23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Prorektor: Dillər Universitetindəki qalmaqalı məhkəmələr araşdıracaq - Müsahibə
Tarix: 21-02-2019 19:52 | Bölmə: Müsahibə
Prorektor: Dillər Universitetindəki qalmaqalı məhkəmələr araşdıracaq

Professor Əfqan Abdullayev: “Universitetdə aparılan islahatların qiymətini zaman verəcək. Kim nə yazır, yazsın”

Son günlər Azərbaycan Dillər Universiteti (ADU) və onun rektoru akademik Kamal Abdulla barəsində müxtəlif saytlarda tənqidi yazılara tez-tez rast gəlinir. Həmin yazıların bir qismi bir müddət əvvəl ADU-dan xaric edilmiş əməkdaşlar Vüsalə Ağabəyli və Pərvin Mürsəlovanın şukayətləri əsasında hazırlanır. Daha çox K. Abdullanın hədəfə alındığı məqalələrdə bəzən etik normalar da gözlənilmir. Bu səbəbdən də ADU-nun Elmi Şurası müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə məhkəmələrə müraciət etmək qərarı verib.

Adıçəkilən ali məktəbin tədris işləri üzrə prorektoru, professor Əfqan Abdullayev isə ADU-nun mətbuat xidmətinə müsahibəsində deyib ki, yazılanlar həqiqəti əks etdirmir, qərəzli və böhtan xarakterlidir.

Reyting.az Əfqan Abdullayevin müsahibəsini təqdim edir:

- Əfqan müəllim, son vaxtlar saytlarda Azərbaycan Dillər Universiteti haqqında əsassız, böhtan xarakterli məqalə və müsahibələr dərc olunur. Bu yazıların müəllifləri Vüsalə Ağabəyli və Pərvin Mürsəlovadır. Bütün bu qarayaxma kampaniyası universitet rəhbərliyini və kollektivi qəsdən gözdən salmağa cəhddir. Bütün bunlar haqqında nə düşünürsünüz?

- Bəli, son bir həftə ərzində, hətta bir az da ondan əvvəl Azərbaycan Dillər Universiteti haqqında müxtəlif sosial şəbəkələrdə, müxtəlif internet saytlarında xoşagəlməz, iftira, böhtan xarakterli yazılar gedib. Buna çox təəssüf edirəm. Bu yazıları əsasən iki istiqamətə bölmək olar:

1. Bu yazılarda onun müəlliflərinin dəst-xətti açıq-aydın hiss olunur.

2. Tədrisdən daha çox, bu insanlar öz şəxsi məqsədləri üçün universitet haqqında qarayaxma kampaniyasına başlayıblar.

Ümumiyyətlə, bilmək istərdim ki, yazı müəllifləri təhsil ekspertləridir, yoxsa Dillər Universitetinin tədris siyasətini bilirlər? Yoxsa ADU-da tədris sahəsində həyata keçirilən layihələrdən xəbərləri var? Nə vaxtdan onlar tədrisi analiz ediblər?

Sizə bir neçə rəqəm demək istəyirəm. Məsələn, əgər 2016-2017-ci tədris ilində tələbələrin müvəffəqiyyət faizi, yəni imtahanda kəsilənlər 25 faiz təşkil edirdisə, 2017-2018-ci tədris ilində bu 20 faizə düşüb. Axırıncı semestrdə ADU-nun 6700 tələbəsinin 86 faizi imtahanlarda müvəffəqiyyət göstəricisinə nail olublar. Yəni cəmisi 12 faiz tələbə imtahandan kəsilib, 4 faiz tələbə isə imtahanda üzürlü səbəbdən iştirak edə bilməyib. Bu, müvəffəqiyyət tərəfidir. İnkişaf, dinamika artıq göz qabağındadır.

İkincisi, keyfiyyət tərəfidir. Bəlkə də ADU-da vaxtilə keyfiyyət olmayıb. 2014-ci ilin may ayına qədər mən ADU-da dekan işləmişəm. 2015-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya Komissiyası universiteti akkreditasiyadan keçirmədi. 60 ixtisas akkreditasiyadan keçməmişdi. Bircə ingilis dili müəllimliyi ixtisası istisna olmaqla. Niyə keçmədi? Çünki o vaxt tədrisin vəziyyəti həmin ixtisasların akkreditasiyadan keçməməsinə gətirib çıxarmışdı. Axırıncı akkreditasiya noyabrın əvvəlində olub. Bir ay ərzində Təhsil Nazirliyinin səlahiyyətli Komissiyası Dillər Universitetində yoxlama aparmış, bütün sənədlər Təhsil nazirinin akkreditasiya haqqında müvafiq sənədlərinin tələblərinə cavab vermiş, sonuncu kurs tələbələri imtahanları yüksək səviyyədə vermişlər. Akkreditasiya Komissiyası çox müsbət rəylə universitetdən ayrılmışdır.

İkinci bir tərəf universitetimizin məzunları haqqında, guya keyfiyyətin aşağı olması haqqındadır. Bəs son bir ildə kəsilən tələbələrin sayının 26 faizdən 14 faizə düşməsi nədir? İnkişafdır, yoxsa yox? Keyfiyyət vahidi yuxarı qalxıb. ADU-da müvəffəqiyyət faizi 47-dir. Yəni əla və yaxşı oxuyanların faizi budur. Bu rəqəm 47-dən son imtahanda 59 faizə qalxıb.

Universitetdə görülən başqa işlərlə bağlı da danışım. Təhsil Nazirliyinin kollegiyasında qeyd olunub ki, son 2 il ərzində universitetimizdə 55 nəfər fəlsəfə doktoru elmi dərəcəsi alıb. Bizim universitet sayda tələbəsi olan və tələbləri bizdən az olan universitetlərlə müqayisə etsək, bu göstərici ən yaxşı halda Sumqayıt Dövlət Universitetində 23 nəfər olmuşdur. Bizdə isə 55 nəfərdir. Elmlər doktoru elmi dərəcəsi alan 5 nəfər olub. Yüksək impakt faktorlu “Web of Science” jurnalında çap olunan məqalələrimizin sayı 129 olub. BDU-nu çıxmaq şərtilə, başqa universitetlər bizim universitetdə çap olunan məqalələrin 50 faizi qədər məqalə çap ediblər.

Beynəlxalq əlaqələrə gələk. Bilirsiniz ki, bu yaxınlarda Təhsil Nazirliyinin böyük bir konfransı olacaq. Orada beynəlxalq əlaqələrin gücləndirilməsi və təhsil mühitinin beynəlmiləlləşdirmə məsələsi müzakirə olunacaq. Bizdən də 1 nəfər təqdimatla çıxış edəcək. Artıq təqdimat hazırdır, Nazirliyə göndərəcəyik. Son 1 il ərzində mütəxəssis kimi ADU-dan xaricə 25 nəfər dəvət olunub. Son 1 il ərzində xaricdən bizə dəvət olunan müəllimlərin sayı 18 nəfərdir. Mübadilə proqramlarında 20 nəfər müəllimimiz, 28 nəfər tələbəmiz iştirak edir. Xarici tələbələrimizin sayı 102 nəfərdir. Yadıma gəlmir ki, ADU-nun müəllimləri staj keçmək üçün xaricə getsinlər. Amma akademik Kamal Abdulla rektor gələndən sonra xaricdə staj keçmə – ixtisasartırma kurslarına Avropa universitetlərindən tutmuş keçmis SSR məkanında olan universitetlərə qədər gedən müəllimlərimizin sayı 26 nəfərdir. Bu qədər faktları bilə-bilə necə ola bilər və adamın dili necə dönə bilər ki, ADU-da keyfiyyət yoxdur desin? Bu qədər faktların qarşısında necə demək olar ki, tədrisin keyfiyyəti ölüb, müəllimlərimiz ingilis dilində danışa bilmir.

- Təəssüf ki, bu sözü universitetdə dekan vəzifəsini tutan, daha sonra vəzifəsinin öhdəsindən gəlmədiyinə görə işdən uzaqlaşdırılan Vüsalə Ağabəyli və çoxsaylı nöqsanlarına görə əmək müqaviləsinə xitam verilən müəllimə Pərvin Mürsəlova deyir…

- Təqdimatları da var. Hər ikisinin haqqında əsas kimi prorektorun təqdimatı göstərilib. Bu qədər faktların qarşısında necə deyə bilərsən ki, Dillər Universitetində tədrisin keyfiyyəti ölüb, məzunlarımız ingiliscə danışa bilmir. Əlbəttə, mən də bir faktla razı ola bilərəm ki, dünyanın heç bir universitetini bitirən 100 məzunun 100-ü də yüksək keyfiyyətdə olmur. Amma əlahiddə bir rəqəm var. Mən dedim ki, 57 faiz tələbəmiz son imtahan sessiyasında 4 və 5 qiymətləri alıb. Magistraturada müvəffəqiyyət göstəricimiz 508 tələbədən 93 faizdir. Magistraturada keyfiyyət göstəricisi isə 86 faizdir. 100 nəfər tələbənin 86-sı 4 və 5 qiymətlərlə oxuyur. Budurmu keyfiyyətsizlik? Yoxsa keyfiyyətdir? İlahi həqiqət deyilən bir şey var, mən həmişə öz çıxışımda, öz fikrimdə, öz rəyimdə bunu saxlamışam. İnsan səhv edə bilər, amma haqqı, ədaləti keçmək olmaz. Mən universitetin qapısından içəri girəndə ailəmdə və qohumlarımda olan problemləri universitet müstəvisinə keçirmirəm. Çünki bura dövlət müəssisəsi, hamının məbəd saydığı ali təhsil müəssisəsidir. Bu müəssisə məndən əvvəl də mövcud olub, məndən sonra da mövcud olacaq. Dillər Universiteti mənimlə yaşamır ki? Eləcə də ADU-nun 700-ə yaxın professor-müəllim heyəti. Bura insanlar gəliblər, gediblər. Gələcəklər də, gedəcəklər də. Amma bu universitet haqqında şər, böhtan yazmaq, olmayan müddəalar irəli sürmək nə hüquqi müstəviyə, nə də mənəviyyata uyğun gəlir. Pərvin Mürsəlovanın müdafiəsinə ehtiyacım yoxdur. Dekan olanda tələbəm olub. Təkcə Pərvin Mürsəlovanın yox, 2800 tələbənin dekanı olmuşam. Nə qiymət verir, özü bilər, Allahı bilər. Mənim heç kimin müdafiəsinə ehtiyacım yoxdur. Universitet elə bir sistemdir və mexanizmdir ki, burada işdən çıxarlar da, işə girərlər də. Akademik Kamal Abdulla ilə mənim nə problemim ola bilər ki, bu haqda əsası olmayan şeylər yazırlar?

Azərbaycanda 52 universitet var. Kamal Abdulla o rektorlardandır ki, onun titulları heç bir rektorda yoxdur. Akademik, əməkdar elm xadimi, dövlət müşaviri, filologiya elmləri doktoru, professor… Hələ onun başqa titullarını saymıram. Belə bir insanın universitetə rəhbər kimi gəlməsi və rəhbərlik etməsi universitetin ancaq qazancı ola bilər. Universitet kollektivi Kamal Abdullanın potensialından bu cür istifadə etməlidir. Onun akademik, əməkdar elm xadimi, dövlət müşaviri, filologiya elmləri doktoru, professor olma potesialından istifadə etməlidirlər.

- Və bütün bunların yerinə rektora, görkəmli elm və dövlət xadiminə böhtan atırlar…

- Böhtan hamıya ata bilərlər. Mən Kamal müəllimi 1985-ci ildən, 34 ildir ki, tanıyıram. Kamal Abdulla yaradıcı, həmişə haqq-ədalətin tərəfində olan, ürəyində səmimiyyət olan insandır. Bunun müqabilində necə deyə bilərsən ki, mənimlə prinsip aparır? Əlbəttə, rəhbərin idarəetmədə müəyyən metodları vardır. Rəhbərin bir əlində su olar, bir əlində yanğın. Biri yananda, o birini söndürür. İdarəetmə metodu budur. Ağsaqqal kimi qəbul etdiyim bir insanla mənim nə problemim ola bilər? Prezidentin Sərəncamı ilə dövlət müəssisəsinə təyin olunan rektordur, vəzifəsinin icrası ilə məşğuldur. Ümumiyyətlə, problem bilirsiniz, nədədir? Problem ondadır ki, hər bir dəyişiklik, xüsusilə təhsil sahəsində olan dəyişiklik, böyük narazılıq və müxtəlif baryerlərlə qarşılanıb. Xüsusilə təhsil sahəsində dəyişikliyi böyük faciə ilə qəbul edirlər. Amerika Prezidenti Vudro Vilsonun belə bir sözü var ki, qəbiristanlığı bir yerdən başqa yerə köçürmək daha rahatdır, nəinki tədris planlarını və təhsildə islahat etmək. Niyə? Çünki 10 il, 15 il bir ritmlə gedən insanlara kimsə “stop” deyir. Xoşbəxt o insandır ki, olan dəyişikliklərdən özü üçün istifadə edib, inkişaf edir. Vay o kəslərin halına ki, bu dəyişiklikləri özlərinə faciə kimi qəbul edirlər. Mən bir daha deyirəm ki, Dillər Universitetinə şər-böhtan atmaq heç bir əndazəyə uyğun gəlmir. Mənim də heç kimin yazısına, müdafiəsinə ehtiyacım yoxdur. Mənim yaşadığım ömür onu göstərir ki, hamısını öz zəhmətimlə qazanmışam. Təhsil sahəsində müəyyən bir pilləyə çatmışam. Kim nə danışır, nə edir, xahiş edərdik, həmin insanlardan ki, getsinlər öz həyatları, işləri ilə məşğul olsunlar. Öz fikrimi deməyə intellektim də var, sözüm də. Cənab Prezidentin dediyi kimi: ən gözəl cavab görülən işdir. Çünki şərə, böhtana cavab verəndə həmin insanlar elə bilir ki, onların dedikləri bizi qıcıqlandırır. Şəxsən məni qıcıqlandırmır. Niyə? Nə istəyirsən, get yaz, amma mənim Pərvin Mürsəlovanın müdafiəsinə ehtiyacım yoxdur. Mənim haqqımda niyə yazırsan? Kamal Abdulla ilə nə problem var? Heç bir problem yoxdur.

- Sizin prorektorluq müddətinizin 2017-ci ildə başa çatması iddia olunur. Bu haqda nə deyə bilərsiniz?

- Harada yazılıb ki, prorektor müddəti seçkilidir. Azərbaycan Respublikasının Təhsil naziri Mikayıl Cabbarov məni bu universitetə prorektor kimi göndərib. Sonradan əmr imzalandı, rektor əvəzi oldum. Kamal müəllim gələndən sonra Mikayıl Cabbarovla razılıq olub ki, mən prorektor kimi qalım. Ceyhun Bayramovla da bu razılaşma olub. Söhbət Əfqan Abdullayevdən getmir. Bu universitetdə kimsə işləməli deyil? Bir ay da olsa, bir gün də olsa, bir il də olsa, mən işləyirəm. Sabah da kim olacaq, gəlib işləsin. Bu gün kimin prorektor olmağı önəmli deyil. Bu gün söhbət universitetdə tədrisdən, universitetə yaxılan şər-böhtan kampaniyasının layiqli cavabından gedir. Universitet rektoru müstəsna səlahiyyətlidir ki, hansı strukturda kimi hara qoysun, hansı struktur ləğv olunsun, yeni hansı struktur yaradılsın. Bu, universitet rektorunun səlahiyyətidir. Ona heç kimin qarışmağına ixtiyarı yoxdur. Qərarı verən də, ləğv edən də odur. Ola bilər, kimsə bununla razılaşmır. Bir nəfərin razılaşmamağı o demək deyildir ki, bütün kollektiv narazıdır.

Mən bu universitetdə 13 il dekan işləmişəm. 1999-cu ildən professoram. Bir tələbə deyə bilməz ki, kiminsə haqqını tapdalamışam. Bir müəllim deyə bilməz ki, kiminsə haqqında mənfi fikirdə olmuşam. Sadəcə, mən həmişə öz fəaliyyətimdə rəhbər tutmuşam ki, iş aparılmalıdır, universitet inkişaf etməlidir, universitet dünya təhsil arenasına inteqrasiya olunmalıdır. Bütün dövlət proqramlarında da bu göstərilir. Universiteti bizdən sonra gələnlərə yaxşı formada təqdim etməliyik. Amma biz arxivlə məşğuluq. Arxivlə arxiv işini quranlar məşğul olsun. 10 il bundan əvvəl filankəs nə demişdi, nə yazmışdı. Yazılanlar onsuz da tarixdə qalır. Ən çox Leninin haqqında yazırdılar. Ancaq sonda yadda qalan yaxşı və pis iş görməsi oldu. Ona görə də mən həmişə öz fəaliyyətimdə, öz işimdə, öz həyatımda bir fəlsəfədən çıxış etmişəm: məndən sonra nə deyəcəklər? Çalışıram, məndən sonra yaxşı deyənlərin sayı 51 faizdən çox olsun. 100 faiz istəmirəm.

Siz onu bilin ki, bu yazılardan istifadə edənlər var. Tək universitet daxilində yox, universitet xaricində istifadə edənlər var. Elə bilirsiniz, hamının Dillər Universitetinin inkişafından xoşu gəlir? Əlbəttə, gəlmir. Hamının gözü götürür ki, Dillər Universiteti son 2 ildə hansı dinamik inkişafla irəli gedib? Əlbəttə, yox. Amma biz indi oturub kimlərinsə fikirləri ilə, kimlərinsə qısqanclıq hissləri ilə işimizi qurmamalıyıq. Bizim üçün işimizdə mövcud olan müvafiq normativ hüquqi sənədlər vardır. Prezidentin proqramları, sərəncamları vardır. Təhsil haqqında Nazirlər Kabinetinin, Təhsil Naziliyinin qərarları var. Biz işimizi bununla görüb inkişaf etməliyik. Biz kiminsə xoşuna gəlmək üçün işləmirik. Biz dövlətin təhsil qarşısında qoyduğu məsələləri həyata keçirib Azərbaycan vətəndaşı yetişdirməliyik, əmək bazarı üçün ixtisaslı kadr verməliyik. Bizim kadrlarımız bəzi qarayaxmalardan fərqli olaraq, bu gün əmək bazarında tələb olunan kadrlardı. Ola bilər, 20 il sonra Dillər Universitetində ingilis dili ixtisasına ehtiyac olmayacaq. Artıq hamı ingilis dilində danışır. Amma bizim fərqimiz ondadır ki, biz ixtisaslı ingilis, alman, fransız dilli kadrlar, tərcüməçilər hazırlamalıyıq. Hər dil bilən tərcüməçi ola bilməz. Amma biz əmək bazarının keyfiyyəti nədirsə, əmək bazarı universitet qarşısında hansı tələblər qoyursa, tələb təklifdən çıxış edərək, öz işimizi qururuq. Sizə bir statistika deyim. Əgər bizim işimiz belə qurulmasa idi, cəmiyyətdə universitetin reytinqi belə yüksək olmasa idi, niyə qəbul imtahanı zamanı məzunların yığdıqları orta bala görə Dillər Universiteti birinci yerə çıxırdı? Çünki bu universitetdə tədris var, sağlam mühit var, tələbə haqqını qoruyanlar var, müəllimlər üçün, inkişaf etmək istəyənlər üçün münbit şərait var, haqq-ədaləti qoruyanlar var. Buna görə bura gəliblər. Azərbaycanda dil sahəsində bazarın tələbinin 60 faizi Dillər Universiteti tərəfindən ödənilir. Əgər pisdirsə, bazarda niyə qıtlıq yoxdur, əksinə, böyük rəqabət var? Çünki bizim kadrlara ehtiyac var. Niyə? Çünki keyfiyyətli kadrlardır. Amerika səfirliyinə dəfələrlə viza almağa gedəndə mən orada universitetimizin məzunlarını görürəm və o zaman ürəyim dağa dönür. Təkcə mən dekan olanda bu universiteti qurtarmış 10-dan çox tələbə və məzun Təhsil Nazirliyində çalışır. Onlar hansı keyfiyyətlərinə görə işə götürülüb? Keyfiyyətsiz təhsil aldıqlarına görə? Əlbəttə, yox. Özümə dəhşətli dərəcədə təhqir hesab edirəm ki, mənim adımı hallandırırlar. Mənim haqqımda müxtəlif şübhələr yayılır. Mən əməlimdə, hissimdə həmişə səmimi olmuşam. Sadəcə, bircə fərqim olub ki, düşündüyümü deyirəm. Amma çox təəssüf ki, başqaları bunu demir. Düşündüyünü demək insandan özü də bir cəsarət tələb edir. Heç vaxt kiməsə xoş gəlmək üçün çıxış etməmişəm. Mən heç zaman dəyərləri görüntü xatirinə kiməsə deməmişəm. Çünki bu ağır məsuliyyətdir, onu deyəndə fikirləşməlisən. Akademik, əməkdar elm xadimi, dövlət müşaviri haqqında söz demək üçün gərək ona bir az yaxın olasan. Mənim heç bir titulum olmaya-olmaya söz desəm, burda hansı mənəviyyatdan söz gedir? ADU-nun tədrisini qiymətləndirmək üçün gərək tədrisi biləsən. Pərvin Mürsəlova, Vüsalə Ağabəyli tədrisi bilirlər?!

- Amma özlərini bilmiş kimi qələmə verirlər…

- Nə olsun? Mən də deyərəm ki, mənə Nobel mükafatını veriblər. Söhbət faktdan gedir. Rektorluq strateji vəzifədir, rektor idarə edəndir, rektor böyük şeylərlə məşğul olur. Mənim işim lokal şeylərlə məşğul olmaqdır. Tədris üçün gərək laborantlıqdan gələsən. Mən gözümü yumum, kimdən xoşum gəlmir, əsaslı-əsassız ağzıma gələni danışım? Bu universitet Əfqan Abdullayev deyil. Universitet ailədir. Belə çıxır ki, mən öz ailəm haqqımda istədiyimi danışa bilərəm? Ailə qapalı bir dünyadır. Ailəm haqqında danışan insan məndən deyil. Universitet ailəmə girib danışırsan, sonra deyirsən ki, bu ailə axmaq ailədir. Xoşun gəlmir, get yaxşı ailəyə. Universitetdə aparılan islahatlardan 3-5 nəfərin xoşu gəlmirsə, işləməyək? Tarix elə bir təkzibolunmaz şeydir ki, hər şeyi yerinə qoyacaq. Ulu Öndərimiz Heydər Əliyevə qarşı çıxanlar hər kəsin yadındadır. Zaman göstərdi ki, Heydər Əliyev Azərbaycana gəlməsəydi, ölkə dağılmışdı. Mənim yadımdadır ki, Milli Məclisdən birbaşa yayım gedirdi. Heydər Əliyevin vaxtilə çörək verdiyi insanlar onun üzünə dururdular. Amma Allah nə etdi? Onu Azərbaycan xalqına qismət etdi. Bu gün Azərbaycanda stabillik var, inkişaf müsbət dinamika ilə gedir. Azərbaycanda 1 milyon 600 mindən çox iş yeri açılıb. Əhalinin sayı isə milyon yarım artıb. Dünyanın heç bir yerində belə bir şey yoxdu. Dillər Universitetinin və universitetdə aparılan islahatların qiymətini zaman verəcək. Kim nə yazır, yazsın. Özləri bilər, Allahları bilər. Universitet rəhbərinin mənim qarşımda qoyduğu siyasətə uyğun olaraq öz işimi görürəm. Mənim işimdə hansısa mənfi cəhətlər varsa, onu düzəltməyə, ona cavab verməyə hazıram. Amma düşünürəm ki, bütün xırda şeyləri kənara qoyub universitetin gələcəyi uğrunda, nüfuzumuzun daha da qaldırılması uğrunda çalışmalıyıq. Universitet rəhbərinin, hər bir əməkdaşın şərəf və ləyaqətinə xələl gətirən hər bir yazıya qarşı kəskin mövqedən çıxış etməliyik. Hətta bunun hüquqi müstəvidə həll olunması üçün mən də əlimdən gələni etməyə hazıram. Təki bu qanqaraldan söz-söhbətlər yığışdırılsın. Bizim universitetdə artıq tədris başlayıb. Yazılanları tələbələr də oxuyur, bizi gözü götürməyənlər də. Hüquqi dövlətdə yaşayırıq və bütün bunların hüquqi qiymətini alacaqlar. Bunlardan böyük məbləğdə təzminat almaq lazımdır. Onlar universitetin nüfuzuna xələl gətirməyə cəhd edirlər. Xələl gətirə bilməzlər. Çünki universitet bir adamla bağlı deyil. Buranın adı ADU ailəsi gedir. Jurnalistlərdən də xahiş edirəm ki, əsassız, şər-böhtan yağdırmaq kampaniyasına son qoysunlar. Bizim Elmi Şuranın da qərarı olub. Son qoyulmayacaqsa, tezliklə məhkəməyə müraciət etmək lazımdır. Şəxsən mənim haqqımda yazılanlara görə hüquq mühafizə orqanlarından tələb edəcəyəm ki, o nə ixtiyarla mənim haqqımda yazır? Pərvin Mürsəlova deyir ki, Əfqan müəllim mənim dekanım olub, onda belə deyildi. Onda vətənimi sevirdim, indi satqın çıxdım? Bu, hansı tələbə-dekan münasibətinə uyğun gəlir? Mənim həminki Əfqan müəlliməm. Ola bilər, o vaxt ağlım az idi, indi çoxalıb. Çünki o vaxtdan 10 il keçib. İnsan yaşlaşdıqca, təcrübə qazanır. Mən yenə də haqqın tərəfindəyəm. Yenə də universitetimin inkişafı üçün çalışıram. Yenə də universitetin şərəf-ləyaqəti mənim üçün əzizdir. Yenə də buradakı müəllimlərim mənim üçün ağsaqqaldırlar. Yenə də universitet rəhbərliyi mənim üçün yol göstərən, strateji nöqtədə duran şəxsdir. Bunlar müzakirə olunmurlar. Ümumiyyətlə, bunları gündəmə gətirmək mənim üçün ayıbdır. Niyə ayıbdır? Mən nəyi sübut etmək istəyirəm? Bircə şeyi bilirəm ki, səmimiyəm, əməlimdə düzəm. Kim nə deyir, desin.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}