«...Rüstəm İbrahimbəyova müəyyən faktlar verdim»
Tarix: 02-05-2016 12:47 | Bölmə: Müsahibə


Məlahət Babayeva: «Milli Şurada baş verənləri, o cümlədən Bakı və Kəndlər Birliyi barədə ona heç bir məlumat verməyiblər»

Tanınmış yazıçı Maqsud İbrahimbəyovun vəfatından sonra Milli Şura sədri və Şuranın bəzi üzvlərinin mərhumun yas mərasimində iştirakı birmənalı qarşılanmadı. Bəzi müxalifət nümayəndələri hakim elitanın rəğbət bəslədiyi bir şəxsin yas mərasimində iştirak edən silahdaşlarını qınaq obyektinə çevirdilər.

Bakı və Kəndlər Birliyinin MNTK sədri, Mədəniyyət nazirinin keçmiş müavini Məlahət Babayeva «Reytinq»ə müsahibəsində öncə bu məsələyə toxunub:

- Maqsud İbrahimbəyovun yas mərasimində əvvəldən axıra kimi şəxsən özüm iştirak etmişəm. Kimlərinsə qınağı nə məni, nə də Bakı ictimaiyyətini maraqlandırmır.

Əvvəla ondan başlamaq istəyirəm ki, Rauf Arifoğlu məqsədli şəkildə öz qəzetində mərasimlə bağlı xəbərdə boş zalın şəkilini vermişdi. Amma məsuliyyətlə deyirəm ki, həmin məclisdə iştirak edənləri qınayanlar və boş zalın şəkilini göstərərək əsassız fikirlər bildirənlər başlarını daşdan-daşa döyürlər. Çünki zal, lojalar, hətta foye də bu ailəyə hörməti olan insanlarla dolu idi.

İbrahimbəyovlar ölkənin, eləcə də Bakı şəhərinin qəbul olunmuş nəslidir. Həmin mərasimə gələn insanları uşaq-muşağın qınağı maraqlandırmır.

Əslində, həmin "uşaqlar”da öz başına deyillər. Qınayanlar yaxşı olar ki, onlara sifariş verənlərin hərəkətlərinə nəzər yetirsinlər.

Maqsud İbrahimbəyov mənim uşaqlığımın, gəncliyimin xatirəsidir, oxuduğum kitabları, izlədiyim filmləri ilə böyüdüyüm bir insandır. Nə qədər ki, «Bizim Cəbiş müəllim», «Uşaqlığın son gecəsi» kimi filmlər nümayiş olunacaq, onun adı həmişə xatırlanacaq.

Yazıçılıqdan başqa, onlar həm də, bu şəhərin ziyalı təbəqəsinin qəbul olunmuş simalarıdır.

- Məlahət xanım, son dövrlər Milli Şuranın fəaliyyət istiqaməti Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi dövrdən xeyli fərqlənir. Bu barədə Rüstəm İbrahimbəyovla hər hansı söhbətiniz olub?

- Mən hələ xeyli əvvəl Milli Şura üzvlərinin bəzi hərəkətlərindən bezərək Rüstəm İbrahimbəyova telefon açdım və söhbət etdik. Əvvəl düşünürdüm ki, bunlar Rüstəm İbrahimbəyovu aldıdarlar, lakin telefon danışığı zamanı anladım ki, bu adamlar, ona Milli Şurada baş verənlər, o cümlədən Bakı və Kəndlər Birliyi barədə heç bir məlumat verməyiblər.

Yas mərasimindən sonra da Rüstəm İbrahimbəyovla görüşdüm. Ona müəyyən faktlar, məlumatlar verdim və bizim çox ciddi söhbətimiz oldu.

- Milli Şura ilə bağlı Sizin əsas narazılığınız nədən ibarətdir?

- Birincisi, bu qurum adına layiq hərəkət eləmir. Bu təşkilat ən azından Rəsulzadənin yaratdığı Milli Şuranın adını götürdüyü üçün özünə hörmət qoymalı idi. Amma təəssüf olunası haldır ki, MŞ rəhbərliyindəki bəzi insanlar üçün müqəddəs olan heç bir mənəvi dəyər yoxdur.

Milli Şura ilə ilk narazılığımız Eldəniz Quliyevin guya Bakı və Kəndlər Birliyi nümayəndələrinin Milli Şuraya üzv olması ilə bağlı İbrahimbəyovun sevincini bildirməsi ilə başladı.

Əslində, Eldəniz Quliyevlə bağlı narazılıq çoxdan var idi. O, 2003-cü ildə BKB-yə mütəmadi gələrək özünü bilgəhli kimi təqdim edirdi.

İllər keçdi, Eldəniz Quliyev "Bakıda Mənəviyyat” adlı qurum yaratdı. BKB rəhbərliyi olaraq, mən və təşkilatın sədr müavini Xanlar İbrahimov ona layiq olduğu cavabı verdik ki, Bakı adından ancaq bakılı ziyalılar, tanınmış şəxslər danışa və təşkilat yarada bilərlər.

Bir müddət sonra bu adam "Talış Azəri” Birliyi yaradaraq, başqa bir regionun başbiləni kimi ortaya düşdü.

Cənub bölgəsinin Həzi Aslanov kimi tanınmış çoxsaylı şəxsiyyətləri var. Amma bir tərəfi laçınlı, bir tərəfi şuşalı olduğu bildirilən şəxs hansı məqsədlərə görə isə, mənim nəzərimdə xalqımızın parçalanmasına yönələn birlik yaratdı.

Milli Şura ilə BKB arasındakı məsələ ortaya çıxan kimi bəyan elədilər ki, bunu jurnalistlər edib. Halbuki, Natiq Cavadlıya təkzib verdirmək olardı, amma bunu etmədilər.

Eldəniz Quliyev fikrini bildirmək istəyən insanlara şər-böhtan yağdırmaqla məşğuldir. Bu şəxs mənim, Hacıbaba Əzimovun, VİP-nin sədr müavininin, Mirzə Sakitin haqqında təhqiramiz fikirlər səsləndirdi ki, biz abrımıza qısılıb susaq. Mən onun təhqirləri səviyyəsinə enmək istəməsəm də, ona deməliyəm ki, sən sözün bütün mənalarında, olsa-olsa balıq tutmaq üçün qarmağa keçirilən soxulcansan.

Əli Kərimlinin nəzarətində olan «Azadlıq» qəzetinin 23 yanvar 2003-cü il sayında 150 nəfər ziyalının imzası ilə Eldəniz Quliyevin böhtançı mahiyyətini ifşa edən açıq məktub dərc edilmişdi, Kərimli bunu unutmasın. Eləcə də Eldəniz Quliyevin qardaşı oğlu Aqil M.Quliyevin açıqlamalarını unutmaq olmaz.

- Sizcə, bu prosesdə Əli Kərimlinin iştirakı hansı səviyyədədir?

- Düşünürəm ki, bütün bunların arxasında Əli Kərimli dayanır. Kərimlinin hazırki vəziyyətində onun haqqında danışmaq mənə yaraşmaz. Amma mən məcburam ki, bəzi xırda detallara diqqət çəkəm. Bununla, həm də ona sonuncu xəbərdarlığımı edirəm ki, bir də mənim üçün müqəddəs olan mənəvi dəyərlərlə əlaqədar Milli Şurada, «Azadlıq» qəzetində əsassız fikirlər işlədilsə, onunla məhkəmədə görüşəcəyəm. Ondan da əvvəl bildiklərim həqiqətləri ictimailəşdirəcəyəm ki, «Yurd həqiqətləri” onun yanında toyagetməli olacaq.

2008-ci ildən bu yana Əli Kərimliyə görüşmək xəbərini dəfələrlə göndərsəm də, məndən gizlənir. Çünki mənimlə üz-üzə gəlməkdən qorxur, mənimlə danışmağa faktı yoxdur. Bilir ki, söhbət zamanı mənim səsləndirdiym arqumentlərin qarşısına heç bir fakt çıxara bilməyəcək.

2008-ci ildə Rüstəm İbrahimbəyova qarşı «Azadlıq» qəzeti böyük kampaniyaya başlamışdı. Həmin kampaniyada Bakı və bakılılar da təhqir olunurdu. O zaman Rüstəm İbrahimbəyovun hüzuruna Tiflisə dizin-dizin sürünərək gedənlər , "Ya Rüstəm, ya Rüstəm” deyənlər niyə susurdular? Çünki onda deputat mandatı, mənzillər, imtiyazlar var idi.

Rüstəm və bakılılar təhqir olunan yazılara görə etirazımı bildirəndə "Azadlıq” qəzetinin əməkdaşı Azər Əhmədov mənim üstümə bağırırdı.

Digər bir qəzetdə Rüstəm və Bakı təhqir olunanda, mənim yazdığım cavab üçün 500 manat tələb edən, məni döymək istəyən şəxs AXCP-nin Ali Məclis üzvü idi. Əli Kərimli bunu çox yaxşı bilirdi…

- Kimi deyirsiniz, ad çəkə bilərsiniz?

- Ona yazığım gəlir, həbsdən yeni çıxıb. Bu səbəbdən də ad çəkmək istəmirəm.

Əli Kərimli ətrafındakı adamları yığışdırmasa, hər şeyi açıqlayacağam. Getdikləri xarici səfirliklərin yolunu da tanıyıram, onların əməlləri barədə inandırmaq qabiliyyətim də var. Ona görə də özlərini yığışdırsınlar!

Bu adamlar istəyirdilər ki, bakılılardan istifadə edib Milli Şuranı hakimiyyətə gətirsinlər. Mən rəsmi olaraq bildirirəm ki, bizim kəndlərimizə ağsaqqalı hər kəndin öz əhalisi seçir, heç kim kənardan bizə ağsaqqal təyin edə bilməz. O cümlədən də mənasız Milli Şura.

Sonda Mehman Əliyev və Rafiq Manaflıya da sözümü demək istəyirəm.

Mehman Əliyev şəxsən mənə Bakı kəndlərində söhbət etmək üçün iki normal adam tapmadığını, yaşadığı Buzovna kəndinin camaatının qorxaq olduğunu və özünü Qara Qarayevdən böyük adam hesab etdiyini bildirib.

Buzovna ağsaqqalları, ictimaiyyəti mənə səlahiyyət veriblər ona çatdırım ki, əgər hünəri çatırsa gəlib bu sözü Buzovnada desin və cavabını alsın.

Mənim isə cavabım ondan ibarətdir ki, əgər Milli Şura hakimiyyətə gəlsəydi, cavanlığında gitara dınqıldadan Mehman Əliyev yəqin ki, dünya səviyyəsində Qara Qarayevin yox, özünün yubileyini keçirərdi.

AXC, AMİP, VHP kimi partiyaları dəyişən Rafiq Manaflıya isə sözüm odur ki, səviyyəsinə, savadsılığına, siyasi satqınlığına uyğun fikirlər bildirməsin.. Rəsulzadənin, Mirzəbala Məmmədzadənin ən yaxın qohumları onun fikirlərinə kəskin narazılıqlarını bildirmək səlahiyyətini mənə veriblər. Həm də nə yaxşı ki, bu adamlar toplusu hakimiyyətə gəlməyiblər, onda vay Azərbaycanın halına…





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}