23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Qubad İbadoğlu: “Problemli kreditlərlə bağlı hüquqi baza formalaşdırılmalıdır” - Müsahibə
Tarix: 09-02-2019 10:59 | Bölmə: Müsahibə / Slayd
Qubad İbadoğlu: “Problemli kreditlərlə bağlı hüquqi baza formalaşdırılmalıdır”

İqtisadçı alim deyir ki, bir sıra ölkələrdə kreditləri qaytarmaq imkanı olmayan fərdi şəxslər məhkəmə yolu ilə müflis elan olunur, ya onlara krediti qaytarmaq üçün uzun müddət verilir, ya da ümumiyyətlə, ödənişdən azad edilirlər

“Əmanətlərin tam sığortalanması haqqında” Qanunda dəyişikliyin edilməsi nəzərdə tutulur. Dövlət başçısı bununla bağlı layihəni artıq Milli Məclisə göndərib. Sənədə əsasən, əmanətlərin tam sığortalanması 2020-ci ilin mart ayının 4-ə qədər uzadılır.

Reyting.az
-ın suallarını cavablandıran iqtisadçı alim Qubad İbadoğlu deyir ki, bu dəyişikliyə ehtiyac vardır:

- Əks təqdirdə martın 1-dən etibarən məbləğinə görə limitsiz olan depozitlərin 3 illik sığortalanması qüvvədən düşəcək.

Avtomatik olaraq 30 min manatadək olan əmanətlər, ya da 30 min manatın ekvivalentində olan dollarla depozitlər sığortalanır.

Əgər qanunda dəyişiklik edilib, müddət uzadılmazsa, onda əmanətlərin geri çəkilməsi və yaxud əmanətlərin götürülüb, yenidən hissələrə bölünməklə yerləşdirilməsi prosesi başlaya bilər.

- Əmanətlərin tam sığortalanmasının 2020-ci ilin mart ayının 4-nə qədər uzadılması əmanətçilərin bankalara etimadı və əmanətlərin qorunması üçün yetərlidirmi?

- Sadəcə, 1 il üçün etibarlı olacaq. Amma bütövlükdə banklara olan etimadın təminatı baxımından ciddi əhəmiyyət kəsb etməyəcək.

- Qubad bəy, bəzi mütəxəssislər bildirirlər ki, əgər bu müddət uzadılmasa, Azərbaycanın bank sistemi çökəcək. Problemin həlli üçün Sizin təklifiniz nədir?

- 02 mart 2016-cı il tarixindən etibarən Fonda üzv banklara qəbul edilən əmanətlər 3 il müddətinə tam sığortalanıb və kompensasiya olunub. Odur ki, bu müddət başa çatanadək qanunda dəyişiklik edilməzsə və müddət uzadılmazsa, o halda əmanətlərin kütləvi şəkildə geri çəkilməsi prosesi müşahidə oluna və banklar böyük zərərlə qarşılaşa, eyni zamanda ajiotaj yarana bilər ki, bu da banklara olan inamı sarsıdar.

- Manatın devalvasiyasından sonra banklarla yanaşı krediti olan əksər vətəndaşlar da problemlə üzləşib, borclarını ödəyə bilmirlər. Problemli kreditlərin həlli üçün hazırda ən asan çıxış yolu kimi nəyi görürsünüz? Dövlət bu məsələdə hansı məsuliyyəti üzərinə götürməli, banklar hansı güzəştlərə getməlidir?

- Problemli kreditlərin idarə olunması ilə bağlı bir struktur yaradılmalıdır. Ola bilər ki, bu, Mərkəzi Bankın, yaxud Maliyyə Bazarlarına Nəzarət Palatasının nəzdində olsun. Bunlar ilk növbədə analitik araşdırmalar aparmalıdırlar. Bilinməlidir ki, problemli kreditlər hansı valyutada daha çoxdur, onun nə qədərinin qaytarılmasına ümid var, nə qədəri ümidsizdir. Yaxud hansı məbləğləri əhatə edən kreditlər nə qədər çəkiyə malikdir, problemli kreditlərin nə qədəri banklaradır, nə qədəri bank olmayan kredit təşkilatlarınadır. Bütün bu analizlərdən sonra hüquqi baza formalaşdırılmalıdır.

Bir sıra dünya ölkələrində kreditləri qaytarmaq imkanında olmayan fərdi şəxslər məhkəmə yolu ilə müflis elan olunur, ya onlara krediti qaytarmaq üçün uzun müddət təyin edilir, ya da ümumiyyətlə, ödənişdən azad edilirlər. Azərbaycanda da bu praktikanın tətbiqi zəruridir, bir şərtlə ki, məhkəmələrin müstəqilliyi, korrupsiya və rüşvətdən uzaq fəaliyyəti təmin olunsun. Çünki indiki şəraitdə mənim narahatlığım var ki, məhkəmələr bu kimi hallarda vətəndaşların xeyrinə qərar çıxarmasınlar.

Dövlətin problemə birbaşa müdaxiləsi müxtəlif variantlarda mümkündür. Mümkündür ki, kreditin məbləğinə uyğun olaraq, dövlət hesabına ödəniləcək hissəyə əmsallar tətbiq olunsun. Tutalım, belə ola bilər ki, həcmi 5 minədək olan kreditlər aztəminatlı təbəqələri əhatə etdiyinə görə ödənişlərdən azadolma faizi həcmi 10 minədək olan kreditlərdən daha yüksək olsun. Bundan əlavə, xarici valyutada olan kreditlər üçün ödənişdən azadolma faizi manatla götürülənlərdən çox olmalıdır. Çünki devalvasiyalara görə xarici valyuta ilə kredit götürənlərin xərci daha çox ağırlaşıb.

Lakin bunu da nəzərə almaq lazımdır ki, bankların rəhbərliyində olan şəxslər yaxın çevrələrinə çoxsaylı və irihəcmli kreditlər veriblər. Hazırda qayıtmayan kreditlərin böyük hissəsi məhz belə kreditlərdir. Kimsə bankdan kredit götürüb özünə xaricdə villa tikdiribsə, bunun yükünün dövlətin üzərinə qoyulmasını düzgün saymıram. Bağlanan banklarda üzə çıxan faktlar göstərir ki, belə hallar kifayət qədərdir.

Eləcə də iş yerini itirdiyinə görə kredit borcunu ödəyə bilməyənlərə kreditin məbləğindən asılı olaraq 1 ildən 3 ilədək əlavə vaxt verilməlidir ki, onlar da iş axtarıb tapandan sonra kreditlərini qaytara bilsinlər. Eyni zamanda yüksək riskli kreditlərin verilmə prosesi dayandırılmalıdır və belə hallara yol vermiş bankların itkiləri kompensasiya edilməməlidir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}