Deputat: “Azərbaycanın müstəqilliyi və Qarabağla bağlı dünyanın diqqətini çəkən bir film lentə alınmayıb” - Müsahibə
Tarix: 05-03-2019 10:44 | Bölmə: Müsahibə
Deputat: “Azərbaycanın müstəqilliyi və Qarabağla bağlı dünyanın diqqətini çəkən bir film lentə alınmayıb”

Siyavuş Novruzov: “Ölkənin yaradıcı şəxsləri növbəti toplantıda Azərbaycan əhəmiyyətli, qlobal məsələlərə toxunsalar daha yaxşı olar”

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 1-də mədəniyyət və incəsənət xadimlərilə görüşüb. Görüşdə Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, Xalq artisti Arif Babayev, Azərbaycanın və SSRİ-nin Xalq artisti, Milli Məclisin deputatı Zeynəb Xanlarova, Uzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli, Azərbaycanın və SSRİ-nin Xalq rəssamı Tahir Salahov, Əməkdar artist Bəhram Bağırzadə, “Planet Parni iz Baku” KVN teatrının bədii rəhbəri, əməkdar artist Tahir İmanov və başqaları iştirak ediblər. İştirakçıların bəziləri müəyyən problemlərlə bağlı fikirlər səsləndirib, ölkə başçısı vacib məsələlərin həllilə bağlı müvafiq tapşırıqlar verib.

Görüşdə səsləndirilən fikirlər göstərir ki, ölkədəki əksər problemlər məhz ölkə rəhbərinin işə qarışmasından sonra öz həllini tapır. Əgər bütün problemlər Prezident tərəfindən həll olunursa, digər icra strukturlarının rəhbər şəxsləri nəyə lazımdır?

Modern.az-ın bu qəbildən olan suallarını Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov cavablandırıb.

Reyting.az S. Novruzovun müsahibəsini təqdim edir:

- Siyavuş müəllim, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın martın 1-də mədəniyyət və incəsənət xadimlərilə görüşü ictimaiyyət tərəfindən geniş müzakirələrə səbəb olub. Orada səsləndirilən problemlərin bəziləri fərdi xarakter daşıdığından tənqid olunsa da, böyük əksəriyyəti insanlar tərəfindən alqışla qarşılandı. Sizin bu görüşlə bağlı fikirləriniz maraqlıdır...

- Mən bu görüşü çox yüksək qiymətləndirirəm. Ümumilikdə götürsək, mədəniyyət xadimlərilə ümumilli lider Heydər Əliyev və cənab Prezidentdən başqa heç kim görüşməyib, onların problemlərini həll etməyib. Vaxtilə ümummilli lider mütəmadi olaraq, Azərbaycan Yazıçılar Birliyinin qurultaylarında, digər ittifaqların tədbirlərinə gedir, qaldırılan məsələlərin həll olunması üçün tapşırıqlar verir, lazımi və yerində qərarlar qəbul edirdi. O cümlədən, mədəniyyət xadimlərinə fəxri adların verilməsi, onların mükafatlandırılması, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması üçün addımlar atırdı.

İkinci dəfə hakimiyyətə qayıtdıqdan sonra da proses davam etdi, dəfələrlə ziyalılarla görüşdü. Konstitusiyada dil məsələsinin müzakirəsi olanda bir neçə toplantı keçirdi. Bütün ziyalıları topladı və son nəticədə Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsinə nail oldu. Azərbaycançılıq ideologiyası məhz ulu öndər tərəfindən ortaya atıldı. O cümlədən, Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun rəhbəri, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən belə addımlar davamlı şəkildə atılır. Mehriban xanım hər il mayın 10-da Heydər Əliyevin ad günü ilə bağlı tədbirlərdə iştirak edir və yaradıcı insanlara Heydər Əliyev mükafatını verir. O cümlədən də, ayrı-ayrılıqda yaradıcı şəxslər, jurnalistlər və digər peşə sahiblərinin şəxsi problemləri, sağlamlıqları ilə bağlı məsələlərinə həssas yanaşılır.

Mart ayının 1-də keçirilən görüşdə qaldırılan məsələlərdən bəziləri dərhal öz həllini tapdı, bəzilərilə bağlı tapşırıqlar verildi, komissiya yaradıldı, araşdırmalar başladı, müəyyən yerlər ayrıldı və s. Bir daha təkrar edirəm ki, Azərbaycanın 1918-ci il müstəqillik tarixindən indiyədək ümummilli lider və cənab Prezident tərəfindən yaradıcı şəxslərə, digər təbəqələrdən olan insanlara göstərilən diqqət və qayğı heç bir dövlət rəhbəri tərəfindən göstərilməyib.

- Son vaxtlar Prezident İlham Əliyevin göstərişi, tapşırığı olmadan hansısa kiçik problemlər belə, həll edilmir. Əgər bütün problemlər bir nəfərin üzərinə yüklənirsə, digər icra strukturları nəyə lazımdır?

- Artıq Azərbaycanda məmurların yerlərdə görüşləri keçirilir. O cümlədən, İcra hakimiyyəti başçılarının “Açıq qapı” günləri təşkil edilir, onlar canlı şəkildə vətəndaşlarla görüşürlər. Bu, cənab Prezident tərəfindən bilavasitə onların qarşısında vəzifə kimi qoyulub. Prezidentin hər çıxışında, hər görüşündə birinci söylədiyi fikir bundan ibarətdir ki, “vəzifəli şəxslər xalqa xidmət etməlidir”. Yəni bu vəzifə şəxsə verilibsə, bundan vətəndaşın problemlərinin həlli, onların rifah halının yaxşılaşdırılması üçün istifadə etməlidir. Hər hansı yeni qurum, Agentlik yaranırsa, hər nə tikilir və abadlaşdırılırsa, Azərbaycanın vətəndaşları üçündür. Dövlətin siyasətinin mərkəzində vətəndaş dayanır. Bu baxımdan cənab Prezidentə olunan bütün müraciətlərə dərhal baxılır və müvafiq ölçü götürülür.

- Amma problemlər Prezidentin işə qarışmasından sonra həll olunduğundan, buradan belə çıxır ki, bəzi məmurlar, vəzifə sahibləri, lap elə nazirlər xalqla Prezident arasında körpü rolu oynamaq əvəzinə maneəyə çevrilirlər...

- Prezident ilk növbədə problemlərin həll olunması üçün addım atır. Bunun özü digərlərinə bir nümunədir. Bu həm də məmurlara nə cür işləmək lazım olduğunun mesajıdır. Onlar da işləyir, fəaliyyət göstərir, Prezident qarşısında hesabat verirlər. Əgər kimsə yerində deyilsə, kimsə ona tapşırılan vəzifənin öhdəsindən gələ bilmirsə, barəsində ölçü götürülür və yenisilə əvəz edilir. Əgər strukturun özündə problem varsa, strukturda islahat həyata keçirilir. Bütövlükdə hər şey xalqa xidmət üçün istifadə olunacaq hala gətirilir. Bildiyiniz kimi bu, birbaşa Prezidentin səlahiyyətində olan məsələdir.

- Son iki ay ərzində ölkə rəhbəri tərəfindən əhalinin sosial rifahının yaxşılaşdırılması ilə bağlı imzalanan Fərman və sərəncamları da məhz bu qəbildən hesab etmək olar. Xüsusilə fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərman insanların çoxdan gözlədiyi bir qərar idi...

- Əlbəttə. Bu sərəncamların hamısını nəzərdən keçirsək, onların sosial, iqtisadi sahədə, problemli kreditlər, şəhid ailələri, müharibə veteranları ilə bağlı və bu qəbildən olan bütün məsələlərdə əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət etdiyini görürük. Yeni Azərbaycan Partiyasına, o cümlədən Komitəyə problemli kreditlərlə bağlı müxtəlif təbəqələrdən olan insanların Prezidentə ünvanlanan təşəkkür məktubları gəlir. Hər bir məsələ xalq üçündür. Digərləri də bu addımlardan nümunə götürüb, bu istiqamətdə siyasətin həyata keçirilməsi üçün var qüvvəsilə çalışmalıdır.

- Siyavuş müəllim, sosial şəbəkələrdə Prezident İlham Əliyevin növbəti dəfə jurnalistlərlə görüşünün təşkil olunacağı bildirilir. Ümumiyyətlə, daha çox hansı kateqoriyadan olan vətəndaşların ölkə rəhbərilə görüşünü vacib sayırsınız?

- Bu görüşlər davamlı olmalıdır. Mən hesab edirəm ki, növbəti görüşlərdə təkcə ayrı-ayrı təbəqələri narahat edən problemlərə deyil, bütövlükdə cəmiyyəti narahat edən məsələlərə toxunulmalıdır. Bu çox vacibdir. Məsələn, ayrı-ayrı sahələrin rəhbərləri gənclərlə, yaşlı nəsillə bağlı məsələlərlə yanaşı, ümumilikdə ölkə əhəmiyyətli problemləri də səsləndirsələr, yaxşı olardı.

- Yəni düşünürsünüz ki, səsləndirilən problemlər daha çox fərdlərlə bağlı deyil, ümumilikdə cəmiyyəti düşündürən məsələlərlə bağlı olmalıdır?

- Bəli, çox istərdim ki, Azərbaycanı əhatə edən məsələlər, problemlər səsləndirilsin. Çünki martın 1-dəki görüşdə bir neçəsini çıxmaq şərtilə, qaldırılan məsələləin hamısı lokal xarakter daşıyır. Mən hesab edirəm ki, ölkənin yaradıcı şəxsləri növbəti toplantıda Azərbaycan əhəmiyyətli, qlobal məsələlərə toxunsalar daha yaxşı olar.

- Məsələn, sizin hansı təklifləriniz var bununla bağlı?

- Bu günə kimi Azərbaycanın müstəqilliyinə gedən yolla bağlı bir film çəkilməyib. Azərbaycanın ikinci dəfə müstəqil respublika olması, Dağlıq Qarabağla bağlı bütün dünya ictimaiyyətinin diqqətini cəlb edən kino əsəri lentə alınmayıb. Bir neçə film var, amma dünya ictimaiyyətinin nəzərini çəkəcək səviyyədə deyil. Çox istərdim belə filmlərin çəkilməsi reallaşsın. Rəssamlar tərəfindən Xocalı ilə bağlı tabloların yaradılması, həmçinin, musiqi əsərlərinin, operanın yazılması, mahnıların bəstələnməsi olduqca vacibdir. Yəni Prezidentlə görüşdə, mənzil-məişət problemlərilə yanaşı, bu cür qlobal, Ümumazərbaycan əhəmiyyətli məsələlər də qabardılmalıdır. Məhz bu cür məsələlərin reallaşması üçün yaradıcı insanlara hər zaman diqqət göstərilməlidir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}