki müsahibəmdə demişdim ki, əgər bu mitinq Qarabağ idealı ətrafında cəmiyyətin daha artıq təşkilatlanmasına, səfərbər olunmasına xidmət edəcəksə, tərəfdarıyam. Yox, əgər, müxalifət cəbhəsində parçalanma yaradacaqsa, tərəfdarı deyiləm. Çox təəssüf ki, orada birinci ideyanı görə bilmirəm. Ola bilsin ki, bunun təkcə obyektiv yox, subyektiv səbəbləri də var, ola bilsin ki, mitinq istəməyənlər daha çoxdur. Məsələn, AXCP, Müsavat və REAL mitinqə qoşulmadılar. Bəlkə bunun da mitinqin istənilən səviyyədə alınmamasında rolu var? Yaxud bəziləri düşünür ki, o qədər Qarabağ adından bəyanatlar verilir, fikirlər söylənilir, amma real həyatda Qarabağ hərəkatı təşkil olunmur, torpaqlarımız yenə düşmənin əlində qalır. Nə qədər sülhdən danışmaq olar?

“Nə üçün Qarabağda anti-terror əməliyyatı keçirmirik?”

Milli Məclisdəki son çıxışlarımdan birində də demişəm ki, əgər hətta Qarabağı Ermənistan rəsmi tanımayıbsa, əgər dünyada Qarabağ bizim ərazimiz kimi tanınırsa, bu bizim daxili işimizdir. Nə üçün Qarabağda anti-terror əməliyyatı keçirmirik? Dünyanın nə deyəcəyi cəhənnəmə ki... Hüququ baxımdan Rusiya da qarışa bilməz. Niyə biz öz ərazimizdə anti-terror əməliyyatı keçirmirik?

Açıq danışmaq lazımdır. Mitinqlər iqtidarı yönləndirə bilər. Bizim güclü mitinqlər keçirdiyimiz vaxt güclü ordumuz yox idi. Qarabağımızı azad etmək vəzifəsi xalqın üzərində idi. İndisə Qarabağı azad etmək dövlətin üzərindədir. Dövlətin isə ordusu var.

- Yerli icra başçılarının bəzilərinin deputatlara münasibətinin xoş olmadığı, onların seçildikləri yerlərdəki problemlərə müdaxilə etmələrini istəmədikləri məlumdur. Siz belə problemlə üzləşirsiniz?

- Mən öz aqressivliyimdən o qədər bezmişəm ki, artıq heç kimlə problem yaşamaq istəmirəm. Çünki maksimalist xasiyyətim mənə çox əzablar verib. Məsələn, 2003-cü ildə “ölkədən çıxıb gedəcəyəm”,- deməyim mənə lazım idi? O vaxt dediyim sözlər indi ayağıma buxov olub. Yaxud, “Qorbaçova ölüm hökmü çıxarmaq lazımdır”,- deməklə bütün nəslimi təhlükə altında qoymuşdum. Dilimə görə başıma çox bəlalar gəlib, ailəm, nəslim yaddan çıxıb, hamısını yaman günə qoymuşam. Ona görə indi bütün problemləri özüm həll etməyə çalışıram. Maddi maraqlarımı qoyuram qırağa, heç bir istəyim yoxdur, maddi cəhətdən özümə zərbə dəyməsi ilə də razıyam. Bunu nəzərə alan icra başçıları da məni maddi marağım olmadığına görə qəbul edirlər. Onlar bilirlər ki, kiminsə problemini həll etmək üçün səmimi danışır. Hər iki icra başçısının (87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən deputat seçilib – red.) mənə qarşı münasibəti pis deyil. Mən də onlara heç vaxt problem yaratmaq istəməmişəm. Təbii ki, müəyyən söz deyəndə, problemi qaldıranda kiminsə xətrinə dəyib.

- Seçiciləriniz sizdən daha çox nəyi xahiş edirlər?

- Ay Allah... Deməli, 90-cı illərdə seçicilərim məndən ancaq milli problemi tələb edirdilər. O vaxt bir neçə adam şəxsi probleminin həllini xahiş edərdi. İndi tamamilə fərqlidir. Sosial problemlərin həlli ilə bağlı müraciətlər çoxdur.

Problemləri qaldırıram və bir çoxunun da həllinə nail oluruq. Qəbul üçün Ağsudakı qərargaha gedəndə, məsələn, 20 adamla görüşürəm. Onların ən azı 18-i şəxsi məsələ ilə bağlı müraciət edir. İş, sosial təminat, pensiya, xəstəsini müalicə etdirmək, uşaqpulu, təhsil haqqı istəyirlər. Çox çətindir.

- Bəzən deputat həmkarlarınız yüksək vəzifəli məmurların onları saymamasından gileylənirlər. Seçicilərinizin sizdən həll etməyinizi istədikləri məsələləri sadaladınız. Bu problemlərin həlli ilə bağlı məmurlara müraciətinizə reaksiyalar necə olur? Telefon zənginizə cavab verməyən məmur varmı?


- Çox olur, çox... Ad çəkmək istəmirəm, desəm yenə sosial şəbəkələrdə haray-həşir qopacaq...

Amma mənə şəxsən cavab verib qaldırdığım məsələlərin həllində yardımlarını əsirgəməyənləri adbaad deyəcəyəm. Səhiyyə naziri imkanı olmayan ən azı 17 ağır xəstənin pulsuz cərrahiyyə əməliyyatı edilməsinə göstəriş verib. Halbuki, son 3 ildə özüm 3 dəfə əməliyyat olunmuşam və hər dəfə də pulunu ödəmişəm.

Daxili işlər naziri məktublarıma şəxsən özü cavab verir.

Fövqəladə hallar naziri müəyyən problemin həllində şəxsən özü kömək edib.

Səlim Müslümov əmək və əhalinin sosial müdafiəsi naziri olanda problemlərlə bağlı daha çox müraciətlər etmişəm, həlli üçün köməklik göstərib.

- Müraciətlərinizə mənfi cavab verən məmurlar kimlərdir?


- Ad çəkmək istəmirəm. Hətta telefon zənglərimə cavab verməyənlər də var. Amma heç bir məmurun qəbuluna getməmişəm.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}