23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
Nəsimişünas: “Ədəbiyyat müəllimi, dilçi və tarixçilərimiz Nəsimini orijinaldan oxuya bilmirsə...” - Müsahibə
Tarix: 26-01-2019 22:47 | Bölmə: Müsahibə
Nəsimişünas: “Ədəbiyyat müəllimi, dilçi və tarixçilərimiz Nəsimini orijinaldan oxuya bilmirsə...”

Vüsal Hətəmov: “Ali məktəblərdə dilçilər, ədəbiyyatçılar, tarixçilər əski əlifbanı mükəmməl bilməli, orta əsrlər dövr tarixi və klassik ədəbiyyatımız ərəb-fars dilində yazıldığı üçün ərəb-fars dillərini bilməlidirlər”

Bildiyimiz kimi, Prezident İlham Əliyev sərəncam verərək 2019-cu ili “Nəsimi ili” elan edib. Ölkə başçısının məlum sərəncamı bundan xəbər verir ki, bu il Nəsimi ilə bağlı bir sıra müvafiq mədəni tədbirlər həyata keçiriləcək. Mövzu ilə bağlı şərqşünas-yazar, Nəsimişünas Vüsal Hətəmov fikirlərini “Reytinq”lə bölüşüb:

- Vüsal müəllim, Nəsimi ilidir. Dəfələrlə KİV-də bildirmisiniz ki, Nəsimi irsi yenidən tədqiq olunmalıdır. Bu hansı zərurətdən doğur?

- Bəli, ölkə başçısı 2019-cu ili “Nəsimi ili” elan edib. Bu, nəsimisevərləri çox sevindirdi. Bilirsinizmi, sovet dövründə bizim klassik mütəfəkkirlərimiz, əsasən, dilçilik cəhətdən tədqiq olunurdu. Bunun da səbəbi budur ki, o dövrün tələblərinə görə, tədqiq olunan mütəfəkkirlər ateizm çərçivəsinə salınmalı idi. Odur ki, Nəsimi və bir sıra klassik dövr şairlərin fəlsəfi dünyagörüşləri haqda araşdırmalar elə araşdırmaçıların masasında, əlyazması şəklində qalırdı. Hazırkı dönəmdə isə müstəqil dövlət olduğumuzdan əl-qolumuz açıqdır. Bu bizə imkan verir ki, klassiklərimizin dünyagörüşünü olduğu kimi ictimaiyyətə çatdıraq.

- Dərsliklərə nəzər saldıqda Nəsimi ilə bağlı təfsilatlı məlumat almaq olmur. Səthi yanaşmalar çoxdur. Bu barədə nə deyə bilərsiniz?

- Ədəbiyyat müəllimi, dilçi və tarixçilərimiz Nəsimini öz əlyazmasından, orijinaldan oxuya bilmirsə, hansı məlumatdan danışa bilərik ki?! Ali məktəblərdə dilçilər, ədəbiyyatçılar, tarixçilər əski əlifbanı mükəmməl bilməli, orta əsrlər dövr tarixi və klassik ədəbiyyatımız ərəb-fars dilində yazıldığı üçün ərəb-fars dillərini bilməlidirlər. Tək Nəsimi deyil, Nizami, Xətai, Füzuli, Sabir, Seyid Əzim, bunlar hamısı ərəb əlifbası ilə yazılıb. Biz isə tarixi Avropa tarixçilərinin, Avropa şərqşünaslarının tədqiqat əsərlərindən oxuyuruq. Onlar da bizə bəzi məqamlarda istədiklərini sırıyırlar.

- Necə düşünürsünüz, müstəqil dövlətimiz yeni “Nəsimi” filmi çəkə bilərmi? Ümumiyyətlə, bu yükü kim boynuna götürə bilər?

- Əgər yeni “Nəsimi” filmi çəkilərsə, inanmıram ki, maraq baxımından köhnə “Nəsimi” filmini üstələyə bilsin. Köhnə “Nəsimi” filmi ssenari cəhətdən, həmçinin aktyor oyunları cəhətdən çox mükəmməldir. Amma Nəsiminin əsl fəlsəfəsini anlamaq üçün düşünürəm ki, yeni “Nəsimi” filmi çəkmək lazımdır. Şəxsən mən, Allahın iznilə, 6 aya Nəsimi dünyagörüşünü ehtiva edə bilən mükəmməl ssenari ortaya çıxara bilərəm.

- Bir məsələyə də diqqət ayırmanızı istərdim. Bildiyiniz kimi, cəmiyyətimizdə sanki kitaba meyl azalıb. Əksəriyyətin Nəsimi ilə bağlı fikri filmə əsasən formalaşıb. Filmdəki Nəsimi ilə gerçək Nəsimi arasındakı fərq maraqlıdır.

- İnsafla danışsaq, “Nəsimi” filmi əla çəkilib. Mübaliğə olsa da, qeyd edim ki, hörmətli Rasim Balayev Nəsimini elə Nəsimi kimi də oynaya bilib. Amma sözügedən filmin bir çatışmazlığı var. Həmin film Nəsiminin dünyagörüşündən çox qəhrəmanlığını əks etdirir. Nəsiminin əsl fəlsəfəsi demək olar ki, açılmır.

- Nəsimi fəlsəfəsi deyəndə hansı orijinallıq, unikallıq nəzərdə tutulur? Elə götürək şairin “Məndə sığar iki cahan...” qəzəlini. Burada Nəsimi “iki”, yoxsa “ikən” deyir?

- Sovet materializm fəlsəfəsinə görə, bir dünya olduğundan, Nəsimi də o cür təbliğ olunmalı idi. Halbuki mən Nəsimiyə aid əlyazmalarda “iki” sözü ilə rastlaşmışam. Nəsimi tanrıçı olduğu üçün hər iki dünyanın mövcudluğunu qəbul etmişdir.

- Mən özüm Nəsimi şəxsiyyətinə, yaradıcılığına vurğun olan şəxslərdənəm. Amma təəssüflə qeyd etməliyəm ki, ölkəmizdə Nəsimi şəxsiyyəti və yaradıcılığını yetərincə dərk etməyənlər çoxdur. Sizcə, bu, nəyin nəticəsidir?

- Əvvəlki sualda səthi olaraq bu suala toxundum. Dediyim kimi, bizim ədəbiyyat mütəxəssisləri klassik dövr şəxsiyyətlərini rus-avropa tədqiqat əsəsrlərindən oxuyurlar. Avropalı bizim klassiklər haqda nə deyibsə, bizim mütəxəssislər də ondan kənara çıxa bilmirlər. Mən bir neçə tarix və ədəbiyyat müəllimləri ilə bu haqda müzakirələrə qoşulmuşam, inanın ki, heç biri orta dövr əsərlərini əlyazmasından oxuya bilmir. Düzdür, ali məktəblərdə ədəbiyyat nəzəriyyəsini, ədəbi incəlikləri tələbələrimiz gözəl mənimsəyir, amma görünür, əski əlifba, ərəb-fars dilləri filologiya və tarix ixtisaslarında yetərincə tədris olunmur. Bu isə tariximizə, ədəbiyyatımıza biganə yanaşmaq deməkdir.

- Bir məqama toxunmaq istərdim. Əslində, sualım sizə yad deyil. Çünki dəfələrlə bu barədə, istər mediada, istər sosial şəbəkələrdə, istərsə də tədbirlərdə müzakirələrə qoşulmusunuz. Ölkəmizdə bəzi şəxslər, hətta kifayət qədər tanınmış şəxslər Nəsimi əleyhinə çıxışlar edirlər. Bunun arxasında hansı məqamlar dayanır? Nəsimini dərk etmirlər, yoxsa başqa məqamlar var?

- Yarıciddi, yarızarafat da olsa, deyim ki, Nəsimi başa düşülsəydi, elə öz dövründə başa düşülərdi. Nəsimini başa düşmək üçün ürfan nəzəriyyəsini, dinlər tarixini, Quran terminogiyasını mükəmməl bilmək lazımdır. Bildiyimiz kimi, Nəsiminin dünyagörüşü başa düşülmədiyi üçün İslamın 3 böyük məzhəb alimi tərəfindən küfr elan edilmiş və edamına fərman verilmişdir. Nəsimi, əslində, Əhli-beyt şairi idi. Həmin dövrdə isə Əhli-beyt ardıcılları mövcud dini-siyasi rejim tərəfindən “rafizi”, kafir, müşrik adlanaraq təqib edilirdi. Nəsimi də qorxmadan şeirlərində onların adını çəkir, onları kamil insan nümunəsi kimi təqdim edirdi. Məsələn, “Xake dəre əhlibeytəm”, yəni “Əhli-beytin qapısının tozuyam”,- deyir, onu edam edənləri “şul pustimi soydu Yezid Mərvanilər”,- deyərək “Yezid-Mərvanilər” adlandırırdı.

Yadımdadır, 2014-2015-ci illərdə Hələbdə Nəsiminin qəbrinin radikal islamçılar tərəfindən dağıdılması təhlükəsi yaranmışdı. Həmin ərəfədə Milli Məclis deputatlarımızdan biri mətbuatda açıqcasına əvvəlcə İŞİD-in terror təşkilatı olmadığını deyir, sonra isə Xətaiyə, Füzuliyə düşmən kimi yanaşır, bir az da irəli gedərək Nəsimini cahil adlandırır. Yəqin ki ictimai təpki hiss etməsəydi, Nəsimini dinsiz və kafir də adlandıracaqdı. Həmin radikal islamçı cərəyan tərəfdarları eyni əqidə ilə 600 il öncə Nəsiminin həyatını təhlükəyə salaraq onu edam etdirdilər.

- “Var cahil insan, kamil insan.” Nəsimi insanları niyə iki yerə bölürmüş?

- Nəsimi haqqı olduğu kimi dərk etməyənləri, güman əhlini cahil adlandırırdı. Məsələn:

Qeyb və gümandan özgə ey zahid urma dəm ki,
Həqqülyəqin buldum, tərk eylədim gümanı.
Mənsur ənəlhəqq aydır, yəni ki, həqq mənəm, həqq,
Həqq çun əyanmış, gör, kim görmüyə əyanı.

- “Zahidin bir barmağını kəssən, dönüb həqdən qaçar...” Nəsimi din adamlarına niyə nifrət edirdi?

- Əsərlərinə baxdıqda, Nəsimi üçün kamil insan Peyğəmbər və onun tərfdarları idi. Nəsiminin belə bir qafiyə ilə şeiri var: “Qibləgahımdır Məhəmməd, səcdəgahımdır Əli!". Bu onu göstərir ki, Nəsimi ilahi adamları deyil, din adından istifadə edənləri ifşa edir, onlara nifrət edirdi.

- Nəsimi özünə Allah deyirdimi? Məsələn, “Ənəlhəqq!” sözünü necə başa düşək?

- “Ənəlhəqq”... Yəni mən haqqam. Allah-taala insanı Yer üzünün əşrəfi qərar verib. Kim insana ehtiram göstərmirsə, elə Yaradana ehtiram etmir. Nəsimi o dövrün riyakar məmurlarına, din adından istifadə edən din rəhbərlərinə mesaj çatdırırdı ki, insan Allahın nişanəsidir. Allah maddi gözlə görünmür. İnsan isə nişanə olaraq görünür. Sən, ey din adından danışan qazi, başçı, sən aydın nişanəyə, hörmət bəsləmirsənsə, heç Allaha da ehtiram bəsləmirsən. “Ənəlhəqq” – haqq mənəm, iliahi təcəlla mənəm. Mənə, yəni insana hörmət əsl Haqqa hörmət deməkdir. Əslində, müqəddəs dinlərə görə də insana ehtiram bəsləməyən yeganə varlıq şeytan olmuşdur. Nəsimi bunu bir şeirində çox gözəl tərənnüm etdirmişdir:

Haqq Təala varlığı adəmdədir,
Ev onundur, ol bu evdə dəmdədir,
Bilmədi şeytan bu sırrı, gamdadır,
Ol səbəbdən ta əbəd matəmdədir.

- Nəsimi fəlsəfəsində eşq sözlərinə çox rast gəlirik.

- Nəsimi eşq şairi idi. Allahı tanımaq üçün də eşqdən başqa digər yolu, yəqin ki qəbul etmirdi. Məsələn, bu şeirinə diqqət edək:

Eşq ilə gəldi cəmi-ənbiya,
Eşqdir seyrü süluki-övliya,
Eşq ilə yola girərlər biriya,
Eşq ilə vasıl olurlar tanrıya.

- Mətbuatda Nəsimi haqda kitabınızdan danışımısınız. Nə vaxt oxucuların öhdəsinə vermək fikrindəsiniz?

- Bəli, Nəsimi haqda kitabı bu il çapa verəcəyimə söz vermişəm. Hazırda texniki məsələlər, əsasən, maddi problemlər cəhətdən bir qədər gecikir. İnşallah, inanıram ki, yaxın zamanlarda işıq üzü görər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}