“Dağlıq Qarabağ münaqişəsinin 22 il dondurulması artıq müharibəyə gətirib”
Tarix: 28-05-2016 12:36 | Bölmə: Müsahibə


Eldar Namazov: "Hazırda qarşımızda iki yol var: ya genişmiqyaslı müharibə olacaq, ya da...”

"Dağlıq Qarabağda referendum – danışıqlar prosesində dalan deməkdir”.

Bu sözləri Qarabağ danışıqlarında sabiq prezident Heydər Əliyevin xüsusi nümayəndəsi olmuş politoloq Eldar Namazov "Novosti Azerbaydjana” portalına müsahibəsində deyib.

Reyting.az həmin müsahibəni təqdim edir:

- Qarabağ konfliktində hansısa kompromis mümkündürmü? Referendum olmalıdırmı, ya yox?

- Bu, həlledici məsələdir. Məhz buna görə də "Madrid prinsipləri” razılaşdırılmayıb. Çünki tərəflər referendumla bağlı anlaşa bilməyib. Bu mövzunun nə qədər dolaşıq olduğunu göstərmək üçün kiçik bir tarixi ekskurs eləmək istəyirəm.

Referendum, plebissit ideyası ilk dəfə hələ 1988-ci illərin ortalarında – münaqişə təzəcə yarananda meydana çıxıb. O zaman akademik Saxarovun təşəbbüsü var idi ki, Ermənistanda yaşayan azərbaycanlılar və Azərbaycanda yaşayan ermənilər arasında referendum keçirilsin. Bunun əsasında da - əgər ermənilər Ermənistana, azərbaycanlılar isə Azərbaycana birləşməyə səs versəydi - ərazi mübadiləsi həyata keçirilsin. Saxarov Bakı və İrəvana səfərləri zamanı buna istinad edirdi ki, məslə ilə bağlı Qorbaçovla ilkin razılaşma artıq var və əgər tərəflər razı olsa, belə bir mübadilə baş tuta bilər.

O zaman ermənilərin reaksiyası özünü çox gözlətmədi. Saxarov gedəndən bir neçə həftə sonra azərbaycanlıların Ermənistandan total deportasiyası başlandı. Bütün bu hadisələr də zorakılıqlarla, qətlərlə və s. müşayiət olundu.

Dağlıq Qarabağda referendumla bağlı Azərbaycanın mövqeyini izah edəndə məhz bu faktoru nəzərə almaq lazımdır. Çünki məhz bu təklif nəticəsində yüz minlərlə azərbaycanlı oradan zorla çıxarılıb.

Bundan sonra referendum məsələsinə, danışıqlar prosesinə daxil edilmədi. O, nə paket həll, nə də başqa həll variantında olmadı. Nədən ki, tərəflər bununla bağlı anlaşmanın mümkün olmadığını başa düşdülər. Əgər belə bir bənd daxil edilərsə, sülh danışıqları dalana girəcək.

Və qəfildən bu mövzu "Madrid prinsipləri” adlanan sənəddə peyda oldu. Bu yanlış idi və məhz bu üzdən "Madrid prinsipləri” yekun etibarilə hələ də qəbul edilməyib. Hazırda Qərb ekspertləri və diplomatları ilə işə istinad edərək deyə bilərəm ki, referendum məsələsi üzrə anlaşmaq mümkünsüzdür. Niyə?

İndilikdə referendum haqda 3 təsəvvür var - Azərbaycanın, erməni tərəfinin və beynəlxalq ekspertlərin.

Azərbaycan hesab edir ki, referendum Konstitusiyaya uyğun surətdə Azərbaycanın bütün ərazisində keçirilməlidir. Erməni tərəfi və beynəlxalq ekspertlər isə bununla razı deyillər, çünki nəticə öncədən bəllidir.

Qərb ekspertləri deyir ki, azərbaycanlı köçkünlər Dağlıq Qarabağa qayıtmalı və bundan sonra referendum keçirilməlidir. O halda yəqin ki, keçmiş DQMV-nin 5 rayonundan 4-ü Azərbaycandan qopmağa səs verəcək, Şuşa rayonu isə əksinə səs verəcək və Azərbaycanın tərkibində qalacaq. Ancaq Azərbaycan tərəfi də, erməni tərəfi də belə yanaşmağa qarşıdır.

Ermənilərin yanaşması belədir ki, qaçqınlar qayıda bilər, ancaq referendum zamanı onların səsi heç bir əhəmiyyət daşımır. Bu, elə təxminən referendumu bütün Azərbaycan ərazisində keçirmək kimi mövqeyin oxşarıdır. Ancaq bu, Qarabağ azərbaycanlılarının hüquqlarının kobud şəkildə pozulması deməkdir. Nə Azərbaycan, nə də Qərb ekspertləri buna razıdır.

Yəni hər üç tərəfin referendumla bağlı öz yanaşması var. Və hər bir tərəfin də təklifi digərləri tərəfindən rədd olunur.

Bu şəraitdə referendum məsələsində anlaşma – sadəcə, utopiyadır və danışıqlar prosesinin "bloka” alınmasına xidmət edir. Bu məsələ sülh sazişi imzalamağa və konfliktin mərhələli şəkildə nizamlanmasına başlamağa imkan vermir.

Başqa beynəlxalq təcrübədən istifadə eləmək lazımdır. Bu da ondan ibarət olmalıdır ki, referendum say çoxluğu ilə statusun müəyyən edilməsi demək olmamalıdır. Çünki onun harada keçiriləcəyi, kimin iştirak edəcəyi ilə bağlı anlaşma əldə etmək mümkün deyil.

Azərbaycan və Ermənistan arasında imzalanmış sülh sazişinin ratifikasiyası olaraq, referendum keçirmək olar. Təxminən Kipr məsələsindəki kimi: öncə sülh planı hazırlanır, sonra ayrıca Kiprin yunan və türk kəsimində referendum keçirilir.

Həqiqətən də Qarabağ münaqişəsinin nizamlanması – mərhələli plandır. Hansı plana görə ki, həm işğal altındakı ərazilər azad edilir, həm köçkünlər qayıdır, həm də Dağlıq Qarabağa təhlükəsizlik qarantı verilir və Qarabağla Ermənistan arasında dəhliz gözlənilir və sərhədlər açılır, iqtisadi əməkdaşlıq bərpa olunur. Yekun olaraq bu məsələ eyni vaxtda Azərbaycan və Ermənistanda, Dağlıq Qarabağda referenduma çıxarıla, eyni vaxta səsvermə ilə təsdiqlənə bilərdi. Ona görə də referendum məsələsinə yanaşmanı məhz indi dəyişmək lazımdır.

- Kerri və Lavrovun iştirak elədiyi Vyana görüşünü necə qiymətləndirirsiniz? İşğal altındakı ərazilərdə sülhməramlı qüvvələrin yerləşdirilməsi mümkündürmü?

- Bu, 4 günlük müharibədən sonra ilk görüş kimi çox mühüm idi. Ermənilərin 22 ildir söykəndiyi mövqe indi artıq əsaslı deyil, ona görə ki, Ermənistan bu mövqedən çıxış edirdi ki, o, müharibənin qalibidir və əgər Azərbaycan münaqişəni hərb yolu ilə həllinə cəhd eləsə, guya onların "məğlubedilməz” ordusu Gəncəyə və Bakıya çatacaq. Ona görə də ermənilər heç bir güzəştə getmir və Bakının diplomatik kapitulyasiyasını tələb edirdilər.

4 günlük müharibə zamanı Azərbaycan ordusu göstərdi ki, siyasi razılaşma olmasa, o, öz ərazilərini hərbi yolla qaytarmağa qadirdir.O üzdən düşünürəm ki, erməni tərəfi və vasitəçilər öz mövqeyinə korrektə etməlidirlər.

İndi problemin paket həll imkanları yoxdur, çünki bu, eyni vaxtda Dağlıq Qarabağın statusunun müəyyən edilməsini nəzərdə tutur.

Münaqişənin 22 il dondurulması isə artıq müharibəyə gətirib. Bu da o deməkdir ki, status-kvo davam edə bilməz. Beynəlxalq vasitəçilər də eyni şeyi bəyan edir. Hazırda qarşımızda iki yol var: ya genişmiqyaslı müharibə olacaq, ya da mərhələli həll. Və çox vacibdir ki, tərəflər mərhələli nizamlama ilə bağlı razılığa gəlsinlər – hansı planı ki, yeganə həll yolu kimi vaxtilə Bakı və İrəvan dəstəkləmişdi. Əfsus ki, o zamanın dramatik hadisələri və Ermənistanda çevriliş hər şeyi alt-üst elədi.

O vaxtdan 17 il keçib. Bu müddət göstərdi ki, mərhələli həll planının alternativi mövcud deyil. Danışıqlar prosesini dondurmaq cəhdləri edildi, ancaq bu, müharibəyə gətirdi. Odur ki, məsələdə seçim elə də böyük deyil: ya mərhələli həll, ya da müharibə.







Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}