16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Mərkəzi Bankın monetar siyasəti böhranı dərinləşdirir
Tarix: 23-05-2016 18:37 | Bölmə: Müsahibə

 

Teyyub Qənioğlu: "Dolların kursu ilə bağlı Mərkəzi Bankın yeritdiyi siyasətin heç bir iqtisadi əsası yoxdur"

Mərkəzi Bank 2015-ci ilin 21 Dekabr devalvasiyasından sonra ilk dəfədir ki, dolların məzənnəsini kəskin ucuzlaşdıraraq 1 manat 50 qəpikdən aşağı səviyyədə müəyyən etdi.

Ölkədə rəsmən "üzən məzənnə" siyasətinə keçildiyi elan olunsa da, Mərkəzi Bank hələ də məzənnə müəyyən etmək siyasətindən əl çəkmir. Bu isə vətəndaşlar arasında çaşqınlıq yaradır. Artıq insanlar hansı valyutaya etibar edəcəklərini bilmirlər. Sözsüz ki, bu da maliyyə bazarına və bank sisteminə olan etimadı aşağı salır və bu sektorda böhranlı vəziyyəti daha kritik həddə çatdırır.

Azərbaycan Təkamül Partiyasının sədri, tanınmış iqtisadçı Teyyub Qənioğlu "Reytinq"ə müsahibəsinə dolların bu şəkildə ucuzlaşmasının cəmiyyətdə birmənalı qarşılanmadığına aydınlıq gətirməklə başladı:

- Milli valyutanın qiymətdən düşməsinin qarşısının alınması, sabitliyinin təmin olunmasının əsas yolu tədavül dairəsində olan valyutanın məbləği ilə ölkədə istehsal olunan əmtəə və xidmətlərin həcmi arasında ekvivalentliyin yaradılmasından keçir. Əks halda milli valyutanın sabitliyinin təmin olunmasının bir yolu qalır - bu da tədavül dairəsinə buraxılan valyutanın həcminin süni şəkildə, inzibati yolla tənzimlənməsidir.

Bu gün Azərbaycan iqtisadiyyatı idxaldan asılı vəziyyətdədir. İdxal əməliyyatları da əsasən dollarla apa-rıldığından, əslində dolların ucuzlaşması yox, bahalaşma prosesi getməlidir. Məhz bunu nəzərə alaraq, Milli Bank yanvar ayında dolların kursunun "üzən valyuta" əsasında müəyyən edilməsi ilə bağlı qərar qəbul etmişdi. Nəticədə bir gün ərzində manatın dollara nisbəti 1.75-1.80 həddinə qədər yüksəlmişdi. Ona görə də belə vəziyyətin davam etməsinin qarşısının alınması üçün Milli Bank reallıqda "üzən valyuta" kursundan imtina etmək məcburiyyətində qaldı və indi də manatın kursunun inzibati yolla tənzimlənməsi yolunu tutub. Əminliklə demək olar ki, Mərkəzi Bankın yeritdiyi səhv monetar siyasət ölkə iqtisadiyyatının dirçəldilməsinə yox, iqtisadi aktivliyin zəifləməsinə səbəb olmaqdadır. Hesab edirəm ki, dolların kursu ilə bağlı Mərkəzi Bankın yeritdiyi siyasətin heç bir iqtisadi əsası yoxdur və biz günlərin bir günü dolların bahalaşmağa başlamasının şahidi olacağıq.

- FED-in iyunda verəcəyi qərardan sonra dolların yenidən 1.60-1.65 civarına qalxacağı bildirilir. Siz necə düşünürsünüz?

- İyun ayında FED-in dollarla bağlı qərar verəcəyi haqqında məlumat yayılıb. Şübhəsiz, bu, dolların kursuna təsir edəcək və yəqin ki, dollar bahalaşacaq. Milli Bank da bunu əsas gətirərək dolların manata nisbətən kursunu qaldıracaq. Yəni "dolların bahalaşmasının təqsiri bizdə deyil",- deyəcəkdir.

O ki qaldı dolların kursunun necə olacağına, fikrimcə, istirahət mövsümünün başlayacağını nəzərə alsaq, o, 1.65-dən yüksək olacaq.

- Dollarla olan kreditlərlə bağlı hələ də vətəndaşların xeyrinə qərar verilməyib. Belə getsə, deyəsən heç verilməyəcək də. Necə düşünürsünüz, bu məsələdə hər hansı güzəşt etmək mümkündürmü?

- Dollarla verilən kreditlə bağlı vətəndaşların xeyrinə hər hansı qərarın veriləcəyini düşünmürəm. Bankların arxasında duran güc sahibləri buna imkan verməzlər...

- Hazırda ölkədəki vəziyyət bəllidir, iqtisadi böhran yaşayırıq. Qarşıdakı dönəmdə Azərbaycan iqtisadiyyatını nə gözləyir?

- Məlumdur ki, ölkələrin beynəlxalq əmək bölgüsündə iştirakı dərinləşdikcə, onların iqtisadiyyatlarının bir-birinə təsiri, bir-birindən asılılıq səviyyəsi də artır. Azərbaycan iqtisadiyyatı dünya təsərrüfatına inteqrasiya etdiyindən dünya iqtisadiyyatında baş verən böhranın iqtisadiyyatımıza təsirinin artması da realdır və bu, baş verir.

Məlumdur ki, böhranın qarşısının alınması, iqtisadi inkişafın təmin edilməsi üçün son zamanlar dövlət səviyyəsində bir sıra önəmli qərarlar qəbul edilib. Ancaq reallıqda hökumətin həyata keçirdiyi maliyyə-iqtisadi siyasət böhranın getdikcə dərinləşəcəyini göstərir.

- Sizcə, hökumət hansı addımlar atmalıdır? Ölkədə mövcud olan ağır vəziyyəti aradan qaldırmaq üçün nələr etmək mümkündür?

- İlk növbətə hökumət böhranın dərinləşməsinin qarşısının alınması üçün təxirəsalınmaz qərarlar verməlidir. Bunun üçün sahibkarlığın inkişafı qarşısında yaradılan süni maneələr real olaraq aradan qaldırılmalı, iqtisadiyyatın bütün sahələrini bürüyən inhisarçılığa real olaraq son qoyulmalı, vergi dərəcələrinin artırılma yolunu yox, vergi ödəyicilərinin sayının artırılmasına yönəlik siyasət yürüdülməli, bank kreditlərinin faizlərinin artırılmasına yox, kəskin şəkildə azaldılmasına istiqamətlənmiş siyasət həyata keçirilməli, ən nəhayət, ölkədə geniş vüsət almış və iqtisadiyyatın bütün sahələrində hökmran olan məmur sahibkarlığına son qoymalıdır.

- Ötən illə müqayisədə hazırda bütün sahələr üzrə bahalaşma var. Sizcə, bundan sonra da qiymət artımı davam edə bilərmi?

- Qiymət artımının qarşısını almaq üçün ölkədə əmtəə və xidmət istehsalının artmasına nail olmaq lazımdır. İdxaldan asılılıq qaldıqca bahalaşmanın davam edəcəyi labüddür. Ölkədə real iqtisadi islahatlar zəif getdiyindən qiymətlərin artmaqda davam edəcəyi real görünür.

- Suyun qiyməti qalxdı. Digər kommunal xidmətlərdə də qiymət artımı mümkündürmü və bu artımlar sosial partlayışa səbəb ola bilərmi?

- Qiymətlərin yüksəldilməsinə təsir edən başlıca amil əmtəələrin və xidmətlərin istehsalına çəkilən xərclərlə bağlıdır. Bu nöqteyi-nəzərdən suyun qiymətinin artması qanunauyğundur.

Başqa kommunal xidmətlərin qiymətinin artması da gözləniləndir. Ancaq bunun sosial partlayışa gətirib çıxaracağını düşünmürəm.

Reyting.az





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}