13:17 / 21-06-2017
Azərbaycansayağı faşizm
“Referendumun başlıca hədəfi islahatlara maneəni durdurmaqdır”
Tarix: 28-08-2016 19:45 | Bölmə: Müsahibə

Zahid Oruc: "Yaş senzinin aşağı salınması və sairlə bağlı müxalifət düşərgəsindən irəli sürülən iddiaların əsası yoxdur”

Milli Məclisin deputatı Zahid Oruc 26 sentyabrda keçiriləcək referendum, konstitusiya dəyişikliklərin məqsədi, referendumdan sonra gözləntilər və digər məsələlər haqda "Yeni Müsavat”a müsahibə verib.

Reyting.az həmin müsahibəni təqdim edir:

- Zahid bəy, Azərbaycan hakimiyyəti referenduma hazırlaşır, onun siyasi rəqibləri isə iddia edirlər ki, referendumla bağlı ölkədə yeni siyasi həbslərə başlanıb. Əli İnsanovun barəsində yeni cinayət işinin açılmasının, Əli Kərimlinin həbs ediləcəyi haqda yayılan qeyri-rəsmi məlumatların gündəmə gəlməsi, bir sıra müxalifətçilərin artıq həbs olunmasını bununla əlaqələndirirlər. İddialar nə dərəcədə həqiqəti əks etdirir?

- Cənubi Qafqaz ölkələri sırasında siyasi mənsubiyyətli, lakin həbsdə olan insanların sayına görə Azərbaycan Gürcüstan və Ermənistandan qat-qat yaxşı vəziyyətdədir. Mixail Saakaşvili dönəmindən sonra İvanaşvili hakimiyyəti əksər siyasi rəqiblərinə qarşı müxtəlif davalar açdı və onların böyük hissəsi həbsdədir. Saakaşvilinin özünün hakimiyyətə qayıdış yolunu bağlamaq üçün də ona cinayət işi qaldırılıb, ölkəyə dönəcəyi halda məsuliyyətə cəlb olunacağı bəyan edilib. Ermənistanda isə siyasi xarakterli həbslər, hətta qətllər illərdir davam edir. Buna baxmayaraq, Ermənistanın adını beynəlxalq qurumların hesabatlarında, nə də daxildə siyasi rəqiblərin dilində qabarıq şəkildə eşitmirik.

Amma Azərbaycanda hər hansı bir şəxslə bağlı hüquqi xarakterli addımlar atılan kimi dərhal bu, siyasi kontekstdə təqdim olunur.

- Bəs son həbslər nə ilə bağlıdı?

- Düşünmürəm ki, referendum həbslərə geniş rəvac vermiş olsun. Zatən bütün digər siyasi qüvvələrin bu məsələ ətrafında ölkədə gedən prosesləri əngəlləmək gücü yoxdur. Yəni bir neçə şəxsdən danışılırsa, onun əsaslandırılmasını heç kəs verə bilməz.

Əli İnsanov nazir olan vaxtlar müxalif qüvvələr tərəfindən o, ən odioz fiqur kimi təqdim olunurdu. Məhz Əli İnsanov daha çox suçlandırılırdı. Etiraf eləmək lazımdır ki, Əli İnsanov zatən o suçlamalarda olduğu kimi idi. Dəmir barmaqlıqlar arasına düşdükdən sonra ona müxtəlif qüvvələrin münasibəti dəyişdi. İndi kimlərsə Əli İnsanovdan Nelson Mandela düzəltmək, onu barmaqlıqların arxasından inqilabi bir lider kimi çıxarmaq niyyətinə düşüblər. Bu, ondan irəli gəlir ki, həmin qüvvələrin özlərinin elektoral gücü yoxdur və çox yaxşı bilirlər ki, hər hansı vasitə ilə hakimiyyətə güc göstərə bilməyəcəklər.

Əslində İsveçrədə və bir çox başqa ölkələrdə referendum az qala hər həftənin hadisəsidir. Orada müxtəlif ictimai problemlər bu cür xalq sorğuları ilə həll edilir. Bu mənada əslində referenduma hakimiyyətin xalqla dialoqu kimi yanaşmaq doğru olardı və cəmiyyətdə siyasi rəqabət mühitini bərqərar eləmək üçün referendumdan hər kəs yararlana bilərdi.

Referendum əslində, bütün hakimiyyət rəqibləri üçün yaxşı bir siyasi kampaniya ola bilərdi. Amma onlar yeniləşə bilməməklə, bir-biri ilə aralarındakı konfrontasiyaya son verə bilməməklə, buna nail ola bilmədilər.

- Sanki belə bir rəy var ki, hətta hakimiyyətin yuxarı eşalonunda təmsil olunan məmurlar belə referendumun əsas hədəfi ilə bağlı məlumatsızdırlar. Gerçəkdənmi belədir? Məsələn, hakimiyyətə yaxın olan deputat Zahid Oruc bilirmi bu referendumun hədəfi nədir?

- Biz ötən 15 il ərzində keçirilən 3 referendum haqqında yetərincə həm hüquqi, həm siyasi polemikalarda iştirak edə və sözümüzü deyə bilmişik, indi də belə olacaq. Şübhəsiz, bəlkə də qarşı tərəfin çox epizodik müqaviməti əsasında sizin qeyd etdiyiniz rəylər də meydana çıxıb. Ancaq hakimiyyət bu illər ərzində bütün digər qüvvələrdən fərqli olaraq hansı hədəfi qarşısına qoyduğunu çox yaxşı bilir. Məsələn, 2002-ci ildə müxalif qüvvələrin məchul bir günü qaralayıb mübarizə apardığı, Azərbaycanı təzədən 90-cı illərə qaytaracaqlarını elan etdiyi, İlham Əliyevin yeni bir siyasi lider kimi meydana çıxa bilməyəcəyini söylədikləri şəraitdə referendum keçirildi. Bununla da müxalifətin qeyd olunan nəzəri siyasi planlarının hamısı alt-üst oldu. Eyni zamanda istər hakimiyyətin içərisində birincilik uğrunda mübarizə aparanların, istərsə də xaricdən bu mübarizəni həyata keçirmək istəyən, Heydər Əliyev siyasi dönəmindən sonra ya prorusiya və ya proqərb rejimlərini bərqərar etmək istəyənlərin qarşısını kəsmiş oldu.

2009-cu ildə keçirilən referendum haqqında da eyni fikirləri söyləmək mümkündür.

İndiki referenduma qarşı olanlar da yaxşı bilirlər ki, parlamentli respublika idarəçiliyi olsa belə, yenə də İlham Əliyevə rəqib deyillər. Yəni bu gün ölkənin birinci şəxsi bütün proseslərin önündədir, mənəvi siyasi cəhətdən də liderdir, ideoloji yönü də o verə bilir, ölkənin daxilində bütün əks maraq daşıyıcılarının hamısının mənafelərini uzlaşdırmağın öhdəsindən məharətlə gəlir, iqtisadiyyatda uzun illər özünü göstərən müəyyən başqa tendensiyaların da qabağını alır, islahatlara açılım göstərir, onun inqilabi vasitələrlə həyata keçirilməsinin qarşısını alır, xarici ölkələrin Azərbaycanı vassala çevirməsinə yol vermir. Ona görə də prezidentin partiyası istənilən siyasi kampaniyanı udar və parlamentli respublika idarəçiliyində baş nazir kimi ölkəyə rəhbərliyini davam etdirə bilər.

Hakimiyyət qarşısındakı hədəflərinə doğru gedir. Referendum bu hədəflərə çatmaqda ciddi rol oynayacaq. Referendumun başlıca qayəsi, mənim aləmimdə, ölkənin gələcəyinə yönəlik müxtəlif planlar hazırlayanlara daha realist cavab verməkdir.

- Müxalifət isə bəyan edir ki, Azərbaycan hakimiyyəti saxtalaşdırmasa istənilən seçkidə ona qalib gəlməyə hazırıq. Bu iddiaya cavabınız nədir?

- Mən həm prezident seçkilərində, həm də parlament seçkiləri kampaniyalarında iştirak etmişəm. Qeyd edilən iddiaların real həyat tərəfini görə bilmişəm. Çox yaxşı xatırlayıram ki, onların hamısını narıncı rəngin ətrafında birləşdirib, hamısının əyninə narıncı libas geyindirəndə onlar həmin iddialarını bölgələrdə necə ifadə eləməyə çalışırdılar. Seçki kampaniyası müddətinin az olduğundan şikayət edənlər həmin prosesə gec qatılırdılar, imzatoplama kampaniyasının xeyli hissəsini boşuna keçirirdilər, təbliğat kampaniyasına da cəmi 4-5 gün vaxt sərf edirdilər. Onların bölgələrdə durumları bundan ibarət olub.

Bir qisim vətəndaşların yerli məmurların hansısa qanunsuz hərəkətlərindən, parlamentdə təmsil olunan deputatlarına narazı mövqedə olduğunu heç kim inkar edə bilməz. Siyasi olaraq biz reallıq hissini itirə bilmərik. Gerçəkdən də hər zaman ölkədə protest elektoratı olub. Bu ölkədə parlamentə, hökumətə kəskin müxalif olan sadə, heç bir partiyanın üzvü olmayan vətəndaş yalnız İlham Əliyevə etibarı hesabına ölkənin siyasi həyatında siyasi mövqeyini göstərib, İlham Əliyevin olduğu tərəfdə olub. Bu insanlar müxalif qüvvələri heç bir cəhətdən cazibədar, onların maraqlarını ifadə eləyən lider kontekstində görmürlər.

1990-cı illərdə meydan hərəkatı dövründə bunların yaşadığı epopeya onların kafasında qalıb, xalq onlardan çox-çox qabağa keçib, onlar isə kütlənin arxasından səslənməkdədirlər və hələ də deyirlər ki, istənilən seçkidə xalq bizə səs verər.

Ölkə son illər böyük bir inkişaf yolu keçib. Ona görə də mən hesab edirəm ki, hakimiyyət siyasi mübarizəni udduğundan şərtləri də diktə eləməkdə haqlıdır.

- Hakimiyyət özünə arxayındırsa, nədən referendum keçirir?

- Referendumun başlıca hədəfi hökumətin fəaliyyətində özünü göstərən mənfi tendensiyaları aradan qaldırmaq, islahatlara maneçilikləri durdurmaq, ölkəni çox normal, ədalətli bir cəmiyyət halına qovuşdurmaqdır. Təbii ki, iqtidarın rəqibləri də bunun əksini söyləyəcəklər. Ailə, varisçilik haqqında danışılanların da arqumentləri əsassızdır. Ona görə ki, Əliyev ailəsi hər hansı bir rəsmi görəv almadan da bu dövlətə və millətə ləyaqətlə xidmət edir. Ona görə də yaş senzinin aşağı salınması və sairlə bağlı müxalifət düşərgəsindən irəli sürülən iddiaların əsası yoxdur.

- Zahid bəy, prezidentlik müddətinin 7 il olması nə üçündür? Müxalifət bunu da qeyri-demokratik sayır.

- Prezidentliyin 7 il olması parlament və digər seçkili institutlara mənfi təsir göstərsəydi, Fransa bunu yüz illər ərzində tətbiq etməzdi. Hər bir ölkə özünün mental həyatına, tarixinə görə fərqlidir. Ona görə də bir Qərb ölkəsinin modelinin götürüb başqasına tətbiq edib onunla uğurlu nəticə ala bilməzsən. Hər ölkənin özünə məxsus fərqli idarəçilik həlqələri mövcuddur.

- Nazirlər Kabineti ilə bağlı illərdir ki, tənqidlər eşidilir. İndi hakimiyyət düşərgəsi özü bu mövzuda danışmağa başlayıb - Nazirlər Kabinetinin çevik orqana çevrilməsinin vacibliyi vurğulanır. Referendumdan sonra Nazirlər Kabineti ilə bağlı hansısa ciddi addımlar atılmasına hazırlıq gedir?

- Nazirlər Kabinetin danışırkən, məsələn, hörmətli Artur Rasizadədən bəhs etmirik. Ona görə ki, bu, sırf şəxs və şəxsiyyət amili ilə bağlı deyil. Referendum hökuməti, Nazirlər Kabinetini ləğv etmək üçün keçirilmir.

- Onda belə çıxır ki, Artur müəllim baş nazir postunda qalacaq?

- Bu illər ərzində təki bütün nazirlərin qapısı Artur Rasizadənin qapısı qədər açıq olaydı. Artur Rasizadə dövlətə sədaqətli olan, milləti istəyən, ulu öndər məktəbini peşəkarlıqla keçən və cənab prezident İlham Əliyevə də yaxından silahdaşlıq edən, fəaliyyətində də özünə tələbkar yanaşan məmurlardandır. Bu müzakirələrdə söhbət Nazirlər Kabinetinin daha çevik quruma çevrilməsindən gedir. Siyasi amillər bundan ibarətdir ki, dövlət başçısı maraqlıdır ki, verdiyi qərarların hər biri icra olunsun. Çünki Nazirlər Kabinetinə hər gün müxtəlif səpkili tapşırıqlar verilməkdədir. Bu, böyük bürokratik aparatı hərəkətə gətirmək üçün müxtəlif insanların peşəkarlıq əmsalı vacibdir. Nazirlər Kabineti bir hökumət modeli olaraq tamam fərqli bir fəaliyyətə keçə bilərdi. Referendumdan sonra hökumətin fəaliyyətində ASAN xidmət modelinin sürətlənməsi daha çox qabardıla bilər ki, bu, hamının xeyrinədir. Dövlət başçısına komandasını yeniləşdirməyə heç kəs mane ola bilmir. Çünki cənab prezidentin iradəsi qarşısında özünü vaxtı ilə toxunulmaz kastanın üzvü sayanlar da duruş gətirə bilməyiblər.

Referendum idarəçilikdəki təkmilləşməni həyata keçirmək, prezidentin xalqa uzanan əllərinə olan maneçilikləri ortadan qaldırmaq və insanların dövlətdən, hökumətdən gözləntilərini tam reallaşdırmaq üçündür.

 

 




641 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər